525.Az

Neftdən turizmə: Azərbaycanın turizm potensialı dünyada tanınmağa başlayıb


 

Neftdən turizmə: <b style="color:red">Azərbaycanın turizm potensialı dünyada tanınmağa başlayıb </b>

Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bir neçə gün əvvəl keçirilmiş Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında mühüm məsələlərə toxunuldu. Dövlət başçısı cari ilin üç ayı ərzində əldə olunmuş nəticələr barədə danışdı, eyni zamanda, bir sıra çatışmazlıqlara diqqət çəkdi, öz göstərişlərini verdi.

Prezident 2018-ci ilin Azərbaycan üçün uğurlu il olacağını vurğulayaraq bildirdi ki, birinci rübün yekunları da bu sözləri təsdiqləyir. Belə ki, ötən müddət ərzində Azərbaycan uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilir, ölkəmiz güclənir, hərtərəfli inkişaf edir. Ötən müddət ərzində əldə edilmiş nəticələr də bunu təsdiqləyir.

Beləliklə, birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz, qeyri-neft sektoru isə təxminən 3 faiz artıb. Bu isə ölkədə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir. Birinci rübdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz, kənd təsərrüfatı 4,2 faiz artıb. Bitkiçiliyin artımı isə 50 faizdən çox təşkil edib. Bu da son illər ərzində ənənəvi və digər texniki məhsulların yetişdirilməsi ilə bağlıdır.

Ölkə iqtisadiyyatına qoyulan sərmayənin həcmi 3,5 milyard dollar təşkil edib ki, bu sərmayənin də böyük hissəsi xarici sərmayədir. Bu fakt Azərbaycanın xarici investorlar üçün çox cəlbedici olduğunu bir daha sübut edir. Azərbaycanın valyuta ehtiyatları 2,2 milyard dollar artıb və hazırda 44,2 milyard dollara bərabərdir. Prezident müşavirədə bununla bağlı vurğulayıb: "Hesab edirəm, 3 ay ərzində 2 milyard dollardan çox artan valyuta ehtiyatlarımız bir tərəfdən onu göstərir ki, biz ehtiyatlarımızdan çox qənaətlə istifadə edirik, digər tərəfdən, bu, son illər ərzində apardığımız uğurlu neft siyasətinin nəticəsidir. Çünki bu vəsaitin tərkibində keçən il imzalanmış "Azəri-Çıraq-Günəşli" yatağının istismar müddətinin uzadılması ilə bağlı kontraktdan irəli gələn 450 milyon dollar bonus da vardır.

Bizim xarici ticarət dövriyyəmiz 31 faiz, ixrac isə 37 faiz artıb, daha doğrusu, qeyri-neft ixracı. Ümumi ixrac 24 faiz, qeyri-neft ixracı 37 faiz artıb. Bu da bizim siyasətimizin bariz nümunəsidir. Çünki ixracın şaxələndirilməsi iqtisadi sahədə əsas prioritet məsələdir ki, biz daha çox qeyri-neft sektorundan valyuta əldə edək və beləliklə, yerli istehsal güclənsin, yeni iş yerləri yaradılsın və ölkəmiz daha da sürətlə inkişaf etsin".

Birinci rübdə 34 min yeni iş yeri yaradılıb ki, onlardan 31 mini daimi iş yeridir. Bununla da yeni açılmış iş yerlərinin sayı 1 milyon 500 minə çatmaq üzrədir. 

Ölkədə sosial məsələlərin həlli də prioritet olaraq qalıb, birinci rübdə maaşlar və pensiyalar artırılıb. Bu məqsədlər üçün dövlət büdcəsindən yüz milyonlarla manat vəsait ayrılıb. Bu addım bir daha onu göstərir ki, dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Bu il nəqliyyat sektorunda da mühüm addımlar atılıb. Bütün görülən işlər isə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına gətirib çıxaracaq. Azərbaycan öz ərazisində artıq Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün işləri tamamlayıb. Bundan sonra ancaq dəmir yolunun modernləşdirilməsi ilə bağlı işlər aparılacaq ki, sürət daha da artsın.

