525.Az

Şəhid ailələrinin problemi dövlətin diqqət mərkəzindədir


 

AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAFI, DÖVLƏT GƏLİRLƏRİNİN ARTMASI ÖLKƏNİN MÜDAFİƏ POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ, HƏRBİ QULLUQÇULARIN ETİBARLI SOSİAL MÜDAFİƏSİNİN TƏMİN EDİLMƏSİNƏ İMKAN VERİR

Şəhid ailələrinin problemi dövlətin diqqət mərkəzindədir<b style="color:red"></b>

Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasıyla bağlı verdiyi fərman dövlətin bu kateqoriyadan olan insanlara diqqət və qayğısının əyani təzahürüdür.

Qərara əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat ödəmə veriləcək. Bu, ölkə prezidentin andiçmə mərasimindən və səlahiyyətlərini icra etməyə başladıqdan sonra imzaladığı ilk qanunvericilik aktıdır. Ölkə başçısı bununla bir daha təsdiq edib ki, dövlətin həyata keçirdiyi ardıcıl sosial siyasət daha da gücləndiriləcək, xüsusi diqqət və qayğıya ehtiyacı olan vətəndaşlarının problemlərinə bundan sonra da həssaslıqla yanaşılacaq.

Ümumilikdə, Azərbaycanın iqtisadi inkişafı, dövlət gəlirlərinin artması ölkənin müdafiə potensialının gücləndirilməsi, hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi üçün şərait yaradıb. Hərbçilərin xidmət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətlər üzrə məqsədyönlü tədbirlər həyata keçirilir. 1997-ci ildə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə mindikdən sonra hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılıb ki, Azərbaycan dövləti ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirməyə başlayıb.  Bu mənada, qəbul olunan yeni fərmanda məhz 1997-ci ilin avqustun 2-nə qədər olan tarixin nəzərdə tutulması həmin ildən başlayaraq ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş, itkin düşmüş şəxslərin ailələrinin sosial müdafiə məsələlərinin həlli üçün oxşar tədbirlərin həyata keçirilməsinə həmin dövrdən başlanılmasıyla bağlıdır.

Prezidentin imzaladığı fərmanla bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Vüsal Hüseynov qeyd edib ki,  1997-ci il avqustun 2-də qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsi ilə bağlı məsələlər həll edilib və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılıb.

Deputat bildirib ki, prezidentin bu fərmanı ilə bu qanunun qəbul edilməsindən əvvəlki müddətdə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə də eyni qaydada dövlət icbari sığorta ödənişləri ödəniləcək: “Fərmana əsasən, 1997-ci il 2 avqust tarixindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. Ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilməklə bu hərbi qulluqçuların siyahısı hazırlanaraq müvafiq internet saytında yerləşdiriləcəkdir. Bu tələb həm də müraciət edən şəxslər üçün rahatlıq və şəffaflığı təmin edəcək. Bu ödənişi almaq üçün həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələri hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd və birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. Sənədləri təqdim etdikdən sonra müraciətin qəbul edilməsi ilə bağlı müvafiq qəbz veriləcək”.

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, deputat Musa Qasımlı isə bildirib ki, prezident İlham Əliyevin imzaladığı bu fərman göstərir ki, qarşıdakı illərdə dövlətimizin sosial siyasətinin ana xəttini dövlətimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda edərək şəhid olmuş insanların və itkin düşmüş şəxslərin ailələrinin qayğılarının yüngülləşdirilməsi təşkil edəcək: “Bu fərman, eyni zamanda, Vətənimizin müdafiəsi uğrunda qətiyyətli mübarizənin ön yerdə olacağından da xəbər verir”.

Milli Məclisin sədr müavini Bahar Muradova qeyd edib ki, prezident İlham Əliyevin ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı çox əlamətdar haldır. “Trend”in məlumatına görə, o bildirib ki, bu məsələ həm parlamentin, həm də vətəndaş cəmiyyətinin gündəliyində idi: “Prezident bu məsələni çox asanlaşdırdı. Biz parlament olaraq düşünürdük ki, mövcud qanun layihəsinə müəyyən dəyişikliklər etməklə bunu həyata keçirə bilərik, lakin ölkə başçısının fərmanı bu məsələni yoluna qoydu”.

Vitse-spiker bildirib ki, bu fərman Azərbaycan vətəndaşına, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını qurban vermiş, sağlamlığını itirmiş insanlara olan münasibətin bir göstəricisidir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu isə qeyd edib ki, Azərbaycanda xüsusi təbəqə hesab edilən şəhid ailələrinin problemlərinin həlli, onlara diqqət və qayğının göstərilməsi daim Azərbaycan prezidentinin siyasətinin əsas prioritetlərindən birini təşkil edir. O, SİA-ya bildirib ki, uzun müddətdir hərbi əməliyyatlar zamanı həlak olan və itkin düşən şəxslərin ailələri mövcud vəziyyətlə bağlı kompensasiya gözləyirdilər: “Dövlət başçısının fərmanı təkcə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli ilə bağlı deyil, eyni zamanda, ölkəmizdə vətənpərvərliyin, mənəvi dəyərlərin yüksəlməsi, həmçinin, hazırda sərhədlərimizi müdafiə edən əsgərlərimiz və onların yaxınlarının əhval-ruhiyyəsinin artırılması baxımından da əhəmiyyətlidir”.

Deputatın sözlərinə görə, prezident məhz seçkilərdən sonra belə bir fərman imzalamaqla bir daha göstərdi ki, ölkəmizdə şəhidlərə və onların ailələrinə, Qarabağ veteranlarına olan münasibət hansısa kampaniya ilə bağlı deyil, ümumilikdə, dövlətimizin məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətidir: “Düşünürəm ki, bu, Azərbaycanda hərbi vətənpərvərlik ruhunun daha da artmasına kömək edən bir qərardır. Hər şeydən öncə biz bilirik ki, bu qərarların arxasında maliyyə vəsaiti amili var. Əgər Azərbaycanın dövlət büdcəsi buna imkan verməsə, iqtisadiyyatımız inkişaf etməsə, bu cür addımlar atmaq mümkün olmaz. Dünyada gedən iqtisadi böhranlara baxmayaraq, Azərbaycan prezidentinin 2014-cü ildən sonra iqtisadi islahatlarla bağlı atdığı addımlar öz nəticəsini verib. Azərbaycanın büdcəsində kəsir yoxdur. Ölkəmizin büdcəsi bu cür problemləri həll edəcək qədər güclü büdcədir”.

Milli Məclisin deputatı söyləyib ki, bütövlükdə bu qərar Azərbaycan prezidentinin xüsusi diqqət tələb edən kateqoriyaya aid olan insanlara münasibətinin bir daha göstəricisidir: “Bu, həm də bundan sonra atılacaq addımların xəbərçisidir. O mənada ki, 2018-ci il prezident seçkilərindən sonra dövlət başçısı seçilən İlham Əliyevin ilk fərmanı məhz sosial problemlərin həlli ilə bağlı oldu. Biz buna istinadən söyləyə bilərik ki, önümüzdəki 7 il müddətində bu vaxta qədər olduğu kimi, sosial qayğıya ehtiyacı olan insanların problemlərinin həlli daima Azərbaycan prezidentinin diqqət mərkəzində olacaq”.

Ceyhun ABASOV

 





23.04.2018    çap et  çap et