525.Az

6 ay inqilab


 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ 2018-Cİ İLİ - AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ ELAN ETMİŞDİR

6 ay inqilab <b style="color:red"></b>

Müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixi şəraitdə və hansı sistem üzərində qurulmuş, yaradılmışdı? Dövrün mətbuatında mötəbər şərhləri nəzərdən keçirək. 

(Əvvəli ötən şənbə saylarımızda) 

6 ay inqilab 

Elani-hürriyyətdən 6 ay keçiyor... Dünki gün Bakı tərtib elədigi müxtəlif mitinq və leksiyalarla bu keyfiyyəti yad elədi.

Hürriyyət!

Öylə görünüyor ki, bu sözün bundan altı ay əvvəl olan qüvvəti, xəlq üzərindəki o böyük təsiri daha qalmamışdır.

Nikolay istibdadı rüsvayçılıqla fənayə varmış, şirazei-məmləkət darmadağın olmuş, fəlakəti-hərb son dərəcəsini bulmuş, hər kəs üfunətli qazlar içində boğulmuş, bir günəş, bir nur araya qalmışdı.

Fevralın 27-də o nur parladı. Şəmsi-hürriyyət doğdu.

Bu günəş üfüqə doğru qalxacaq nəsfi-əlnəhari-amalə gələcək, bütün Rusiya ilə bərabər dünyayı parlatacaqdı.

O günəş daha qürub etməmiş, var, seyr ediyor, nəsfi-əlnəhara doğru gediyor. Fəqət ortalıq yenə qarışıqdır. Yenə göz-gözü görmüyor. Yenə narazılıqlar mövcud olub fəlakət və səfalətlər davam etməkdə, arzu olunan həyati-hürriyyət hənuz görünəmiyəcəkdir.

Əvət, hava buludludur.

Əvət, hürriyyət günəşini yalnız altı yüz illik binayi-istibdadının yıxılmasından qopan tozalaq degil, kəsif buludlar dəxi qapayır. Bu müharibə buludlarıdır.

Hürriyyət elan olunur-olunmaz və demokratiya hökuməti öz əlinə alır-almaz bütün dünyaya qarşı elan elədi ki, Rusiya demokratiyası kimsədən topraq almayacaq. Kimsədən dava xərci istəməyəcək və bütün millətlərə öz müqəddəratlarını həll etmək ixtiyarı vermək surətilə hərbi bitirib dünyaya sülh bəxş edəcəkdir.

Rusiya demokratiyasının bu tarixi bəyanatından sonra cəbhələrdə sükunət hasil oldu. Rəsmi olmasa da, qeyri-rəsmi bir mütarikə hüsula gəldi. Dan yeri təmizləndi. Daha sabah qırmızılıqla nəzərləri oxşayan hürriyyət günəşi bütün sədaqətilə didarını göstərdi.

Fəqət ingilis, Fransa və İtaliya imperialistlərinin fişarı Rusiya imperialistlərinin əqldən ziyadə hissiyyata qapıldıqları sayəsində vaqe olan təzyiqlərə Rusiya demokratiyası təslim oldu. “Mütarikə” tərk olunaraq “hücum” başlandı.

Bu hücum yeni fəlakətlərə səbəb oldu. İnqilab ordusu kəndisinə bağlanan ümidi vermədi. Həm verə də bilməzdi. Çünki daha istibdad zamanında pozulmuş və müasir bir hərbdə iştiraka mühəyya olmadığını anlamış bir ordu qabil degil, xarüqələr yaradamazdı.

Böylə də oldu. Düşmən fürsətdən istifadə edərək əkshücum etdi. Az qüvvəsinə qarşı çox qüvvələrimiz dayanamadı. Səflər yarıldı. Şəhərlər biri-digəri ardından getdi. Nəhayət, Riqa dəxi süqut elədi.

Səfi-hürriyyətdəki qaçqınlığa məmləkət daxilindəki böhran ilə ərzaq müşkülatı və əksinqilab təşəbbüsləri əlavə edildi.

İştə, bu gördügümüz qaranlıqlar, bu çəkdigimiz qorxular, bu boğulduğumuz tozanaqlar hürriyyətdən degil, hərbdən hasil olma bir bəladır. Aftabi-hürriyyəti daldalıyan bu qara buludlar meydani-hərbdən qalxan tüstülərdir.

