525.Az

Lüğətçiliyimizə yeni töhfə


 

Lüğətçiliyimizə yeni töhfə<b style="color:red"></b>

Lüğət hər hansı bir dilin leksik tərkibini, söz xəzinəsini göstərən güzgüdür. Məhz dilin zənginliyi də tərtib olunmuş lüğətlərin tükənməzliyi ilə nəzərə çarpır.

Lüğətçiliyin tarixi ümumi dilçilikdə bir elm kimi qədim olsa da, Azərbaycanda onun təməl daşlarının tarixi XIX əsrin sonlarına və XX əsrin əvvəllərinə təsadüf edir. S.M.Qənizadənin, Ü.Hacıbəylinin, Q.Qarabəyovun ikidilli lüğətləri buna parlaq misaldır. Deməli, Azərbaycan lüğətçiliyi ilk olaraq tərcümə lüğətləri ilə yaranmağa başlamışdır. Tərcümə prinsipi ilk rüşeym kimi əsas rol oynamışdır.

XX əsrin 20-ci illərindən sonra lüğətçiliyimiz inkişaf etməklə zirvəyə yüksəlmişdir. Latın qrafikalı əlifba ilə ilk orfoqrafiya lüğəti 20 min sözü əhatə etməklə 1929-cu ildə nəşr olunmuş, sonralar isə bu iş mərhələli şəkildə davam etdirilərək 6 dəfə nəşr olunmuşdur. Son 6-cı nəşr 2013-cü ildə çap olunmuşdur və 110 mindən artıq sözü əhatə edir.

Azərbaycan dilinin orfoqrafiya lüğətlərindən, izahlı lüğətdən bir mənbə kimi istifadə edilməklə birdilli və ikidilli lüğətlər meydana gəlmişdir. Məsələn, "Azərbaycan dilinin orfofoniya lüğəti", "Azərbaycan dilinin orfoepiya sözlüyü", dəfələrlə təkrar edildiyi kimi, "Məktəblinin orfoqrafiya lüğəti", "İbtidai siniflər üçün orfoqrafiya lüğəti", "Məktəblilər üçün izahlı lüğət", "İşlək orfoqrafiya lüğəti" və s. Bu kimi onlarca lüğət nəşr edilmişdir. Sadalanan bu cür lüğətlərdən biri də 2017- ci ildə işıq üzü görmüş "Türkmənşəli sözlər lüğəti"dir. Lüğətin müəllifləri Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor İsmayıl Məmmədli (həm də layihənin rəhbəridir), Təhsil Problemləri İnstitutunun direktor müavini pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Ənvər Abbasov və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin böyük məsləhətçisi Hüseyn Mirzəyevdir. Rəyçilər: professorlar Təvəkkül Şükürbəyli, Buludxan Xəlilov, Fikrət Xalıqov və Nəriman Seyidəliyevdir.

Kitab Azərbaycan dilində uzun yüzilliklərdən bəri işlənən milli leksikanı özündə əks etdirən ilk sorğu lüğətidir. Lüğətdə 4400-ə yaxın xalis türkmənşəli sözlər verilmişdir.

Lüğətin ilk səhifəsi Ümummilli lider Heydər Əliyevin "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir" qızıl qiymətində olan kəlamı ilə başlanır. Kitabın "Ön söz"ündə lüğət haqqında qısa məlumat verilir, sonra isə onun quruluşu işıqlandırılır.

Lüğət maddəsinin başlığını bütün nitq hissələrinə aid sözlər təşkil edir, zəruri hallarda yeri gəldikcə oxucular tərəfindən mənası çətin anlaşılan sözlərin qarşısında izahlar və qısaltma şəklində üslubi işarələri də göstərilmişdir. Məsələn: ağadayı, üzüm, ağac-ağac, oyun, ciyərotu, bot, danadişi, zool və s.

Lüğətlərdəki sözlər aşağıdakı qruplarda verilmişdir:

- dilimizdə mövcud olan milli terminoloji sözlər;

- vaxtilə bədii ədəbiyyatda işlədilən və hazırda dilimiz üçün köhnəlmiş sözlər;

- müxtəlif tarixi dövrlərə aid vəzifə, rütbə, titul və s. arxaik sözlər;

- defislə yazılan mürəkkəb sözlər;

- əzizləmə və kiçiltmə formalı sözlər;

- təqlidi sözlər;

- feili sifətlərdən isimləşən və ya sifət kimi işlənə bilən sözlər və s;

- arqotizmlər, jarqon sözlər lüğətə daxil edilməyib.

Lüğətin məziyyətlərindən biri də lüğət hissəsindən, lüğət mətnindən əvvəl Azərbaycan dilinin "Orfoqrafiya qaydaları"nın verilməsidir. Qaydalar 38 maddədən ibarətdir və onların hər birini bilmək oxucu üçün olduqca vacibdir. Maddədə sait və samitlərin yazılışı, şəkilçilərin yazılışı, sayların, mürəkkəb sözlərin, köməkçi sözlərin yazılışları, ixtisarlar, birinci hərfi böyük yazılan sözlər və s.

Lüğətə bəzi sözləri: alt-üstolma, alt-üstgetmə, günüağlıq, dizin-dizinsürünmə və s. kimi sözləri salmamaq da olardı.

Hər bir lüğət xalqın, dilin, mədəniyyətin, tarixini yaşadan ən qiymətli, dəyərli, əvəzsiz qaynaqlardır, salnamədir. Məhz bu mənada Azərbaycan dilçiliyində ilk dəfə belə bir lüğətin tərtib edilib çap olunması lüğətçiliyimizdə yeni hadisə, böyük uğur sayılmalıdır. Kitabın auditoriyası isə genişdir: orta məktəb şagird və müəllimləri, ali məktəblərin magistrantları, tələbə və pedaqoqları, dilçi alimlər, mütəxəssislər, jurnalistlər, ümumiyyətlə, geniş oxucu kütləsi üçün çox dəyərli bir vəsaitdir.

Fidan SALAYEVA
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 





20.04.2018    çap et  çap et