525.Az

Ankara sammiti: Yaxın Şərqdə qüvvələr nisbəti dəyişir


 

Ankara sammiti: <b style="color:red">Yaxın Şərqdə qüvvələr nisbəti dəyişir</b>

Türkiyə paytaxtında prezidentlər Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhaninin görüşüb Yaxın Şərqin aktual problemlərini müzakirə etməsinə ekspert dairələrindən böyük maraq göstəriblər.

Türkiyə, Rusiya və İran dövlət başçıları konkret olaraq Suriyadakı münaqişəni sona çatdırmaq üzərində geniş dayanıblar. Analitiklərin qənaətinə görə, bu görüşə Ankara güclü arqumentlərlə hazırlaşıb. Türk ordusu yüksək peşəkarlıqla Afrini terrorçulardan təmizləyib. Ankara kənar təzyiqlərə boyun əyməyərək hərbi əməliyyatları başa çatdırıb. İndi onunla bütün dünya hesablaşmaq məcburiyyətindədir. Rusiya da kifayət qədər siyasi fəallıq nümayiş etdirib və öz mövqeyini qorumaqdadır. Bu səbəbdən də Ankara görüşündən ekspertlər çox şey gözləyirdilər. Proqnozlar özünü doğrultdu. Rusiya, Türkiyə və İran Suriya münaqişəsini həll etmək istiqamətində növbəti ciddi addım atdılar. İndi müxtəlif səviyyələrdə dünya siyasətinə yeni bir konfiqurasiyanın gəldiyindən bəhs edirlər. Məsələnin bu aspekti üzərində bir qədər geniş dayanmaq istərdik.

Yeni geosiyasi güc mərkəzi: proses intensivləşir

Mütəxəssislərin Ankarada Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü ilə bağlı apardıqları analizlərdən hiss edilir ki, tarixi hadisə baş verib. 2016-cı ildə bu üç ölkənin xarici işlər nazirlərinin Moskvada olan ilk görüşündən bu günə qədər bu üçtərəfli əməkdaşlığı "təsadüfi maraqların üst-üstə düşməsi", "keçici ortaqlıq", "süni müttəfiqlik" və s. kimi sözlərlə xarakterizə edirdilər. Xüsusilə Rusiya ekspert dairələrində Türkiyə ilə əlaqəli aşağılayıcı ifadələrlə zəngin olan tezislər irəli sürmək bir dəb halını almışdı. Başa düşülürdü ki, bu tendensiyaya Qərbin müəyyən dairələri də daxil olmaqla radikal kürd, erməni və antitürk mərəzinə tutulmuş digərləri təkan verməyə çalışırdılar.

Bunların fonunda isə Türkiyə, Rusiya və İran ortaq maraqlarını təmkinlə gözləməklə Yaxın Şərqlə bağlı əməkdaşlıqlarını davam etdirdilər. Rusiya və İran xeyli əvvəl Bəşər Əsədin dostu olaraq Suriyada fəaliyyətdə idilər. Türkiyə isə Dəməşqlə əksər məsələlərdə razılaşmadığından, özünün təşəbbüsü ilə Moskva və Tehranla anlaşıb. Proseslər göstərdi ki, Türkiyə olmadan Suriyada münaqişəni həll etmək imkansızdır. Bunu Hələb və Şərqi Qutada baş verənlər də təsdiqlədi. Aydın oldu ki, Suriyada müxalifətə ən güclü təsir edə bilən qüvvə Türkiyədir. Bundan başqa, Ankara regiona çox gözəl bələddir və sadə vətəndaşlara böyük hörmətlə yanaşır, onların zərər görməməsi üçün əlindən gələni edir. Təsadüfi deyil, suriyalıların böyük əksəriyyəti Türkiyədə sığınacaq tapıb.

