525.Az

Avstriyada "Uçan xalça" sərgisi açıldı


 

Avstriyada "Uçan xalça" sərgisi açıldı<b style="color:red"></b>

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Avstriyanın gənc rəssam-tələbələrini birləşdirən "Uçan xalça" sərgisinin açılışı olub.

Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətinin məlumatına görə, sərginin təşkilatçıları ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Tətbiqi Sənət Universitetidir.

Tədbiri giriş sözü ilə açan Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova iki ölkənin ali təhsil müəssisələri arasındakı məhsuldar əməkdaşlığı, tələbə mübadiləsini, birgə layihə və sərgilərin təşkilini yüksək qiymətləndirib. L.Qasımova qeyd edib ki, rəhbərlik etdiyi mərkəz gələcəkdə də Azərbaycan və Avstriya arasında mədəni körpünü möhkəmləndirməyə xidmət edən bu kimi layihələrdə yaxından iştirak edəcək.

Layihə haqqında danışan Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirib ki, muzey tərəfindən keçən ilin oktyabr ayında Bakıda "Ənənələr və innovasiyalar" mövzusunda Azərbaycan xalçası üzrə V Beynəlxalq Simpozium təşkil olunub. "Bu tədbir ölkəmizin mədəni həyatında böyük və əlamətdar hadisə olaraq tarixə yazıldı. Simpozium Prezident İlham Əliyevin  müvafiq sərəncamına əsasən keçirilib. Mötəbər tədbirə qatılmaq üçün dünyanın qabaqcıl xalça və tekstil üzrə ekspertləri, rəssamlar, kolleksiyaçılar, jurnalistlər və b. Azərbaycana təşrif buyurublar. Simpozium Azərbaycan xalça sənətinin ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük səyi nəticəsində UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunmasından sonra keçirilən ən mühüm hadisələrdən biri oldu. Beynəlxalq tədbirin keçirilməsi ilə əlaqədar Xalça Muzeyi "Ənənələr və innovasiyalar" mövzusunda bir sıra layihələr hazırlamışdır. Onların sırasında "Uçan xalça" sərgisi xüsusi olaraq təqdirəlayiqdir".

Muzeyin direktoru layihənin əhəmiyyətli dərəcədə böyük marağa səbəb olduğunu da deyib. "Kəsişmə nöqtəsi" adlandırdığımız bu layihədə ən əhəmiyyətli cəhət tələbələrin birgə işdən, ənənələrlə tanışlıqdan əldə etdikləri təcrübədir. Onlar ornament sənətinin tarixi ilə yaxından tanış olaraq, ekspozisiyada xalçalara baxır, kitablar oxuyur, birgə müzakirələr aparır, kəsişmə nöqtələri axtarır və tamamilə gözlənilməz qərarlara gəlirdilər. Eksperiment inkişafın əsasıdır və məsuliyyət hissi ilə demək olar ki, biz məqsədimizə nail olduq. Bu eksperiment nəticəsi olan "Uçan xalça" sərgisi 2018-ci ilin yanvar ayınadək Azərbaycan Xalça Muzeyində böyük uğurla nümayiş edildi. Üç ay ərzində sərgi ilə ümumilikdə 20 mindən çox qonaq tanış olub", - deyə Şirin Məlikova bildirib.

Qeyd edək ki, sərgi mayın 10-dək Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində davam edəcək.

S.QARAYEVA

 





17.04.2018    çap et  çap et