525.Az

Samir Şərifov: “Ekspo-2025 Bakı” layihəsinə 765 milyon avro xərclənəcək”


 

BEYNƏLXALQ SƏRGİLƏR BÜROSUNUN QİYMƏTLƏNDİRMƏ MİSSİYASININ İLKİN RƏYİ MÜSBƏTDİR

Samir Şərifov: “Ekspo-2025 Bakı” layihəsinə 765 milyon avro xərclənəcək”<b style="color:red"></b>

Aprelin 19-da Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyasının Bakıya səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib.

Tədbirdə biricini vitse-prezidentin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun Ümumdünya Ekspo Sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupunun sədri, maliyyə naziri vəzifəsini icra edən Samir Şərifov, “Expo-2025 Bakı” Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster, Beynəlxalq Sərgilər Bürosu İcra Komitəsinin sədri Jai-chuil Choi, Büro sədrinin müavini Dmitri Kerkentzes iştirak ediblər.

Tədbirdə Azərbaycanın “Expo-2025” Ümumdünya Sərgisinə namizədliyinin irəli sürməsi ilə bağlı görülən işlər və atılacaq addımlar barədə məlumat verilib.

S.Şərifov bildirib ki, Qiymətləndirmə missiyası aprelin 16-da Bakıya səfər edərək bir sıra görüşlər keçirib: “Nümayəndə heyətini prezidenti İlham Əliyev qəbul edib, Azərbaycan hökumətinin yüksəkvəzifəli nümayəndələri və 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun Ümumdünya Ekspo Sərgisinə ev sahibliyinə Bakı şəhərinin namizədliyi üzrə İşçi Qrupun üzvləri ilə görüşərək müzakirələr aparıblar”.

Nazir qeyd edib ki, missiya üzvləri  “Ekspo-2025” Bakı sərgisi üçün ayrılan əraziyə baş çəkiblər: “295 hektar sahəni əhatə edən ərazi hava limanına yaxın, şəhərin şərq hissəsində yerləşir və paytaxtın genişləndirilməsi planının bir hissəsidir. Baş plana uyğun olaraq, geniş yaşıllıq zolağına malik olacaq və “Ekspo-2025” sərgisi üçün ayrılan bu ərazi gələcəkdə dünyanın ən müasir şəhər parklarından birinə çevriləcək. Orada Azərbaycanın müstəqillik dövründə əldə etdiyi inkişafı əks etdirən sərgi mərkəzi və Bakı şəhərinin yeni yaşayış qəsəbəsi yerləşəcək”.

Samir Şərifov deyib ki, 2025-ci ildə Ümumdünya Ekspo Sərgisinə Bakının ev sahibliyi etməsi ölkəmizin, mədəniyyətimizin və insan kapitalımızın dünya miqyasında daha yaxşı tanıdılmasına vacib töhfə verəcək: “Bu sərgi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, birinci Avropa Oyunları, Formula 1 Qran-Prisi və bir çox başqa irimiqyaslı tədbirlərə uğurla ev sahibliyi etməsindən sonra Azərbaycan üçün bu istiqamətdə atılan növbəti addım olacaq. Bu, müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizin nail olduğu tərəqqini daha da möhkəmləndirəcək”.

İşçi Qrupunun sədri qeyd edib ki, son on ildə Azərbaycan Ekspo hərəkatının qürurlu iştirakçısı olub: “Azərbaycan öz nailiyyətlərini nümayiş etdirmək və Bakıya gəlib sərgidə təmsil olunacaq ölkələr arasında qlobal bilik və təcrübələri bölüşmək üçün dünyanın bütün qitələrini təmsil edən geniş auditoriyanı cəlb etməyə hazırdır. “Ekspo-2025” Ümumdünya Sərgisinə Bakı şəhərinin ev sahibliyi etməsi şəhərimizin, ümumiyyətlə, Azərbaycanın inkişafını sürətləndirəcək. Milli İnkişaf Strategiyamıza uyğun olaraq, Ümumdünya 2025-ci il Sərgisi layihəsi biznes imkanlarının yaradılması, yeni tərəfdaşlıqların qurulması, turizmin inkişaf etdirilməsi və yeni iş yerlərinin açılması vasitəsilə iqtisadiyyatımızın şaxələndirilməsinə də töhfə verəcək”.

