525.Az

Vaqif Yusiflinin 70 yaşına


 

Vaqif Yusiflinin 70 yaşına<b style="color:red"></b>

Hörmətli Vaqif müəllim!

Aprel ayının ilk günlərindən qəzetlərdə haqqınızda dərc edilən məqalələrdən xəbər tutdum ki, yaxında yuvarlaq yubileyiniz - 70 yaşınız tamam olur. Açığı, "Azərbaycan", "Ulduz" dərgilərində, "525-ci qəzet", "Ədalət", "Ədəbiyyat" qəzetlərində və digər mətbuat orqanlarının az qala hər sayında imzanızla çap olunan bir-birindən oxunaqlı, maraqlı yazılarınız 70 illiyinizin tamamına xoş bir "şübhə" oyadır. Axı, belə ədəbi məhsuldarlıq yalnız cavan, enerjili qələm adamlarına xas olar.

Ancaq fakt faktlığında qalır. 70 yaşınız mübarək!

Belə bir deyim var ki, cib xəsisi olmaq bir elə qəbahət deyil. Yaxşı, xeyirxah söz deməkdə gərək xəsis olmayasan. Yaxşı, xeyirxah sözü isə özü qəlbən saf, varlı olan adamlar deməyi bacarar. Sizi, tanınmış ədəbiyyatşünas alimimizi, görkəmli tənqidçimizi də məhz belə tanıyırıq.

Yan-yörədə, böyürdə-başda olana, gündə-günaşırı üz-üzə gələnə nə var, elə görünməkləri ilə də özlərini gündəmdə saxlayırlar. O ki qaldı paytaxtdan uzaqlarda, bölgələrdə yaşayanlara, əlbəttə, onları gündəmə gətirmək, diqqətə çəkmək həm də bir vətənpərvərlik nümunəsidir. Elə bir istedadlı qələm sahibi yoxdur ki, siz də onun haqqında səxavətlə söz açmayasınız.

Bizim Şabranda yaşayıb-yaradan neçə-neçə yazıçı və şair haqqında ölkənin mətbuat orqanlarında çap etdirdiyiniz yazılarınız, çalışdığınız AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əsərlərində Şabran ədəbi mühiti haqqında dəyərli fikirlərinizə görə Şabran ziyalıları Sizə minnətdardır.

Məmləkətimizin hər yerində olduğu kimi, Şabranda da Sizin özünüzə və sözünüzə böyük hörmət və ehtiram var. Bizim üçün həmişə gəlişi arzulanan, yolu gözlənilən əzizlərimizdənsiniz. 

Sizə uzun ömür, möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Novruz NOVRUZOV
Şabran rayon İcra Hakimiyyətinin başçısı

 





17.04.2018    çap et  çap et