Bunu artıq inqilabçı fəhlə firqələri degil, burjua mətbuatından bir qismi dəxi etiraf etməkdə, məsələn, “Birjovoye vedomosti” qəzetəsi “müttəfiqlərimiz bizdən fədakarlıq istəyə bilər, fəqət həlakımızı tələb edə bilməzlər” diyor.

İmperialist müttəfiqlərimizə qalırsa, “həlakətimizi” istəmədikləri şübhəlidir. Lazımdır ki, Rusiya demokratiyası kəndisi-kəndisini düşünsün. Altı ayın ərzindəki səhvlərdən bir dərsi-ibrət alıb nə yapacağını anlasın.

Şübhəsiz ki, bütün xarabkarlıqların altı ayın ərzində düzəlməsini istəmək burundan o yanasını görməməkdir. Fəqət hürriyyət günəşini qara buludlardan təmizləməyincə əhalini hürriyyət günündə olduğumuza inandırmaq doğrusu Adəm oğlunun işi degildir!

M.Ə.
“Açıq söz”, 29 avqust 1917, №553

Məva - yurd, məkan
Fişar - sıxışdırma
Şirazə - nizam-intizam 

Böhrani-inqilab

İyulun ikisi ilə dördü arasında Petroqradda hadis olan qanlı vaqeələr, biri digəri ardından gələn böhranlı vaqeələrlə başa çıxıyor. Kabinədə böhran, küçələrdə üsyan, məmləkətdə həyəcan, bunların hamısının üstündə hücuma başlamış ordunun sınıqlığı, ikinci Kornilov armiyasının hər bir cəhətcə düşmənə üstün ikən məğlub olması məmləkəti, inqilabı yeni bir böhran ilə qarşı-qarşıya qoyuyor.

Fevral inqilabi-əzimini işıqlı ümidlərlə qarşılayan əməlpərvər ürəklər iyul ibtidasında çıxan bu qanlı və əndişəli böhranları nə surətlə qarşılayacaq, hələ bu böhran nəticəsində elan olunan “inqilab diktatura”sına hanki bir baxışla baxacaqlar?

Diktatura demək, idareyi-mütləqə deməkdir ki, tarixdə, inqilab zamanlarında, ixtilal və qarqaşılıqların qabağını saxlamaq üçün müəyyən bir şəxs və ya heyətə hər növ fövqəladə tədbirlər görmək həqqi verməkdən ibarətdir. Diktatura əksərən əksinqilaba müncər olub müvəffəq olduğu zaman hürriyyətlərin təhdidi ilə nəticələnər, olmadığı təqdirdə məmləkəti daha ziyadə bir fəlakət və böhrana uğradır.

Tarixi zamanlarda zamana hökm edə bilmək üçün iqtidarlı ələ malik olmaq ehtiyacı ilə bərabər o zamanın iqtizasını dərkə dəxi böyük ehtiyac vardır.

Bugünki dərdin çarəsini diktatura elanında görən inqilabçılar və hər növ ictima və məclisləri icra komitələrinin pişəzvəqt verəcəkləri icazələrə bağlamaq surətilə “ifratpərvər” cərəyanlarla mübarizə etmək istəyən demokratlar məmləkətin istedad və arzusunu düşünməyərək hücuma başlamaları ilə zamanın iqtizasına həqqilə arif olmadıqlarını bildir-məmişlərmidi?

Fevral inqilabı istibdadı bitirdi və o məqsədlə də elan olundu. İmdiki ixtilal isə müharibəyi bitirmək istiyor. Çünki müharibənin davamında həm məmləkətə, həm cümhuriyyətə, həm də demokratiyaya faidə degil, zərər görüyor. Həm həqiqətən də böylədir. Rusiya giriftar olduğu bu qədər müsibətilə bərabər bu qanlı hərbi bir an əvvəl bitirməzsə, əksinqilaba xidmət etmiş olacaq və müharibənin vücudilə bərabər elan olunan hər hanki bir diktatura isə hürriyyət və cümhuriyyətdən ziyadə, irtica qüvvələrinin artmasına xidmət edəcəkdir.

Bu mülahizələr göz qabağına gətirildikdə son günlərdə hadis olan əhvalın nə kibi nəticələrlə qurtaracağı əndişəyi mucib oluyor.

