525.Az

Milli satqınlıq edən ünsürlərə Azərbaycan xalqı öz yerini göstərdi


 

Milli satqınlıq edən ünsürlərə Azərbaycan xalqı öz yerini göstərdi<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqi böyük maraqla qarşılanıb.

Dövlət başçısı öz nitqində son on beş ildə ölkəmizin keçdiyi inkişaf yolundan, əldə edilmiş uğurlardan, beynəlxalq aləmdə nüfuzunun artmasından bəhs etməklə yanaşı, gələcəyə yönələn mesajlar da verib. Ölkə rəhbəri qazanılan uğurların əsas şərti kimi xalq-iqtidar birliyini qeyd edib. Həqiqətən də, hansı ölkələrdə xalq-iqtidar birliyi mövcuddur, həmin ölkələrə qarşı nə qədər təxribatlar, çirkin planlar hazırlansa da, onların həyata keçirilməsi mümkün olmur. Bu gün Azərbaycan bir çox göstəriciləri ilə yanaşı, həm də məhz xalq-iqtidar birliyi ilə dünyaya nümunədir. Bu birlik də əbəs yerə deyil. İnsanlar İlham Əliyevin hakimiyyətdə olduğu 15 il ərzində verdiyi bütün vədləri yerinə yetirdiyinə, sözün əsl mənasında hər bir azərbaycanlının prezidenti olduğuna şahidlik ediblər. Ötən müddət ərzində bütün sahələrdə, o cümlədən, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı islahatlar həyata keçirilib,  sabitlik, təhlükəsizlik daha da möhkəmlənib. Əlbəttə ki, bütün bunların nəticəsidir ki, xalq növbəti 7 il üçün də İlham Əliyevlə davam etmək istəyini 11 apreldə yüksək seçici fəallığı ilə ifadə etdi.

Seçkilər ərəfəsində və ondan sonra xarici dairələrin sifarişi ilə Avropa ölkələrinə sığınmış əlaltı mühacirlər Azərbaycana, onun rəhbərliyinə qarşı çirkin kampaniyaya başladılar. Hansı ki, belə kampaniyalar hər seçkidə, eyni zamanda, böyük tədbirlər ərəfəsində olub. Məqsəd həmin dairələrin Azərbaycanda sabitliyi pozmaq, qarışıqlıq yaratmaq, seçkilərin dinc, təhlükəsiz şəraitdə keçirilməsinə, beynəlxalq təbirlərin baş tutmasına əngəl yaratmaq olub. Amma Azərbaycan rəhbərinin uzaqgörən siyasəti bütün bu çirkin niyyətlərin qarşısını almağa, onları yerindəcə boğmağa nail oldu.

Həmin qüvvələr ölkəmizdəki sabitliyi, dünyadakı böhrana baxmayaraq, Azərbaycanın iqtisadi inkişafını, beynəlxalq aləmdəki nüfuzunu, regionda dialoq platformasına çevrilməsini qəbul etmək istəmirlər. Başqa sözlə, Azərbaycanı Suriyaya, İraqa çevirmək istəyirlər. Bunun üçün isə sapı özümüzdən olan baltalardan istifadə edirlər.

Dövlət başçısı andiçmə mərasimində bu məsələyə toxunaraq deyib ki, milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi: "O ki qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır".

Azərbaycanın əleyhinə işləyən bəzi xarici qüvvələrin sifarişlərini təkcə Avropa ölkələrindəki özlərinin əlaltı mühacirləri deyil, radikal müxalifət partiyaları da  yerinə yetirdilər. Onlar ilk növbədə müxtəlif bəhanələrlə seçkiləri boykot etdilər, sonra aksiyalara başladılar. Həmin aksiyalara heç min nəfərin belə qoşulmaması isə radikalları məyus etdi. Başa düşdülər ki, nə bu aksiyalar, nə onların boykot qərarı, nə də xaricdən idarə olunan təhqir, böhtan kampaniyası ilə öz çirkin məqsədlərinə çata bilməyəcəklər. Başqa sözlə, xalq-iqtidar birliyi onların öz məqsədlərinə çatmalarına imkan vermədi. Anladılar ki, bu birlik istənilən gücün, təxribatın, şər-böhtan kampaniyasının qarşını kəsməyə qadirdir. Həmin dairələrin sifarişini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) da yerinə yetirməyə çalışdı, amma onların da cəhdləri iflasa uğradı.

