525.Az

"Bir "Payız hava"mı çalın, qadası..." - Qələndər Xaçınçaylının şeirləri


 

"Bir "Payız hava"mı çalın, qadası..." - <b style="color:red">Qələndər Xaçınçaylının şeirləri </b>

Sən xoşbəxt bir qız...

Sən xoşbəxt bir qız,
Mən, taleyindən küsmüş bir oğlandım.
Sən xoşbəxtliyindən zövq alırdın,
Mən isə ağrılarımı udurdum.
Sonda küsmüş taleyimə bürünüb
sənin göz qamaşdıran "xöşbəxt"liyinin
göz yaşlarına dönüb
yandırdım saf bir ürəyi!..

Sən bağışlanmazsan

Sən bağışlanmazsan,
Ona görə ki,
ağ göyərçin kimi uçan təmiz sevgim
xəyallarımda qaldı.
Ürəyimdə qalan gələcək arzularımı
açmamış bir çiçək kimi qoparıb atdın.
Qəlbimi qəlbinə birləşdirən
körpü tellərini sındırdın.
Sevgimiz soyuq baxışlarında dondu,
üstünü qar aldı.
Sən bağışlanmazsan,
Soyuq bir daş, qaya idin,
İsti keçmirdi, isitmirdi canını,
Elə bil buz parçası qoyub
dondurmuşdular qanını,
sanki dünyanı görmürdün...
Sən bağışlanmazsan,
Bulaq kimi içdiyim
göz yaşlarımı kiridə bilmədin.
Nə acıymış,
nə şiriniymiş bu həyat?!
Şirinliyin içində
sən demə, acı olmusan.
Öz əllərinlə həyatımı zəhərlədin,
amma mən ölmədim.
Sən bağışlanmazsan,
Yollarımızın üstünə qan səpmisən,
Səadətimi, gələcəyimi itirmisən.
Yenə də sözün içində,
közün içində
qırıla-qırıla qorudum məhəbbətimi.
O məhəbbət ki,
Tanrının insanlara olan sevgisidir,
O məhəbbət ki,
həyatın özüdür, yaşantıdır.
Sən bunu dərk etmədin,
duymadın özündə,
Beləcə bir quru taxta parçası kimi qurudun,
qaldın içində.
Allah böyükdür,
görür hər birimizi,
hardasa keçir günahımızdan,
bağışlayır bizi.
Amma sən bağışlanmazsan,
artıq gecdir,
qatar gedib
dan yeri söküləndən
hava qaralana kimi...

"Əlvida" deyəcək

Bu dünyada məkan varsa,
Demək, onun başlanğıcı,
sonu da var. 
Dəryanın da,
ümmanın da,
hətta kainatın da sonu var.
Bu ümmana yetmək üçün,
Bu ümmanda bitmək üçün,
Bu ümmanı ötmək üçün
vaxt, zaman lazımdır...
Elə sonsuzluqdan
sonluğa gedən yol da
vaxta, zamana söykənir.
İnsan həmişə belədir.
Vaxt... zaman kəsiyində oturub
beynində o qədər yol gedir ki,
Artıq yolu  gedə bilmir.
Burda arzuları tükənir, bitir.
Görünməyən tərəfləri,
ondan uzaq hədəfləri
sonsuz bilir.
Heç də belə deyil?
Sonluq görünən məsafə,
Sonsuzluq görünməyən,
məlum olmayan məkandır.
Kainatda, bəşər aləmində
gedib sonsuzluğun
özünə çatmaq lazımdır.
Onda Yaradanı
və onun yaratdığını,
bizə bu günə kimi
hələ də sirli görünən möcüzələri görər.
Yaradanla yaranan arasındakı
məsafə sonsuzluqdur.
İnsan özünü dərk edəndə
vaxtı, zamanı qabaqlayıb
ona möcüzə, sirli gələn
bu dünyanı dərk edəcək.
Onda heç də mürəkkəb olmayan,
adi bu sonsuzluğu görəcək
və gələcəyindən boylanıb
minillik keçmişinə baxıb,
bu sonsuzluğa "əlvida" deyəcək!.. 

