525.Az

Dövlətə və xalqa xəyanət edənlər heç zaman bağışlanmır


 

Dövlətə və xalqa xəyanət edənlər heç zaman bağışlanmır<b style="color:red"></b>

Azərbaycanın son 15 ildə keçdiyi surətli inkişaf yolunu, ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurları, demokratik yolla irəliləməsini, bütün fundamental hüquqların təmin olunmasını, sabitliyin hökm sürməsini bəzi xarici dairələrlə yanaşı, onların əlaltıları olan antimilli qüvvələr də heç cür həzm edə bilmirlər.
 
Onlar Azərbaycanın möhkəmlənməsini, regionun aparıcı dövlətinə çevrilməsini, demokratik inkişafını deyil, ölkəmizin uçuruma getməsini, qarışıqlığın yaranmasını istəyirlər. Bəzi xarici dairələrin münasibətini anlamaq olar. Azərbaycanı öz təsir dairəsində saxlamaq istəyən bu qüvvələrin ölkəmizin həyata keçirdiyi müstəqil siyasəti, regionun dialoq məkanına çevrilməsini gözləri götürmür. Buna görə də ən müxtəlif vasitələrdən istifadə etməkdən çəkinmirlər. Müxtəlif qərəzli hesabatlar hazırlayırlar, Azərbaycanın adını korrupsiya qalmaqallarında hallandırırlar. Amma istədikləri "nəticəni" əldə etməyəndə yeni böhtanlar uydurmağa başlayırlar.

Təəssüf ki, onların bu kampaniyasına dəstək verənlər də məhz xaricə sığınmış sapı özümüzdən olan baltalardır. Bu insanlar pul, dəbdəbəli həyat, Avropa ölkələrində yaşamaq xatirinə öz vətənlərini satmaqdan, ona xəyanət etməkdən belə çəkinmirlər. Əgər bu insanlar həqiqətən də vətəni düşünsəydilər, heç olmasa bir dəfə Dağlıq Qarabağ məsələsini, qaçqınların problemlərini dilə gətirərdilər. Öz vətəninin əleyhinə getmək dünyanın heç yerində yaxşı qarşılanmır. Ermənistanda iki həftəyə yaxındır ki, etiraz aksiyaları keçirilir. Baş nazir postuna yiyələnmiş qatil Serj Sarkisyan erməni xalqının tələbi ilə istefa verdi. Amma xaricdəki ermənilərin heç biri öz dövlətləri əleyhinə aksiya keçirmir. Buna qədər də cinayətkar, öz xalqını dilənçi vəziyyətinə salmış Sarkisyanın əleyhinə hansısa ölkədə aksiyanın təşkilinə şahidlik etməmişik. Baxmayaraq ki, bu gün Ermənistanda əhali qalmayıb, onlar hamısı xaricə sığınıb. Xaricdə isə Azərbaycan əleyhinə kampaniya aparıb, Dağlıq Qarabağdakı separatçı qurumu "müstəqil dövlət" kimi tanıtmağa çalışırlar. Antimilli qüvvələr bundan dərs götürüb, utanmalı idi. Amma görünür, onlar üçün əsas olan pul, özlərinin rahat həyatının təmin olunmasıdır. Vətən, dövlət, xalq anlayışı isə onlar üçün əhəmiyyət daşımır.

Qeyd edək ki, prezident İlham Əliyev andiçmə mərasimində bu məsələyə toxunaraq bildirib ki, həmin antimilli qruplaşma artıq tam marginallaşıb: "Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır".

Bu gün aldıqları sifarişi yerinə yetirərək Fransada, Almaniyada və digər Avropa ölkələrində istənilən fürsətdə, beynəlxalq tədbirlərdə öz vətəni, dövləti əleyhinə kampaniya aparanların cəhdləri heç bir nəticə verməyəcək. Necə ki, bu qüvvələrin 11 aprel prezident seçkiləri ilə bağlı ölkəmiz əleyhinə aparmaq istədikləri şər, böhtan, söyüş kampaniyası iflasa uğradı. Çünki indi Azərbaycan 90-cı illərin yenicə müstəqillik əldə etmiş Azərbaycanı deyil. Bu gün hər kəs qarşısında dünya xəritəsində öz yeri olan, sabit, möhkəm, güclü Azərbaycan görür. Ölkəmizdə keçirilmiş prezident seçkilərini izləmiş 900-ə yaxın beynəlxalq müşahidəçinin əksəriyyəti müsbət rəy versə də, məhz sifarişlə işləyən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu öz qərəzini ortaya qoydu. Amma faktsız, sübutsuz rəyləri ilə özləri biabır oldular. İndi də antimilli dairələr AŞPA-ya ayaq açıb və orda xain xislətlərini davam etdirirlər. Yenə də heç nəyə nail olmayacaqlarını özləri də yaxşı bilirlər. Çünki dövlətinə, xalqına xəyanət edən istənilən şəxs tarixin zibilxanasına atılır. Dövlətə, millətə, xalqa xəyanət edənlər heç zaman bağışlanmır. Heç bir xalq belə adamları sevmir, qəbul etmir və dövlətin, ölkənin tarixində belə insanların adı qalmır.

