525.Az

Getmək başqalarına qarışmaqdır


 

Getmək başqalarına qarışmaqdır<b style="color:red"></b>

Nə gərək var? Bəlkə, heç getməyəsən?

Qal! Solumu yalın qoyma. Əlim əlindən tutmaq istəyəndə boşluqdan yapışmasın.

Qal yanımda. Cümlələri daha çox sevdir, səndən başqasını yazmayım.

İstəsən, çarpayının sol tərəfində yatarsan, etiraz etməyəcəm. Nə içəcəyimizə sən qərar verərsən - çay, qəhvə, şərab, hamısından sərxoş olacam, hətta ağzının suyundan da, söz verirəm! Getməsən, hər gün çox sevdiyin libasımı geyinəcəm, düz əynimdə sökülənə qədər...

Saçlarımı hər gün yana atacam ki, öpüşün birbaşa yanağıma toxunsun. Qal, həmişə gülüm, bütün təbəssümlərim sənin üçün olsun.

Mövsümlərinin hamısı olaram. İstəsən yaya dönüb günəş doğduraram ömrünə, istəsən yaz olub çiçək açaram dünyana, istəsən qışa çevrilərəm, lap belə payız olaram, hər anımı yolunda yarpaq-yarpaq tökərəm. Üşüsən hərarətimi ataram çiyninə, titrəsən nəfəsimlə isidərəm vücudunu! Lap ən gözəl yalanları danışaram sənə, bir az rəngli, bir az ağ olar.

Gedərək milyardlardan biri olma. Qal, milyardların içində bircə dənə ol. İstəyirsən sənin üçün körpüləri yandırım, sərhədləri dağıdım, istəyirsən günəş ol yandır, istəyirsən gecə ol zülmət çökdür, səninlə yanmağa da, yox olmağa da razıyam!

Hərarətini azalt, soyuqluğunu yox et deməyəcəm. Odunda yanmağa, ayazında donmağa razıyam. Qar ol üstümə səpələn, yağış ol iliyimə qədər yağ, sel ol dünyamı bas, bircə dəfə də olsun qaşımı çatmayacam. Uğrunda qanlar tökülən müqəddəs torpağım ol. Bütün savaşları sənin uğrunda apararam, əgər getməsən! Bütün qılıncları sənin üçün çıxardaram qınından. Getmə, bütün hökmdarlara meydan oxuyum, bütün müharibələrdən daha qanlı-qadalı olsun sənin uğrunda apardığım mübarizə. Qal, günahlarla, ağrılarla dolu parçandan hər gün öpüm. Otlarını göz yaşımla, güllərini qanımla sulayım. Getmə, tarixi səndə yazım, səni o qədər ucaldım ki, fəthin üçün bütün güclər birləşib savaş açsınlar, məğlub olub geri çəkilsinlər! Bilirəm, ömrümü verdiyim torpaq, bir gün təbii fəlakətləri ilə qarşıma çıxacaq. Eybi yox, buna da razıyam. Zəlzələ ol, titrət, parçala, dağıt, ayır yeri, bütün varlığı orada yox et, amma qal.

Qan, savaş, müharibə, mübarizə deyirəm, çünki qorxmuram. Amma ölməkdən qorxuram. Bilirəm ki, yalnız canımı tapşırsam, səni əbədiyyən itirərəm. Əgər ölməkdən başqa şansım qalmasa, lütfən, bu sənin bədənin olsun. Məni əllərində öldür. Dərin kəfənim, göz yaşın cəsədimi yuyacağın su olsun. Sonra dəfn et məni, bir az boynunun qoxusuna, bir az təbəssümünə, bir az izdihamdan girilməyən ürəyinə. Nə Sırat körpüsündən keçir məni, nə də imtahan et. Onsuz da bütün suallarının bir cavabı var - sən!

Ya da gəl belə edək, sən heç getmə.

İzin ver səni heç bir insanın anlamayacağı, heç vaxt yaşanmamış və yaşanmayacaq kimi sevim. Elə olsun ki, bu eşqin izahı heç bir lüğətdə tapılmasın. Görən kor, eşidən kar olduğumu düşünsün. Dünyanın bütün Tanrılarının qibtə edəcəyi şəkildə sevməyimə izin ver. Təkcə əl ilə yox, ruh daşıyan bütlər belə sitayiş edəcəyi qədər ovsunlansın. Səcdəm, ibadətim, müqəddəs ziyarətgahım ol. Susuzluğum dodaqlarında, yalnızlığım qollarında dinsin, ruhumun bədəninə dolmasına izin ver. Yanında sıyrılım qorxulardan, təlaşlardan, səninlə addımlayım sonsuzluğa.

