525.Az

Azərbaycan-Türkiyə strateji əməkdaşlığı daha yüksək səviyyəyə qaldırıldı


 

"PREZİDENT İLHAM ƏLİYEVİN ANKARA SƏFƏRİ İKİ QARDAŞ ÖLKƏ ARASINDAKI MÜNASİBƏTLƏRDƏ YENİ SƏHİFƏ AÇDI"

Azərbaycan-Türkiyə strateji əməkdaşlığı daha yüksək səviyyəyə qaldırıldı<b style="color:red"></b>

Prezident İlham Əliyevin Türkiyəyə növbəti rəsmi səfər iki qardaş ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafı, bütün sahələrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini özündə ehtiva edir.

Dövlət başçısının seçkidən sonra reallaşdırdığı ilk xarici səfərində regional və beynəlxalq məsələlər də əsas müzakirə mövzularından olub. Səfər çərçivəsində prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanla ayrı-ayrılıqda görüş keçirib. Danışıqlarda ikitərəfli münasibətlərimizin uğurlu inkişafından məmnunluq ifadə edilib, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin genişlənməsinə töhfə verdiyi qeyd olunub. Eyni zamanda, Azərbaycanın və Türkiyənin regionda əməkdaşlığa və təhlükəsizliyə verdiyi töhfənin, ölkələrimizin birlikdə qlobal əhəmiyyətli böyük strateji layihələr həyata keçirməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Daha sonra iki ölkə başçılarının iştirakıyla VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçirilib. Sonda təşkil olunan mətbuat konfransında bır sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsiylə bağlı əldə olunan razılşamalara əsasən sənədlər imzalanıb. Həmçinin, prezidentlər görüşün yekunu ilə bağlı mətbuata verdikləri bəyanatlarda Azərbaycan-Türkiyə qardaşlığı, müttəfiqliyinin bundan sonra da davam etdiriləcəyini bildirib, qarşıdakı dövrdə atılacaq birgə addımlardan söhbət açıblar.

Dağlıq Qarabağ münaqişəsinə də toxunan prezidentlər nikbin mesajlar səsləndiriblər. Əvvəlcə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan çıxış edərək qeyd edib ki, Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycana dəstək göstərməyə davam edəcək: "Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Türkiyə üçün milli məsələdir".

Prezdent İlham Əliyev isə bu dəstəyə görə qardaş ölkə rəhbərinə təşəkkür edərək bildirib ki, Dağlıq Qarabağ məsələsində Azərbaycana ən böyük dəstəyi Türkiyə göstərir: "Rəsmi Ankara həmişə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib".

Dövlət başçısı qeyd edib ki, Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir: "Türkiyə-Azərbaycan birliyi, qardaşlığı, dostluğu möhkəmdir və çox böyük gələcəyi var".

Prezidentin Ankara səfəri ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, İlham Əliyevin seçkidən sonra ilk səfərini Türkiyəyə etməsi ilk ölkə arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən irəli gələrək, artıq ənənə halını alıb.

S.Alıyev hesab edir ki, Azərbaycan-Türkiyə əlaqələrində yeni mərhələ başlayır: "Hərbi məsələlər də başda olmaqla bütün sahələr üzrə daha dərin əməkdaşlıq və dayanıqlı strateji müttəfiqlik dövrünə keçirik".

Deputat Azər Badamov isə qeyd edib ki, İlham Əliyevin seçkidə parlaq qələbə qazanmasından sonra birinci xarici səfərini məhz qardaş ölkəyə etməsi Türkiyə ilə Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrin olmasının göstəricisidir. O, SİA-ya bildirib ki, Rəcəb Tayyib Ərdoğanın da prezident kimi ilk səfəri Azərbaycana olmuşdu: "Bu, Türkiyənin bizə eyni cür yanaşdığının göstəricisidir".

Türkiyənin həmişə beynəlxalq arenalarda Azərbaycanı dəstəklədiyini deyən deputatın sözlərinə görə, Azərbaycan da Türkiyə olmayan yerdə onu müdafiə edir, öz sözünü deyir: "Bizim dostluğumuz nə qədər möhkəm olarsa, ölkələrimiz də bir o qədər güclü olar. Hamı bilməlidir ki, dili bir, soyu bir qardaş iki ölkə var və hər zaman bizə qarşı yanaşanda böyük bir güclü ölkə görəcəklər. Güclü ölkələrə dünyada münasibət də müsbət olur. Güc birlikdədir və düşünürəm ki, prezidentin səfəri də Azərbaycan Türkiyə birliyini daha da möhkəmləndirəcək".

Deputat Eldəniz Səlimov hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri iki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə açıb. O, "Trend"ə bildirib ki, Ankarada baş tutan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası iki qardaş ölkə arasında əməkdaşlığı daha da dərinləşdirəcək: "İclas başa çatdıqdan sonra Tükiyə ilə Azərbaycan arasında elektron imza, ticarət, mədəniyyət, ətraf mühitin qorunması, şəxsi heyətin mübadiləsinə dair imzalanan sənədlər əməkdaşlıqda yeni bir mərhələnin başlanması deməkdir".

Deputat vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər bu gün dünyaya nümunədir: "İki ölkə arasında münasibətlərin dərin tarixi kökləri var. Azərbaycanla Türkiyə daim bir-birilərinin yanında olublar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir".

E.Səlimov vurğulayıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu bəyan edib: "Əlbəttə, bu bəyanat iki qardaş ölkə arasında münasibətlərin nə qədər yüksək olduğunun göstəricisidir. Əminliklə deyə bilərik ki, bu görüş Azərbaycan-Türkiyə strateji əməkdaşlığını daha yüksək səviyyəyə qaldırdı. Türkiyə ilə Azərbaycan həmişə, çətin gündə də, xoş gündə də bir-birinin yanında olub və bundan sonra da belə olacaq".

Ceyhun ABASOV

 





26.04.2018    çap et  çap et