525.Az

İlham Əliyev: "Azərbaycan xalqı vahid milli ideya ətrafında sıx birləşib"


 

AZƏRBAYCAN PREZİDENTİNİN MÜƏYYƏN ETDİYİ SİYASİ KURS ÖLKƏMİZİ DAHA UĞURLU VƏ MÜTƏRƏQQİ İNKİŞAFA, DAVAMLI QƏLƏBƏLƏRƏ DOĞRU APARACAQ

İlham Əliyev: "Azərbaycan xalqı vahid milli ideya ətrafında sıx birləşib"<b style="color:red"></b>

"Azərbaycan bu 15 il ərzində uğurla inkişaf edib. Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək".

Bu sözləri növbəti dəfə prezident İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində deyib. 2016-cı ildə baş tutan ümumxalq səsverməsi - Konstitusiyaya əlavə dəyişikliklərdən sonra səlahiyyət müddəti 7 ilə uzadılan prezident vəzifəsini yenidən seçilən İlham Əliyev inauqurasiya mərasimində geniş nitq ilə çıxış edərək son 15 il ərzində onun rəhbərliyi ilə dövlətin həyata keçirdiyi fəaliyyət barədə danışıb, qlobal müstəvidə bir çox bölgələrdə mənfi meyilli proseslərin cərəyan etdiyi, dini müstəvidə münaqişələrin, müharibə ocaqlarının artdığı dövrdə sabitlik şəraitində inkişaf yolunu tutan Azərbaycanın hərtərəfli inkişafı üçün qarşıda duran vacib məsələlərə toxunub.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub: "Biz son 15 il ərzində bunu dünyaya nümayiş etdirmişik. Təkcə ona görə yox ki, özümüzü göstərək, ona görə ki, dünyada da müsbət meyllər üstünlük təşkil etsin. Əfsuslar olsun ki, son 15 il ərzində dünyada bu istiqamətdə çox təhlükəli proseslər cərəyan edib. İslamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərilir. Ona görə biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda, biz öz milli mənəvi dəyərlərimizə sadiqik, buna bağlıyıq və təsadüfi deyil ki, 2016-cı və 2017-ci illər Azərbaycanda "Multikulturalizm" və "İslam Həmrəyliyi" illəri elan olunub".

Azərbaycanın son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atdığını deyən prezident bildirib ki, dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir: "Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Əlbəttə ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olubdur. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir".

İlham Əliyev son 15 il ərzində Azərbyacanın qonşu dövlətlərlə daha da sıx münasibətlər qura bildiyini deyib. Ölkə rəhbərinin sözlərinə görə, ikitərəfli münasibətlərimiz indi ən yüksək səviyyədədir, qonşu dövlətlərlə heç bir problemimiz yoxdur, bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və ikitərəfli əməkdaşlıq çoxtərəfli əməkdaşlığa şərait yaradır: "Çoxtərəfli əməkdaşlıq da Azərbaycanın təşəbbüsü ilə baş verir. Bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradılıbdır və bu, işlək formatlardır. Biz bu üçtərəfli və dördtərəfli görüşlərdə çox önəmli məsələləri müzakirə edirik, həll edirik. Məsələlərin həlli bütün qonşu ölkələr, o cümlədən, Azərbaycan üçün böyük fayda verir, eyni zamanda, qonşularla isti münasibətlərimiz regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərir. Biz son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak etmişik, bundan sonra da fəal iştirak edəcəyik. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul ediblər. Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul olunub. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul edib ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik. Nail ola bilmişik ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir. BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həlli üçün əsas bazadır, hüquqi bazadır. Dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq. Baxmayaraq ki, bizə qarşı kampaniyalar aparılır, erməni lobbi təşkilatları bizə qarşı kampaniyalar aparır. Ancaq bu kampaniyalar beynəlxalq təşkilatların qərarlarına təsir edə bilmədi. Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma "Dağlıq Qarabağ"ı heç kim tanımır və əminəm ki, tanımayacaq. Orada keçirilən qondarma "referendum"u bizim qonşu ölkələrimiz və beynəlxalq təşkilatlar pislədilər".

Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır: "Hüquqi baza var. Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik. Biz son 15 il ərzində münaqişə ilə bağlı həqiqətləri dünya birliyinə çatdıra bilmişik, kitablar yazıldı, xəritələr, qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi. Ondan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıdı. Bizim diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir".

Prezidentin bu tarixi əhəmiyyətli çıxışına münasibət bildirən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, bu gün Azərbaycanın güclü dövlət olaraq beynəlxalq aləmdə tanınması Ermənistanın təlaşına və xoflanmasına səbəb olub.  SİA-nın məlumatına görə, o bildirib ki, aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticəsi də özündə bu faktoru ehtiva etməkdədir: "Əbəs deyil ki, prezident İlham Əliyev andiçmə mərasimində məhz sarsılmaz xalq-iqtidar birliyinin nəticəsi olaraq, Azərbaycanın bütün sahələrdə inkişaf etməsi amilinə toxunub. "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm", - deyə vurğulayan ölkə başçımız göstərilən yüksək etimada görə xalqına təşəkkür edib və vurğulayıb ki, bu dəstək ona güc verir. Əlbəttə, həmin güc özünü inkişafımızın bütün sahələrində əks etdirməkdədir".