Belə ki, 900-ə yaxın beynəlxalq müşahidəçinin əksəriyyətinin müsbət rəy verdiyi seçkiləri ATƏT DTİHB-nin müşahidə missiyasının  gözdən salmaq istəyi, "pozuntularla" bağlı yalançı faktları heç bir effekt vermədi. Hesabatın əvvəlcədən qərəzli şəkildə hazırlandığını hətta müşahidə missiyasında çalışmış və buna görə istefa verən Vüqar Əhmədov da faktları açıqladı. Beləliklə, Azərbaycan xalqı heç bir təxribata uymayaraq yekdil şəkildə öz iradəsini nümayiş etdirərək növbəti 7 ildə ölkəni inkişafa, əmin-amanlığa aparan strategiyanı növbəti dəfə dəstəklədi.

Millət vəkili Elman Nəsirov mövzu ilə bağlı bildirib ki, prezident İlham Əliyev andiçmə mərasimində həm son 15 ildə görülən işlərə nəzərə saldı, həm də gələcəyə yönəlmiş çox dəyərli fikirlər söylədi. Onun sözlərinə görə, milli düşüncəyə, dövlətçiliyə zidd davranışlarına görə, prezident haqlı olaraq, onları antimilli ünsür adlandırdı və yerlərinin tarixin zibilxanasında olduğunu göstərdi: "Çox dəqiq və anlaşılan bir ifadədir. Çünki hazırda bu qüvvələrin heç bir sosial bazası yoxdur. Keçirdikləri mitinqlərə maksimum 800-1000 nəfər toplaşır, onlar da əsasən öz qohum-əqrəbaları, dost-tanışları olur".

Millət vəkili vurğualyıb ki, seçki ərəfəsində antimilli ünsürlərin çirkli kampaniyalarına baxmayaraq, xalq növbəti dəfə öz sözünü dedi: "Bu qüvvələr Azərbaycanın dünyanın diqqət mərkəzində olduğu xüsusi məqamlarda, mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edərkən, seçkilər zamanı və s. ifrat dərəcədə fəallaşır və öz xislətlərinə müvafiq şər, böhtan, yalan və çirkab ifraz edirlər. Onlar ölkəmiz mühüm siyasi hadisə - prezident seçkiləri ərəfəsində olduğu bir reallıqda saxta "vətənpərvərlik"lə qılaflanmış "don"larını çıxardaraq əsl simalarını, əslində isə simasızlıqlarını növbəti dəfə nümayiş etdirirlər. Leksikonları isə mənəvi-əxlaqi dəyərlərimizə, mənəviyyatımıza və milli kimliyimizə büsbütün yad olan təhqir və söyüşə əsaslanır. Siyasi leksikona "söyüş diplomatiyası" kimi üzdəniraq "məfhum" gətirmələri ilə öyünən belə xəyanətkarlar öz ağalarının diktəsi ilə ilk növbədə ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı olan prezident İlham Əliyevi hədəfə aldılar.

"Sapı özümüzdən olan baltalar" ölkəmizi xaos və anarxiya məngənəsində çabalayan vəziyyətdə görmək istədikləri halda, Azərbaycan son 15 il ərzində məhz prezidentin məqsədyönlü, sistemli və müdrik siyasəti sayəsində sabitlik və təhlükəsizlik adasına çevrilib. Xalq öz prezidentinə inanır və onu dəstəkləyir. Prezident də ayrı-ayrı beynəlxalq siyasi dairələrin və dövlətlərin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn bir müstəqil siyasət həyata keçirir. Həmişə olduğu kimi, indi də bu "siyasi parazit"lərin arzuları gözlərində qaldı. Xalqın gözü tərəzidir və insanlarımız növbəti dəfə düzgün seçim etdilər. Bununla da xalqına, millətinə, vətəninə, bayrağına və prezidentinə qarşı bağışlanmaz xəyanət yolunu seçmiş dönüklərə ibrət dərsi verdilər".

Millət vəkili deyib ki, bu gün Azərbaycan dünyada sabitlik adası, inkişaf modeli olmaqla yanaşı, böyük güclərin dialoq məkanına çevrilməkdədir: "Dünən Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparotti arasında keçirilən görüş, bundan əvvəlki digər bu kimi görüşlər dediklərimizin sübutudur. Bunlar bütün dünyanın gözü qarşısında baş verir, ona görə də belə milli dönükər Azərbaycana, onun rəhbərliyinə atılan şər, böhtanla, aparılan çirkli kampaniya ilə heç nəyə nail ola bilməyəcəklər. Əksinə özləri güclü ictimai qınağa tuş gəlməkdədirlər".