Ölkəmizdə ümumi inkişaf dinamikası da çox müsbətdir. Ölkəmiz dünyada daha çox tanınır və turistlərin sayı getdikcə artır. Ümumiyyətlə, son illər Azərbaycanda inkişaf edən sahələrdən biri də turizmdir. Belə ki, birinci rübdə bu sahədə 12,5 faiz artım olub. Dövlət başçısı müşavirədə deyib ki, əgər biz əvvəlki illəri də nəzərə alsaq, görərik ki, bu dinamikada ardıcıllıq vardır: "Bunun da bir çox səbəbləri var - Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələrimiz, infrastruktur, 6 beynəlxalq aeroport, yollar, otellər. Əlbəttə ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanı dünyaya təqdim edir. Onların arasında Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Eurovision" müsabiqəsi və Formula 1 yarışları xüsusi rol oynayır. Çünki Formula 1 yarışlarının tamaşaçı auditoriyası yarım milyard insana bərabərdir. Bu yarışlar şəhərimizin mərkəzində keçirilir. Biz onu xüsusilə belə təşkil etmişik ki, şəhərimiz göstərilsin, bu yarışa baxan azarkeşlər təkcə o yarışı görməsinlər, şəhərimizin gözəlliyini, müasirliyini görsünlər və daha çox Azərbaycana turist kimi gəlsinlər".

Prezident bu sahədə bəzi çatışmazlıqları da vurğulayıb: "Turizmin inkişafı Azərbaycanda sürətlə gedir. Biz bundan sonra bu sahəyə daha sistemli şəkildə baxmalıyıq və oturub gözləməməliyik ki, kimsə bizə qonaq gələcək. Biz özümüz turistləri cəlb etməliyik. Biz indi elə bir şərait yaratmışıq ki, Azərbaycanı dünyada çox yaxşı tanıyırlar, bizim çox gözəl beynəlxalq imicimiz var. Viza rejimi sadələşdirilib, indi 90-dan çox ölkənin vətəndaşları vizanı aeroportlarda alırlar. İndi bu sahədə də təkmilləşmə işləri aparılacaqdır. Çünki əfsuslar olsun ki, bu sahədə çox böyük pozuntular olub. Biz vizaları ləğv etdik. Çünki aeroportlarda gələn turistlərə əziyyət verirdilər, əsassız pul tələb edirdilər. Bu biabırçılığı yığışdırmışıq. Bu biabırçılığı, bu pozuntuları, bu cinayəti törədənlər də cinayət məsuliyyətinə cəlb olunub. Hamı bilsin ki, bu cinayətlər cəzasız qalmayacaq. Ancaq biz elə bir sistem yaratmalıyıq ki, turistləri daha çox cəlb edək. İndi aeroportlarda yeni sistem yaradılır və gələn aydan başlayaraq tətbiq ediləcək. Bizim bütün sərhəd-keçid məntəqələrimizdə qonaqlar üçün maksimum rahat şərait yaradılmalıdır. Çünki bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin".

O ki qaldı, təhlükəsizliklə bağlı məsələlərə, dövlət başçısı vurğulayıb ki, bizim kifayət qədər imkanımız var ki, öz təhlükəsizliyimizi qoruyaq: "Ancaq bu, səbəb, bəhanə olmamalıdır ki, sərhədlərdə növbələr yaradılsın və o növbələri keçmək üçün kimdənsə nə isə qopardılsın. Biz son vaxtlara qədər oturub gözləyirdik ki, kimsə gəlib qapımızı döysün. Vətəndaş vizanı almaq üçün bizim səfirliklərə gedirdi, orada da onları incidirdilər, onların qarşısına müxtəlif əsassız tələblər qoyurdular. Bu vizaları ləğv etdik. Ləğv edəndən sonra indi 90-dan çox ölkənin vətəndaşları gəlib vizanı aeroportda alırlar. Xarici həmkarlarımdan biri mənə deyir ki, siz ləğv etmisiniz, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur. Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkilmi aparır?! Nədir-nədir fotoşəklin yoxdur, gəl pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı! Biz onları cəzalandırdıq, fotoşəkil məsələsi ortadan qalxdı. Ondan sonra yenə də eşidirəm ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkənar keçmək üçün pul tələb olunur. Bu dərəcədə alçaqlıq, necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz. Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə bu pozuntular olarsa və ümumiyyətlə rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar.

Turizmlə bağlı bizim əlavə addımlarımız dəmir yolu ilə bağlıdır. Mən bu layihəni artıq bəyan etmişəm. Biz bu il Qəbələ şəhərinə dəmir yolu çəkməyə başlayırıq. Bu, o bölgəyə turist axınını təmin edəcək. Bu il Qusar rayonuna dəmir yolunun çəkilməsi ilə bağlı tədqiqatlar, sənədləşmə işləri, texniki-iqtisadi əsaslandırma aparılır. Yəqin ki, gələn ildən başlayaraq biz bu dəmir yollarını əsas turizm yerlərinə çəkəcəyik".

