525.Az

Zakirlə son söhbətim


 

Zakirlə son söhbətim<b style="color:red"></b>

Gördüklərin arxada qalmışdı. Bir də yaddaşına həkk olunan ömrünün 54 ili illərin qanadlarında uçub getmişdi. Kənddən-kəsəkdən uzaqlaşıb şəhərə üz tutmağın tarixin kəsiyində dünənin söhbəti idi. Soykökünə bir ərməğanın da olmuşdu. Nəslin davamçısı kimi ilk ali məktəbə daxil olan sən idin. Gecə-gündüz yorulmadan əl-ələ verərək Gülarə ilə üç balanızın – Ülviyyənin, Sevdanın, İlqarın gələcəyinə güzgü tutmuşdunuz. Hər şey qəfildən baş verdi. Gülarə həyata vida dedi. O gün sənə təsəlli vermək üçün boynunu qucaqladım. Özümdən asılı olmadan hönkürdüm. Əlini kürəyimə vurdun.Bu ağırlıqda dərd yükünü çəkə-çəkə məni ovundurub sakitləşdirməyə də özündə qüvvət tapdın. Balalarının qabağında məğrurluğunu saxlayırdın. Əsl kişi kimi dərd şələsini özgələrə – ətrafdakılarına yükləmədin. Nümunəlik mücəssəməsi idin. Məclislərimizin, görüşlərimizin adi iştirakçısı deyildin. Deyimlərində boş çalara, atmacaya yol verməzdin. Heç kimin ağlına gətirmədiyini öz fəlsəfəndə üyüdə-üyüdə söyləyirdin. Bəziləri başa düşməsə də dediklərinin dərin məzmunu (bəzən öz-özümə sual edirdim ki, səndən qabaq neçə-neçə söz sərrafının bir sözünü də “oğurlamadan”, filankəsin sözünə dəstək demədən bunları necə tapırsan) məni heyran edirdi. Axı sən ədəbiyyat adamı deyildin. Ali texniki savadın vardı. Mühəndis kimi hamı öz işini sənə gördürmək istəyirdi. Qapında növbəyə duranlar vardı. Sən elə belə adam deyildin. Qaranlığı işıqlandıran, hər evi, ocağı işıq selinə bələyən idin. Əl tutmaq, həyan olmaq siqlətində vardı. O qədər köməksizə əl tutmuşdun – evini işıqlandırmaqdan ötrü cibinin hesabı bir yana, zəhmətini də halal etmişdin. Həyatdan vaxtsız köçmüş atan Kamilə oxşayırdın halallıqda.

İyunun 29-u. Səhər hələ tam açılmamış bir telefon zəngi düz-dünyanı hərlədi başımıza... Səni görəndə sanki yatmışdın. Sifətinə xüsusi yaraşıq verən bığın, qara saçın içində gizlənən təkəmseyrək ağ tüklər, müvəqqəti yuxuya gedibmiş kimi yumulan gözün hələ də sağlığını təlqin edirdi bizlərə. Nə deyim dünyanın gərdişinə. İllərlə əziyyət çəkib qurduğun ocaqda son saatın əbədiyyətə çevrildi. Həmişəlik didərgin düşdün qurduğun mülkündən. Çölə açdığın qapın bir də içəri açılıb örtülmədi. Getdin, heç kimə əlvida demədən.

Doğulduğun kəndə – Səbətlərə çatdırdıq səni. Onda da oyanmadın. Həmişə boylandığın Şahdağına baxmadın. Bütün kənd-kəsək, şəhərdəki dostların, tanışların həyətinizdə idi. Heç nə vecinə deyildi. Mənə suallar yağışı: – Nə oldu Zakirə?! – yağdıranlara köməkləşib bir söz demədin. Bibim Səadətin, bacıların Rübabənin, Sakitin və neçə-neçə doğmalarının  göyə bülənd olan nalələrinə də heç bir: – Susun!!! – demədin, ay Zakir. Biz səni belə tanımırdıq. Gördüklərini görmüşdün, görəcəklərini nə özün gördün, nə də biz.

O gün köçünü yığıb yeni mənzilinə köçhaköçdə ikən səsin gəldi qulaqlarıma: – Balalarımı sizə əmanət edirəm. Anamdan muğayat olun...

Bu da sənin bu dünyada bizdən son xahişin. Rahat yat, əzizim. Gülarən də uzaqda deyil. Bir ünvandasız ikiniz də. Qoşa-qoşa, yan-yana.

Allah yerinizi behişt eləsin.

Əkrəm Qaflanoğlu

 





04.07.2013    çap et  çap et