525.Az

"Qiymətli xəzinənin mühafizəçiləri"


 

KƏNARDAN GÖRÜNMƏYƏNLƏRƏ KƏNAR BAXIŞ

"Qiymətli xəzinənin mühafizəçiləri"<b style="color:red"></b>

Qələm əhlinin qənaətinə görə, təəssüratlar əsasında ərsəyə gələn yazılarda obyektin təhlili və real təsvir elementləri güclü olur.

Bu səbəbdən AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanovanın tapşırığı ilə "Fondların mühafizəsi" bölməsinin fəaliyyəti haqqında oçerk yazmaq üçün "təzə əməkdaş" kimi həmin bölməyə yerləşdirildim və fond əməkdaşlarından birinə çevrildim. Gəlişimin məqsədindən xəbərsiz olan bu kollektivin içərisinə daxil olmaqla onların bütün  günü gördükləri işləri müşahidə etdim.  Fondun abu-havasına öyrəşdim, iki aya yaxın bərabər çalışdıq...   Nəhayət mənə həvalə edilmiş yazının hazırlanması məqamı yetişdi.

Richie Nortonun "Getdiyim hər bir yerin kiçik hissəsi gördüyüm hər bir işin böyük hissəsinə çevrilir" və Vladimir Nabokovun "Dalğanı fəth etməklə dənizi başa düşmək mümkün deyil" ifadələrinin məntiqindən çıxış edərək, ilk öncə sizi Mərkəzi Elmi Kitabxananın fəaliyyətinə nəzər salmağa dəvət edirəm.

Azərbaycanda elmi kadrların inkişafında, elmi təfəkkürün formalaşmasında AMEA Mərkəzi Elmi Kitabxanası mühüm rola malikdir. Müasir dövrdə tam yeni formatda fəaliyyət göstərən, yüksək səviyyədə informasiya xidmətləri ilə seçilən, ölkədə alim ordusunun yetişməsində müstəsna xidmətləri olan bu müəssisə universal bilik sahələrini əhatə edən müxtəlif məzmunlu sənədlər toplusu, beynəlxalq formatlı elektron kataloqu, eləcə də beynəlxalq miqyasda  araşdırmaların aparılması üçün əlçatanlığı ilə fərqlənən müəssisədir...

Uzun bir tarixi inkişaf yolu keçən kitabxananın fəaliyyətində 2014-cü ilin mayın 5-də  əsaslı dəyişiklik, ciddi dönüş baş verib. Prezident İlham Əliyevin bilavasitə iştirakı ilə avtomatlaşdırılmış və kompüter texnologiyaları əsasında yaradılmış, AMEA Mərkəzi Elmi Kitabxanasının orijinal memarlıq üslubunda inşa edilmiş altımərtəbəli yeni binasının açılışı olub. Kitabxana fondlarında saxlanılan kitablar AMEA-nın əsas binasından MEK-in yeni binasına köçürülüb. İnformasiya proseslərinin avtomatlaşdırılması, əhəmiyyət kəsb edən informasiyanın toplanılıb saxlanılması, gələcək nəslə çatdırılması və Azərbaycan elmi ictimaiyyətinin informasiya təminatının ödənilməsi məqsədi ilə MEK-in tərkibində  İnformasiya resursları mərkəzi (İRM) yaradılıb. Təzə binada oxuculara xidmət yeni meyarlar əsasında, dünyanın inkişaf etmiş ölkələrinin ən ali kitabxana şəbəkələri səviyyəsində qurulub. Yeni formada çalışmaq meyarlarının tətbiqi tələb edildiyindən kollektivin peşə hazırlığına ciddi fikir verilib, kompüter biliklərinə yiyələnməsi, dil biliklərinin mənimsənilməsi istiqamətində işlər görülüb, əməkdaşlara mütəmadi təlimlər və xarici dil kursları təşkil olunub. Nəticədə MEK insanların, xüsusən yeni nəslin informasiya təminatında ən mühim funksiyanı yerinə yetirən informativ resurslar mərkəzinə çevrilib.

Bütün bunların təşkilində məqsəd qarşıya qoyulan strateji hədəflərə nail olmaqdan ötrü ixtisaslaşmış kadr probleminin həlli, fondun resurslarının üzə çıxarılması, elektronlaşması və ictimaiyyətə təqdim edilməsidir. Heyət formalaşdıqdan sonra fondda olan materialların elektron kataloqunun hazırlanmasına başlanılıb və hazırda kollektiv işə səfərbər olunub...