İstibdadın sayılmış sonuncu günlərindən bəri təkrar edilə-edilə hər növ təsir və əhəmiyyətini itirmiş olan “vətən xətərdədir” cümləsi təkrar qəzetələrin baş səhifələrinə keçiyor. Fəqət zamanın əsl bəlası bir kənarda buraxılıb da hər növ günahı məqami-iqtidarda duranlara xas bir zehniyyətlə müharibənin bir an əvvəl tamam olmasını istəyən “ifrat” sosialistlərdən görmək və bu görüş göstərməsilə hərəkət edib inqilab diktaturasını o yolda işlətmək Rusiyayı xətərdən qurtara biləcəkmi?!.

Kadetlərin kabinədən çıxdıqlarından sonra müvəqqəti sosyalist hökuməti kadetlərdən sol burjualarla etilaf edərək bu yeni etilaf hökumətinə diktatura məqamını vermək istiyor. Əcəba, “müdafiəçi” olsa da fəhlə və soldat vəkillərindən ibarət olan demokratiya təşkilatı ilə hökumət tərəfdarı sosialist firqələr diktaturayı qəbul edəcəklərmi?

Diktatura başında Kerenski ilə Seretelinin bulunmasına nəzərən güman etməlidir ki, elan olunan diktatura bu firqə və qüvvətlərin aldığı qərar nəticəsidir. Fəqət teleqraflarda görülən bir xəbər bu mülahizənin hələ tez olduğunu bildirir. Petroqraddan gələn bir teleqraf diyor ki, Fəhlə və Soldat Vəkilləri Mərkəzi Şurası diktaturayı qəbul etməməgə qərar vermişdir.

Bu xəbərlərdə bir növ təzad vardır. Baxalım, hadisələrin cərəyanı nə kibi istiqamət alır.

“Açıq söz”, 12 iyul 1917, №517 

Əksinqilab

Biz burada inqilabın altı ayını xatırlamaqda ikən Petroqraddan yeni xəbərlər alındı.

Kornilov diktator olmaq istiyor. Onun bu istəyişini Duma əzasından sabiq hökuməti-müvəqqətə rəisi Knyaz Lvov Kerenskiyə təbliğ eliyor.

Neçə gündən bəri inqilabçı hökuməti-müvəqqətəyə qarşı bir sui-qəsd hazırlandığı və bu münasibətlə bəzi imperator xanədanına yaxın adamların həbsə alındığı bildirilirdi. Görünüyor ki, əksinqilab təşkilatının kəşfi onu saxlaya bilməmiş, görünüyor ki, mürtəcelər daha dərinlərə qədər kök salmış, işə ciddiyyətlə hazırlaşmışlardır.

Kornilov hökuməti-müvəqqətə tərəfindən təyin olunmuş baş komandandır. Kerenskinin kəndisi tərəfindən təyin olunan bir generalın qalxıb bütün hökumətin kəndisinə həvalə olunmasını istəməsi adi işlərdən degildir. Görünüyor ki, kazaklara istinad edən Kornilov mövqeyini möhkəm görüyor ki, böylə bir cəsarətdə bulunuyor.

Bu cəsarət ilk dərəcədə müqabil bir əzm və şiddətə düçar olmuş, Kerenski Lvovu tutdurub, Kornilova da istefa təklifində bulunmuşdur və rədd cavabı alınca onun da tutulmasını əmr etmişdir:

Görülməz bir şiddətlə başlanacaq daxili müharibələrə bir ibtida təşkil edən bu qorxunc hadisənin təfsilatını oxucularımız qismi-məxsusimizdə taparlar.

Əhvalının keyfiyyətindən ziyadə bu zamanda mahiyyətini anlamaq lazımdır.

Rusiya inqilabı bununla üçüncü dövrəsinə giriyor: birinci dövrə Nikolayın əzli və hökuməti-müvəqqətənin burjuaziyadan ibarət olub Dumadan seçilmə bir heyətə tapşırılması ilə başlamışdı.

Bu dövrə ilk hökumət böhranı hasil olunca davam elədi. Bu böhran nəticəsində Milyukovun siyasət işindən çəkilib Əmələ və Soldat Vəkilləri Şurasının mərifətilə hökumətə sosialistlər də daxil oldular.

