525.Az

Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirildi - Fotolar


 

Xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirildi - <b style="color:red">Fotolar</b>

Aprelin 20-də “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin dəstəyi ilə Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi tərəfindən təşkil edilən Əməkdar İncəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadə ilə “Həyat bir nərdivandır” adlı görüş keçirilib.

Görüşdə tanınmış ictimaiyyət və ədəbiyyat nümayəndələri, mərkəzin əməkdaşları, ədəbiyyatsevərlər və jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin, “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova bu görüşü “Loqos”un tarixində ən önəmli və unudulmaz anlardan biri kimi dəyərləndirib. Deyib ki, ilk dəfə Nəriman Həsənzadə ilə keçirilən bu musiqili-ədəbi bədii tədbir “Loqos”da “Ziyalılarla görüş” silsiləsindən ilk görüşdür. Gələcəkdə də bu cür görüşlərin davamlı şəkildə keçiriləcəyini deyən T.Məmmədova bu layihədə məqsədin gənclərimizi ziyalılarımız, ədəbiyyat nümayəndələrimizlə daha yaxından tanış etmək olduğunu deyib: “Biz “Loqos” olaraq, hər zaman mədəniyyətimizin, ədəbiyyatımızın yanındayıq, onun təbliği üçün əlimizdən gələn qədər çalışacağıq. Bu gün layihənin ilk görüşünün Nəriman Həsənzadə ilə keçirilməsi heç də təsadüfi deyil. Nəriman müəllim təkcə mənim və ailəmin deyil, eləcə də bütün Azərbaycanın, Ümumtürk dünyasının ən çox sevilən şairlərindən biridir. Onunla canlı görüşün gənclərimiz üçün də önəmli və maraqlı olacağını düşünərək təklif etdik. Təşəkkür edirəm ki, bizim dəvətimizi qəbul etdi”.

Əməkdar mədəniyyət işçisi, şair Vaqif Bəhmənli N.Həsənzadənin həyat və yaradıcılığı haqqında geniş çıxış edib, bu görüşü “Loqos”un və eləcə də Azərbaycan ictimaiyyətinin həyatında çox əlamətdar hadisə adlandırıb: “Nəriman müəllim hardadırsa, orada söz var, ədəbiyyat var. O, illər öncədən necə şövqlə, həvəslə yazıb yaradırdısa, indi də o cür yazmaqdadır. Bu görüş bununla yekunlaşmır. İnanıram ki, daha da çox görüşlər keçiriləcək. Bu təşkilatın məramı ilə Nəriman Həsənzadə yaradıcılığının qayəsi üst-üstə düşür. Siz əgər insanların psixoloqusuzsa, Nəriman müəllim həm sıravi insanların, həm də psixoloqların psixoloqudur. O, hələ sağlığında klassikə çevrilmiş sənətkardır”.

N.Həsənzadə imzası ilə tanışlığından söz açan V.Bəhmənli onun hələ ötən əsrin 70-ci illərində oxuduğu “Niyə demədiniz” kitabını xatırlayıb: “Sonralar üç il onun ədəbi dərnəyində iştirak etdim. Biz üç il ərzində ancaq ədəbiyyatdan, şeirdən danışdıq, ondan öyrəndik. Azərbaycan poeziya tarixini Nəriman müəllimsiz təsəvvür etmək mümkün deyil. Bunu ən görkəmli alimlər, ədəbiyyatşünaslar, tənqidçilər də etiraf ediblər. Nəriman müəllim poeziyası ilə insan duyğularının, hisslərinin loğmanıdır. O, səmimiyyətin ən yüksək pilləsində dayanan şairdir. Onun bütün şeirləri, əsərləri bilavasitə həyatdan, insandan gəlir. O, böyük həyati mətləbləri kiçik şeirə sığdıran lirik şeirin böyük ustadıdır. Çünki Nəriman müəllim aldığı ali təhsillərdən əlavə, çox böyük həyat məktəbi görüb. Mən onun təkcə Allahla, taleylə deyil, cəmiyyətlə də çarpışdığı anların şahidiyəm”.

Nəriman Həsənzadə poeziyasının sanki xalça kimi ilmə-ilmə toxunduğunu deyən şair onu poema ustadı, novator dramaturq, böyük publisist, ədəbiyyatşünas alim kimi də xarakterizə edib.

Ardınca çıxış edən N.Həsənzadə gənclərlə görüşdən hər zaman böyük məmnunluq hissi keçirdiyini deyib və bu görüşün təşkil olunmasına görə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin rəhbərliyi başda olmaqla əməyi keçən hər kəsə təşəkkürünü bildirib. O, yaradıcılığı haqqında geniş danışaraq, şeirlərinin, əsərlərinin yaranma tarixçəsindən bəhs edib. O, söhbət zamanı gənclərin xahişi ilə müxtəlif şeirlərini səsləndirib.