Milli Məclisin deputatı Elşən Musayev mətbuata açıqlamasında deyib ki, seçkidən danışılırsa, istəmədən də olsa, antimilli qruplaşmaların fəaliyyətini təftiş etməliyik. Ona görə ki, bir zamanlar onlar seçkidə iştirak edirdilər, daha sonra mitinq keçirmək, iğtişaş yaratmaq arzusuna düşdülər. Nəhayət, öz əqidədaşlarını, dostlarını satdılar və seçki günü yaxınlaşdıqca söyüş ritorikasına üstünlük verildi. Deputatın sözlərinə görə, onların gedəcəyi ən son ünvan elə bundan ibarət idi: "Mən çox təəssüf edirəm ki, əslində, onlar bu yolu seçiblər. Cənab Prezidentə də tamamən haqq verirəm ki, onlar haqqında ən gözəl, ən layiq olduqları fikiri söylədi. Əslində, biz gözləyirdik ki, müxalifət bir imitasiya xətrinə də olsa, bu yola getməyəcək. Amma tam əksini gördük. Məsələn, Əli Kərimlinin timsalında deyildi ki, bu tənqidçi bir yoldur, tənqidçi siyasətdir. Guya ki, Vidadi İsgəndərlinin və qeyrilərinin söylədikləri tənqiddir. Realda isə bütün Azərbaycan xalqı gördü ki, onlar nədir və kimlərdir".

E.Musayev əlavə edib ki, bir müddət əvvəl bu radikal müxalifət tarixin arxivində idi. Sonra öz ambisiyasının kölgəsində qaldı və ən son olaraq gəlib tarixin zibilliyinə düşdülər. İndi həmin zibilliyin içərisində yalnız üfunət qoxmaqla, insanları zəhərləməklə məşğuldurlar. Amma cənab Prezident də doğru şəkildə ifadə etdi ki, xalq onları dəstəkləmədi, ən minimum resursları da azaldı, mitinqlərini adi piket səviyyəsində belə keçirə bilmədilər. Əksinə olaraq, Azərbaycan xalqı öz dəstəklədiyi şəxsə etimad göstərərək, onu prezident seçdi: "Məncə, bundan sonra Azərbaycanda yeni müxalifət yetişməlidir. Səviyyəli, intellektual və qaragüruhdan uzaq bir müxalifət olmalıdır ki, heç olmasa onunla bir masa arxasında oturub söhbət eləmək mümkün olsun".

Millət vəkili Tahir Kərimli isə vurğulayıb ki, prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında ölkənin bütün sahələrində görülən işləri əhatə etdi. O vurğulayıb ki, dövlət başçısı son illər görülən işlər və ölkədəki inkişafı qeyd edərək, bütün sahələrdəki vəziyyətə toxundu: "Prezident çıxışı zamanı həmçinin,  Azərbaycanda radikal müxalifətə də tutarlı cavab verdi və onlara olmayan yerlərini göstərdi. Dövlət başçısının çıxışı çox əhəmiyyətlidir və hesab edirəm ki, növbəti 7 il Azərbaycan üçün daha böyük inkişaf erası olacaq. Cənab Prezidentin and içərək yenidən prezidentlik fəaliyyətinə başlayan kimi şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi barədə fərman imzalaması yüksək səviyyədə qiymətləndirilməlidir. Bu, dövlət başçısının bir daha xalqın yanında olmasını sübuta yetirdi. Dövlət başçısı prezidentlik səlahiyyətlərinin icrasına başlayan kimi, ilk olaraq şəhid ailələrinə 11 min manat müavinət verilməsi barədə fərman imzaladı, bu, onun göstəricisidir ki, cənab Prezident dediyi bütün vədlərə əməl edir, ölkənin bütün təbəqəsinin problemlərinin həllinə həssas yanaşır. Və Prezidentin fəaliyyətinin ən böyük nəticəsi ölkədə stabillik və təhlükəsizliyin təmin olunmasıdır. Çünki ölkədə stabillik olmasa, inkişaf ola bilməz. Cənab Prezident ölkədə sabitliyi, əmin-amanlığı təmin etdiyi üçün Azərbaycanın iqtisadiyyatı, inkişafı ayaq üstədir".

Millət vəkili deyib ki, prezident Azərbaycanın qonşu dövlətlərlə normal münasibətdə olduğunu bildirib: "Dövlət başçısı bu münasibətlərin bundan sonra da davam etdiriləcəyini dedi və bildirdi ki, qonşu dövlətlərlə normal münasibətlər olmasaydı, müəyyən loqistika mərkəzlərini yaratmaq mümkünsüz olardı. Cənab Prezident qısa müddətdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyətə başladığını, Şahdəniz yatağının yaxın vaxtlarda işə düşəcəyini, bir sıra sənaye obyektlərinin fəaliyyətə başlayacağını, qeyri-neft sektorunun daha da inkişaf edəcəyini bildirib".

PƏRVANƏ

 





20.04.2018    çap et  çap et