Bu vəqtə qədər bir növ mütarikə hökmündə yaşayan Rusiya “sülhü” hücumda görərək hər nə cür olsa da, ordu daxilində mümkün pozğunluğu yoluna qoymaq və düşməni sındırmaq istədi. Bunun üçün Kerenski ədliyyə vəzirligindən çıxıb hərbiyyə vəzarətinə keçdi. Səfi-hərbə getdi. Əskərləri təşviq və tərğib elədi. Sosial-revolyusionerlərlə menşe-vikləri iqna edərək hücuma başladı.

Hücumun müəssif nəticəsi məlum. Demokratiya səflərində mötəlif hökumətə narazılığın qüvvətləndigi xatirlərdə hücum siyasətindən narazı qalan bolşeviklər propoqandayı qüvvətləndiriyor. Bütün hökumətin Fəhlə, Əskər və Kəndistan Vəkilləri Şuralarına verilməsini tələb ediyorlar. Şu sırada Finlandiya ilə Ukrayna siyasəti üstündə sosialist vəzirlərin tutduğu məsləkdən istikrahla kadet vəzirlər hökumətdən çıxıyorlar. İkinci böhran hasil oluyor. İyulun 3-ü ilə 5-i arasında vaqe olan Petroqrad hadisələri böhranı daha ziyadə qatılaşdırıyor. Hökumətin tamamilə Sovetlərə verilməsini tələb edən cərəyan məğlub oluyor.

İnqilabın üçüncü dövrəsi başlıyor. Bu dövrə Kerenskinin sədarətə keçməsi burjualara olduqca mühüm güzəştlərdə bulunmaq surətilə qüvvətli bir hökumət vücuda gətirmək istəməsilə ayrılıyor. Sovetlər etiraf ediyorlar ki, burjuaziyasız keçinə bilməzlər. Buna görə Kerenski hökumətini qüvvətləndiriyorlar. Kerenski məsləki eyni zamanda bunu da etiraf ediyor ki, hürriyyətpərvər burjuaziya ilə gərək uyuşsun. Bunun üçün kadetlərlə uyuşuyor. Kadetlər təkrar adamlarını hökumətə yollayorlar.

Demokratiyanın burjuaziya ilə bu surətlə birləşməsini təyid üçün mötəlif hökumət Moskvaya gəliyor, “dövlət şurası”nda sosial-demokratiya pişrovlarından Sereteli ilə burjuylardan Bublikov əl-ələ veriyorlar.

Mötəlif hökumət buradan qüvvətli çıxmaq ümidində ikən görünüyor ki, zəif olaraq çıxmış. Kerenski bütün qüvvətini sərf etmişsə də kadetlərlə Kornilov partiyasının könlünü tamamilə ala bilməmiş və inqilabçı demokratiya mənafeyi naminə Sovetlər tərəfindən vaqe olan güzəştlər, Sovetlərin buraxılmasını tələb edən Q.Dumadakı sağ dəstə ilə onların başına toplanan ricət cərəyanını təskin edə bilməmişdi.

İştə, hürriyyətin yarım il müddətində üç dövrə keçirən inqilab imdi Kornilov xürucilə dördüncü vəxim dövrəsinə giriyor.

Əgər bu vəqtə qədər vaqe olan təbəddülat ilə dəgişən dövrələr hürriyyət və inqilabın bərkişməsi yolunda idisə, imdi başlanan bu dördüncü dövrə açıqdan-açığa irtica dövrəsidir.

İrtica gəliyor. Həm də mühacim bir vəziyyətdədir. Petroqrad gərək xaricdəki düşmənə və gərək daxildəki əksinqilabçılara qarşı kəndisini müdafiə etmək üçün hazırlaşıyor. Paytaxt mühasirə halında elan olunmuş. Başda Kerenski olmaq üzrə on iki kişidən ibarət heyəti-müdirə (diktatura) təşkil olunmuşdur.

Petroqrad ilə ordu içində bu kibi hadisələr vaqe olmaqda ikən Yaltadan da Nikolayeviçin qaçdığı xəbər veriliyor. Yeddibaşlı heykəli-istibdad altı aydan bəri əzilərək gəldiginə baxmayaraq təkrar qımıldanıyor, deməkdir.

Bu vəqtə qədər vətən xətərdə, hürriyyətlərimiz təhlükədədir, denilirdi. Məəttəəssüf bu sözlər denilə-denilə qüvvətdən düşmüşdür. Yalnız bilməlidir ki, bu zamanda söylənən “İnqilab xətərdədir!” nidası gərək bütün hürriyyətpərəstləri sarsın, hər kəsi yerindən diksindirsin.