MEK-in fəaliyyətinin dolğun tənzimlənməsində Rəqəmsallaşdırma, Sərbəst elektron resurslar, İnnovativ layihələr və başqa yeni yaradılmış şöbələr ilə yanaşı,  Kitabxana-xidmət şöbəsinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Altı bölmə əsasında yaradılan bu şöbənin "Fondların formalaşdırılması", "Komplektləşdirmə", "Kataloqlaşdırma və sistemləşdirmə", "İstifadəçilərə xidmət və nəzarət", "Biblioqrafik sorğular" və "Fondların mühafizəsi" bölmələri adlarına uyğun fəaliyyətlə məşğuldur.

Bu yazının əsas mövzusu 22 nəfərin çalışdığı, kitabxananın yeraltı mərtəbəsində yerləşən,  çətin işi hər deyəndə göz önündə olmayan "Fondların mühafizəsi" bölməsidir. Bölmə əməkdaşları müasir kitabxana funksiyalarının tələblərinə uyğun bir çox müxtəlif vəzifələri  icra edirlər. Onlar kitabların mühafizəsinə, zamanın təsirinə məruz qalmış sənədlərin bərpasına, barkodların verilməsinə, inventar nömrələrinin təzələnməsinə, sənədlərin qorunmasına və həm də öz yerində, rəfdə düzgün yerləşdirilməsinə cavabdehdir.  Eyni zamanda oxucu tələbnamələrinə qısa zamanda, cavab verilməsi, sənədin tapılması, aidiyyatı üzrə təqdimi və geri qaytarılarkən yoxlanılıb təhvil alınması bölmə əməkdaşlarının vəzifələrinə aiddir.

"Fondların mühafizəsi" bölməsinin kollektivi Azərbaycan, Rus, Şərq, Qərbi Avropa ədəbiyyatı fondları, eləcə də Nadir kitab, Dissertasiyalar, Avtoreferatlar, Qəzet, Jurnal, Ardı davam edən nəşrlər, Mübadilə,  Depozitar, Şəxsi kolleksiyalar və İxtisaslaşmış kitabxana - informasiya  fondlarına nəzarət edirlər.

Hər səhər qrup rəhbəri Gültəkin Hacıyeva fondların qapısını açdırıb səliqə-səhmanı və dəmir relslər üzərində hərəkət edən diyircəkli rəflər arasında saxlanılan məsafələri yoxlayır, havalandırma sisteminin vəziyyətini qiymətləndirir. Xanım-xatınlığına, nəcib davranışına və qazandığı hörmətə görə hamı ona "Ana" deyə müaraciət edir. 

Mərkəzi Elmi Kitabxananın fondlarında bir milyon yarımdan artıq sənəd toplanılıb. Demək olar ki, hər gün fonda hədiyyə, mübadilə və ya məcburi nüsxə qismində kitablar daxil olur, yeni ədəbiyyatın axını nəticəsində resursların sayı çoxalır. Fond əməkdaşları hər bir sənədin lazımi anda rahat əldə edilməsi üçün məsuliyyət daşıyır. Çünki az öncə qeyd etdiyim kimi, avtomatlaşdırılmış proseslərin icrası və kompüter sorğuları əsasında kitabxanaya gün ərzində müraciət edən oxucuların sayının atrması xidmətin səviyyəsinin yüksək olmasını tələb edir. Tələbnamələrin qısa zamanda, bir neçə dəqiqə ərzində cavablandırılması və yerinə yetirilməsi kitabxanaçıdan,  fond əməkdaşından daim hərəkətdə olmasını, cəldlik, səriştə, operativlik, işə ciddi münasibət tələb edir ki, istifadəçilər vaxt itkisi ilə üzləşməsin  və xidmətin səviyyəsindən  məmnun olsun.