Mövzu ilə bağlı danışan millət vəkili Tahir Kərimli deyib ki, antimilli qüvvələrin yeri həqiqətən də tarixin zibilxanasıdırvə bunlar islah olunmayan qüvvələrdir: "O qüvvələr ki, həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda Azərbaycan əleyhinə anormal bir şəkildə fəaliyyət göstərirlər. Heç çəkinmədən də özlərinin buyruq qulu olduqlarını ortaya qoyurlar. Çünki dəfələrlə sübut olunub ki, bu qüvvələr təkcə Azərbaycan kimi kiçik ölkələri sevməyən "Soros" fondu və digər mərkəzlər tərəfindən yox, həm də Avropada, ABŞ-da, hətta qonşu ölkələrdə olan erməni sponsorlar, ya da erməni əsilli şəxslərin rəhbərlik etdiyi təşkilatlar vasitəsilə də maliyyələşir, mükafatlar alırlar".

Tahir Kərimli deyib ki, bu cür faktlar həmişə olub və bu gün də belə hallar təkrarlanır. Prezident seçkisi ərəfəsində də bütün siyasi qüvvələrə şərait yaratmaq, hətta boykot tərəfdarlarının belə, açıq meydanda istənilən kütləvi tədbirlərinin keçirilməsinə şərait yaratmaq ölkədəki demokratik durumun bir nümunəsi idi: "Amma seçkilərdə iştirak etməmək onların özlərinə bir zərbə oldu. Çünki onlar yaxşı başa düşürdülər ki, prezident seçkilərində qalib gəlmələri üçün heç bir şansları yoxdur. Xalq artıq çoxdan onları dəstəkləmir, 90-cı illərdə bu qüvvələrin ölkəni hansı hala saldıqlarını yaxşı xatırlayır. Hətta iş o yerə çatıb ki, əvvəllər bu qüvvələri dəstəkləyən ayrı-ayrı qruplar, insanlar belə, bu siyasətçilərdən, partiyalardan imtina ediblər. Ona görə də bu qüvvələr seçkinin vaxtının dəyişdirilməsini əllərində bəhanə tutaraq, boykot qərarı verdilər. Dünya praktikasına baxdıqda isə görürük ki, yalnız bizdə müxalifət belə anormal qərarlar verir. Türkiyədə də seçkilərlə bağlı oxşar qərar verildi. Yəni bu cür hallar digər ölkələrdə də olur. Bütün ölkələrdə müxalifət partiyaları belə hallara hazır olmalıdır. Lakin Azərbaycanda olan bu radikal müxalifət partiyaları seçkilərə hazır deyildi, heç oktyabrda olsaydı belə, seçkiyə hazır olmayacaqdı. Açıqdan-açığa cığallıq edərək seçkilərdə siyasi mübarizələrini ortaya qoymaq əvəzinə, stadionu seçdilər".

Millət vəkili deyib ki, özlərini radikal aparan, Azərbaycan hökuməti ilə dövləti qarışdırıb birbaşa dövlətə, dövlətçiliyə zərbə vuran, söyüşkən bir ritorikanı seçən, ölkəmizə heç bir xeyri dəyməyən, bulanıq suda balıq tutmaq sevdasında olan, ölkəmizdə sabitliyi pozmağa çalışan bu qüvvələrə ölkə başçısı ən yaxşı formada qiymət verdi: "Prezident andiçmədə birmənalı şəkildə bildirdi ki, ölkədə sabitlik olmasa, heç bir inkişaf və demokratiyadan danışmağa dəyməz. Bunu bu gün bizə yaxın olan müsəlman ölkələrində baş verən proseslərdən aşkar görürük. Bu qüvvələr ilbəil daha çox ifşa olunurlar, xarici qüvvələrə daha çox sığınmağa başlayıblar. Bu qüvvələrin xarici ağalarına özlərini göstərmək, müəyyən maliyyə qoparmaq istəkləri həmişə ortada olub, belə fəaliyyətləri də davam edəcək".

Siyasi şərhçi Azər Həsrət bildirib ki, biz hüquqi dövlətdə yaşayırıq, Azərbaycan özünə hörmət edən layiqli hüquqi dövlətdir, bu dövlətdə hər şey qanunlar çərçivəsində həll edilir. Azadlıqlar mövcuddur, ondan istifadə etmək hər kəsin haqqıdır, amma heç kim bu azadlıqlardan istifadə edərkən özünün məsuliyyət hissini unutmamalıdır.

Azər Həsrət deyib ki, marginallaşmış qruplar, yaxud da antimilli ünsürlərlə bağlı prezidentin andiçmə mərasimində ciddi mesajları oldu: "Ölkə başçısı həmin çıxışında Azərbaycanda bütün azadlıqların təmin edildiyi mesajını verdi. Ölkəmizdə ötən 15 il ərzində bütün azadlıqlar ən yüksək səviyyədə təmin edilib. Azərbaycan demokratiya və ifadə azadlığına sadiq dövlətdir, bundan sonra da belə olacaq.

Təəssüf ki, Azərbaycanda yaradılan bu şəraitdən sui-istifadə edən qüvvələr var. Siyasi mübarizə aparın, ölkənin siyasi həyatında yaxından iştirak edin, amma bütün bunları edərkən Azərbaycan dövlətinin və xalqının mənafelərini zərərli mərkəzlərə, qüvvələrə satmayın. Bunu nəzərə almayacaq insanlar və təşkilatlar antiazərbaycan qüvvələr kimi qəbul ediləcək və bundan sonra da onlara qarşı ümumxalq nifrətinin ayaqda olması qaçılmazdır".

AZAD

 





26.04.2018    çap et  çap et