525.Az

Dağ ömrü


 

Dağ ömrü <b style="color:red"></b>

Ömür kitabının müqəddiməsi hesab etdiyim uşaqlıq illərinin xatirələri ilə zənginləşən yaddaş insan ömrünün qızıl fondudur.

Yaxşı-pis nə varsa möhürlənir, şifrələnir və atılır saxlanc yerinə. Sonrakı mərhələlərində yeri gəldikcə müraciət etməli olur adam... Hərdən unudulmuş hesab etdiyin hadisələr qarşına xatirə libasında çıxanda kövrəlirsən. Yüzlərlə xatirə ulduzu sayrışan yaddaşıma sarı boylanıram. Uşaq vaxtı bircə ah çəkməyimə bənd idi anam sanki, dəmindəcə "ahın dağlara" deyib içini rahatladardı. Ondan duymuşdum dağların dərd götürən olduğunu. Hərdən mənə elə gəlirdi ki, Yer üzündəki insanların qalaq-qalaq ahından yaranıb dağlar, yoxsa dağ-qaya hünəri deyildi vallah zaman küləklərinə döyünüb dayanmaq, Dağ qalmaq! Çoxdan ovulub torpağa, quma, lap toza çevrilərdi... Elə duruşu, əzəməti də insana bənzədir dağları...

Mən aşıq oda yandım,
Alışdım oda yandım.
Dağ olsaydım, ərirdim,
İnsan idim - dayandım.

El arasında sayılıb seçilən kişiləri də dağla müqayisə edərdilər. Belələri dərd önündə kiçilməz, dərd altında əyilməz, dərdi qarşısında dağ kimi dayanardılar. Göz yaşını görməzdin bu kişilərin, məğrur qarşılayıb ötürərdilər dağ ağırlıqda kədəri!.. Allahın yazdığı qədəri dağ kimi çəkər, çökəndə də dağ kimi çökərdilər.
...Xəbər ağır xəbər idi, dadı tamı da acı idi, lap zəhər kimi. Fikrət Qocanın oğlu... Bəs nə, dağ gərək idi dözə, insan gərək idi oxşaya, ürək lazım idi tablaya... O vaxt bir də sınağa çəkildi şair, hissləri, ağlı, təpəri, dözümü ilə çoxunu heyrətdə qoydu. Allah yazan qədərə də şükürlər etdi...

Allah, bu dərdi çəkməyə
Səbir ver Fikrət Qocaya.
Əlləri qoynunda qalan,
Başı dağlardan ucaya.
Kim yazdı, kim pozdu belə,
Dəyişdi tale gərdişi.
Yığ gözünə yağışları,
Ağlaya bilmir bu kişi...
                                      (Ş.Ş)

"Sevinc paylandıqca artar, kədər isə azalar" söyləmiş babalarımız, bu dərdli günləri tək yaşamadı, qolundan tutan, dərdinə çiyin verən dostlar yanında idi yaxşı ki!..

Yaxşılar arasında yaşamağa nə var ki,
Kədərini, qəmini minnətsiz bölər sənin!
Əl verib dar ayaqda yapışar əllərindən,
Yıxılan divarına qəlbini hörər sənin!..
                                                       (Ş.Ş)

Fikrət müəllimin kədəri onu tanıyan hər kəsin içindən keçdi, iz qoydu, qələmdaşları söz ehsan etdi, dua kimi səpdi sözü yaralarına... Elə özü də sözlə oxşadı balasını... Acı xəbərin küləyi də ağrıdır! Məni də tutdu, sarsıldım, amma qəddimi düzəldəndə bir lay-lay çaldım Yalçın Qocanın ruhuna...

Dünyadan bir şair getdi,
Üz qoydu üzü qibləyə...
Bir yanı Kərbəla çölü,
Bir yanı bənzər Kəbəyə...

Ömürdən bir udum aldın, 
İçdin... içini odladı.
Bir andaca qoca əsri,
Vaxtın özünü adladın!
Keçdin zamandan-zamana,
Bir tabutdu... bir bələkdi...
Pıçıldadı Fikrət Qoca:
"Ömür onsuz da gödəkdi!"
Mən ki, səni heç görmədim,
Bilmədim saçın nə rəngdi.
Səxavətin nə boydadı,
Bəs ağrın, acın nə rəngdi...

İndi kədər tüstüsündə,
Acışan gözəm, qardaşım!
Başı namərd kötüyündə,
Kəsilən sözəm, qardaşım!
Şairlər heç vaxt qocalmır,
Şairlər hər vaxt uşaqdı.
İndi nə deyib ağlayaq,
Şairlər ölmür də, axı!
Çalar laylanı küləklər,
Buludlar nisgil daşıyar.
Bu dünyanın yaddaşında
Bir Yalçın Qoca yaşayar!..

... Zamanı hər dərdə dərman deyirdilər, bəs nə oldu, niyə çəkdikcə artır, ağırlaşır, daşlaşır?! Az qala bir il olub, amma azalmır ki, azalmır...Şairin halını soruşuram hərdən, eləcə bircə zəng ilə könlünü almağa çalışıram, xəttin o ucundan zəif, amma qürurlu bir səs dolur qulağıma...Təşəkkür və minnətdarlıqla köklənmiş səs "Yaxşıyam..." pıçıldayır. Yadıma elə Fikrət Qocanın çoxdan, lap çoxdan qələmindən süzdüyü misralar düşür:

...Bir vaxt mənə:
Adamlar ölmür,
Ulduzların arasına köçür...
Demişdi,
Özü də köçdü...
İndi də kefim pozulanda,
Çəkilirəm bir yana.
Baxıram asimana...
...Nə yaxşı ki, ölmürmüş insanlar...
Düşünürəm...

 





12.04.2018    çap et  çap et