Tarix təkrar ediyor. İnqilabımız, inqilabdakı mürşidimiz Fransa inqilabını təqlidə başlıyor. Biz də Fransa inqilabçılarından “Marat”ın sözlərilə deyəlim:

Ey vətəndaşlar, eşitdigimiz bu həmhəmələr millətin degil, düşmənlərinin səsidir; sərvəqt olun!

Sərvəqt olun, müsəlmanlar, huşyar olun, zəhmətkeşlər: kənar edin məslək ixtilaflarını! Toplaşın al bayraq altına! Müdafiə edin hürriyyəti, saxlayın inqilabı! Romanovlar tərpəşir, divi-istibdad baş qaldırır.

- Yox olsun istibdad!

M.Ə.
“Açıq söz”, 30 avqust 1917, №554

Mötəlif - koalisiya
Tərğib - həvəsləndirmə, rəğbət artırma 

Moskva şurası

Hücum siyasətinin nəticəsində vaqe olan fəlakətli ricət və yarılış üzündən hasil olan böhran Kadet partiyası nümayəndələrinin hökumətə daxil olub da sosialist-burjua etilafından hasil olma uyuşuq bir kabinə təşkil etmək surətilə həll edilmiş oldu. Bittəbii bu məsələnin surətən həlli idi. Məsələ batinən də həll olunmalı idi. Lazım idi ki, Kerenskiyə verilən ixtiyar və ona göstərilən etimad tam yalnız Petroqrad məhafilinin rəyi olmayıb bütün məmləkətin, məmləkətdəki bütün məhfillərin rəyi olaydı. Lazım idi ki, məmləkət “nicatı” üçün başlanan edam cəzası, hürriyyətlərin təfidi, inqilabçı sosialistlərin həbsi, qəzetələrin bağlanması, “kontrazdadoçni büro”nun “oxrannoye otdeleniya”ya dönməsi kibi fövqə-ladə tədbirlər əfkari-ammə tərəfindən dəxi təcviz olunaydı. Lazım idi ki, bütün məmləkət deyəydi: “xətərdəyiz, bizi qurtarınız, qurtarınız, bu qurtarış diktatura qiymətinə də olsa!”

Böylə bir qərara malik olmaq üçün nə lazım idi? Yalnız demokratiya ilə demokratik müəssisələrin fikrinə dayanmaq əlbəttə ki, kafi gələməzdi. Çünki burjuaziya ilə dostlaşmış sosializmin müraciət edəcəgi məhzər dəxi özü kibi iki cənbəli olmalıdı.

İştə, Moskva şurası böylə iki cənbəli bir məhzər (auditoriya) olmaq sifətilə çağrılıyor. Buraya demokratiya degil, “bütün məmləkət” gəliyor. Gəliyor ki, Rusiyanın göbəgində, siyasi həyat damarlarının dügünləndigi bu nöqtədə hökumətin sözünü eşitsin, məmləkətin əhvalını ögrənsin və cəmaət rəyini desin.

Əcəba, bu məclis təsəvvür olunduğu kibi bütün məmləkətlərin həqiqi zəbani-halı ola biləcəkmi? Müşkül.

Müşküldür ki, Məclisi-Müəssisanı dördgözlə gözləyən xəlq ondan başqa təsadüflə, dəvətlə, təyinilə yığışan bir məclisin qərarlarına boyun qoysun.

Moskva şurasına inqilabdan zəhləsi getməgə başlamış yorğunlar böyük ümidlər bəsliyor, kadetlərlə onlardan daha sağda olan firqələr isə buna ciddiyyətlə hazırlaşıyorlardı. Purişkeviçin burada nitq edəcəgi isə qəbl-əzvəqt elan olunuyordu. Moskva şurasına təqdim edən “siyasət ərləri”nin məşvərəti isə səngərlərini möhkəmlətiyor, general Kornilova çəkdikləri teleqraflarla adətən diktatura tərənnümünü zümzüməliyorlardı.