Məzarımı görürəm

Məzarımı görürəm,
Qərinələr keçəcək,
dolanacaq illər,
dəyişəcək fəsillər,
bir kəs ziyarətimə gəlməyəcək.
Torpaq almış,
alaq basmış
uçuq qəbrimin üstündə
daha axmayacaq
gözlərdən yaş da.
Hətta itəcək qəbrimin ünvanı da.
Yaddaşlardan silinəcək
saralmış qəzet
və kitab səhifələrində qalmış
"Xaçınçaylı" adı da...
Bu Ana Vətəndə,
Bu doğma torpaqda
Yad məzara dönəcəyəm,
Mən onda öləcəyəm...

Nağıla bənzəyir

Bir ömür kitabçam
nağıla bənzəyir,
Əllərim saralmış
səhifələri vərəqləyir.
Şirin və acı xatirələr,
O, xoşbəxt qayğısız illər...
Ömrümün bir parçası
uşaqlıq həyatım.
Uğursuz məhəbbətim,
Sevdiyim bir qızın göz yaşları.
Uğurlu günlərimi
gizlədən bəxtsiz taleyim,
Açan həsrətin
Sonsuz ayrılığından
keçən yollarım.
O vaxtdan bu günə
gələn günləri xatırlayıram:
göz yaşları içərisində
göyərən sevinc işartıları,
qışın çovqununa düşmüş
yaza tələsən çiçəklər,
Dünyanın qaranlığına
düşməyən işıq.
Qaranlıq gecələrin
açılmayan sabahı...

Məhəbbətin yolu

Duyğuların çox dərin,
Ürəyinin odu var.
Çox istidir əllərin,
Əlini çəkmə, nə olar?

Fikirlərim bürüyüb
Məni ağ duman kimi.
O mavi gözlərindir,
Görünür ümman kimi...

Saçlarında daranır,
Axıb gedir şəlalə.
Sinən üstə ay yanır,
Yanağındır al lalə.

Bir yol gedir qəlbinə,
O yolu kəsmə, gülüm.
Qəlbinin səsin dinlə,
Yol üstə əsmə, gülüm.

Bülbül ayrı, gül ayrı,
Söyləyir nələr bizə.
Bu bir qismət payıdır,
Düşübdür bəxtimizə.

Çıxa bilmərik ordan,
Yazan yazıbdır bunu.
Yol göstərir yaradan,
Məhəbbətin yolunu.

İkimizin sabahı
Bu yoldan keçib gəlir,
Bu sevgidir, bu axı
İkimizi seçib gəlir.

Duyğuların çox dərin,
Ürəyinin odu var.
Çox istidir əllərin,
Əlini çəkmə nə olar.

İçim

Nə qədər sən amansızsan,
İnsaf yoxdur ürəyində.
İnsanlı qdan çox uzaqsan,
Yük çəkirəm kürəyimdə.

Həqiqətdən uzaq qalıb,
Yalan baxır gözlərindən.
Asılqantək şər asılıb
O tikanlı sözlərindən.

İlandan da zəhərlidir,
Hər yetəni çalır dilin.
Mərhəmət yox, bir sevgin yox,
Bir kimsəni sevsin qəlbin.

Bulud kimi yağdırsam da,
mən üstünə göz yaşımı.
Sirkə kimi tünd qalmısan,
Yumşaltmayır baxışını.

İçin-için yanır içim,
Sən nə qədər dərd vermisən.
Əzabını tök, ver içim,
Artıq məni öldürmüsən. 

Payız havası

Payız gəldi, soldu çiçəklər-güllər,
Töküldü yarpaqlar, xəzana döndü.
Dağlardan arana endikcə ellər,
Təbiət qoynunda al günəş söndü.

Aldı qara bulud o  göy üzünü,
Qaranlıq libasın geydi obalar.
Payız gecələri dedi sözünü,
Dağlara aramsız yağdı yağışlar.

Qatar-qatar uçub getdi durnalar,
O həzin, çox qəmli nəğmələriylə.
Bir payız ömrümü yaşatdı onlar,
Yatmış təbiətin yatmış səsiylə.

Sinəmə dağ çəkdi  dağlar, dərələr,
Büründü dumana anam Qarabağ.
Keçilməz olubdur keçilməz yerlər,
Bu payız ömrümə yağan qara bax.

Payız gözlərimdə oyanmaz çiçək,
Payız nəfəsimdə payız havası.
Payız notlarında köklənib ürək,
Bir "Payız hava"mı çalın, qadası,
Payız havasına oynayım gərək.

Qələndər XAÇINÇAYLI

 





20.04.2018    çap et  çap et