525.Az

Ermənistanda hakimiyyət qovğası davam edir


 

"MOSKVA SƏRHƏDLƏRİNİ QORUDUĞU, KÜLLİ MİQDARDA İNVESTİSİYA QOYDUĞU VƏ DAİM SİLAHLA TƏCHİZ ETDİYİ BİR KOLONİYANI YARIMCƏBHƏÇİ, YARIMLİBERAL NİKOL PAŞİNYANA VERƏSİ DEYİL"

<b style="color:red">Ermənistanda hakimiyyət qovğası davam edir</b>

Ermənistanda cinayətkar Serj Sarkisyanın devrilməsiylə nəticələnən inqilabdan sonra baş nazir səlahiyyətlərini icra edən Karen Karapetyanın rəhbərlik etdiyi hakimiyyətin asanlıqla təslim olmaq istəməməsi hələ uzun müddət gərginliyin səngiməyəcəyindən xəbər verir.

Ayrı-ayrı siyasi qütblərin işğalçı ölkəylə bağlı planlarını nəzərə alsaq, növbədənkənar parlament seçkiləri ərəfəsində hadisələrin məcrasının hansı istiqamətə dəyişə biləcəyi ilə bağlı çoxsaylı proqnozlar səsləndirmək olar. Hər halda sıravi ermənilərin uzun illər girovuna çevrildiyi Sarkisyan rejimindən xilas olmalarını bayram etdiyi vaxtda hakimiyyət qovğasının kimə və nəyə xidmət edəcəyini də dərindən düşünmək lazımdır. Çünki "Erməni baharı"nın lideri Nikol Paşinyanın da dilindən səslənən Rusiya faktoru Qərb dairələrinin təsir rıçaqlarını ən azı beş pillə üstələyir.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Zahid Oruc qeyd edib ki, 21-ci əsrin əsl sensasiyası Dmitri Peskovun dilindən səslənib: "O, İrəvan küçələrində antidiktatura savaşı verdiyini deyən xalqın son anda "yaşıl adamlar" tərəfindən əziləcəyini düşünən milyonlara tamam fərqli bir hökm oxuyub. Putinin sözçüsünün dilindən çıxan iki-üç kəlmə Sarkisyanın acı taleyinin son və həlledici akkordu olub. Kim bilir, hələ neçə illər "erməni baharı"nın arxa cəbhəsində cərəyan edən məkrli oyunların gerçək üzü haqda yazılacaq romanlarda Kremlin ona xas olmayan "mötədil soyuqqanlığı"nın səbəbləri necə təsvir olunacaq? Lakin bir fakt danılmazdır: üsyankar kütləni vəcdə gətirən siqnal Moskvadan verilib".

Deputat bildirib ki, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri hər gün qlobal savaşın içərisində mühüm rol alaraq, ölkəsinin Suriya, İraq, İran və Ukrayna cəbhəsində milli təhlükəsizlik maraqları üçün vuruşduğunu ruslara və bütün dünyaya başa salmaq üçün əlində olan hər vasitədən istifadə edir: "Heç sovet dövründə hazırlıqlı informasiya generallarına Peskov qədər səlahiyyət verilmirdi. Hər kəlməsi Vladimir Putinin mövqeyi kimi qəbul edilən adam İrəvandakı satrapı ondan imdad diləyəndə bəyan edir ki, Moskva kiminsə daxili işlərinə niyə qarışmalıdır ki?! Son 100 ilin tarixini bir kənara qoyun, Ermənistanın Rusiyadan ayrıca yaşaması ürəyi bədənindən çöldə doğulmuş uşağın, yaxud, yarımçıq körpəni küveysdən qoparıb sağ qalacağına ümid olmağa bənzəyir. Təkcə müstəqillik illərində qafqazlarda gedən 3 müharibənin səbəblərini təhlil etmək kifayətdir. Levon-ter Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanın hansı xalqın iradəsi ilə taxt-taca sahib olduğunu hamı yaxşı bilir. Boris Qrızlovun təsadüfən dilindən səslənən qanadlı fikir 200 illik bir siyasətin əsl epiqrafına çevrildi: "ön cəbhə". Kimə qarşı? O qədər mənasız sualdır ki... Məgər düşmən yalnız bir cəbhədə gizlənib? NATO orduları və anqlo-saks dünyası 100 ildən artıq öz qoşunlarını çəkib gəlib Təbrizdən və Kabuldan buralarda lövbər salanda onların məqsədləri demokratiya çələngini gətirib Qafqaz çarlarının boğazına taxmaq istəyirdilər? Yaxud, Adolf Hitlerin Terek çayında çəkmələrini yudurtmaq istədiyi əsgərləri Elbrusun zirvəsinə qalxıb Stalinə hərbi salam verəsi deyildilər ki... Türkiyə 2-ci dünya müharibəsindən sonra o boyda imperiyanın maraqları qarşısında sipər çəkmək üçün ən hazırlıqlı silahlı qüvvələrini gətirib Ağrı dağının ətəyinə yığmışdı və keçmiş çekist Putin o tarixi heç vaxt unutmur. Bəs Gürcüstandan gözlənilən təhlükə necədir? Ona verilən rolu azca başa düşən və strategiyanı anlayanlar erməni forpostunun misilsiz əhəmiyyət daşıdığını yaxşı bilirlər. İran faktoru da nəzərdən qaçmır. Moskva bir az zəifləsə, fars imperiyası İrəvanı qaytarıb özünə birləşdirər. Ona görə də siz Gümrü hərbi bazasına yerləşdirilmiş İsgəndərləri Bakıya tuşlamağa tələsməyin. Əsas hədəflər bizdən çox-çox böyükdür və Kremldə superdemokratlar da əyləşsə, onların maraqları dəyişməyəcək".

