525.Az

Bakının "Ekspo 2025"ə evsahibliyinə namizədliyi ilə bağlı təqdimat


 

Bakının "Ekspo 2025"ə evsahibliyinə namizədliyi ilə bağlı təqdimat <b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Bakının "Ekspo 2025" Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçirilib. Tədbirdə Azərbaycanın "Ekspo 2025" Ümumdünya Sərgisinə namizədliyini irəli sürməsi istiqamətində görülən işlər və atılacaq addımlar barədə məlumat verilib.

ADPU-nun Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev tədbiri açaraq bildirib ki, Azərbaycan siyasi cəhətdən sabit və daim inkişaf edən ölkədir. Azərbaycan mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Artıq ölkəmiz dünya miqyaslı tədbirlərin uğurla həyata keçirildiyi bir məkana çevrilib. Bu baxımdan, Bakının "Ekspo 2025" Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhər olması təbiidir. Azərbaycanda bu sahədə qazanılmış böyük təcrübə ölkəmizin bu tədbiri də lazımi səviyyədə keçirə biləcəyinə zəmin yaradır.

Gənclər və İdman Nazirliyinin Beynəlxalq standartların tətbiqi bölməsinin müdiri Məryəm Qafarzadə "Səhiyyənin gələcəyi" mövzusunda təqdimatla çıxış edərək bildirib ki, insan kapitalını inkişaf etdirmək daha yaxşı gələcək qurmaq arzumuzu gerçəkləşdirə bilər. İnsan kapitalının inkişafı  hər bir fərdə, cəmiyyətə, eyni zamanda,  ölkəyə öz müsbət təsirini göstərəcək. Yaradıcılığımız və biliklərimiz, istedad və təcrübəmiz, amalımız və arzularımız ilə insan kapitalı bizim birgə potensialımızdır. "Bakı Ekspo 2025"  cəmiyyətin hər bir sahəsinin insan intellektindən faydalanmasına, əldə olunan biliklərin tətbiqinin öyrənilməsinə əlverişli şərait yaradacaq.

"Təhsilin gələcəyi" mövzusunda təqdimatla çıxış edən Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, həyatda imkanlar sonsuzdur, lakin onların hər birinə  yalnız təhsilin inkişafı, istedadın üzə çıxması və biliklərin mənimsənilməsi ilə nail olmaq mümkündür.  "Bakı Ekspo 2025" təhsil vasitəsilə insan kapitalından maksimal dərəcədə yararlanmağın yollarına dair qlobal anlaşma əldə etmək üçün şərait yaradacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayeva "Məşğulluğun gələcəyi" mövzusunda təqdimatında bildirib ki, insan çalışdığı hər bir sahədə inkişafa və səmərəli  nəticənin əldə olunmasına can atır.  Lakin  müasir dövrdə əksər  sahələrin avtomatlaşdırıldığı bir zamanda,  işçi qüvvəsinin gələcək inkişafı barədə necə danışmaq olar? "Bakı Ekspo 2025" şəxsi, cəmiyyət və qlobal səviyyədə davamlı nailiyyətlərin əldə olunması üçün mühüm müzakirələrin aparılacağı məkana çevriləcək.

Tədbirdə maraqlı müzakirələr aparılıb, fikir və təkliflər səsləndirilib, tələbə-gənclərin sualları cavablandırılıb.

Sonda ADPU-nun SABAH qruplarının koordinator rəhbəri Lalə Mürsəlbəyova maarifləndirmə xarakterli tədbirin keçirilməsinə görə təşkilatçılara təşəkkür edib.

 





26.04.2018    çap et  çap et