525.Az

Tbilisidə Azərbaycanda qadın dəbinə həsr olunmuş sərgi


 

Tbilisidə Azərbaycanda qadın dəbinə həsr olunmuş sərgi <b style="color:red"></b>

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində “Zaman içində defile: Azərbaycanda qadın dəbi meyarları” sərgisinin açılış mərasimi keçirilib. 

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən,  İnisiativ Kuratorlar Birliyi (ICU) ilə birgə təşkil olunmuş sərgidə fotoqraf Rüstəm Hüseynovun ənənəvi qadın geyimlərinin fotoportretləri nümayiş etdirilir. 

Açılış mərasimində çıxış edən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Əliyeva Tbilisidə Azərbaycan qadın dəbinə həsr olunmuş sərginin ilk dəfə keçirildiyini deyib. Leyla Əliyevanın sözlərinə görə, bu sərginin Tbilisi şəhərində keçirilməsi Azərbaycan Milli Mədəniyyətinin ölkə hüdudlarından kənarda tanınmasının bir parçasıdır.   

Sərgi layihəsinin konsepsiyası Azərbaycanda qadın dəbinin zaman içindən keçərək inkişaf edib müasir kontekstdə öz əksini tapma prosesini müasir vasitələrlə nümayiş etdirməyə yönəldilib. 

R.Hüseynovun bildirdiyinə görə, sərginin Tbilisidə keçirilməsinin əsas məqsədi Azərbaycan qadın dəbinin ölkə xaricində də tanıtmaqdır. O, sərginin təşkilində göstərdiyi dəstəyə görə Tbilisidəki Azərbaycan Mədəniyyət Muzeyinə təşəkkürünü bildirib. 

Layihə çərçivəsində dizayner Natavan Əliyevanın gündəlik geyim tərzində etno stilə yenidən artmaqda olan maraq kontekstində ənənəvi qadın geyimlərinin müxtəlifliyini vizuallaşdıran “Neo Classic Love” kolleksiyası da nümayiş etdirilib. 

Sərginin kuratoru və ideya müəllifi Könül Rəfiyevanın yaratdığı bu konsepsiyasının əsas məqsədi tarixi geyimlər üzərində Azərbaycanın qadın obrazını həm ənənəvi, həm də müasir aspektlərdən canlandıraraq, milli şüurun itməməsinə, bu mirasın qorunub saxlanmasına diqqəti cəlb etməkdir.

Açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Sərgi aprelin 26-dək davam edəcək.

 





21.04.2018    çap et  çap et