Oxucunun tələb etdiyi kitabın yerində aşkar edilməsinə görə  fond əməkdaşı cavabdehlik daşıyır. Ona görə də bu bölmədə çalışan hər bir əməkdaşın kompüter qeydləri ilə yanaşı, ayrıca qeyd dəftərləri də var. O  tələbnamədə göstərilmiş nömrə altında sənədi aşkar edə bilməyəndə, həmin qeydlərinə  istinadən kitabın rəfdə olmamasının izahını verir. Əməkdaş sənədin sərgi salonunda, digər  bir oxucuda, yaxud elektron kataloqa yazılması üçün həmkarında olduğunu, ya da silindiyi üçün akt tərtib edildiyini və digər səbəbləri aydın göstərməklə dəqiq informasiyaya malik olmalıdır. Qeydlər səliqə ilə yazılmalı və fond əməkdaşının iş yerində olmadığı halda da digər həmkarları üçün aydın və əlçatan olmalıdır.

Kitabların formatlara uyğun  olaraq rəflərə düzülüşünü, yerinin dəyişdirilməsini fond əməkdaşları özləri icra edir, nəticədə nəyin harada, hansı hissədə olduğunu əlifba və ya vurma cədvəli kimi əzbər bilirlər. Bunun üçün də bir milyon yarımlıq sənəd fondunda artıb-azalan rəqəmlərin, sənədlərin sıra ardıcıllığı dəqiq olmalıdır ki, kitab axtarışında ləngimələr yaranmasın.

Kitabxana keçmiş ünvanından yeni binaya köçürüləndə, 2014-cü ilin sonundan başlayaraq 2015-ci ilin may ayınadək, ən ağır işin altına zərif çiyinlərini verən, könüllü dəstələrinin olmasına baxmayaraq, bütün ağırlığa tam məsuliyyətlə sinə gələn xanımlar fondu özləri toplayıb yeni məkanında da  öz əlləri ilə yığaraq külliyyatın sistemli şəkildə qurulmasına  böyük əmək sərf ediblər.

"Fondların mühafizəsi" bölməsində şahidi olduğum bir səhnəni təsvir etmək istəyirəm. Ensiklopediyalardan, lüğətlərdən və digər sənədlərdən ibarət 25, 30 sm həcmində olan kitabların qruplaşdırıldığı B formatında, rus ədəbiyyatı fondunda bir neçə rəflərdə problem aşkarlandı və təmir olunması üçün 25 minə yaxın ədəbiyyatın boşaldılması qərara alındı. Həmin fonda 35 il iş təcrübəsi olan Sinuzər Məmmədova nəzarət edir. Qrup rəhbəri Gültəkin Hacıyevanın  tapşırığı ilə xanımlar qarışqalar yuvalarına aparan yol üzərində düzüldükləri kimi, sıralanıb ötür-ötür yolu ilə kitabları digər rəflərə köçürməyə başladılar. Minlərlə kitabın sırasının  pozulmaması üçün olduqca ehtiyatla davranmaq lazım idi. Ədəbiyyat sistemli olaraq elə formada yerləşdirilməli idi ki, həmin andaca oxucu sifarişi gələrsə, tapılması mümkün olsun, ya da yerinə qaytarılarkən nizamlı qaydada öz yerinə yerləşdirilsin. Prosesə iki briqadadan ibarət heyət cəlb edildi və  növbəli olaraq istirahət etməli olurdu. Ancaq Sinuzər xanım bir dəqiqə dayanmadan, özü istirahətsiz çalışır, rəqəmlərin səhv düşəcəyindən ehtiyatlanır, sanki heç kimə etibar etmir,  sıra ardıcılılığını şəxsən özü yoxlayırdı. Dəfələrlə yoldaşları etiraz edib, "sizə bu qədər yük götürmək olmaz", - deyib iradlarını bildirsələr də, o, axıra kimi, dayanmadan həm fiziki, həm də zehni əmək hesabına çalışdı. Tozlu fondda saatlarla yük qaldırmaq və onu mexaniki deyil, düşünülmüş şəkildə yerləşdirmək həm qol gücü, həm də xüsusi diqqət tələb edir...

