525.Az

Müəllif Hüquqları Agentliyi erməni saxtakarlığı mövzusunda konfrans keçirdi


 

KAMRAN İMANOV: “TORPAQSIZ SOVET ERMƏNİSTANI AZƏRBAYCAN ƏRAZİLƏRİ HESABINA GENİŞLƏNDİRİLİB”

Müəllif Hüquqları Agentliyi erməni saxtakarlığı mövzusunda konfrans keçirdi<b style="color:red"></b>

Müəllif Hüquqları Agentliyi 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ günü münasibəti ilə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirib.

Tədbirdə giriş sözü ilə çıxış edən agentliyin İdarə Heyətinin sədri Kamran İmanov qeyd edib ki, UNESCO tərəfindən elan edilmiş 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ günü hər il ənənəvi olaraq ölkəmizdə təntənəli şəkildə qeyd olunur. O bildirib ki, “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda builki konfrans Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunur: “Ölkəmizdə həyat sürətlə dəyişir, Azərbaycan yeniləşir və qüdrətlənir. Bunun əsasında innovativ, yeniliklər və islahatlarla zəngin olan və insanlara xidmət edən dövlət siyasəti durur. Bunlar kreativliklə həyata keçirilən ulu öndərin varislik yoludur. Heydər Əliyev uzaqgörənliyinin izləri, gələcəyimizə yol açan fikir və düşüncələri bugünkü cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrilib. Bu gün Azərbaycan bütün sahələrdə parlaq nəticələrə, qələbəyə nail olub. Bu qələbəni biz bu gün Azərbaycanın beynəlxalq nüfuzunun artmasında, dövlət başçısı İlham Əliyevin son 15 ildə düşünülmüş, müasirləşdirilmiş davamçılıq siyasətinin nailiyyətlərində, yaradıcılıqla həyata keçirilən varislik xəttində görürük. Azərbaycan xalqı prezidentə dərin ehtiram və sevgi duyğuları bəsləyir. Bunu keçirilən növbəti Prezident seçkiləri də təsdiqləyir. Müdrik Azərbaycan xalqı öz gələcəyinə böyük ilham və inamla baxır və gələcəyə aparan yol bacarıqlı əllərdədir”.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin yaxşıladığını deyən K.İmanovun sözlərinə görə, əfsuslar olsun ki, cümhuriyyətin ömrü uzun olmayıb: “İki ildən sonra müstəqilliyimiz əlimizdən alınıb. Əgər Azərbaycan dövlət müstəqilliyini qoruya bilsəydi, əminəm ki, bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, ən zəngin ölkələrdən biri olacaqdı. Ancaq xarici müdaxilə nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut edib. Heç kəsə sirr deyil ki, cümhuriyyətin süqutunda kommunist libası geyinmiş erməni millətçiləri - daşnakların əli var. Məhz kifayət qədər güclü olmadığımız və erməni-daşnakların ərazi iddialarına son qoyacaqları barədə vədlərinə inandığımız üçün bir sıra ərazilərimiz o zaman ermənilərə verildi. Dövlət başçısının dediyi kimi, 1918-ci ildə İrəvan Ermənistana hədiyyə kimi verilib. Bu gün qüdrətimizə və iradəmizə əsaslanaraq, dövlət başçısı bəyan edir ki, “Azərbaycan heç bir vaxt imkan verməyəcək ki, bizim tarixi torpaqlarımızda ikinci qondarma erməni dövləti yaradılsın. Elə mövcud olan erməni dövləti bizim torpaqlarımızda yaradılıb”.

Agentliyin İdarə Heyətinin sədri hesab edir ki, prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında açıqlanmış fikirlərinin arxasında təcavüzkarlıq meyli yox, haqq-ədalət, beynəlxalq hüquq və tarixi həqiqət durur: “Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq... Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır... Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq”.

