525.Az

Günay Əfəndiyeva Mövlud Çavuşoğlu ilə görüşdü


 

Günay Əfəndiyeva Mövlud Çavuşoğlu ilə görüşdü<b style="color:red"></b>

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türkiyə Cumhuriyyətinin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüş zamanı G.Əfəndiyeva türk dünyası tarixi-mədəni irsinin dünyaya tanıdılması istiqamətində Fond tərəfindən görülən işlərdən və həyata keçirilən layihələrindən bəhs edərək Fondun gələcək planları barədə məlumat verib.

G.Əfəndiyeva həmçinin, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin göstərişi ilə Bakı şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu üçün bina verildiyini və hazırda orada əsaslı təmir-bərpa işlərinin aparıldığını qeyd edib.

Mövlud Çavuşoğlu Fond tərəfindən türk dünyasının birliyi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayaraq, Türkiyə hökümətinin Fonda dəstək olduğunu bildirib və türkdilli xalqlara xas irs və mədəniyyətin qorunması və təbliği ilə bağlı həyata keçirilən layihələri yüksək qiymətləndirib.

O, həmçinin Azərbaycana “Bakı Qlobal Forumu” və “Qoşulmama Hərəkatı Nazirlər Konfransı” çərçivəsində Bakı şəhərinə son iki səfərini xatırlayaraq Azərbaycanın beynəlxalq çağırışlarla bağlı fikir mübadiləsi aparmaq üçün çox gözəl görüş platformasına çevrildiyini vurğulayıb.

Tərəflər tezliklə keçirilməsi gözlənilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti Zirvə toplantısında ortaq tarix, dil və mədəniyyətə söykənən türkdilli xalqlar arasındakı əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi baxımından bir sıra mühüm məsələlər, o cümlədən, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı sənədlərin imzalanması haqqında müzakirələr aparıb.

 





17.04.2018    çap et  çap et