Fəqət inqilabın keçiş (istihalə) zamanının nə olduğunu dərk edən mətin qəlbli inqilabçılar isə Moskva şurasına ümid degil, qorxu ilə, ehtiyatla baxıyorlar. Bunlarca sağlaşmaya doğru gedən “Kerenski sosializmi” burjuaziya ilə bağladığı əqdi-ittifaqı möhkəmlətmək üçün əfkari-ümumiyyəyə sökənmək istiyor. Fəqət həqiqi xəlq əfkarını kəndisi ilə bərabər görmədigindən halına münasib “əfkar” qayrıyor. Onlarca məmləkətdə “yeganə və qüvvətli bir hökumət” vücudə gətirmək istəyən “dünki inqilabçılar” bu hökuməti demokratiya əlindən alıb burjuaziyaya vermək istiyorlar. Böylə əhəmiyyətli bir qədəm üçün məmləkətin etimadı ilə “tacdar olmaq” istiyorlar. Moskvaya səfər edən hökuməti-müvəqqətə iştə, “tacdar” olmaq üçün gediyor.

Şübhəsizdir ki, Rusiya əhvali-ictimaiyyəsini nəzərə alaraq bu məmləkətdə burjuaziyasız iş görmək, hökumət sürmək qeyri-mümkün olduğuna qane olan demokratiya məhfilləri ilə məmləkətin nicatını, “inqilabı dayandırmaq və geri basmaqda” görən burjua firqələri arasında olan tərazui-etilaf həqiqi müvazinəsini buluncaya qədər xeyli sallanacaq, hər tərəfin əsl çəkisi aşkar oluncaya qədər dəxi bu tərazu kəffələri (gözləri) çox taqqıldıyacaqlardır.

Əcəba, Moskva şurasına toplaşan məşvərətçilər etilaf tərazusinin hanki gözünü ağırlaşdıracaqlar? Bu məclisin çağrılmış heyətinə nəzərən demək olar ki, “dandiricilər” ağır gələ biləcəklərdir.

Fəqət hanki tərəf ağır və ya yüngül gəlirsə gəlsin, Moskva şurasının səlahiyyəti məşvərətçilikdən ötəcək olursa, o zaman bu məclis Məclisi-Müəssisanın əhəmiyyətini azaldacaq və bununla “islahə” degil, “ifsadə” kömək edəcəkdir.

Bugünki Moskva şurası bundan qırx il əvvəl rus ordusu Aya Stefanusa doğru yürürkən İstanbulda vaqe olan Məclisi-Kəbir ilə 1912-ci ildə Balkan ordusunun Çitalcayə dayandığı zaman Kamal Paşa kabinəsi tərəfindən toplanılmış  böyük məclisə pək bənziyor.

Moskva məclisi dəxi ehtimal ki, İstanbul məclisləri kibi hər şeydən əvvəl hərb məsələsini həll edəcək, bu xüsusda olacağı qərar daxildəki məsələlərin həlli ilə heç şübhəsiz ki, əlaqədar olacaqdır.

Moskva şurası çıxardığı qətnaməsilə Rusiya əfkari-amməsinə tərcüman ola biləcək bir halda isə şübhəsiz ki, əski Rusiyada məzlum və məqdur olan bütün təbəqə və millətlərin həqiqi mənfəətlərinə müvafiq bir surətdə hərəkət etməli, öylə bir hökumət və öylə bir siyasi qüvvət təşkilinə himmət etməlidir ki, o qüvvət bütün Rusiya millətlərinin milli və siyasi dillərinə ehtiram edərək Rusiya qüvvətini cəmaətin, millətlərin həqli tələblərini boğmaqda degil, onların mətləblərini rəva da görsün.

Moskva şurası hər növ firqə və təqib fövqündə dura bilərsə, böylə yapar.

Fəqət əvvəlcədən söyləmək olar ki, əksəri kadetlərdən və kadet quyruğunda gedənlərdən ibarət olacaq bu şura müşküldür ki, bunu yapsın.

M.Ə.
“Açıq söz”
13 avqust 1917, №539

Ricət - geriyə dönmə, qayıtma
Təfid (təfidən) - təhrif, ələsalınma
Təcviz - mümkün hesab etmə, caiz görmə
Məhzər - məclis, yığıncaq, akt
Cənbə - tərəf, yan
Qəbl-əzvəqt - vaxtından qabaq, əvvəlcədən
İstihalə - halını dəyişmə
Kəffə - tərəzi gözü
İfsad - bərbad etmə, fəsad törətmə 

Bakı kəndlərinin müqəddəratı 

Bakıdakı mədən əmələləri israrla tələb ediyorlar ki, mədənlər şəhərə bitişdirilsin. Eyni zamanda, bunu da tələb ediyorlar ki, kəndlər mədənlərə qovuşmasın.

