525.Az

Ədəbiyyat İnstitutu Pekin Xarici Dillər Universitetilə əməkdaşlığa başladı


 

Ədəbiyyat İnstitutu Pekin Xarici Dillər Universitetilə əməkdaşlığa başladı<b style="color:red"></b>

Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Pekin Xarici Dillər Universitetinin (PXDU) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə elmin inkişafı istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər barədə məlumat verib. Akademik Azərbaycan-Çin elmi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli humanitar və ictimai elmlər sahəsində   Azərbaycan-Çin elmi əlaqələrindən bəhs edib. Bakı-Tbilisi-Qars dəmiryolunun Avropa ilə Asiyanı birləşdirən "Dəmir İpək Yolu" funksiyasını yerinə yetirdiyini diqqətə çatdıran AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bu layihənin Çinin "Bir kəmər, bir yol" strategiyasının tərkib hissəsi olduğunu, həm də onu tamamladığını bildirib. Akademik "Bir kəmər, bir yol" strategiyasının təkcə iqtisadi əlaqələri deyil, eyni zamanda, mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinə böyük imkan yaradacağını bildirib. Bu ildən etibarən Pekin Xarici Dillər Universitetində 12 azərbaycanlı tələbənin təhsil alacağını bildirən akademik İsa Həbibbəyli elm və təhsil sahəsində aparılan ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulayıb və PXDU-da yaradılmış Azərbaycan dili kafedrasının, həmçinin, Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Çin Mərkəzinin işini yüksək dəyərləndirib.

Çin nümayəndə heyətinin rəhbəri, Pekin Xarici Dillər Universitetinin rektoru, professor Peng Long elm və təhsil sahəsində ölkələrimiz arasında ikitərəfli elmi əlaqələrin bundan sonra da genişlənəcəyini əminliklə vurğulayıb.

Görüşdə Azərbaycanın elm ocaqları ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, kadr hazırlığı məsələləri müzakirə edilib.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və PXDU-nun rektoru, professor Peng Long AMEA Nizami adına Ədəbiyyat İnstitutu ilə Pekin Xarici Dillər Universiteti arasında elmi əməkdaşlıq müqaviləsi imzalayıblar. Əməkdaşlıq müqaviləsində birgə tədqiqatlar aparmaq, nəşr işləri, qarşılıqlı tədbirlər və digər məsələlər öz əksini tapıb.

Daha sonra Çin nümayəndə heyətinin üzvləri Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Çin Mərkəzi ilə tanış olublar. Mərkəzlə tanışlıq qonaqlarda yüksək təəssürat yaradıb. Görüşlərdə AMEA Beynəlxalq əlaqələr idarəsinin rəisi Esmira Əlirzayeva, PXDU Beynəlxalq mübadilə və əməkdaşlıq şöbəsinin direktoru Jing Ke, PXDU Ərəb və İslam tədqiqatları mərkəzinin direktoru Qingguo Xue, Nizami adına Ədəbiyyat İnstitutu "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsinin müdiri Bədirxan Əhmədov, PXDU Asiya-Afrika fakültəsinin dekan müavini Zhongwu MA və media nümayəndələri iştirak ediblər.   

 





20.04.2018    çap et  çap et