525.Az

Əfqan Abdullayev: "Bu, onların yekdil bir fikrə gəlmələrinə zəmin yaradacaq"


 

Əfqan Abdullayev: "Bu, onların yekdil bir fikrə gəlmələrinə zəmin yaradacaq"<b style="color:red"></b>

Aprelin 9-dan etibarən Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda birinci beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Konfrans Azərbaycan Dillər Universiteti, Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə keçirilir.

Mayın 5-dək davam edəcək konfransın yekun iclası ADU-da, bölmə iclasları isə Azərbaycan Dillər Universiteti ilə yanaşı, müxtəlif ölkələrin müvafiq qabaqcıl universitetlərinin bazalarında keçiriləcək.

Konfrans barədə daha ətraflı məlumat almaq üçün ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevlə söhbətləşdik. 

- Azərbaycan Dillər Universitetinin tarixində ilk dəfədir ki, belə mötəbər tədbir keçirilir. Konfransın keçirilməsində əsas məqsəd və onun ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmasının başlıca səbəbi barədə danışardınız.

- Bu ideya əslində hörmətli rektorumuz, akademik Kamal Abdulla 2017-ci il iyun ayında rektor təyin olunandan sonra irəli sürülüb. Bu günə qədər Azərbaycan təhsil sistemində bu cür genişmiqyaslı tədbir keçirilməyib. Belə bir unikal fikrin irəli atılmasının səbəbləri isə məlumdur. Müasir dünyada hökm sürən etimadsızlıq mühiti, irqçilik, millətçilik kimi fikirlərin genişləndiyi, etnik və milli dözümsüzlüyə hər addımda rast gəlindiyi bir zamanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyevin uğurla həyata keçirdiyi multikulturalizm ideyaları, dinlərarası və mədəniyyətlərarası əlaqənin unikal modeli, tolerantlıq, harmonik etnik müxtəlifliyin özünəməxsus birgəyaşayış nümunəsi Azərbaycan sərhədlərini artıq çoxdan adlayıb. Belə bir dözümlülük - tolerantlıq modelinin, multikulturalizm ideyalarının dünyaya çatdırılmasının ən gözəl əyani formalarından biri də beynəlxalq tədbirlərin keçirilməsıdır. 10 ölkədə, 26 universitetin möhtəşəm zallarında bu ideyaların tanınmış Azərbaycan və xarici elm adamları tərəfindən səsləndirilməsi heç şübhəsiz ki, nəticəsiz qalmayacaq. Multikulturalizmin Azərbaycan modelinin sərhədləri daha da genişlənəcək. Konfransın məhz Ümummilli liderimiz Heydər Əliyevə həsr olunması da aydındır. Bu ideyaların təməl daşı məhz onun tərəfindən qoyulub, həm də bu il xalqımız ümummilli liderin anadan olmasının 95 illik yubileyini qeyd edir.

Bir məsələni də qeyd etmək etmək yerinə düşərdi ki, konfransın təşkilində universitetimizə dəstək Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən verilib.

- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı müxtəlif mövzularda tədbirlər keçirilir. ADU niyə məhz multikulturalizm və tolerantlıq ideologiyası istiqamətini seçib?

- Niyə məhz multikulturalizm və tolerantlıq? Əslində, bu mövzunun seçilməyi hörmətli rektorumuz Kamal Abdullayev tərəfindən irəli sürülüb. Bunun üçün də onun əlində çox güclü bir arqument var. Hər iki məsələ bugünkü dünya dönəmində ən çox narahatlılıq doğuran və ən çox da müzakirə olunan məsələlərdir. Bu konfransda da belə bir problemə yanaşma, özü də tək Azərbaycanda yox, qeyd etdiyim kimi, 10 ölkənin 26 universitetində məsələyə yanaşma yəqin ki, mövzunun nə qədər aktual olduğunu bir daha sübüt edir. İkinci bir tərəfdən isə biz eyni zamanda, hər iki məsələ ilə bağlı xaricdə mövcud olan fikirlərin heç də həqiqəti əks etdirmədiyini və buna sübüt olaraq onlara multikulturalizm və tolerantlığın Azərbaycan təcrübəsini, modelini təqdim etmək, göstərmək istəyirik.

- Konfransın bölmə iclasları əsasən hansı xarici ölkələrin qabaqcıl universitetlərinin bazalarında keçirilir və bölmə iclasları hər bir ölkədə konfransın ümumi adına uyğun olaraq müxtəlif istiqamətlərdə təşkil olunur?