Bu məsələdə müsəlmanların, müsəlman demokratiyasının rəyi məlumdur. Bu rəycə mədənlər şəhərə bitişdirilməməlidir. Bu bir. Mədənlər kəndlərdən ayrılmamalıdır. Bu da iki.

Bu tələbdə hər şeydən əvvəl Bakı kəndlərinin mənfəəti nəzərə alınmışdır. Cəmaət idarəsi yalnız mədənlərə, yaxud yalnız şəhərə məxsus olmayıb kəndlərdə də olmalıdır. Həm də tezliklə olmalıdır. Kənd-lərin idarəsi isə zemstvo idarəsindən ibarət olacaq. Əgər Bakı kəndlərini mədənlərdən ayırsanız məlum işdir ki, onları gəlir mənbəyindən məhrum edəcəksiniz. Aşkardır ki, onlar suyu sıxılmış bir puçal kibi atılacaqlar.

Bakı kəndlərini bilənlər biliyorlar ki, burada təbiət olduqca xəsisdir, hasilxiz topraq azdır. Çöllər yalnız yağışın mərhəmətinə sığınıyorlar. “Yağmadı, bitmədi” məsəli bəlkə də Bakıdan çıxmış zərbülməsəldir. Kəndlərin güzəranı əksərən bağ bostanladır. Bu bostanlar dərin quyulardan çəkilən sularla suvarılır. Bakı kəndlərinin geridə olduğu, yarı-xarab bir halda bulunduğu hər kəsə məlumdur. Bakı “altun dibli”ligi ilə məşhur ikən Bakı uyezdindəki kəndlər bəlkə də Rusiyanın ən ziyadə məhrum mədəniyyət kəndlərindəndir. Bu kəndlərin əksərində bu günə qədər məktəb degil, məktəbə bənzər bir şey də yoxdur. Doktor yox, dəva yox, yol yox, poçta yox, heç bir şey yoxdur. Əgər az da olsa məktəblər-dən, narodnı dumalardan, ambulatoriyalardan, xəstəxanalardan, gecə kurslarından istifadə edə bilən mədən əmələsi öz günündən həqqilə şikayət ediyorsa, Bakı kəndlisi, bu gecə-gündüzdə bəlkə də 24 saət işləyib doyunca çörək tapmayan kəndli əmələ, o qabarlı zəhmətkeş, gördügü həqsizliyə qarşı edəcəgi şikayətə şikayətdən başqa bir ad verməlidir.

Bakı kəndlisi gözliyordu ki, zemstvosu olacaq. Gözlüyordu ki, yurdundan alınıb da uzaq məmləkətləri abad edən sərvətdən bir az da olsa onun dərdinə sərf olunacaq. O düşünüyordu ki, əgər neft mədənçiləri kəndlilərin ata-babalarından qalma sərvətlərindən bir qəpik də olsa onlara sərf etmək istəmiyorlarsa, ədalət zamanı gələr; iş demokratiya əlinə keçər. O zaman mədənlərlə kəndlər birlikdə uyezd zemstvosu təşkil edərlər. O zaman mədənlər kəndlərə həm maddətən, həm də mənən kömək edərlər. Açılacaq məktəblərə, çəkiləcək şosselərə, tikiləcək xəstəxanalara yol tapıldığı kibi kəndisinə nisbətlə daha yüksək olan mədən əmələsi cəmaət işlərində də kəndisinə rəhbər olar.

Heyhat, böylə degilmiş. Mədən demokratiyası da mədən burjuaziyası kibi əlindəki parayı kəndlilərə vermək istəmiyor. Mədənçilər mədənlərə məxsus zemstvo idarəsi istədikdə mədənlərlə kəndlərin birlikdə zemstvo idarəsi istəməsi üçün diyorlardı ki, bu müsəlman bəylərinin diləgidir. İmdi də mədən demokratiyası bu sözü təkrar ediyor:

Kənd ayrı, mədən ayrı diyor. Mədənlərdə həyat başqa, mədəndəki əhali də başqadır. Burada beynəlmiləl bir cəmaət yaşıyor. Halbuki ətraf kəndlər hamısı mütədəyyin müsəlman cəmaətindən ibarət. Heç yararmı ki, bu iki biri-birinə zidd olan cəmaətlər bir yerə yığılsın?! “B.Raboçi” qəzetəsincə erməni burjuaziyası denilən mədənçilərin keçmişdə söylə-dikləri sözü imdi də əmələ ideoloqları təkrar ediyorlar. Bu məsələdə taqiyanosovlarla şaumyanlar birləşiyorlar.

