525.Az

Etnik baxımdan zəngin bölgələrimiz- Quba


 

Etnik baxımdan zəngin bölgələrimiz-<b style="color:red"> Quba</b>

Azərbaycan etnik tərkibi baxımdan da dünyanın ən zəngin ölkələrindəndir. Ümumilli lider Heydər Əliyev də əbəs yerə demirdi ki, Azərbaycanın zənginliyi həm də burada yaşayan müxtəlif xalqların sayının çoxluğu ilə səciyyələnir.

Ölkəmizdə əsrlərdir müxtəlif xalqların nümayəndələri əl-ələ, çiyin-çiyinə dostcasına, qardaşcasına yaşayırlar. Ölkənin bütün bölgələrinə səpələnərək yaşayan etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda xüsusilə üstünlük təşkil edirlər. Tarixi proseslərin nəticəsi bir sıra xalqların məskunlaşmasında da özünü göstərib. Buna müvafiq olaraq bəzi etnik qruplar, azsaylı xalqlar bəzi regionlarda pərakəndə, bəzilərində isə sıx halda məskunlaşıblar. Azərbaycan ümumiyyətlə, etnik cəhətdən zəngin ölkə olsa da, bu etnik zənginlik çaları özünü bəzi bölgələrdə, bəzi rayonlarda daha qabarıq şəkildə büruzə verir. Yəni, bəzi ərazi vahidlərimizdə etnik rəng özünü daha tünd çalarda göstərir, bəzi etnik qruplar, bəzi xalqlar bir sıra rayonlarda daha kompakt şəkildə yaşayırlar.

Etnik cəhətdən zəngin bölgələrimizdən biri də Quba rayonudur. Zəngin tarixə və füsunkar təbiətə malik Quba ərazisinə görə Azərbaycanın ən böyük rayonudur. Maraqlı bir fakt mövcuddur ki, rayonun ərazisi dünyanın 27 ölkəsindən böyükdür.

Unikal etnosların, azsaylı xalqların yerləşməsi baxımından Qubanı Azərbaycanın etnik palitrası da adlandırmaq olar. Burada azərbaycanlılar, ləzgilər, yəhudilər, mesxeti türkləri, tatlar, ruslarla yanaşı Şahdağ etnik qrupuna (onların hər biri haqqında gələn yazılarımızda ətraflı bəhs edəcəyik) daxil olan azsaylı unikal xalqlar da məskunlaşıb.

Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşən Qubanın yaşı ilk orta əsrlərə gedib çıxır. Qubanın tarixi haqqında qədim alban və ərəb mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində bu və ya digər şəkildə bəhs olunub.

XI əsrdə Azərbaycan hakimi Anuşirəvanın tikdirdiyi qalanın adı “Bade-Firuzqubat” idi, XII əsrə aid ərəb mənbələrində Quba “Kuba” kimi göstərilirdi, XIII əsrdə ərəb alimi Həməvinin coğrafiya lüğətində Azərbaycan şəhərləri arasında “Kubba” da var, XVI əsrin səfəvi qaynaqlarında isə Quba “Qübbə” kimi verilib. Bəzi mənbələrdə Qudyalçayın adı ilə bağlı olub Quda adlanır. Quba yaşayış məskənin tarixi miladın IV əsrinə aid edilir. Quba şəhərinin şərq hissəsində Sandıqtəpə şəhərgahı olmuşdur. Salmantəpə, Balazar, Qalagah və Qarğaqala yaşayış yerləri IV əsrlərə gedib çıxır.

Aşurbəyli yazır ki, Məkkədəki Quba yaşayış məskənindən köçüb gələn ərəb qəbilələri tərəfindən Quba şəhərinin əsası qoyulub.

XVIII əsrin ortalarında Quba xanlığı yaradılıb, onun mərkəzi əvvəl Xudat, sonra isə Quba şəhəri olub. Hüseynəli xanın oğlu Fətəli xanın (1758-1789) dövründə Quba xanlığının mövqeyi daha da güclənib. Onun dövründə yəhudilər Qubaya, Qudyalçayın sol sahilində məskunlaşmağa dəvət edilib. Əvvəllər Yəhudi Slobodası adlanan bu yaşayış məntəqəsi 1926-cı ildən Qırmızı Qəsəbə adlanır. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirilib və əyalətə çevrilib. Yenidən təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına daxil edilib. 1930-cu ildə Quba Azərbaycanın inzibati rayonlarından birinə çevrilib.

Qədim tarixə malik olan Quba həm də abidə və etnoqrafik mənbələrlə zəngindir. Rayonda 134 tarixi arxeoloji abidə mövcuddur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr və kurqan, o cümlədən İskəndərtəpə və Şiştəpə kurqanları, kəndin ətrafında Pirtəpələr yaşayış yeri, eramızdan əvvəl I minilliyə, tunc və dəmir dövrlərinə aid olan Zizik kəndində Gültəpə, Çarıqtəpə və Pirtəpə kurqanları, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, gümbəzli hamam var.

