525.Az

UNEC-də Hüseyn Cavidə həsr olunan elmi konfrans və tədbirlər davam edir


 

UNEC-də Hüseyn Cavidə həsr olunan elmi konfrans və tədbirlər davam edir<b style="color:red"></b>

Məlum olduğu kimi, Prezident İlham Əliyev böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
 
Bu sərəncamın icrasını təmin etmək məqsədi ilə UNEC-də böyük şairə həsr olunan tədbirlər, konfranslar silsiləsi davam edir. UNEC rektoru, professor Ədalət Muradovun  böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin  keçirilməsi haqqında 18 yanvar 2018-ci il tarixli müvafiq əmri ilə təsdiq edilmiş Tədbirlər Planının icrası istiqamətində məqsədyönlü işlər davam etdirilir.

Artıq universitetin Əsas və 2 saylı tədris korpuslarında UNEC-in "Azərbaycan dili" kafedrasının fakültələrlə birgə (İqtisadiyyat, Texnologiya və dizayn, Əmtəəşünaslıq, Maliyyə və mühasibat fakültələri, Sabah qrupları, Beynəlxalq İqtisadiyyat Məktəbi) Hüseyn Cavidin ev muzeyinin dəstəyi ilə "Hüseyn Cavid irsi və müasir dövr", "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" mövzularında  elmi konfranslar keçirilib. İştirakçılara kitab və əsərlərinin səhnə taleyinə həsr olunmuş foto sərgi təqdim olunub, Hüseyn Cavid haqqında film nümayiş etdirilib. Respublikanın cavidşünas alimləri hər iki konfransda böyük şair və  dramaturq haqqında fikirlərini, elmi qənaətlərini paylaşmış və ədibin əsərləri haqqında öz mülahizələrini paylaşıblar.

Tədbirlərdə UNEC-in fakültə dekanları, mərkəz direktorları, həmçinin,  professor-müəllim heyəti və tələbələr də fəal iştirak edib. Tələbələr Hüseyn Cavidin şeirlərini səsləndirmiş, ədibin sözlərinə yazılmış mahnılar ifa ediblər.

Hər iki konfransda UNEC-in "Azərbaycan dili" kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Tofiq Əbdülhəsənli çıxış edib, Hüseyn Cavidin keçdiyi həyat yolu və yaradıcılığı haqqında məlumat verib. O  deyib ki, ulu öndər Heydər Əliyev Hüseyn Cavid  irsinə həmişə böyük diqqət və qayğı göstərmiş, onun nəşinin uzaq Sibirdən - İrkutsk vilayətindən Azərbaycana gətirilməsində çox böyük tarixi xidmətlər göstərib: "Bu həm Cavid irsinə, həm də ümumilikdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına göstərilən qayğı idi. Bu gün də bu siyasət uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz  İlham Əliyevin böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqındakı sərəncamı klassik  irsimizə və ümumilikdə mədəniyyətimizə  dövlətimiz tərəfindən göstərilən böyük qayğının təzahürüdür”.

Aprel ayının ikinci yarısında Hüseyn Cavidin 135 illik yubileyi ilə əlaqədar "Hüseyn Cavid və çağdaş Azərbaycan filologiyası" adlı növbəti konfransın  UNEC-in 4 saylı tədris korpusunda keçirilməsi nəzərdə tutulub.

Mətanət ƏMRAHOVA
UNEC-in "Azərbaycan dili" kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru

 





17.04.2018    çap et  çap et