525.Az

Zabilin qələmi yazmasa da, qələmlər ondan yazacaq


 

Zabilin qələmi yazmasa da, qələmlər ondan yazacaq<b style="color:red"></b>

Onun qələmi yazmasa da, qələmlər ondan yazacaq

Şəxsən tanımasam da iti qələm sahibi olduğunu bilirdim. Onu xəstəliyi dövründə daha çox tanımağa başladım. Bir jurnalistə ölkəmizdə verilən dəyəri gördüm, müalicəsi ərəfəsində millət vəkilimizin, dövlətimizin onun qayğısına qaldığının hamılıqla şahidi olduq. Təəssüf ki, bəzən dəyişməyə pulun və sevginin də gücü çatmadığı alın yazısı var, çarəsi tapılmayan xəstəliklər var, insan həyatına daxil olarkən kimliyinə fikir verməz.

İnsan itkisi çox ağırdır, üstəlik o insanın gözü yolda qoyub getdikləri varsa, əgər azyaşlı övladı varsa daha ağırdır, axı bir uşaq atasızlığın acısıyla illər uzunu od tutub yanmalı olacaq, elə Zabil Müqabiloğlunun ölümü kimi...

Ölüm də demək olmur, bu cür qələm sahibləri ölmür əslində, illərlə yazdıqları, gördüyü işləri, qazandıqları hörmətilə yaşayır əslində, amma bir boşluq dolur dostlarının içində, Zabilin zarafatlarına qalınan həsrət kimi...

Onun ölüm xəbəri hərkəsi üzdü, mətbuatın manşetləri Zabil Müqabiloğlunun bu acı xəbəri ilə açdı səhərlərini. 1 ildən çoxdur ki, saytlar, qəzetlər Zabildən yazır, insan inandıqlarına şübhə etmək istəyir, Zabil Müqabiloğlunun ölüm xəbəri düzgün deyil, o yaşayır və yaşayacaq deyir hisləri...

Zabil 19 il Azərbaycan mətbuatı üçün can qoyub. İndi Zabilin nə atası var, nə anası. Ondan iki bacısı və bir oğlu nişanə qalıb. Zabilin bacısı Sevinc xanım üçün qardaş itkisinin acısı ağırdır, aylardır yaralı quş kimi çırpınması, Zabil haqqında mütəmadi olaraq yazılar dərc etdirməsi, bacı kimi son vəzifəsini yerinə yetirmək istəyi xeyli müddətdir, məni təsirləndirir. Ağrısı hiss edilər, sovudulmaz, təsəllisi sakitləşdirər, qaysaq bağlayan yaraya məlhəm olmaz, ağırdır qardaş itkisi, çox ağır, sözlə ifadə olunmaz...

Və Zabilin oğlu Əli... Bir də onun gözüylə bax bu dünyaya, onun gözlərindəki ata həsrəti, hər gün sarılmasının həsrəti var, telefon zəngini gözləməsi, səsini eşitmək üçün darıxmağı var, dastan yazsan bitməz bir ata öpüşünün həsrət duyğusunu, atasızlıq çarəsizliyini... Üstəlik, Əlinin səhhətində problemi varsa (Zabilin 14 yaşında Əli adlı oğlu var. İndi Əli anasıyla yaşayır. Nitq qüsuru var. Müalicə olunmalıdır. Bunun üçün isə ailənin elə də maddı imkanı yoxdur)...

Bildiyimiz kimi, bir müddət öncə Sabunçu rayon, Pirşağı qəsəbəsindəki "Məşəl” düşərgəsinin ərazisində güclü yanğın zamanı mərhum jurnalist Zabil Müqabiloğlunun bacısının yaşadığı ev yanaraq kül olub.
Bu xəbər də Zabilin ölüm xəbəri kimi ağrılı acılı oldu, axı burada təkcə bacısının yaşadığı ev deyil, həm də Zabilin hər künc-bucağına hopmuş xatirələri yandı... Sevinc xanımın Zabilin qoxusunu aldığı, xatirələriylə sakitləşdiyi, sonuncu təsəlli ünvanı ata evinin bir anın içində yanıb kül olması varsa qismətində, gəl anla da təsirlənmə, hakim ol göz yaşlarına...

İndi hər kəs bu ailənin dövlətimizin diqqəti altında evlə təmin olunması xəbərini gözləyir. Tezliklə Sevinc xanıma növbədənkənar ev veriləcək, bu evlərində də Zabilin xatirələri olacaq, yenidən başlayacaq yazılmağa Zabil xatirələri. Yenidən yazacaq qələmlər Zabilin ölümsüzlüyündən, necə ki 1 ildir Zabilin qələmi yazmır, amma bütün qələmlər Zabildən yazır.

Ruhun şad olsun Zabil Müqabiloğlu.

Vüsalə Qələndərli

 





13.04.2018    çap et  çap et