E.Əmirbəyov isə bildirib ki, Azərbaycan Ekspo hərəkatının fəal üzvüdür: “Ölkəmiz 18 il ərzində beynəlxalq sərgilərdə fəal iştirak edib. Son üç sərgidə Azərbaycanın milli pavilyonları ən çox ziyarətçi qəbul etdiyinə görə, xüsusi nominasiya üzrə yüksək mükafatlara layiq görülüb. Söhbət Milan, Antalya və Astana şəhərlərində keçirilən sərgilərdən gedir”.

Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycan hökuməti və ölkənin biznes sektoru Bakının namizədliyini tam şəkildə dəstəkləyir: “Azərbaycanın iqtisadi gücü və sabitliyi sayəsində Ümumdünya “Ekspo-2025” Bakı layihəsi bütün sərgi iştirakçıları və qonaqlar üçün möhtəşəm təcrübə vəd edir. Sərgi üçün təklif edilən “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu həm ümumbəşəri xarakter daşıyır, həm də Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edir. Ona görə ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan insan kapitalının inkişafına xüsusi diqqət ayırıb”.

Beynəlxalq Sərgilər Bürosunun qiymətləndirmə missiyasının rəhbəri Jai-chuil Choi səfərin əsas məqsədlərindən danışıb: “Missiya Azərbaycanın təklif etdiyi layihənin yaşam qüvvəsini, stabilliyi yoxlamaq üçün Bakıya səfər edib. Bu layihə Bakının ərazisinin genişləndirilməsinə də öz töhfələrini verəcək”.

Azərbaycanda böyük qonaqpərvərliyin şahidi olduqlarını deyən missiya rəhbəri Bakıda yüksək səviyyəli görüşlər keçirdiklərini bildirib. Onun sözlərinə görə, missiyanın ilkin rəyi müsbətdir: “Azərbaycan, Bakı 2025-ci ildə sərgiyə ev sahibliyi etmək qüdrətindədir. Bakı şəhəri sərginin keçirilməsi üçün uyğundur. Müfəssəl layihə may ayında hazır olacaq. Bu ilin noyabr ayında konkret namizəd elan ediləcək”.

Beynəlxalq Sərgilər Bürosunun baş katibinin müavini Dmitri Kerkentzes isə Azərbaycanda sadə vətəndaşların da bu sərgiyə müsbət yanaşdığını bildirib: “Bu layihə dövlətin milli inkişaf strategiyasının bir hissəsidir. Ekspo hər bir ölkəyə öz potensialını ortaya qoymağa imkan verir. Əminəm ki, bu layihə Azərbaycana öz müsbət təsirlərini göstərəcək”.

Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Azərbaycanın bu layihə üçün sərf edəcəyi vəsaitlə bağlı suala cavab verən S.Şərifov bildirib ki, Azərbaycanın “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi ilə bağlı maliyyə məsələlərinin dəqiqləşdirilməsi və ətraflı araşdırılması məqsədilə mütəxəssislər cəlb edilib, bunun üzərində dəqiq hesablamalar aparılıb: “Ümumdünya Sərgisinin meydançasının qeyd olunan ərazidə tikilib hazırlanması üçün ümumi xərclərimiz 765 milyon avro məbləğində qiymətləndirilir”.

Qeyd edək ki, “Ekspo-2025” Ümumdünya Sərgisinə Bakı ilə yanaşı, Yaponiyanın Osaka, Rusiyanın Yekaterinburq və Fransanın Paris şəhərləri namizəddir.

Ceyhun ABASOV

 





23.04.2018    çap et  çap et