Bütün bunlara Türkiyənin böyük hərbi və iqtisadi güc sahibi olmasını da əlavə etsək, Kremlin doğru seçim etdiyinə tam əmin olmuş olarıq. Türkiyə Qərb dövlətlərindən fərqli olaraq heç zaman Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb və son olaraq da Londonun "diplomatiya" savaşına təmkinlə reaksiya verib. Onu vurğulayaq ki, Moskva Türkiyənin bu mövqeyini layiqincə qiymətləndirməkdədir.

Bütün bunlar həm Ankara görüşünün səmərəli olacağına zəmin yaradır, həm də ekspert dairələrində Rusiya-Türkiyə-İran əməkdaşlığının keçici olmadığı, əksinə, dünya çapında ciddi bir əməkdaşlıq formatının meydana gəldiyi fikrini formalaşdırırdı. Xüsusilə Rusiya KİV-lərində ekspertlər artıq Türkiyə ilə bağlı ciddi tərəfdaş keyfiyyətində bəhs edirlər və onların əvvəllər müşahidə edilən istehzalı və qərəzli ritorikasından əsər-əlamət yoxdur.

Aparılan müzakirələr də "üçlüy"ün Yaxın Şərq üçün əhəmiyyətli işlər görə biləcəyini nümayiş etdirdi. Prezidentlər müzakirələrdən sonra qəbul etdikləri sənəddə göstərirlər ki, Suriyada yeni hökumətin qurulması üçün yeni konstitusiya yaradılmalı, bunun üçün də xüsusi komitə formalaşdırılmalıdır. Həmin komitəyə iqtidar və müxalifət nümayəndələri daxil olmalıdır.

Qətiyyətli "üçlük" və Qərbin tərəddüdləri: kim üstün olacaq?

Ekspertlər bu sənədi yüksək qiymətləndirirlər, bunun Astana və Sürix proseslərinə ciddi təkan verə biləcəyini vurğulayırlar. Belə ki, əgər həmin komitə yaradılsa, onda Suriyada münaqişəni siyasi yolla həll etmək şansı da artacaq. Burada bir sıra məqamlar mövcuddur ki, onları nəzərə almadan problemin həllinə nail olmaq mümkün olmayacaq.

Birincisi, Türkiyə ilə Bəşər Əsəd arasında hansısa bir uzlaşma yaradılmalıdır. İkincisi, Türkiyə, Rusiya və İran Suriyadakı kürd qruplaşmaları ilə bağlı ortaq mövqeyə gəlməlidirlər. Üçüncüsü, ABŞ başda olmaqla Qərbin böyük dövlətlərinin maraqları nəzərə alınmalıdır. Dördüncüsü, terrora qarşı vahid platformadan çıxış etmək barədə razılıq olmalıdır.

Bu məsələlərin kompleks şəkildə həlli mexanizmi barədə indidən danışmaq çətindir. Ancaq Türkiyə, Rusiya və İranın Suriyada sabitliyin təminatçısı olması əhəmiyyətli məqamdır. Ayrılıqda Rusiya-Türkiyə münasibətləri inkişaf edir və tərəflərin bir-birlərinə inamı daha da artır. Bu baxımdan ekspertlər Rusiyanın S-400 raket sistemlərini Türkiyəyə daha tez müddətdə satmaq qərarına gəlməsi çox böyük maraq doğurub. Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin Ankara görüşündə digər məsələlər üzrə dostcasına razılığa gəliblər. O cümlədən Suriyada ixtilafları gücləndirə biləcək davranışlara qaşı birgə müqavimət göstərmək barədə fikir birliyinə varıblar.

Məsələnin bu tərəfinə ekspertlər daha çox maraq göstərirlər. Problem ondadır ki, Vaşinqtonun Yaxın Şərq, ilk növbədə Suriya ilə bağlı konkret mövqeyi yoxdur. Prezident Donald Tramp bəyan edib ki, hərbi qüvvələri Suriyadan çıxarmaq qərarına gəlib. Səbəb olaraq həmin regiona 7 trilyon ABŞ dollarının xərclənməsinə baxmayaraq, "heç bir şey əldə edilməyib". Yəni Amerikanın əvvəlki "axmaq" və "abdal" rəhbərlərinin yanlış siyasəti nəticəsində maliyyə xərclənib, geosiyasi qazanc olmayıb. Bu, dolayısı ilə prezident D.Tramp tərəfindən Vaşinqtonun Yaxın Şərq siyasətinin iflasının etiraf olunması deməkdir.