- Qeyd edim ki, Azərbaycan da daxil olmaqla 10 ölkədə 26 universitetdə konfransın may ayının 5-nə qədər bölmə iclasları Rusiya Federasiyasının I Prezidenti Boris Yeltsin adına Ural Federal Universitetində "ADR - Şərqdə ilk demokratik respublikadır", Ukrayna Respublikasının Kiyev Milli Linqvistika Universitetində "Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu", Türkiyənin Ərzurum Universitetində "Heydər Əliyev və türk dünyası" və Ərciyəs Universitetində "Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf", A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunda "Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan: mədəniyyətlərarası dialoq təcrübəsi", İtaliya Respublikasının Kassino Cənubi Latsio Universitetində (Sülh və Təhlükəsizlik Fondu, Üçüncü Roma Universiteti, Genuya Universiteti, Link Kampus Universiteti, Nim Universiteti (Fransa), Beynəlxalq Menecment Universitetinin (Moldova) iştirakı ilə) "Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq", Moskva Dövlət Linqvistika Universitetində "Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi", Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialında "Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq", Gürcüstanın Tbilisi Dövlət Universitetində (Batumi, Kutaisi, Qori, Telavi universitetləri, Gürcüstan EA müvafiq institutları və "Bilik" cəmiyyətinin iştirakı ilə) "Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu", Çin Xalq Respublikasının Hucjou Universitetində "Bir qurşaq - bir yol: multikulturalizmin öyrənilməsi", Belarus Respublikasının Minsk Dövlət Linqvistik Universitetində "Heydər Əliyev və Azərbaycan-Belarus münasibətləri", Serbiya Respublikası Belqrad Universitetində "Multikulturalizmin Azərbaycan təcrübəsi", Almaniya Federativ Respublikasının Ausqburq Universitetində "Azərbaycan və Almaniya multikulturalizmi" mövzularında keçiriləcək.

- Xarici ölkələrdə keçiriləcək bölmə iclaslarında Azərbaycandan da nümayəndə heyəti iştirak edəcəkmi?

- Bəli, həmin xarici ölkə universitetlərində təşkil olunan 13 bölmədə universitetimizin rektoru da daxil olmaqla həm universitetimizdən, həm Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən, həm də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarından nümayəndələr iştirak edəcək.

- Konfrans zamanı aparılacaq fikir mübadilələri universitetlər, mütəxəssislər, tələbələr arasında münasibətlərin daha da genişlənməsinə imkan yaradacaqmı?

- Heç şübhəsiz ki, hər bir tədbirin, xüsusilə də universitetlərin təşkil etdiyi tədbirlərin maarifləndirici-məlumatlandırıcı missiyası ilə bərabər, onun bir akademik məqsədi də olur. Bu da universitetimizi, onun imkanlarını, respublikamızda olan nüfüzunu və populyarlığını təbliğ etməklə yeni-yeni beynəlxalq proqramların hazırlanmasına zəmin yaratmaq, elmi-yaradıcılıq əməkdaşlığımız haqqında anlaşmaların əldə olunması istiqamətində işlər görməkdir. Universitetimizin beynəlxalq əlaqələri nə qədər güclü olsa da, bununla kifayətlənmək olmaz. Bu gün ADU-da təhsil alan 100-dən çox xarici tələbənin olması bizi qane etmir. Tədris müəssisəsində beynəlmiləl mühitin yaranması tədrisdə çox mühüm amildir, ona görə də biz bu müddət ərzində məhz bu istiqamətdə də yaranmış imkanları dəyərləndirməyə çalışacağıq.

- Konfrans ölkələrarası əlaqələrin dərinləşməsinə və Azərbaycana olan diqqət və marağın artmasına nə kimi töfhə verəcək?

- Bu yaxınlarda hörmətli rektorumuz Kamal Abdullayev verdiyi müsahibələrindən birində qeyd etmişdi ki, bu proekt öz unikallığı ilə həm universitetlərarası münasibətlərin formalaşmasına, həm ulu öndərin ideyalarının Avropa və Asiyada bir daha yayılmasına, həm də azərbaycançılıq ideologiyasının yeni formatda inkişafına təkan verəcəkdir. Bundan əlavə, konfransın universitetlər, mütəxəssislər və tələbələr arasındakı əlaqələrin möhkəmlənməsinə, həmçinin, ölkələrarası əlaqələrin dərinləşməsinə və ölkəmizə olan diqqət və marağın artmasına xidmət edəcəyinə də əminik. Kamal müəllimin təbirincə desək, biz bu gün Qərbdən öyrənməyə hazırıq, amma onlara da öyrədəcəyimiz çox şey var.

- Tədbirin bağlanış mərasimində konfransda iştirak edən universitetlərin multikulturalizm və tolerantlığın təşviqinə töfhə verməsi üçün ümumi bir platformanın yaradılması nəzərdə tutulurmu?

- Əlbəttə, hər bir möhtəşəm tədbir sonda ortada olan ideyaların ümumiləşmiş bir formada hər hansısa sənəddə öz əksini tapması ilə başa çatır. O cümlədən də ADU-nun təşkil etdiyi bu unikal tədbir də iştirakçıların ümumi bir platforma əsasında yekdil bir fikrə gəlmələrinə zəmin yaradacaq, gələcəkdə bu ideyaların daha da inkişaf etdirilməsinə geniş meydan açacaq.

S.QARAYEVA

 





17.04.2018    çap et  çap et