525.Az

"Ermənistan münaqişə ocağı olduğu halda, Azərbaycan regiona rifah gətirir"


 

"Ermənistan münaqişə ocağı olduğu halda, Azərbaycan regiona rifah gətirir"<b style="color:red"></b>

"Hazırda Ermənistanda kifayət qədər acınacaqlı durumun olduğu göz önündədir. Serj Sarkisyanın baş nazir vəzifəsindən istefasından sonra etirazlar davam edir".

Bunu siyasi şərhçi Elçin Mirzəbəyli Ermənistandakı vəziyyət barədə danışakən deyib. O bildirib ki,  erməni xalqı ümumiyyətlə Sarkisyanın partiyasının hakimiyyətindən azad olmaq istəyir, buna görə də aksiyalar davam etməkdədir: "Ermənistanda keçirilən aksiyalar və Serj Sarkisyanın istefasından sonra prezident Armen Sarkisyan da verdiyi bəyanatda ölkədəki vəziyyətin çox ağır olduğunu, Sarkisyanın yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın faktiki olaraq çökdüyünü, Ermənistanın bütün regional layihələrdən kənarda qaldığını, əhalinin sosial-iqtisadi vəziyyətinin, hətta  psixoloji durumunun acınacaqlı hala düşdüyünü xüsusi vurğuladı".

Siyasi şərhçi hesab edir ki, baş verən hadisələr, Serj Sarkisyanın istefası əslində, yürüdülən siyasətin nəticəsi idi: "Təbii ki, bütün bunları Azərbaycanla müqayisə etmək mümkün deyil. Azərbaycandakı inkişaf, əhalinin ölkə rəhbərinə etimadı və dəstəyi, xalqın gələcəyə ümidlə baxması, ölkədə həyata keçirilən transmilli layihələrin özünü iqtisadiyyatımızda büruzə verməsi, nəinki Azərbaycanın iqtisadiyyatına, hətta Gürcüstan və Türkiyə iqtisadiyyatına belə təsirini göstərməsi Azərbaycanın Ermənistanla ümumiyyətlə müqayisəolunmaz halda olduğunu sübuta yetirir.

Ermənistan işğal siyasəti nəticəsində özünü təcrid vəziyyətə salıb. Azərbaycan isə təşəbbüskarı olduğu və həyata keçirdiyi layihələr nəticəsində nəinki özünə, xalqına, hətta qonşu Gürcüstana, Türkiyəyə rifah gətirir. Eyni zamanda, Ermənistan özünün siyasəti ilə regondakı dövlətlərə təhlükə yaratdığı halda, Azərbaycan Avropanın enerji təhlükəsizliyində iştirak edir, terrorizmə qarşı mübarizə aparır. Ölkəmizin beynəlxalq hüququn prinsipləri ilə bağlı bütün istiqamətlərdə fəaliyyəti birmənalıdır. Ermənistan münaqişə ocağı olduğu halda, Azərbaycan dialoq mərkəzidir və ayrı-ayrı qütblərin siyasi, hərbi rəhbərlikləri Azərbaycanda görüşərək dünyada baş verən prosesləri müzakirə edir, qlobal problemlərin həllinə nail olmağa çalışırlar. Bu baxımdan Azərbaycanla Ermənistanın heç bir mənada müqayisə olunması mümkün deyil. Bu, son proseslərdə də özünü göstərdi".

E.Mirzəbəyliyə görə, Ermənistandakı hazırkı vəziyyətin əsas səbəblərindən biri bu ölkənin işğalçı siyasətini davam etdirməsidir:

"Hazırda Ermənistanda siyasi hakimiyyətdə dəyişiklik baş verdi, daha doğrusu, Sarkisyan getdi. Eyni partiyanın nümayəndəsi baş nazir vəzifəsini icra edir. Amma Ermənistanın bugünkü durumu bütün regional layihələrdən kənarda qalmasının, iqtisadiyyatın iflasa uğramasının əsas səbəbi Azərbaycan torpaqlarını işğal altında saxlamasıdır.

Şübhəsiz ki, işğal faktına son qoyulmadan, Ermənistan heç bir halda regional layihələrdə iştirak edə bilməz. Bu baxımdan da Ermənistan üçün əsas prioritet məsələ siyasi hakimiyyətlə yanaşı, ilk növbədə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi və regionda olan bütün xalqlar və dövlətlərlə birgə yaşayış prinsiplərinə əməl etməsidir".

Qeyd edək ki, aprelin 13-dən Ermənistanda Serj Sarkisyanın baş nazir olmasına qarşı müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə etiraz aksiyalarına başlanılıb. Aprelin 17-də parlament Sarkisyanın baş nazir postuna təsdiqləyib. Lakin xalqın etirazından sonra uzun müddət hakimiyyətin müxtəlif postlarında vəzifə tutan Serj Sarkisyan aprelin 23-də baş nazir postundan istefa vermək məcburiyyətində qalıb.

Hazırda Paşinyan növbədənkənar seçkilərin keçirilməsini və müvəqqəti hökümətin yaradılmasını tələb edir.

PƏRVANƏ

 





26.04.2018    çap et  çap et