Millət vəkili Azər Badamov  bildirib ki, turizmin inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən bir sıra islahatlar öz bəhrəsini verməkdədir. Azərbaycanın turizm potensialı artıq dünya tərəfindən tanınmağa başlanmışdır. Onun sözlərinə görə, Azərbaycana ilbəil gələn turistlərin sayında xeyli artım var: "Cənab Prezident İlham Əliyev də Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında haqlı olaraq qeyd etdi ki, bir sıra turistlərin gəlişi ilə bağlı islahatlar keçirildi. Bu, əsasən vizaların sadələşdirilməsi, yəni birbaşa 90-a yaxın ölkənin vətəndaşlarının aeroportda viza ala bilməsi, ölkədə yaranmış turizm infrastrukturu, ölkəmizə xarici turistlərin marağının artması və s. ilə bağlı idi. Bütün bu inkişaf və turistlərin rahat dincəlməsi üçün gözəl şərait yaradılıb. Həm də prezident müşavirədə bəzi qurumlara iradlarını da bildirdi ki, ölkəmizə gələn turistlərin incidilməsi hallarına yol verilməsin. Bütün bunlar onu göstərir ki, turizm potensialı çox yüksəkdir və gələcəkdə də gələn turistlərin sayında kifayət qədər artımlar olacaq".

Millət vəkili deyib ki, bu gün Azərbaycana ən müxtəlif ölkələrdən turistlər səyahət edirlər və demək olar ki, turizm Azərbaycanda qeyri-neft sektorunun əsas sahəsinə çevrilməkdədir: "Həyata keçirilən islahatlar və bundan sonra atılacaq addımlar turizmin daha da inkişafına səbəb olacaq".

A.Badamov əlavə edib ki, Azərbaycan son 15 ildə böyük tarixi inkişaf yolu keçib. Bu, ölkənin sosial sferasının inkişaf etdirilməsində, iqtisadiyyatının diversifikasiyasında, düşünülmüş gənclər siyasətinin yeridilməsində, ölkədə yaşayan müxtəlif etnik qrupların və dinlərin nümayəndələrinə münasibətində, vətəndaş cəmiyyətin qurulmasında, həm də beynəlxalq siyasətində çox açıq şəkildə özünü göstərir. Onun sözlərinə görə, Nazirlər Kabinetinin iclasında dövlət başçısının səsləndirdiyi nəticələr də bunu sübut edir.

Millət vəkili vurğulayıb ki, 230 milyard dollar investisiyanın ölkə iqtisadiyyatına qoyulması Azərbaycanda sosial problemlərinin kökündən həll etməklə yanaşı, iqtisadiyyatın diversifikasiya olunmasında, işsizlik probleminin həllində özünü göstərib: "Ölkə əhalisinin 1,5 milyon nəfər artmasına baxmayaraq, işsizliyin və yoxsulluğun son 15 il ərzində 50%-dən 5,4%-ə düşməsi dünyanın inkişaf etmiş ölkələrinin göstəricilərinə yaxınlaşması deməkdir. Dünyada 155 ölkə arasında iqtisadiyyatın rəqabətqabiliyyətliyinə görə 35-ci, inkluziv indeksinə görə isə 3-cü yerə malik olmağımız təbii ki, ölkə başçısının apardığı düşünülmüş siyasətin düzgün olmasının göstəricisidir".

Son illər ərzində Azərbaycanın təşkilatçılığı ilə həyata keçirilən böyük enerji və nəqliyyat tranzit layihələri ölkəmizin iqtisadiyyatının inkişaf etməsinə imkan yaratdığını deyən millət vəkili Azərbaycanın artıq dünya ilə qırılmaz tellərlə bağlandığını vurğulayıb və ölkəmizin dünyada hörmətlə qarşılanan ölkəyə çevrildiyini bildirib.

A.Badamov qeyd edib ki, Azərbaycan öz dinamik inkişaf yolunu qoruyub saxlayır və düşünürəm ki, qarşıdan gələn dövrdə də İlham Əliyevin rəhbərliyi altında uğurlarımız daha böyük olacaqdır.

PƏRVANƏ

 





13.04.2018    çap et  çap et