525.Az

Tələbələr Qan Turalının əsərini müzakirə etdilər - Fotolar


 

Tələbələr Qan Turalının əsərini müzakirə etdilər - <b style="color:red">Fotolar</b>

Aprelin 18-də Bakı Mühəndislik Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrası növbəti müzakirəli dərs təşkil edib.

Budəfəki mühazirə mövzusu müasir dövr Azərbaycan ədəbiyyatı, müzakirəyə çıxarılan əsər isə yazıçı-publisist Qan Turalının "Fələk qırmancı" əsəri olub. Müzakirəli dərsdə tələbələr, kafedranın müəllimləri, qonaqlar və müəllif də qatılıblar.

Tədbiri giriş sözü ilə açan universitetin müəllimi Ülvi Babasoy müasir dövr Azərbaycan ədəbiyyatı, onun nümayəndələri barədə ətraflı məlumat verib. Qeyd edib ki, Qan Turalı müasir dövr ədəbiyyatımızın özünəməxsus yolu olan nümayəndələrindən biridir.

Daha öncə də tələbələrlə bu romanın müzakirəsinin aparıldığını deyən Ü.Babasoy tələbələrin romanla bağlı çoxlu suallarının olduğunu nəzərə alaraq növbəti dərsdə müəlliflə birgə müzakirə təşkil etmək qərarına gəldiyini söyləyib.

Tələbələrlə görüş təklifini qəbul etdiyi üçün müəllifə təşəkkürünü bildirən müəllim əsərlə bağlı fikirlərini də bölüşüb.

Qan Turalı “Fələk Qırmancı” əsərinin yaranma ideyası, yazılma prosesi və janr xüsusiyyətləri haqqında danışıb, yaradıcılığındakı ən yaxşı əsər hesab etdiyini deyib.

Sonra tələbələr əsərə münasibətlərini bildirib, müəllifə həm roman, həm də ümumi yaradıcılığı, ədəbi görüşləri barədə suallarını ünvanlayıblar.

Diskussiya şəklində davam edən görüşdə tələbələri əsasən, romanın yazılma texnikası, obrazlar aləmi, baş qəhrəmanın həyatdakı prototipi maraqlandırıb.

Romanı üç il müddətində yazdığını deyən Qan Turalı həmin prosesdə mövzu ilə bağlı 40-dan çox əsər oxuduğunu, müxtəlif filmlərə baxdığını, araşdırmalar apardığını vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Emin Ağayev bu təşəbbüs üçün Ülvi Babasoya, dəvəti qəbul etdiyi üçün Qan Turalıya təşəkkürünü bildirib.

Belə dərslərin tələbələrin gələcək elmi təcrübələrinin, ədəbi biliklərinin möhkəmlənməsində böyük önəm daşıdığını deyən E.Ağayev növbəti dərslərdə də bu ideyanın davam etdirilməsini arzulayıb.

Sonda müəllif tələbələrə əsərinin müzakirəsində fəal iştirak etdikləri üçün təşəkkür edib, ən fəallara özünün “Fələk qırmancı” romanını imzalı şəkildə hədiyyə edib.

Şahanə MÜŞFİQ

 





20.04.2018    çap et  çap et