Ancaq D.Trampın sözlərindən cəmi bir neçə saat sonra Pentaqon Suriyaya əlavə qüvvələr göndərdiyini və hələ azı 6 ay orada olacaqlarını bəyan etdi. Bu, ABŞ rəhbərliyində fikir ayrılığının olması anlamına gəlir. Əlavə olaraq, D.Tramp Səudiyyə Ərəbistanından xərc tələb edərək, amerikan qoşunlarının orada qalmasına yardım etməsini istəyəcəyi barədə informasiyalar yayıldı.

Lakin narahatlıq yaradan əsas informasiya ondan ibarətdir ki, Qərb dövlətləri Suriyada silahlanmış hərbi dəstələri saxlamaqla etnik, məzhəb və ideoloji ixtilafları davam etdirmək fikrindədirlər. O cümlədən Rakka əhalisinin əksəriyyəti ərəblərdir, lakin amerikalılar orada kürdlərin üstünlüyünü təmin etməyə çalışırlar. Bu, zaman-zaman alovlanan etnik-milli münaqişə deməkdir. Rusiya, Türkiyə və İran buna yol verməyəcəklərini düşünürlər. Danışıqlarda həmin məqam da öz yerini almışdı.

Digər yandan, Vaşinqtonun Suriya səhnəsinə Səudiyyə Ərəbistanı və Fransanı daxil etmək istədiyi haqqında informasiyalar yayılıb. Bu baxımdan Fransa prezidenti Emmanuel Makronun Parisdə Suriyadakı radikal kürd qruplaşmalarının nümayəndələrini qəbul etməsi və onlara dəstək verəcəyini söyləməsi diqqəti çəkir. Fransızlar Mənbicə xüsusi təyinatlılar da göndərəcəkləri barədə danışdılar. Lakin Türkiyənin xəbərdarlığı, deyəsən, onları düşünməyə vadar edib. Rəcəb Tayyib Ərdoğan "Fransa öz başına macəra açar" mesajını verdi. Bunun ciddi mövqe olduğuna kimsənin şübhəsi yoxdur.

Bütün bunların fonunda Rusiya, Türkiyə və İranın Suriya məsələsində əməkdaşlıqda ciddi olduqlarını göstərməklə yanaşı, bütövlükdə qlobal geosiyasətdə qüvvələr nisbətinin də dəyişə biləcəyi işarəsini verir. Hətta bu "üçlüy"ü bütövlükdə Avrasiya məkanında dünya siyasətinin oxu kimi təqdim edənlər də var (bax: məs., Вениамин Попов. Евразия – осевой регион мировой политики: Сотрудничество России, Турции и Ирана набирает обороты / "Независимая газета", 2 aprel 2018).

Doğrudan da, regionun bu üç böyük dövləti geniş geosiyasi məkanda müsbət rol oynaya bilərlər. Onlar beynəlxalq əməkdaşlığa ciddi töhfələr verərək, münaqişələrin ədalətli həllinə nail olarlar. Ən əsası isə özlərinə qarşı olan təzyiqləri birgə dəf etmək imkanı yaranar. Vurğulamaq yerinə düşərdi ki, bunlar potensial olaraq mümkündür, reallaşma mexanizmi barədə qəti fikir bildirmək çətindir.

Hər bir halda, Ankara görüşü Yaxın Şərqdə, o cümlədən Suriyada problemlərin həll edilmə şansının qaldığını təsdiq etdi. Dünya siyasətinə Türkiyə-Rusiya-İran əməkdaşlıq formatı gəlirsə, buna ciddi yanaşılmalıdır. Bu, yeni qüvvədir.

Newtimes.az

 





16.04.2018    çap et  çap et