Quba bir çox maddi və mənəvi sərvətləri ilə məşhurdur. Quba alması, Quba xalçaları nəinki ölkəmizdə, bütün dünyada tanınır. Amma respublikamızın bir hissəsi olan Qubanın dəyərli  sərvətlərindən bəlkə də ən başlıcası onun zəngin, çoxçalarlı milli-etnik tərkibi, müxtəlif xalqların, etnosların nümayəndələri olan vətəndaşlarımızdır. Qubanın əksər yaşayış məskənlərinin adları, tarixi etnotoponimlər burada yaşayan xalqların adı ilə bağlıdır.Bu toponimlərin böyük hissəsi Qubanın yaşının əsrlərlə ölçüldüyünün göstəricisidir. Quba kəndlərinin adı maraqlı səslənməklə yanaşı, onun tarixini, soy-kökünü, etnik zənginliyini də özündə ehtiva edir.  Bu rayonun Adur, Afurca, Alekseyevka, Alıc, Alpan, Amsar, Atuc, Aydınkənd, Ağbil, Aşağı Xuc, Bad, Barlı, Bağbanlı, Bağçaəli, Birinci Nügədi, Buduq, Bərqov, Cağacuq, Cek, Cimi, Dalaqo, Davudoba, Dağlı, Dağüstü, Digah, Dəhnə, Dəli-qaya, Dəlləkli, Dərk, Fırıq, Güldar, Gültəpə, Güləzi, Gümür Dəhnə, Güneyməhəllə, Gədik, Gədikqışlaq, Gərəy, Hacağalar, Hacıhüseynli, Hacıqaib, Haput,  Kirdəh, Kunxırt, Küpçal, Kürkün, Küsnət, Küsnətqazma, Küçeyi Kələbağ, Kələnnov, Mirzəməmmədkənd, Mirzəqasım, Mirzəqışlaq Muçu, Möhüc, Məçkə-xacə, Nohurdüzü, Novonikolayevka, Növdün Nütəh, Pirvahid, Püstəqasım, Qacar Zeyid, Qalagah, Qalayxudat, Qam-qam, Qaraulustü, Qaraçay, Qarxun, Qasımqışlaq, Mahmudqışlaq, Qayadalı, Qımıl, Qorxmazoba, Qrız, Qrızdəhnə, Qələdüz, Qənidərə, Qəçrəş, Raziyələr, Rustov, Ruçuq, Rük, Rəngdar, Sırt Çiçi, Sofikənd, Susay, Söhüb, Səbətlər, Talabı, Talış, Timirzayev, Tüləkəran, Tülər, Təhmər, Təngəaltı, Utuq, Uzunmeşə, Vladimirovka, Vəlvələ, Vəngidar, Xaltan, Xanagahyolu,  Xarovşa, Xaspolad, Xaşı, Xınalıq, Xırt, Xucbala, Yalavanc, Yekdar, Yenikənd, Yerfi, Yergüc, Zeyid, Zıxır, Zizik, Zərdabi, Zərqaza, Çartəpə, Çarxaçu, Çayqışlaq, Çiçi, Çədəri, Ördüc, Üçgün, İdrisiqışlaq, İqrığ, İsnovqışlaq, İspik, Şuduq,  Əlibəyqışlaq, Əlik Əliməmmədoba, Ərməki, Ərməkiqışlaq,  Əski İqriq, Əspərasti və sair kimi maraqlı toponimlərin daşıyıcısı olan kəndləri var. Göründüyü kimi onların sırasında həm rus, həm ərəb-fars mənşəli, həm soy-köklə, tayfa adı ilə bağlı, həm də konkret etnosu təmsil edən adlar var. Bu çoxsaylı kəndlər sırasında Xınalıq, Cek, Qrız, Haput, Əlik, Buduq, Yergüc və sair kəndlərdə konkret olaraq bu adların daşıyıcısı olan azsaylı xalqlar məskunlaşıb. (gələn yazılarımızda bu barədə söhbət açılacaq). Bu kəndlərdən Xınalıq bütün dünyada analoqu olmayan yaşayış məskənlərindən hesab olunur. Quba rayonu ərazisində yerləşən, yəhudilərin kompakt şəkildə yaşadığı Qırmızı Qəsəbə isə abadlığı, gözəlliyi ilə turistlərin də diqqətini çəkir. Ümumiyyətlə, Quba rayonu gözəl, saf təbiəti, tarixi və etnik zənginliyi səbəbindən həmişə turistlərin diqqətində olan bölgələrimizdəndir.

Bütün bunlar göstərir ki, Tanrı Azərbaycan adlı bu məmləkətdən səxavətini və lütfünü əsirgəməyib, yeraltı və yerüstü sərvətlərlə yanaşı, bir ölkə ərazisində iç-içə qaynayaraq qarışan, bir respublikanını bərabərhüquqlu vətəndaşı kimi çiyinə-çiyinə yaşayan dost xalqlar bəxş edib. Bu qiymətli bəxşişlərin qədrini bilmək, qorumaq hər birimizin mənəvi borcudur.

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





04.07.2013    çap et  çap et