525.Az

Rusiyanın ABŞ-dakı səfiri Trampın müşaviri ilə görüşdü


 

Rusiyanın ABŞ-dakı səfiri Trampın müşaviri ilə görüşdü<b style="color:red"></b>

Vaşinqtonda Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton arasında görüş olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər iki ölkə arasında münasibətləri müzakirə ediblər. 

“Görüş konstruktiv mühitdə keçdi. Biz iki ölkə arasındakı əsas qıcıqlandırıcı məsələləri, həmçinin regional və qlobal təhlükəsizliyin bəzi aspektlərini müzakirə etdik”, deyə rusiyalı diplomat qeyd edib. 

Sietl şəhərində baş verən insidenti pisləyən səfir vurğulayıb ki, rəsmi Vaşinqtonun hərəkətləri bütün beynəlxalq Konvensiyalara ziddir.  Aprelin 26-da ABŞ hökumət nümayəndələri Rusiyanın Sietl şəhərindəki Baş Konsulluğunun qapısının kilidini sındıraraq içəri daxil olublar. ABŞ bundan əvvəl “Skripalın işi” ilə əlaqədar Böyük Britaniya ilə həmrəyliyini nümayiş etdirərək, Rusiyanın 60 diplomatını ölkədən çıxarıb və Rusiyanın Sietldəki baş konsulluğunu bağlayıb. 

Xatırladaq ki, 2017-ci il, avqustun 31-də ABŞ Dövlət Departamenti ölkədəki Rusiya diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı yeni məhdudiyyətlər elan edib. Buna əsasən San-Fransiskodakı Rusiya Baş Konsulluğunun obyektləri bağlanıb.

 





26.04.2018    çap et  çap et