525.Az

Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur


 

"MANATIN DİGƏR XARİCİ VALYUTALAR QARŞISINDA GÜCLƏNMƏSİNİN ƏN BAŞLICA SƏBƏBİ DÖVLƏTİN APARDIĞI DAYANIQLI İQTİSADİ SİYASƏTDİR"

Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur<b style="color:red"></b>

Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının dollara nisbətdə dəyər itirməsinin manatın məzənnəsinə təsir imkanları ölkə cəmiyyətini düşündürən əsas mövzulardandır.

Rusiya, Türkiyə və İran kimi dövlətlərdə əsaslı şəkildə hiss olunan bu problemin ölkəmizin valyutasına da mənfi təsir etmə ehtimalı vətəndaşları narahat edir. Ancaq əksər ekspertlər hesab edirlər ki, qonşu ölkələrin valyutasında baş verən devalvasiya iqtisadi yox, siyasi amillərlə bağlıdır. Ona görə də, bu cür mənfi tendensiyaların Azərbaycana bir o qədər də təsir imkanlarının olmayacağı proqnozlaşdırılır. Eyni zamanda, manatın digər xarici valyutalar qarşısında güclənməsi üçün dövlətin dayanıqlı iqtisadi siyasətinin mövcudluğu önə çəkilir.

Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edərkən prezident İlham Əliyev Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyinin olmadığını bildirərək manatın məzənnəsiylə bağlı əhali arasında yaranmış narahatlığa aydınlıq gətirib. Dövlət başçısı qeyd edib ki, ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 2,3 faiz, qeyri-neft sektorumuz isə təxminən 3 faiz artıb: "Birinci rübdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artıb. Ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir".

Ölkənin valyuta ehtiyatlarının 2,2 milyard dollar artdığını deyən prezident bildirib ki, hazırda bu ehtiyatlar 44,2 milyard dollara bərabərdir: "Hesab edirəm ki, 3 ay ərzində 2 milyard dollardan çox artan valyuta ehtiyatlarımız bir tərəfdən onu göstərir ki, biz ehtiyatlarımızdan çox qənaətlə istifadə edirik, digər tərəfdən, bu, son illər ərzində apardığımız uğurlu neft siyasətinin nəticəsidir. Çünki bu vəsaitin tərkibində keçən il imzalanmış "Azəri-Çıraq-Günəşli" yatağının istismar müddətinin uzadılması ilə bağlı kontraktdan irəli gələn 450 milyon dollar bonus da var".

Dövlət başçısı onu da bildirib ki, Azərbaycanın xarici ticarət dövriyyəsi 31 faiz artıb: "Ümumi ixrac 24 faiz, qeyri-neft ixracı 37 faiz artıb…İxracın şaxələndirilməsi iqtisadi sahədə əsas prioritet məsələdir ki, biz daha çox qeyri-neft sektorundan valyuta əldə edək və beləliklə, yerli istehsal güclənsin, yeni iş yerləri yaradılsın və ölkəmiz daha da sürətlə inkişaf etsin…Bu iqtisadi göstəricilərimiz əlbəttə ki, bizi çox sevindirir. Onu da əlavə etməliyəm ki, inflyasiya birinci rübdə cəmi 4 faiz olub. Bu barədə də mən ilin əvvəlində öz fikirlərimi bildirmişdim və qeyd etmişdim ki, əminəm, inflyasiya aşağı səviyyədə olacaq və əhalinin gəlirləri inflyasiyanı qabaqlayacaq. Belə də oldu. Əhalinin gəlirləri təxminən 10 faiz artıb, inflyasiya isə cəmi 4 faiz. Bax, budur bizim birinci rübdə əldə edilmiş əsas sosial-iqtisadi göstəricilərimiz. Hesab edirəm ki, hər bir ölkə bu göstəricilərlə fəxr edə bilər, o cümlədən, biz. Bu, onu göstərir ki, biz düzgün yoldayıq. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur".

Mərkəzi Bankın sədri Elman Rüstəmov də məsələyə aydınlıq gətirərək manatın dəyərdən düşməsi üçün heç bir fundamental amilin olmadığını deyib. Bildirilib ki, ilin əvvəlindən başlayaraq valyuta bazarında dollar satışının daha da artması nəticəsində tələb təklifi üstələyib: "Biz əhəmiyyətli profisit gözləyirik. Neftin qiyməti ötən ilin müvafiq dövrünə nisbətən 25 faiz yüksəkdir. Bu ilin birinci rübündə valyuta hərraclarında təklif tələbi üstələyib. Manatın zəifləməsi üçün hər hansı bir fundamental fakt yoxdur. Düşünürük ki, bu, baş verməyəcək".

Məsələylə bağlı fikirlərini bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov "525"ə bildirib ki, rəsmi statisikaya əsasən, bu ilin əvvəlindən başlayaraq valyuta bazarında dollar satışı daha da artıb: "Fondun açıqlamasına görə, 3 ayı ərzində fondun cəmi xarici valyuta satışı 1,310 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.1 faiz, yaxud 516.8 milyon ABŞ dolları çoxdur. Bu ilin 3 ayında isə hər ay əvvəlki aya nisbətən dollar satışında artım qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, yanvarda 299.1 milyon dollar, fevralda 364.1 milyon dollar (əvvəlki ayla müqayisədə artım: 21.7 faiz), martda isə 647 milyon dolları (əvvəlki ayla müqayisədə artım: 77.7 faiz) satılıb. 2017-ci ilin yanvar-mart ayları ərzində fond cəmi 793.4 milyon dollar həcmində xarici valyuta satmışdırsa, bu ilin eyni dövründə bu rəqəm 1.3 milyard dollaradək yüksəlib".