Daha sonra gənclər onları maraqlandıran suallarla qonağa müraciət ediblər. N.Həsənzadə gənclərin suallarını cavablandırdıqdan sonra onun haqqında hazırlanmış video-çarx nümayiş olunub.

Azərbaycan Yazıçılar Birliyinin iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxışında əvvəlcə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin və rəhbəri Təranə Məmmədovanın fəaliyyətindən söz açıb, onların keçirdikləri tədbir və layihələrin cəmiyyətimiz üçün önəmini vurğulayıb: “SSRİ-nin rəhbərlərindən biri vaxtilə Bakıya gələrkən demişdi ki, Bakıda yaşamaq və işləmək xoşdur. Mən də onun sözlərinə bir az düzəliş edərək belə deyə bilərəm: Bu gün “Loqos”a gəlib buradakı ab-havanı gördükdən, əməkdaşlarla tanış olduqdan sonra düşünürəm ki, “Loqos”da işləmək və onun tədbirlərinə qatılmaq çox xoşdur. “Loqos”un fəaliyyətinə hərtərəfli bələdəm və bilirəm ki, bu təşkilat qadınlarla, onların psixoloji durumu ilə bağlı ölkəmizin müxtəlif bölgələrində fərqli tədbirlər, layihələr həyata keçirir. Eləcə də Təranə Məmmədova gənclər arasında fəaliyyətini izlədiyim və təqdir etdiyim xanımlardandır. O, atası, böyük alim Qəzənfər Paşayevin 80 illik yubileyində nəfis tərtibatda bir kitab hazırladı. Onun kitaba yazdığı ön söz məni çox təsirləndirdi və biz onu “525-ci qəzet”də çap etdik. Bugünkü görüş də onun ədəbiyyatımıza, mədəniyyətimizə olan hörmətinin, sevgisinin nümunəsidir. Mən bunun üçün ona və bütün “Loqos” ailəsinə təşəkkür edir, hər zaman yanınızdayıq deyirəm”.

R.Məcid N.Həsənzadə ilə də bağlı düşüncələrini bölüşüb, bu silsilənin onunla başladılmasını əlamətdar hal kimi dəyərləndirib: “Nəriman müəllim mənim gəncliyimdə ən çox sevdiyim şairlərdən olub. Bu gün burada səslənən şeirləri mən gəncliyimdə oxumuşdum və onları yenidən dinlədikcə hiss edirəm ki, o zaman keçirdiyim o hisslər daha da artıb, nəinki azalıb. Bu da onu göstərir ki, zaman Nəriman müəllimin şeirlərindən heç bir şey əksiltmir. N.Həsənzadə hər zaman Azərbaycan poeziyasının ən sevilən şairlərindən olaraq qalacaq. Onun haqqında danışarkən hər zaman onun poeziyasını pıçıltı poeziyası adlandırırlar. O, şeirlərində də təbiətindəki sakitlikdən irəli gələn pıçıltı ilə danışır. Hətta onun vətənə, millətə, qələbəyə həsr olunan pafoslu poemalarında belə həmin sakitlik var. Məhz buna görə də onun yaradıcılığı hər zaman sevilir. Bu da onun xarakterindəki saflıqdan, düzlükdən irəli gəlir. Nəriman müəllim yaşının neçə olmasından asılı olmayaraq, hər zaman gənclik coşğusu ilə yaşayan insandır. Bunun özü də qarşındakı insana əlavə ruh verir. Onun əsərləri hər zaman yaşayacaq”.

Türkiyəli tələbə, “Loqos”un koordinatoru Berinay Yılmaz şairin “Nə qəribədir” şeirini səsləndirib. Turan Məmmədli isə həmin şeiri “İşarət dili”nə çevirib.

Asəf Zeynallı adına kollecin tələbələrindən ibarət “Səma” qrupu şairin “Xoşbəxtlər nəğməsi” mahnısını ifa ediblər.

Daha sonra yenidən şair iştirakçıların suallarını cavablandırıb. Görüşdə musiqiyə və qiraətə də yer verilib.

Tanınmış müğənni Səyyad Əlizadə şairin sözlərinə bəstələnmiş mahnılardan oxuyub, Mərkəzin əməkdaşı Arzu Nəbiyeva N.Həsənzadənin yaradıcılığından seçmələr səsləndirib.

Sonda şairə xatirə hədiyyəsi təqdim edilib.

Şahanə MÜŞFİQ

 





21.04.2018    çap et  çap et