Z.Oruc hesab edir ki, Peskov rus əsgərinə komanda verilmədiyini deyincə, İrəvan "Maydanı" cuşa gəldi və ölməzliyinə inanaraq, bütün sədləri yarıb bir andaca "Qış sarayı"nı tutdu: "Devrilmiş çarın aqibətindən hələ bir xəbər yoxdur. Lakin inqilabi eyforiya küçələrdə uzun on illərin köləliyindən azad olmağı bayram edərkən Dmitri Medvedev ortada qalmış erməni dövlətinin karikatur şəklinə sahib çıxaraq, Qazpromdan göndərdikləri səhmdar Karen Karapetyana telefon açıb. Orada nələrin müzakirə edildiyi hamıya aydındır. Hər halda, Moskva sərhədlərini qoruduğu, külli miqdarda investisiya qoyduğu və daim silahla təchiz etdiyi bir koloniyanı yarımcəbhəçi, yarımliberal Nikol Paşınyana verəsi deyil. Bütün erməni xalqı rejimlə savaşda əldə etdiyi qalibiyyət və tarixi kədər hissinin ağuşunda uyuduğu 24 aprel tarixində Rusiya kuratorları və xəfiyyəsi Donbasın, fərq etməz İrəvanın gələcək knyazına dəqiq "yol xəritəsi"ni təqdim edəcəklər. Yoxsa demokratikləşmə və Qərbləşmə havasına uyanlar çox uzağa gedərlər".

Deputatın sözlərinə görə, Avropa Birliyinin gizli emissarları və Qafqazda ən böyük səfarətxanasının 1200 nəfərlik heyəti, başda təcrübəli diplomat və inqilab memarı Riçard Maylz olmaqla prezidentin iqamətgahında "qızıl dağı" və Vaşinqtonun yardımını ona vəd edərkən, Medvedev qalanın gerçək sahibini təlimatlandırmaqla məşğul idi: "Qoy, hərbi hissələr kazarmaları atıb üsyançılara qoşulsun, sonra onlara başa salınacaq itəatsizliyin cəzası nədən ibarət olur. Moskva bircə gün əlini çəksə, Azərbaycan tankları Şuşaya doğru hərəkətə keçər, bax onda silahsız ordu ilə Sergey Şoyqunun ətəyindən yapışan inqilabçı ermənilər asi düşməyin bədəlini ödəyərlər.

İndi isə, həllini gözləyən vəzifələri küçələrdə çözməyin mümkünsüzlüyünü dərk etməyən və tarixən qırıldığını iddia edən bir xalq sabah inqilab məstindən ayılacaq. Axı hələ bircə nəfərin üzərində qazanılmış qələbə sarkisyançılığın tam ləğvi, bütün Ermənistandan çəkilib getməsi demək deyil. Hakimiyyətin bütün qolları keçmiş sistemin adamları üzərində qurulub. Komandasız Spartak qulların üsyanından sonra idarəetməyə hazır olduğunu bəyan edincə, maraq konfliktləri bütün müqəddəs arzuları üstələyəcək. Həm də kapitalını ölkədən çıxarmağa başlayan iqtisadi qruplar onsuz da ağır olan sosial vəziyyəti gərginləşdirəcəklər.

Hakimiyyət vakumu nə qədər sürəcək? Cənubi Qafqazın yaxın şərqləşmə təhlükəsi varmı? Dünyada mövqeyi güclənən erməniçilik regionda hansı yeni geopolitikaya səbəb ola bilər? Türkiyə seçim gündəliyinə bürününcə, nədən İrəvanın gələcəyində iştirakdan özünü kənar saxlayır? Bütün suallara yaxın vaxtlarda cavab veriləcək.

Lakin İsgəndər raketlərinin kölgəsində demokratik dövlət qurmaq xəyalı mənə Kubanın Kastro erasından sonra Lüksemburqa çevriləcəyi barəsində absurd iddiaları xatırladır".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Ermənistanda qan tökülməsə də, Ukraynadakı olaylara bənzəməyə başlayacaq: "Həqiqətən Ukraynada olduğu kimi, Ermənistanda da küçə hakimiyyəti formalaşmağa başlayır. Məsələn, Paşinyan deyib ki, Karen Karapetyan istefa verməsə insanları meydanlara səsləyəcək. Yəni Paşinyan meydanın gücünə alışıb və ondan hələ bir müddət istifadə edəcək. Başqaları da belə edəcək. Kim küçəyə çox tərəfdar toplayacaqsa, o da hakimiyyətə daha çox iddialı olacaq".