Milli Məclisin deputatı Tahir Mirkişi isə qeyd edib ki, son günlər manatın xarici valyutalar qarşısında mövqeyinin guya zəifləyəcəyi ilə bağlı heç bir iqtisadi təhlilə əsaslanmayan informasiyalar yayılır. O, AZƏRTAC-a bildirib ki, 2018-ci ilin 1-ci rübünün iqtisadi yekunlarını təhlil etdikdə bunun üçün heç bir əsasın olmadığı açıq-aydın görünür: "1-ci rübün nəticələrinə görə, ölkədə iqtisadiyyat 2.3 faiz artıb, iqtisadiyyata 3.5 milyard dollar investisiya qoyulub. Ötən dövr ərzində valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara bərabər olub. Xarici ticarət dövriyyəmiz 31 faiz, ixracın həcmi isə 24 faiz artıb. İnflyasiya birinci rübdə cəmi 4 faiz olub, əhalinin gəlirləri isə 10 faiz artıb. Hazırda dünya bazarlarında Azərbaycan neftinin qiyməti 70 dollardan yüksəkdir, dövlət büdcəsinin uğurla yerinə yetirilməsi üçün nəzərdə tutulmuş rəqəm isə 45 dollardır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Belə bir şəraitdə manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk görünmür".

Deputat Aydın Hüseynov da manatının dəyərdən düşməsi ilə bağlı heç bir təhlükənin olmadığını düşünür. O bildirib ki, hazırda milli valyutamızın güclənməsini tənzimləyən faktorlar mövcuddur: "Azərbaycan manatının 2015-ci ildə devalvasiyaya uğraması dünya bazarındakı iqtisadi problemlərlə əlaqəli idi. Çünki həmin dövrdə neftin kəskin ucuzlaşması müşahidə olunurdu. Hazırda bu cür iqtisadi təhlükə mövcud deyil, əksinə, neftin qiymətində artım baş verir. Milli valyutanın güclənməsini şərtləndirən digər mühüm faktor idxal-ixrac prosesidir. Ticarət dövriyyəsində müsbət saldo yarandığını qeyd edən iqtisadçı ekspert bildirib ki, Azərbaycanın ixrac potensialında müşahidə edilən artım valyuta ehtiyatlarının artmasına da birbaşa təsir göstərir".

A.Hüseynovun sözlərinə görə, ixrac potensialının artmasına təsir edən amillərdən ən başlıcası logistik nəqliyyat infrastrukturunun inkişafıdır. O vurğulayıb ki, artıq bu istiqamətdə ölkəmizdə mühüm layihələrini icrasına başlanıb. Bu da ölkəyə valyuta axının artmasına səbəb olur.

Deputat əlavə edib ki, manatın digər xarici valyutalar qarşısında güclənməsinin ən başlıca səbəbi prezident İlham Əliyevin apardığı dayanıqlı iqtisadi siyasətdir. Büdcəmizə turizm sektoru vasitəsi ilə də valyuta daxilolmalarının artdığını bildirən deputat diqqətə çatdırıb ki, bu ilin əvvəlində ötən dövrlə müqayisədə ölkəmizə gələn turistlərin sayında xeyli artım var.

A.Hüseynovun fikrincə, qonşu ölkələrin valyutasında baş verən devalvasiyaya gəldikdə isə bu, iqtisadi deyil, siyasi amillərlə bağlıdır.

Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli  də hesab edir ki, Azərbaycanda manatın dəyərini itirməsi və xarici valyutaların məzənnəsinin artması üçün heç bir fundamental əsas yoxdur: "Son günlərdə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin 13 faizdən 11 faizə, faiz dəhlizinin yuxarı həddinin 16 faizdən 14 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 8 faiz səviyyəsində saxlanılması bunu deməyə əsas verir".

Ekspert qeyd edib ki, artıq manatın məzənnəsi sabitləşib, inflyasiyanın səviyyəsi azalıb: "Əminlikdə demək olar ki, Mərkəzi Bank yumşaq pul-kredit siyasəti çərçivəsində pul kütləsini artırmağa qərar verib. Mərkəzi Bankın əlində ciddi məlumat bazası mövcuddur və Mərkəzi Bank manat üzərində təzyiq hiss etsəydi və ya inflyasiya təzyiqi müşahidə etsəydi, uçot dərəcəsini aşağı salmazdı. Mərkəzi Bankın qərarı bazara manat üzərində və mal və xidmətlərin qiymətində ciddi dəyişiklik olmayacağı ilə bağlı mesajdır. Digər bir məsələ son dönəmdə neft qiymətlərinin sabit qalması, yerli istehsalın artırılması və ixracın stimullaşdırılması istiqamətində aparılan tədbirlər ölkənin tədiyə balansında müsbət saldonun yaranmasını təmin edib. Eyni zamanda, cari ildə dövlət büdcəsinin artırılması çərçivəsində Neft Fondundan 6 milyard dollar satılacağı gözlənilir ki, bu da bazarda tələb olunan valyutanın təmin ediləcəyi və valyuta çatışmazlığının olmayacağını deməyə əsas verir".

Ceyhun ABASOV

 





17.04.2018    çap et  çap et