Baş redaktor deyib ki, prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində Azərbaycan nəhəng layihələrə imza atır, ordu quruculuğu tam sürətlə davam etdirilir və belə bir məqamda qonşu dövlət olaraq, Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdən Ermənistan bütün bunlardan ciddi təlaş keçirir, xoflanır: "Baxın, artıq günlərdir ki, Ermənistanı kütləvi xalq etirazları bürüyüb, vətəndaş itaətsizliyi dalğası davam edir. Bu, bilavasitə onu göstərir ki, əhəmiyyətli sosial-iqtisadi layihələrdən təcrid olunmuş Ermənistan rəhbərliyi artıq idarəolunmaz vəziyyətə düşüb və əli qana bulaşmış Serj Sarkisyan rejimi tənəzzül dövrünü yaşamaqdadır. İşğalçı dövlətin tam astanasında dayanmış inqilab faktoru bu ölkənin rəhbərliyini qorxuya salıb. Təkcə elə də uzaq məsafədə yerləşməyən Ermənistandakı vəziyyətlə Azərbaycanı müqayisə edərsək, ortadakı nəhəng fərqi görmüş olarıq. Bu gün Azərbaycanda sabitlik və inkişaf tandemi ən möhkəm təməllərə söykənib və xalqın öz lideri ətrafında sıx birləşməsi ölkəmizin daha da qüdrətlənməsinə, güclənməsinə, çiçəklənməsinə əhəmiyyətli dərəcədə stimul verir. Əlbəttə, bunu beynəlxalq aləm də görür və alqışlayır. Ölkə başçımız çıxışı zamanı qeyd edib ki, Azərbaycan dünyada çox müsbət reputasiyaya malik olan ölkədir. Bəli, İlham Əliyevin də vurğuladığı kimi, bu müsbət tendensiyalar bizim dünyadakı mövqelərimizi möhkəmləndirir. Ermənistan isə dövlət başçımızın dediyi kimi, dalan ölkəyə çevrilib. Belə olan halda yuxarıda vurğuladığım fərq tam şəkildə özünü nümayiş etdirməkdədir və ona görə də Azərbaycanın son 15 ildə əldə etdiyi nailiyyətlər dövlətçilik maraqlarımızın qorunmasında, inkişaf etdirilməsində öz xüsusi rolunu oynayaraq, istər bizə qarşı işğalçılıq siyasəti aparan Ermənistan rəhbərliyini, istərsə də bəzi qərəzli qurumları narahat etməkdədir".

B.Quliyev əminliklə vurğulayıb ki, dövlət rəhbəri İlham Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycanı daha uğurlu və mütərəqqi inkişafa, davamlı qələbələrə və zəfərlərə doğru aparacaq.

Milli Məclisin deputatı Tahir Mirkişi də hesab edir ki, son 15 ildə Azərbaycan çox böyük inkişaf yolu keçib: "Bu müddət ərzində həm müstəqilliyimiz möhkəmlənib, həm ordumuz güclənib, həm iqtisadiyyatımız 3 dəfədən çox artıb, həm də digər sahələrlə bağlı uğurlar əldə olunub. Bütün bunlar Azərbaycanın beynəlxalq reputasiyasını və dünya bazarında yerini möhkəmləndirib".

Azərbaycanın dünyadakı mövqeyinin möhkəmləndirilməsini sübut edən göstəricilərdən söz açan deputat qeyd edib ki, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, orada sədrliyə başlaması, Qoşulmama Hərəkatına üzv olan ölkələrin 2019-cu ildən etibarən 3 il müddətində Azərbaycanın bu təşkilatı idarə etməsi ilə bağlı qərar qəbul etməsi və digərləri ölkəmizə beynəlxalq aləmdə verilən dəyər, etibar və inamdır.

Azərbaycanın ATƏT kimi çox böyük regional təşkilatda mühüm reputasiyaya malik olduğunu deyən T.Mirkişinin sözlərinə görə, dünyada çox az ölkə müstəqil mövqeyə malikdir: "Bir çox ölkələrin mövqeləri qruplaşmalar, böyük dövlətlərin diktəsi altında formalaşır və onlar buna uyğun şəkildə xarici siyasət aparırlar. Amma Azərbaycan çox az ölkələrdəndir ki, özünün xarici siyasəti və mövqeyi, bir çox hadisələrə yanaşması var. Məhz bu yanaşma dünya birliyi tərəfindən rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, hər hansı qərar verilən zaman, əgər bu qərar bizim regiona aiddirsə, o zaman ölkəmizin mövqeyi hökmən nəzərə alınır. Bunun özü Azərbaycanın beynəlxalq nufuzunun yüksək olmasını göstərir. Əlbəttə ki, ölkəmiz öz nüfuzundan istifadə etməklə regionda sülh və əmin-amanlığın təmin olunması, regional layihələrin həyata keçirilməsində fəallıq nümayiş etdirir".

Deputat qeyd edib ki, son 15 ildə Azərbaycana 230 milyard dollardan çox xarici investisiya cəlb edilib: "Bildiyiniz kimi, xarici investisiya o ölkələrə gedir ki, həmin ölkələrin reputasiyası yüksək olsun, reytinq cədvəllərində üst pillələrdə qərarlaşsın, eyni zamanda, həmin ölkəyə böyük inam və etibar olsun. Azərbaycanın "Cənub Qaz Dəhlizi", "Bakı-Tbilisi-Qars", "Bakı-Tbilisi-Ərzurum" layihələrini reallaşdırması ölkəmizin beynəlxalq imicinin kifayət qədər yüksək olmasının bariz nümunəsidir".

Milli Məclis tərəfindən ölkəmizdə həyata keçirilən xarici siyasətin dəstəklənməsi istiqamətində xeyli işlər görüldüyünü deyən deputat əlavə edib ki, bu işlərin davam etməsi, daha da aktivləşməsi, buna uyğun qanunvericilik bazasının yaradılması yönümdə də planlar mövcuddur.

Ceyhun ABASOV

 





20.04.2018    çap et  çap et