E.Şahinoğlunun sözlərinə görə, Serj Sarkisyanın istefasından sonra Ermənistanda növbədənkənar parlament seçkisi təyin olunacaq: "Bu isə o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqların intensiv mərhələsinə tezliklə keçmək mümkün olmayacaq. Bu ili də itirdik. Çünki birinci mərhələdə seçki kampaniyası keçiriləcək, ikinci mərhələdə yeni hökumət formalaşacaq və yeni hökumət özünə gələnə kimi 5-6 ay keçəcək".

ABŞ Dövlət Departamentinin Ermənistandakı hadisələrlə bağlı maraqlı açıqlama yaydığını deyən politoloq qeyd edib ki, departamentin rəsmisi Hezer Hauert Ermənistanda tərəfləri konstuktiv dialoqa çağırıb: "Amerikalı rəsminin sonrakı cümləsi diqqəti cəlb edir: "Ermənistanda sülh yolu ilə hakimiyyətin ötürülməsi Ermənistan Konstitusiyasına əsaslanmalıdır və biz Ermənistanın yeni hökuməti ilə dialoqa açığıq". Bu cümlənin qayəsi sonuncu hissədədir. Vaşinqton Ermənistanda hələ yeni hökumət qurulmadan köhnə-yeni hökuməti aşırmağa çalışan yeni qüvvələrin legitimliyini dəstəkləyib. Halbuki Nikol Paşinyanın hələ heç bir vəzifəsi yoxdur və o, Sarkisyanın ardınca onun yerində oturan Karen Karapetyanı da istefaya məcbur etmək istəyir. Vaşinqton bəyanatıyla Paşinyana ilk dəstəyini verib".

Ermənistanda maraqlı hadisələrin hələ irəlidə olduğunu deyən mərkəz sədri hesab edir ki, Nikol Paşinyan Serj Sarkisyanı istefaya məcbur etməsi yalnız birinci mərhələnin sonudur: "Paşinyan hakim Respublika Partiyasını və onun nümayəndəsi Karen Karapetyanı da tarixin arxivinə göndərmək istəyir. Bu isə asan deyil. Çünki Karen Karapetyan və illərdir hakimiyyətdə möhkəmlənən və bundan siyasi və iqtisadi dividentlər əldə edən böyük qruplaşma asanlıqla təslim olmaq istəmir. Karapetyan Paşinyanın ultimatumunu qəbul etmir. Bu isə o deməkdir ki, Ermənistanda "Məxməri inqilab" davam edəcək. Paşinyan da bunda israrlıdır. Biz işğalçı dövlətdə növbəti gərgin mərhələləri seyr etməliyik".

E.Şahinoğlu Nikol Paşinyanın keçirdiyi mətbuat konfransında suallara verdiyi cavablardan gəlinən nəticələri sıralayıb: "Birincisi, Ermənistanın yeni hakimiyyəti Rusiya ilə müttəfiqlikdən qopmayacaq. Bu, heç gözlənilmirdi də. İkincisi, yeni hakimiyyət Rusiya hərbi bazalarından imtina etməyəcək, Ermənistan Moskvanın baş rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, o cümlədən, Avrasiya İqtisadi İttifaqından çıxmayacaq. Üçüncüsü, yeni hakimiyyət əvvəlkitək Rusiya hərbçilərinin Türkiyə və İran sərhəddini qorumasında maraqlıdır. Dördüncüsü, Paşinyan Rusiya ilə dostluqdan danışarkən İranın adını daha çox çəkib və bu dövləti ölkəsi üçün strateji əhəmiyyət kəsb etdiyini dönə-dönə vurğulayıb. İrandakı rejim Paşinyanın bu sözlərdən sevincə qərq olmalıdır. Maraqlıdır ki, Paşinyana Qarabağla bağlı ya sual verilməyib, ya da o, bu haqda hələ danışmağa tələsmir".

Mərkəz sədrinin sözlərinə görə, ilk baxışdan Paşinyanın xarici siyasətlə bağlı fikirlərinin hakimiyyətdən qovduğu Serj Sarkisyanın xarici siyasətindən fərqi yoxdur: "Ancaq Paşinyandan fərqli fikir gözləmək də əbəsdir. O, Rusiyaya meydan oxuyası deyil və ya "Dağlıq Qarabağ Azərbaycana məxsusdur, işğal etdiyimiz torpaqları sahibinə qaytarmalıyıq" açıqlamasını da verməz. Ermənistanda bunu dilə gətirə biləcək siyasətçi yoxdur. Ancaq önəmli olan açıqlamalar deyil, gedişatdır. Məsələn, bir tərəfdən "Rusiya bizə qardaşdır" deyib, o biri tərəfdən strateji müttəfiqi ilə həll olunası məsələlərin var olduğuna işarə edib. Paşinyan üzərinə böyük yük götürüb, bu yükü daşımaq ona çətin olacaq. Bu yük Serj Sarkisyana belə ağır gəldi və elə ona görə də istefa vermək məcburiyyətində qaldı".

Ceyhun ABASOV

 





26.04.2018    çap et  çap et