525.Az

Yeni əsərləriniz və işıqlı əməlləriniz hələ qarşıdadır...


 

XALQ YAZIÇISI ANARIN 80 İLLİK YUBİLEYİNƏ

Yeni əsərləriniz və işıqlı əməlləriniz hələ qarşıdadır...<b style="color:red"></b>

Son vaxtlar sizin "525-ci qəzet"də ardıcıl dərc olunan yazılarınızı oxuyuram. İndiyədək çıxan kitablarınızı oxumuş və bir çoxu haqda öz fikirlərimi yazıb mətbuatda çap etdirmişəm. "Ağ qoç, qara qoç" əsərinizlə də bağlı vaxtilə "525-ci qəzet"də yazım çap olunub.

Yazıçı və tədqiqatçı Pərvin Nurəliyevanın "Anar nəsrində tale və zaman kataklizmləri axarında dəyişən və dəyişməyən insan" mövzusunda yazdığı dissertasiya işi ilə əlaqədar yayılan məlumatlar da diqqətimi çəkib, marağıma səbəb olub. Bildiyimə görə, bu araşdırma zamanı əsasən tarixi-tipoloji, tarixi-müqayisəli təhlil metodlarından istifadə olunub. Pərvin xanım qeyd edib ki, dissertasiya işinin Anar nəsrində tale və zaman kataklizmləri axarında dəyişən və dəyişməyən insan mövzusuna həsr olunması Sizin yaradıcılığınızda tamamilə yeni bir sahənin, nəzəri-estetik xüsusiyyətlərin araşdırılıb ortaya çıxarılmasına imkanı verir. Tədqiqatçının fikrincə, Anarın yaradıcılıq yolunu nəsr kontekstində izləmək heç də asan deyil. Çünki Anar ədəbiyyatşünaslıq düşüncəsində özünə geniş yer tutmuş müstəsna bir müəllifdir. Anar müəllim sənəti və şəxsiyyəti ilə zamandan yüksəkdə dayanır. Zaman bəzən Anarın nəsrinə, Anar dünyasına çatmaq üçün boylanır, onsuz bacarmır...

Anar müəllim, Sizin "Vətənimiz, paytaxtımız, dilimiz" yazınızda bu misilsiz sərvətlərimiz o qədər aydın və dürüst təqdim edilib ki, əlavə şərhə ehtiyac yoxdur. Həqiqətən, Allah bizə, xalqımıza olduqca zəngin və bərəkətli torpaq, ilin bütün fəsillərində əlverişli olan iqlim, yeraltı və yerüstü sərvətlər, parlaq şəxsiyyətlər bəxş edib.

"Qum saatı" və "Məşum ilin dərsləri" yazılarınız çox maraqlı, aktual mövzulara həsr edilib və xüsusi ustalıqla qələmə alınıb. "Məşum ilin dərsləri" yazınızda bu cür yaddaqalan və dəyərli fikirlər öz əksini tapıb: "Rus ruletkası adlanan məşum bir oyun - mərc var. Tapançanın xəzinəsinə beş yox, dörd patron qoyulur, baraban hərlədilir, tapançanın lüləsini gichaşına dirəyib tətiyi çəkirsən - ya bəxt - anında ölə də bilərsən, qurtula da. 37-ci ilin məntiqi ruletka məntiqi idi, günahsızlar da  məhkum olunurdu, onların boynuna günah qoyanlar da..."

Sizin xəstələnməyiniz və ağır cərrahi əməliyyat keçirməyiniz barədə xəbəri, xalqımızın böyük əksəriyyəti kimi, mən də ciddi narahatlıqla qarşıladım. O ağır günləri sağ-salamat geridə qoymağınıza ürəkdən sevindim. Bu barədə yenə də "525-ci qəzet"də çıxan "Yoxluqdan varlığa" yazınızı maraqla oxudum. Arzum budur ki, elə gərgin hallar Sizdən hər zaman uzaq olsun. Çünki Siz bizə, Azərbaycan xalqına, Türk dünyasına çox gərəklisiniz.

Dünyaya gəlməyin fəlsəfəsi yoxdur, dünyada yaşamağın fəlsəfəsi isə çox zəngindir. Bu fəlsəfə İnsanlıq fəlsəfəsidir. Anar müəllim, Siz bu İnsanlıq fəlsəfəsini məxsusi tərzdə, ali səviyyədə yaşayaraq yaratmışsınız. Fəaliyyətinizin hər sahəsində nümunə sayılan işlər görmüsünüz, gözəl əsərlər yazıb, nəcib əməllərə imza atmısınız. Ancaq inanırıq ki, yeni gözəl əsərləriniz və işıqlı əməlləriniz hələ qarşıdadır.

80 yaşınız mübarək olsun, Anar müəllim! Allah Sizi qorusun!

Əyyub MƏMMƏDOV
Tibb elmləri üzrə fəlsəfə doktoru, Əməkdar həkim

 





17.04.2018    çap et  çap et