Hətta 70 illik yubileyini yenicə qeyd etmiş Gültəkin xanımın da iti, sürətlə hərəkət etməsi və qalın kitabları dəstə-dəstə sinəsinə götürməsi, bir göz qırpımında irəliyə ötürməsi, yaxud nömrə ardıcıllığı ilə düzməsi adamı heyran qoyurdu.  Özü də bu kitabların yaşı çox olduğu üçün xüsusilə ehtiyatlı davranış tələb olunurdu ki, əzilməsin, cırılmasın. Hansında problem yaranırdısa anındaca  bərpası aparılırdı. Ancaq səhərisi gün xanımlardan heç biri dünənki günün ağırlığından, qollarının ağrısından, yorğunluğundan heç bir kəlmə də söz salmadılar. Hamı yenə də mərd-mərdanə, həvəslə iş başında, müqəddəs vəzifələrinin şərəflə icrasında idi...

Bölmənin əməkdaşları MEK-in ən iri layihəsində, Milli Rəqəmsal Yaddaş bazasının təkmilləşməsində, Azərbaycanın tarixinə və mədəniyyətinə aid olan, müxtəlif dillərdə hazırlanmış, yerli və xarici kitabxana və arxivlərdə saxlanılan sənədlərin rəqəmsal əksini özündə birləşdirən məlumat bazasının toplanmasında da həvəslə iştirak edir. Fonddakı sənədlərin mövzularını gözdən keçirir, məzmunu ilə tanış olur, ədəbiyyatı incələyərək milli təfəkkürə aid olan əsərləri seçir və onların MRY-ya daxil edilməsi ilə bağlı təşəbbüs qaldırır. Bu mənada sistemli şəkildə elmi ədəbiyyatın müəyyən edilməsi istiqamətində fondda qızğın iş gedir.  Qəzet fondunun rəhbəri Allahverən Allahverdiyev Mirzə Ələkbər Sabirin yaradıcılığı və şairin haqqında yazılan  məqalələri aşkarlayıb və MRY-ya salınması üçün küllü sayda qəzet materiallarını üzə çıxarıb.  

MRY-ya salınması üçün elmi müəssisələrdən kitabxanaya daxil olan siyahılar üzrə xeyli sayda elmi sənədin fonddan axtarışı və işlənməsi prosesi də uğurla icra olunur.

Kitabxanada elektron kataloqun hazırlanmasında da bölmənin əməkdaşları olduqca fəaldırlar. Onlar Vahid idarəetmə sistemində (VİS) kitabxana üçün önəm kəsb edən kitab və başqa sənədlər, oxucu, insan resursları, maliyyə, elektron avadanlıq, rəqəmsal kataloq və yaddaş bazasının vahid idarə olunmasını birləşdirən proqram əsasında çalışır, komplektləşdirmə və kataloqlaşdırma pəncərəsində işləyirlər.  VİS müəssisənin bütün mümkün proseslərinin avtomatlaşdırılması, inteqrasiyası, nəzarətdə saxlanılması və mərkəzləşdirilmiş şəkildə idarəedilməsi sistemidir. VİS Azərbaycan kitabxana-informasiya sistemi təcrübəsində ilk dəfə məhz MEK-in proqram və texniki tələblərinə uyğun olaraq yerli proqram mühəndislərinin iştirakı ilə hazırlanmış platformadır.

"Fondların mühafizəsi" bölməsinin əməkdaşları VİS proqramının elektron əlavəsində  oxucular tərəfindən vaxtilə itirilən sənədlərin siyahısını tərtib edib aktlaşdırırlar.  

AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən əksər tədbirlərin təşkilində də bölmə əməkdaşlarının əməyi var. Məsələn, müxtəlif əlamətdar və tarixi günlərə uyğun sərgilərin təşkilində mövzuya aid ədəbiyyatın fonddan operativ yığılması və siyahısı tərtib edilərək aidiyyatı üzrə təqdim olunması bu fondun əməkdaşlarının məsuliyyətindədir. Yeni daxil olan sənədlərin qəbulu və bir nüsxəsinin sərgi salonunda 15 gün ərzində nümayiş etdirilməsi və sərgilərin təzələnməsinə fond əməkdaşları tərəfindən də nəzarət olunur. 

Kitabxanaya təqdim olunan kitab kolleksiyalarının elektron kataloqunun hazırlanması prosesinə də fond əməkdaşları tez-tez cəlb edilirlər. Kataloqda ən  qədim  qiymətli əsərlərin üzə çıxarılması, müxtəlif meyarlarla, məsələn kitab abidəsi" meyarlarına uyğun və s. mövzularda axtarışlar aparırlar. 

