525.Az

Azərbaycan alimi Misirdə mühazirə oxudu


 

Azərbaycan alimi Misirdə mühazirə oxudu <b style="color:red"></b>

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun beynəlxalq elmi əlaqələri güclənməkdədir.

İnstitutun direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə geniş işlər görülür, əməkdaşlıq müqavilələri, memorandumlar imzalanır.

İnstitutun Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov Misirin Eyn Şəms Unuversitetində Azərbaycan ədəbiyyatı haqqında mühazirə oxumaq və beynəlxalq konfransda iştirak üçün Qahirədən dəvət edilib. Səfər zamanı professor İmamverdi Həmidov “Azərbaycan ədəbiyyatının qaynaqları, təşəkkülü və inkişafı tarixi” mövzusunda universitetin Ədəbiyyat fakultəsində mühazirə deyib. Mühazirədə Universitetin Şərq dilləri və ədəbiyyatı kafedrasının professorları Məhəmməd Bədii Cumə, Məhəmməd Səid Camaləddin, Firdovsi Musa Musa, Raniyə Məhəmməd Favzi, Şirin Əbduneym Həsəneyn, Livan alimi prof. Dəlalə Həsən, magistrlar və tələbələr iştirak edib. Dinləyənlər mühazirə ilə bağlı fikirlərini söyləyib və suallara cavab verilib.

Ardınca Universitetdə “Misirdə Şərq araşdırmalarının təşəkkülü və inkişafı” mövzusunda konfrans keçirilib  və açılış iclasında çıxış edən İmamverdi Həmidov “Azərbaycan-Misir ədəbi əlaqələri” mövzusunda məruzə edib. Məruzədə ədəbi əlaqələr şifahi xalq ədəbiyyatı, klassik Azərbaycan ədəbiyyatının öyrənilməsi, ədəbi örnəklərdən tərcümələr əsasında dəyərləndirib. Azərbaycan alimi birinci iclasın moderatoru təyin edib. Konfransda Misirdəki Azərbaycanlılar diasporunun sədri tədqiqatçi Seymur Nəsirov da çıxış edib. Beynəlxalq konfransın qəbul etdiyi qərar və tövsiyələr sırasında deyilir ki, “Ərəb dili ilə Şərq dilləri arasında möhkəm əlaqələrin yaradılması üçün Azərbaycan dili və ədəbiyyatının müəyyənləşdirilməsi Misir universitetlərinin Şərq dilləri bölmələrinə təklif edilsin”.

Eyn Şəms Universitetinin prorektoru professor Əbdulnaser Səncabla görüşdə Azərbaycan aliminə oxuduğu mühazirə və konfransda iştirakına görə minnətdarlıq bildirib və İ.Həmidova universitetin “Təşəkkür va təqdir” lövhəsi təqdim edilib.

Misirdə təhkiyə janrını öyrənən tədqiqatçılar cəmiyyətinin sədri prof. Məhəmməd Kordinin dəvəti ilə İ.Həmidov İskəndəriyə Universiteti, Dəmənhur Universiteti, İsmailiyyədəki Kanat Suveys Universitetinin birgə keçirdiyi beynəlxalq konfransda da iştirak edib. Azərbaycan alimi konfransda çıxış edərək Azərbaycan-Misir ədəbi əlaqələrinin tarixi haqqında məlumat verib, müasir dövrdə bu əlaqələrin inkişafı ilə bağlı fikirlərini bölüşüb. İskəndəriyyə Universitetinin Dəmənhurdakı Pedaqoji fakültəsini təmsil edən Qadə Əbdulfəttah Qəturi AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə əlaqələrin inkişaf etdirilməsi arzusunda olduğunu bildirib.

Xatırladaq ki, akademik İsa Həbibbəylinin  təşəbbüsü ilə Cəlil Məmmədquluzadənin seçilmiş əsərləri ərəb dilinə tərcümə edilib, çap olunub. Hazırda Qahirə Universitetində həmin əsərlər ayrıca tədris olunur.

 





21.04.2018    çap et  çap et