İmkan ver, dünyadan da böyük sevgiləri yığıb ovucuna yerləşdirim. Ən gözəl rənglərlə dünyanı boyayım. Elə edim ki, orda nə qara olsun, nə də onun çalarları. Varlığına qənim kəsilən dərdini, qəmini, qüssəni tapıb, hər birinin üzünə nəhəng bir təbəssüm qondurum. Kədəri və onun zərrələrini silib atım ruhundan. Daş-qaya əvəzinə gül-çiçəkdən edim evini, eşiyini, beşiyini, yastığını, yorğanını. Qarın sadəcə yağmağını, sonrakı buza dönmüş halını əsla göstərmərəm, inan! Qarşında səsini ucaldan bütün insanların avazını klassik musiqiyə çevirərəm - Bethovenin, Şopenin, Vivaldinin pianosundan gələn əsrarəngiz notlara... Bütün ağrını alıb, dünyanın ən dərin quyusuna tullaya bilərəm, bir daha o dərinliklərdən heç vaxt çıxmasınlar deyə.

Qüssəni gözlərinin dərinliyindən götürüb, gözünə sevgi parlaqlığı qonduraram. Sonsuz uğur, mükəmməl şans olar, göndərdiyim hədiyyə qutularının içindən çıxanlar. Gözündən axan yaşları dərhal şeirə çevirərəm. Bütün dediklərimi bir dünyaya çevirib səni həmin möcüzəli dünyaya ataram. Özüm isə bu dünyanın cəhənnəmindən səni o möcüzəvi dünyada həmişə izləyərəm, bircə sən getmə!

Qal! Səni itirmək qorxusu dünyamı alt-üst edir. Arxanı çevirdiyin ilk andaca yoxluq bədənimi zəbt edir. Bu vaxt içimdən uzun-uzun yüklü karvanlar çıxıb gedir. Yerini nəhayətsiz boşluq alır. Tez adından yapışıram, dayanmadan dilimdə dolaşdırıram, içimdən çıxıb hər kəsə qarışmayasan deyə səsləndirmirəm. Dırnağımı yeyə-yeyə, ayağımı silkələyə-silkələyə, ürəyimin döyüntüsünü qulağım eşidə-eşidə adını 390 dəfə təkrarlayıram, hecalara bölürəm, vurğusunu dəyişirəm, vurula-vurula söyləyirəm. Saitlərini samitlərindən ayırıram, adının hər hərfinin bircə-bircə boyunu sevirəm. Dodağına çata bilmirəm, dilimdə, dodağımda gəzdirərək adınla, hərflərinlə öpüşürəm. Həsrətə əl yelləyib, gedişinə göz yaşı töküb, sevgini qucaqlayıram. Sonra daha çox sevirəm, hərflərini birləşdirərək, dişlərimi bir-birinə sıxaraq, dodaqlarımı bağlayaraq, üçüncü şəxsin təkindən yapışaraq sevirəm. Bilirəm ki, bütün uzaqların kilometri sənsizliklə hesablanır.

Axı, niyə gedirsən? Gedişini seyr etmək yandırır axı. Yanğın ürəyimdən başlayır, yavaş-yavaş vücuduma yayılır, vücudumdan evimi, evimdən binamı, küçəmi, şəhərimi, ölkəmi, ən axırda dünyamı bürüyür, yaxır, külə çevirir. Görürsən də, bircə qığılcımın nələrə gətirib çıxardır?!

Çiyinlərim sənsizliyin yükünü qaldıracaq qədər güclü deyil. Getsən hər şey yavaş-yavaş azalacaq, tükənəcək, yox olmağa doğru irəliləyəcək, sənsizlik isə şiddətlə çoxalacaq, böyüyəcək, şaxələnəcək. Getmə ürəyimin zərif acısı, qal!

İstəsən, sənə şeir yazaram, rəqs edərəm, hətta mahnı da oxuyaram: “Qal sənə qurban”...

Getmək başqalarına qarışmaqdır. Sən ən yaxşısı qal, getmə!

 





21.04.2018    çap et  çap et