K.İmanov deyib ki, konfransın adı da heç təsadüfi seçilməyib: “Ötən il “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya digər xalqların siyasi tarixini, tarixi coğrafiyasını və mədəniyyətini özününküləşdirməklə hay-erməni qədimliyinin qurulma cəhdləri” mövzusunda konfrans keçirilmişdi. Builki konfrans da onun davamıdır və hay-ermənilərin “Armeniya” adlı əraziyə aid çoxsaylı uydurmaları və bu ərazinin həqiqi sakinləri haqqında mövzuya həsr olunur. Konfransda ediləcək bir sıra təqdimatlarda “Armeniya” termininin mənşəyi haqqında məlumatlar veriləcək. Bu məsələyə dair müxtəlif yanaşmaları birləşdirən bir danılmaz fakt vardır ki, o da “Armeniya” haqqındakı bu yanaşmaların bugünkü hay-ermənilərə heç bir aidiyyətinin olmamasıdır. Qeyd etmək lazımdır ki, hay-erməni tarixşünaslığı haylara məxsus olmayan “armen/erməni” etnonimini və “Arminiya” adlı qədim toponimi mənimsəyərək, Türkmənçay müqaviləsinin (1828) bağlanmasından sonra “Şərqi və Qərbi Ermənistan”ın, hətta uydurma “Böyük Ermənistan”ın mövcudluğuna dair tezisləri fəal şəkildə gündəmə gətirməyə başlamışdı. Ermənilərin tirajladığı “Şərqi Ermənistan” bizim tarixi torpaqlarımız - İrəvan xanlığının ərazisi və sonradan hay-ermənilərin könlünü almaq üçün Azərbaycandan qoparılıb Ermənistana verilmiş Zəngəzur qəzası və 1922-ci ildə Göyçə (Şərur-Dərələyəz) torpaqlarıdır, torpaqsız Sovet Ermənistanı məhz bu cür Azərbaycan əraziləri hesabına genişləndirilib. Sonradan Sovet tarix elminin dəstəyi ilə erməni tarixşünaslığı hayların bu torpaqlardakı qədimliliyinə dair yalan və uydurmaları tirajlamağa başlayıb və bu gün bu fəaliyyət daha geniş miqyas alıb”.

Agentliyin İdarə Heyətinin sədri onu da bildirib ki, erməni tərəfi bu gün də UNESCO-nun Mədəni İrs siyahısına daxil etmək üçün Azərbaycan xalqının maddi və qeyri-maddi irs nümunələrinə iddialar irəli sürür, əqli mülkiyyətimizə göz dikir: “Belə iddiaların əsassızlığını göstərmək üçün hər birimiz səylərimizi artırmalıyıq. Bugünkü tədbirin bir məqsədi də bundan ibarətdir”.

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov tədbirin əhəmiyyətindən danışaraq, ermənilərin Azərbaycana qarşı təcavüzkarlıq siyasətinin faktlarla dünya ictimaiyyətinə çatdırılması, erməni yalanlarının, saxtakarlığının ifşa olunması istiqamətində bu cür tədbirlərin həyata keçirilməsinin vacib olduğunu qeyd edib.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova isə müəllif hüquqlarının qorunması sahəsində agentliyin peşəkar fəaliyyətindən söz açıb. O bildirib ki, bu gün Ermənistanın davam etdirdiyi işğalçılıq siyasəti, maddi və qeyri-maddi sərvətlərimizi, o cümlədən, tarixi abidələrimizi, memarlıq nümunələrimizi saxtakarlıq yolu ilə mənimsəməyə çalışması 10 milyonluq Azərbaycan xalqının fundamental dəyərlərinə, müəllif hüquqlarına qarşı hücum kimi dəyərləndirilməli, dünya miqyasında pislənilməli, ədalətin yerini tapmasına nail olunmalıdır.

Deputat Elmira Axundova konfransın mövzusuna diqqəti çəkərək olduqca aktual məsələ ətrafında müzakirələrin getdiyini deyib. Onun sözlərinə görə, Azərbaycan xalqı və dövləti 200 ildir ki, erməni yalanları ilə üz-üzə olmasına baxmayaraq, yalnız son 15 ildi bu istiqamətdə ciddi mübarizə yolunu tutmuşuq: “Bu illər ərzində işğalçı ölkəninin həyata keçirdiyi işğalçılıq fəaliyyəti, təcavüzkar siyasət, tarixi yalanlar - bütün saxtakarlıqlara qarşı Azərbaycan kifayət qədər uğurlar əldə edib. Hesab edirəm ki, bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi, mübarizə üsullarının effektivliyinin artırılmasına ehtiyac var”.

Daha sonra K.İmanovun “Qədim məntlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya “Armeniya” ərazisinin həqiqi sakinləri haqqında”, agentliyin eksperti Elşad Əlilinin “Armeniya” coğrafi adının etimologiyası haqqında”, Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri İlhami Cəfərsoyun “Erməni əlifbasının Aran mənşəyi” və digərlərinin müxtəlif mövzularda məruzələri dinlənilib.

Ceyhun ABASOV

 





23.04.2018    çap et  çap et