525.Az

Tələbələrə akademik Akif Əlizadə adına təqaüd veriləcək - Fotolar


 

Tələbələrə akademik Akif Əlizadə adına təqaüd veriləcək - <b style="color:red">Fotolar</b>

Dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdim edilməsi ilə bağlı mərasim keçirilib.

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı A. Əlizadəni Azərbaycanın görkəmli elm xadimi kimi xarakterizə edib. Rektor A. Əlizadənin ADNSU-nun məzunu olmasından böyük fərəh hissi keçirdiklərini deyib.

M.Babanlının dediyinə görə, akademik Akif Əlizadənin rəhbərliyi altında AMEA-da kadr islahatları, struktur dəyişikliklər və gənc elmi potensialın yenidən dəyərləndirilməsini özündə ehtiva edən islahatlarla müşahidə olunur. Onun yüksək idarəçilik və təşkilatçılıq qabiliyyəti sayəsində elmi mühitin yaradılmasında effektiv nailiyyətlər əldə olunub, gənclərin elmə maraqlarının artırılması, elmin cəmiyyətə təbliğ olunması istiqamətində effektiv yollar müəyyənləşdirilmiş, müstəqil Azərbaycanın iqtisadi inkişafının ruhuna cavab verən elm hərəkatının əsası qoyulub.

Təhsil naziri Ceyhun Bayramov akademikin Azərbaycanda geologiya və geofizika elminin inkişafında mühüm rolu olduğunu qeyd edib.

C.Bayramov vurğulayıb ki, Azərbaycanda təhsillə elm arasında əlaqələr genişlənib. O bildirib ki, son dövrlər ADNSU-nun nüfuzu artıb. Universitetdə xarici dildə tədris aparılan ixtisasların 4-dən 19-a yüksəldiyini xatırladan nazirin sözlərinə görə, ADNSU-nun balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir: "Növbəti tədris ilində yataqxanın istifadəyə verilməsi planlaşdırılır. Qeyd edim ki, universitetin ikinci korpusu də təmir ediləcək".

Tədbirdə çıxış edən A. Əlizadə isə onun haqqında deyilən xoş sözlərə görə çıxış edənlərə təşəkkür edib.

A.Əlizadə qeyd edib ki, bəzi gənclərin arasında belə bir fikir yaranıb ki, elm nəyə lazımdı, neftdən əldə olunan gəlirlə yaşayırıq. Xeyr, bu, belə deyil. AMEA prezidenti gənclərə müraciət edərək "Marqaret Tetçer deyirdi ki, elmin verdiyi fayda biznesin gətirdiyi puldan yaxşıdır", - deyə bildirib.

O vurğulayıb ki, elmlə təhsil vəhdət yaratmasa, inkişaf olmayacaq: "Sovet vaxtı elmlə təhsili bir-birindən ayırdılar. Bu isə müəyyən fəsadlar yaratdı".

AMEA-da magistratura pilləsinin yaradıldığını xatırladan akademikin sözlərinə görə, üç il əvvəl magistraturaya ilk olaraq 18 nəfər qəbul olunub: "Artıq həmin 18 nəfərdən 17-si bu il doktoranturaya qəbul imtahanı verir".

O əlavə edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının infrastrukturu yaradılmaqdadır. AMEA prezidenti YTP-də müdafiə sənayesi və biznes sahələri üzrə yeniliklərin olacağını bildirib.

Akademik qeyd edib ki, YTP-nin özünəməxsus infrastrukturu, marketinqi, reklamı olmalıdır: "Artıq Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq etmək istəyən yerli və əcnəbi biznesmenlər bizə müraciət edirlər. Parkda "Made in Azerbaijan" brendi ilə məhsullar da hazırlanacaq. Lakin indi bunu bizdən tələb etmək çox tezdir. Yüksək Texnologiyalar Parkında inkişafa nail olmaq və "Made in Azerbaijan" brendi ilə beynəlxalq aləmə çıxmaq əsas niyyətimizdir".

Çıxışlardan sonra rektor M. Babanlı AMEA-nın prezidenti, akademik A.Əlizadəyə ADNSU-nun fəxri professor diplomunu təqdim edib. Rektor tələbələrə akademik Akif Əlizadə adına təqaüdün veriləcəyini də diqqətə çatdırıb.

S.QARAYEVA

 





26.04.2018    çap et  çap et