525.Az

AŞPA-da Ramil Səfərov müzakirə olundu


 

AŞPA-da Ramil Səfərov müzakirə olundu<b style="color:red"></b>

“Beynəlxaqlq və Azərbaycanın daxili hüquqi normaları R. Səfərovun ekstradisiyasını və əfv olunmasını mümkün edir”

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində plenar iclasda cari məsələ kimi “Ramil Səfərov məsələsi” müzakirə edilib.

APA-nın Avropa Şurasındakı müxbirinin xəbərinə görə, bu məsələ ilə əlaqədar çıxışların sonunda heç bir sənəd, qətnamə qəbul olunmasa da, müzakirələr çox qızğın keçib.

AŞ PA Bürosu bu məsələni araşdırmasını qurumun hüquqi məsələlər və insan hüquqları komitəsinə tapşırdığı üçün komitənin sədri, britaniyalı parlamentar Kristofer Çop məlumat verib.

Müzakirələrdə avropalı və erməni deputatlarla yanaşı, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti üzvlərindən beşi çıxış edib.

K. Çop, öncə Ramil Səfərovun Budapeştdə NATO təlimləri çərçivəsində öz həmkarını, ermıni zabitini öldürməsinin tarixçəsini danışıb, onun ekstradiyası və əhv olunması proseduru barədə geniş məlumat verib.

Məsələyə hüquqi qiymət verən K. Çop qeyd edib ki, beynəlxaqlq və Azərbaycanın daxili hüquqi normaları R. Səfərovun ekstradisiyasını və əfv olunmasını mümkün edir: “Bu məsələdə sadəcə hüquqdan ifrat yararlanmaq və mənəviyyat baxımından əks tərəfi qıcıqlandıran detallar var”.

Çıxış edən digər avropalı deputatlar da R. Səfərovun ekstradisiyasını və əfv olunmasını pisləsələr də, Azərbaycan və Macarıstanın Strasburq konvensiyasının bütün norma və qaydalarına əməl etdiklərini, baş vermiş hadisənin beynəlxalq hüquq çərçivəsini aşmadığını bildiriblər.

Çıxış edən avropa deputatlar əsasən “məsələnin mənəvi tərəfinə diqqət etdiklərini” deyiblər. Onlar bu hadisənin münaqişədə olan iki ölkə arasındakı münasibətləri daha da ağırlaşdıra biləcəyini vurğulayıblar.

Qeyd edək ki, AŞ PA-da Ramil Səfərov məsələsinin Dağlıq Qarabağ problemi kontekstində müzakirə edilməməsi tövsiyə olunmuşdu. Lakin avropalı deputatların da əksəriyyəti hadisədən danışarkən, Dağlıq Qarabağ probleminə toxunub və Ermənistanla Azərbaycan arasındakı münaqişəsinin tezliklə həll edilməsini arzuladıqlarını bildiriblər.

Macarıstandan olan deputatlar da çıxışlarında ölkələrinin beynəlxalq hüquq normalarının əksinə olan addım atmadığını, bu məsələdə Macarıstanın həm də mənəvi və humanist tərəfləri də nəzərə aldığını deyiblər. Macar parlamentarlar R. Səfərov məsələsinin həlli üçün Macarıstanla Azərbaycan arasında hansısa biznes razılaşmaları olması barədə iddiaları “cəfəngiyyat” adlandırıb.

AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt da bu olaydan təəssüfləndiyini bildirib. O, Ermənistanın Azərbaycan ərazilərinin 20%-ni işğal etdiyini, bu işğal nəticəsində yüz minlərlə qaçqın və məcburi köçkünün olduğu faktını bir daha assambleya üzvlərinin nəzərinə çatdırıb.

Müzakirələrdə daha aqressiv münasibəti isə erməni və fransız deputatlar göstəriblər. Onlar Ramil Səfərov məsələsinə görə Avropa Şurası və AŞPA-nı Azərbaycana qarşı xüsusi sanksiyalar tətbiq etməsinin vacibliyini bildirən çağırışlar səsləndiriblər.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aydın Abbasov ermənilərin bu hüquqi məsələni Assambleyada siyasiləşdirərək, Azərbaycana təzyiq etmək niyyətində olduqlarını bildirib. A. Abbasov Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, Ermənistanın işğalçı siyasətindən, münaqişənin gətirdiyi faciələrdən danışıb, münaqişənin tezliklə həll edilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan və Türkiyənin digər millət vəkilləri də çıxışlarında ötən əsrdə erməni terrorçularının türk diplomatları və fransız vətəndaşlarına qarşı törətdikləri qətliamlarla bağlı faktları səsləndiriblər. Qeyd olunub ki, bu cinayətləri törətmiş şəxslər sonradan əfv edilərək, Ermənistana gəlib, onlara fəxri adlar verilib və qəhrəman kimi qarşılanma mərasimləri düzənlənib.

Azərbaycandan olan millət vəkilləri çıxışlarında bu məsələnin Dağlıq Qarabağ münaqişəsi kontekstində araşdırmağın və münasibət bildirməyin doğru olmadığını söyləyiblər.

Xatırladaq ki, “Ramil Səfərov məsələsi” adı altında Assambleyada keçirilmiş bugünkü müzakirələr, AŞPA-nın gündəliyinə cari məsələ kimi əlavə olunub və bu məsələ ilə bağlı qurum heç bir hüquqi, həmçinin tövsiyə xarakterli sənəd qəbul etməyib.

 





04.10.2012    çap et  çap et