525.Az

"Bir sənəddə "nəzarət", "nəzarət", "nəzarət"... sözünü görəndə çox narahat oluram"


 

"Bir sənəddə "nəzarət", "nəzarət", "nəzarət"... sözünü görəndə çox narahat oluram"<b style="color:red"></b>

Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında "Mühasibat uçotu haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə olunub.

Komitənin üzvü Vahid Əhmədov bildirib ki, Azərbaycanda peşəkar mühasiblər azdır. O deyib ki, ölkədə hər zaman mühasib və baş mühasib problemi olub və bu gün də var: "Bizdə peşəkarlar yox dərəcəsindədir, çox deyil, barmaqla sayılacaq dərəcədədir. Ona görə indi mühasiblərlə bağlı sərtləşdirmələrin nəzərdə tutulması düzgün deyil. Bu, gələcəkdə sahibkarlara da ciddi problemlər yaradacaq. Qabaqlar deyirdilər ki, mühasib balansı oxuyursa, o, peşəkardır. Amma indi dövr, zaman, tələbat dəyişib. Yeni peşəkarlara ehtiyac var, olanımız da çox azdır. Mən özün uzun illər zavod direktoru işləmişəm, baş mühasibim də, mühasiblərim də olub və öz işlərini bacarıqla yerinə yetiriblər. Amma eyni zamanda bilirəm ki, indi bizdə bu məsələdə problemlər var və dəyişikliklər problemlər yarada bilər, yaradacaq da". Millət vəkili təklif edib ki, bu məsələyə yenidən baxılsın.

"Mən bir sənəddə nəzarət, nəzarət, nəzarət... sözünü görəndə çox narahat oluram". Bunu isə millət vəkili Rüfət Quliyev deyib. Millət vəkilinin bildirdiyinə görə, bəzi məsələlərdə hədsiz nəzarətdən, sərtləşdirmələrdən uzaq qaçmaq lazımdır.
 
Deputat qeyd edib ki, mühasiblərlə bağlı mövcud qanunvericilikdə, "Mühasibat haqqında" qanuna təklif olunan dəyişikliklərdə də nəzarətin, sərtləşdirmələrin nəzərdə tutulması gələcəkdə bir sıra problemlər yarada bilər: "Mən üzr istəyirəm, axı, 600 qoyun saxlayanın, nə bilim, neçə ton pomidor əkib-becərənin vaxtı hardadır ki, mühasibatla, uçotla məşğul olsun? Biz əksəriyyətimiz burada rayonları, bölgələri təmsil edirik və vəziyyətdən yaxşı xəbərdarıq. Ona görə də bu məsələdəki qaranlıq məqamlar aradan qaldırılmalıdır".

Komitənin sədri, akademik Ziyad Səmədzadə də millət vəkillərinin narahatlığını başa düşdüyünü və onlarla razılaşdığını deyib. Bununla belə, komitə sədri ölkədə peşəkar mühasiblərin olduğunu da sözlərinə əlavə edib: "Bizdə peşəkarlar var və onların fəaliyyəti müsbət qiymətləndirilməlidir. Amma bu məsələdə problemlər də az deyil".

Kamil HƏMZƏOĞLU

 





24.04.2018    çap et  çap et