Etiraf etməlidir ki, şaumyanlar taqiyanosovlardan daha ziyadə müvəffəq oluyorlar. Çünki ikincilər kəndi diləklərinə müsəlmanlardan tərəfdar tapa bilmədikləri halda, birincilər müsəlman sosial-demokratlarını kəndilərilə həmavaz ediyorlar. “Hümmət” də uyezd zemstvosunun əleyhinə rəy veriyor. Füqərayi-kasibə tərəfdarları 80 minlik kəndlinin mənfəəti ilə hesablaşmaq istəmiyorlar. Çünki onlar raboçi tərəfdarıdırlar. “Kəndlilərin mənfəətini o dərəcədə müdafiə edirlər ki, bu mənfəət raboçi mənfəətinə zidd gəlmiyə”.

Zaqafqasiya komitəsi tərəfindən göndərilən heyət öz “vəzifə”sini gördü. Kəndlərin rəyini eşitmədən öz rəyini verdi.

Ramişvili ilə Arzinkyan lazım bildilər ki, mədənlər şəhərə bitişsin. Topçubaşov isə kəndlilərin mənfəətini fəda edəmmədi. Zatən bunun böylə olacağını əvvəlcədən də söyləmək olardı.

İmdi məsələ yenə Zaqafqasiya komitəsindədir. Əmələ ideoloqları ümidvardırlar ki, məsələ onların istədigi kibi həll olunacaq. Bununla belə taktika üsuluna sadiq qalaraq təklif ediyorlar ki, əmələlər tazədən qətnamələr çıxarıb tələb etsinlər ki, mədənlər şəhərə bitişdirilsin. Onlar diyorlar ki:

“Erməni burjuaziyası tələb ediyor ki, mədənlərə ayrı zemstvo verilsin.

Müsəlman burjuaziyası tələb ediyor ki, uyezd zemstvosu olsun.

Demokratiya tələb ediyor ki, mədənlər şəhərə bitişdirilsin”.

Ey demokratiya nəzərində ögey olan türk kəndlisi, ey müsəlman “fəqirpərəstləri” tərəfindən atılan zavallı zəhmətkeş, sən də səsini yüksəlt, mitinqlər qur, qərarlar çıxar, de ki:

- Kəndçilər də istiyorlar ki, mədənlərdən ayrılmasınlar.

Sənin həyati mənfəətini bir takım firqə mənfəətlərinə fəda edən demokratlara de ki, uyezd zemstvosu müsəlman burjuaziyasının degil, sənin tələbindir!

“Harada mədən, orada mən!” şüarını təmin edən şey yalnız uyezd zemstvosudur. Uyezd zemstvosunu inkar edənlər səni - ey var-yoxu əlindən alınan kəndli - mədənlərdən ayırıyorlar. Sənin qan damarlarını əmiyorlar. Sənin ətini kəmigindən ayırıyorlar, səni yoxsulluğa, dilənçiligə, mədəni səfalətə məhkum ediyorlar. Sən buna razı olma! Qoyma göz görə-görə səni soysunlar.

Sən də ey müsəlman əmələsi, sən daha kəndlə əlaqəni üzməmişsən; sən ki Tambov quberniyasından gələn raboçi kibi Bakı kəndlərinin halına nabələd degilsən. Heç kəs anlamasa, sən anlamalısan ki, mədəni kəndlərdən ayırmaq, bostanı bulaqsız qoymaq kibidir. Razı olma ki, sənin həmkəndlin, qardaşın, ailən susuz, bulaqsız qalsın. Razı olma ki, uyezd bostanı bulaqsız, tərəqqi bağı bağbansız qalsın. Sən də kəndli zəhmətkeşin səsinə səs verib tələb et ki:

Mədənlər şəhərə bitişdirilməyib uyezd zemstvosu təşkil olunsun!

M.Ə.Rəsulzadə
“Açıq söz”, 5 sentyabr 1917, №559

(Ardı var)

 





23.04.2018    çap et  çap et