"Fondların mühafizəsi" bölməsinə Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova rəhbərlik edir. Uzun müddət kitabxana sistemində çalışması və kollektivi yüksək səviyyədə idarəetmə bacarığı onu kollektivə doğmalaşdırıb. Səmimi ünsiyyət qurmağı bacaran və şair qələmi olan olan bu mehriban xanım öz işinə vurğunluğu, iş təcrübəsi ilə bütün əməkdaşlara örnəkdir. Kollektivin bütün üzvləri həm də bir-birlərinə qarşı səmimi, qayğıkeş, ağrı-acılarını, şad günlərini, hər bir tikəsini, sevincini, dərdini biri-biri ilə bölüşən insanlardır.

Kitabxana fondunda, kağız materiallarının saxlandığı yerdə uzun müddət çalışmaq təhlükəli peşələrdən hesab edilir. Çünki kitabların köhnəlməsi, əldən-ələ keçməsi spesifik xəstəliklərin yaranmasına səbəb olur. Həkimlərin qənaətinə görə, köhnə kitab, sənədlər arasında gün keçirməyə məcbur olan insanlar göz önünə almalıdır ki, toz, müxtəlif infeksiya mənbəyi, xüsusi ilə kif göbələyi səhhətə təsir edən amillərdir. Mütəxəssislər bildirir ki, kitab tozu hazırda geniş yayılmış allergiya mənşəli xəstəliklərin mənbəyidir.

Vaxtilə Mərkəzi Elmi Kitabxananın fondunda çalışan işçilərin sağlamlığı üçün tədbirlər görülüb, süd, kərə yağı və yuyucu vasitələrlə təmin olunublar. Daha sonra ərzaqlar pulla əvəz edilib və digər həmkarlarından fərli olaraq  məvacibləri bir qədər artıq hesablanıb. Ancaq hazırda bu təhlükəli sahədə çalışanlara əvvəlki maddi imtiyaz nəzərdə tutulmur. Ancaq fond əməkdaşlarının sağlamlığı MEK-in İctimai səhiyyə xidməti tərəfindən ciddi nəzarətdə saxlanılır. Eləcə də fondda müntəzəm olaraq Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən sanitar tədbirlər görülür.

El arasında belə bir misal var. "Zər qədrini zərgər bilər". "Fondların mühafizəsi" bölməsinin əməkdaşları  kitaba qiymətli bir sərvət kimi yanaşan, onun dəyərini anlayan, qoruyub, gələcəyə ötürməyə çalışan, qızına cehiz, oğluna miras kimi düşünən ziyalılardır. Onların kitaba olan sevgisi ailədə də təlqin edilib. Hər biri övladının savadlı, zəkalı olmasına çalışıb və uğuru ilə fəxr edir. Fondun əməkdaşı Həbibə Əliyevanın oğlunun 700 bal toplaması, Gültəkin xanım Hacıyevanın övladları və nəvələrinin nailiyyətlərinə sevinməsi, Sinuzər xanım Məmmədovanın,  Rəna xanım Rəhimovanın və kollektivin digər üzvlərinin də ziyalı kimi böyütdükləri övladlarıyla qürur duyması kitabın onların şəxsi həyatına təsiri və xoşbəxt anların nəticəsidir.

Cəmilə Miriyeva, Nüşabə Yolçuyeva, Aidə Hüseynova, Gülşən Azayeva, Fatma Fərəcova, Kəmalə Cavadova, Təranə Əsgərova, Şəlalə Qədimova, Güllü Ənsərli, Fatma Salaylı, Rüxsarə Bayramova, Aytən Xudiyeva, Günel Mahmudova, Leyla Ələkbərli, Əbdürrəhim Mürsəlov, Aybəniz İsmayılova, Aytən Fəttahlı və yuxarıda adını qeyd etdiyim fond əməkdaşları xalqın sərvətinin keşiyində dayanan, sadaladığım işləri həvəslə icra edən, kitabla ünsiyyətdən, sənətindən sözün tam mənasında zövq alan insanlardır. 

Belə kollektivə ən dəyərli incilərin, kitab abidələrinin, həyatı əsrləri yarıb bu günümüzə qədər gəlib çıxan sənədlərin etibar edilməsi Azərbaycanda insana verilən dəyərin, elmin inkişafına və kitaba göstərilən qayğının əksidir.

 





17.04.2018    çap et  çap et