525.Az

Prezidentlərin Ankara görüşü ciddi mesajlarla yadda qaldı


 

İLHAM ƏLİYEV NÖVBƏTİ DƏFƏ PREZİDENT SEÇİLDİKDƏN SONRA İLK SƏFƏRİNİ TÜRKİYƏYƏ ETMƏKLƏ İKİ ÖLKƏ ARASINDA ƏLAQƏLƏRİN XALQLARIN DOSTLUQ VƏ QARDAŞLIQ MÜNASİBƏTLƏRİNƏ ƏSASLANDIĞINI, TARİXİ KÖKLƏRƏ BAĞLI OLDUĞUNU BİR DAHA DÜNYAYA NÜMAYİŞ ETDİRDİ

<b style="color:red">Prezidentlərin Ankara görüşü ciddi mesajlarla yadda qaldı</b>

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev aprelin 23-dən 24-dək Türkiyədə rəsmi səfərdə olub.

Ənənəyə uyğun olaraq növbəti dəfə dövlət başçısı seçildikdən sonra ilk səfərini qardaş ölkəyə edən İlham Əliyev bununla Bakı ilə Ankara arasında əlaqələrin xalqların dostluq və qardaşlıq münasibətlərinə əsaslandığını, tarixi köklərə bağlı olduğunu bir daha dünyaya nümayiş etdirib.

Azərbaycan-Türkiyə strateji tərəfdaşlıq əlaqələrinin inkişafı, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsini özündə ehtiva edən səfər çərçivəsində dövlət başçısı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşərək qarşıdakı dövrdə atılacaq birgə addımlar, görüləcək müştərək fəaliyyətlərə dair anlaşmaya varıblar.

İki qardaş ölkə liderlərinin görüşündə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin effektivliyinin artırılması, TANAP layihəsinin yaxın zamanlarda istismara verilməsi kimi, iqtisadi əhəmiyyət kəsb edən məsələlərlə yanaşı, qlobal proseslərin sürətlə inkişaf etdiyi dövrdə Azərbaycanla Türkiyə arasında hərbi sahədə əlaqələrin daha da gücləndirilməsi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində ciddi nəticələrin əldə olunması istiqamətində birgə səylərin artırılması tərəflərin diqqət yetirdiyi prioritet mövzulardan idi. Təsadüfi deyil ki, prezidentlərin iştirakı ilə keçirilən VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasından sonra təşkil olunan mətbuat konfransında çıxış edən R.T.Ərdoğan ölkəsinin bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həllində, Azərbaycanın ərazi bütövlüyün təmin olunmasında dəstəyini davam etdirəcəyini bəyan edib və vurğulayıb ki, sözügedən münaqişə rəsmi Ankara üçün də milli məsələdir.

Prezident İlham Əliyev isə bu dəstəyə görə qardaş ölkə rəhbərinə təşəkkür edərək bildirib ki, Dağlıq Qarabağ məsələsində Azərbaycana ən böyük dəstəyi Türkiyə göstərir: "Rəsmi Ankara həmişə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib".

Dövlət başçısı qeyd edib ki, Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir: "Türkiyə-Azərbaycan birliyi, qardaşlığı, dostluğu möhkəmdir və çox böyük gələcəyi var".

Prezidentin Ankara səfəri ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Musa Quliyev qeyd edib ki, Azərbaycan və Türkiyə həmişə bir-birinin yanındadır. O, SİA-ya bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Ankarada türkiyəli həmkarını seçkilərdən sonra Bakıya dəvət etməsi və Ərdoğanın da birinci səfərinin Bakıya reallaşdıracağını deməsi göstərir ki, artıq bu münasibətlərdə yeni ənənəni formalaşdırıb.

Deputatın sözlərinə görə, artıq neçənci dəfədir ki, Azərbaycan prezidenti ilk səfərini Türkiyəyə edir, eləcə də qarşılıqlı olaraq Türkiyə prezidenti ilk səfərini Azərbaycana edir: "Bunun dünya üçün, eləcə də ölkə xalqları üçün çox böyük əhəmiyyəti var".

M.Quliyev bildirib ki, İlham Əliyev Türkiyə prezidenti ilə görüşü zamanı çox ciddi mesajlar verib: "Bu mesajlar Dağlıq Qarabağ, Azərbaycan-Türkiyə birliyi ilə bağlı idi".

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasına toxunan deputat xatırladıb ki, görüşdən sonra bir sıra müqavilələr, sənədlər imzalanıb: "Bu, bir daha göstərir ki, Azərbaycan və Türkiyə Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, "bir millət, iki dövlətdir". Bu siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri tarixi əhəmiyyətlidir: "İlk növbədə bu, Azərbaycan-Türkiyə prezidentlərinin seçkidən sonra ilk səfərinin bir-birinə etməsi kimi çoxdan formalaşmış bir ənənəyə sadiqlik nümunəsi kimi dəyərlidir".

Baş redaktorun sözlərinə görə, İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı iyunun 24-də keçiriləcək seçkidən sonra Bakıya dəvət etməsi bir daha təsdiqləyir ki, Azərbaycan prezidenti ilk səfərini Türkiyəyə etməsi ənənəsinə sadiq qaldığı kimi, Türkiyə rəhbərlərinin də bu ənənəni gələcəkdə də davam etdirməsini bir o qədər arzulayır və bunu məqsədə müvafiq sayır: "Türkiyədə imzalanan çoxsaylı sənədlər iki ölkənin münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olmasını şərtləndirəcək. Əldə olunmuş razılaşmalar Türkiyə-Azərbaycan qardaşlığının, əməkdaşlığının, birliyinin əbədi olduğu barədə bütün dünyaya verilən çox labüd bir mesaj kimi dəyərləndirilə bilər. Türkiyə-Azərbaycan strateji dostluğu sözün həqiqi mənasında regionda stabilliyin və təhlükəsizliyin böyük qarantlarından biridir. Eynilə də Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu iki ölkənin mövcud potensiallardan tam şəkildə istifadəsi təkcə region üçün yox, bütün dünya, o cümlədən, Avropa üçün stabillik, rifah, enerji təminatçısıdır və balans yaradan bir faktordur. Ona görə də Türkiyə ilə Azərbaycanın münasibətlərinin daha da inkişaf etdirilməsi, təkcə iki ölkəyə yox, ətrafda olan digər dövlətlərə və bütün Avropanın mənafeyinə uyğundur. Amma çox təəssüflər olsun ki, həm ətraf ölkələrdən, həm də Avropa dövlətlərindən elələri tapılır ki, Türkiyə-Azərbaycan münasibətlərinə qısqanc yanaşırlar və bəzi hallarda bunu pərdələməyə çalışırlar. Amma bu münasibətlərin fundamenti o qədər möhkəmdir ki, göstərilən səylərin heç biri onu zədələyə bilməz".

Deputat Tahir Süleymanov da hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevin seçkilərdən sonra ilk səfərini məhz Türkiyəyə etməsi iki ölkə arasında qardaşlığın, dostluğun göstəricisidir. O, "Trend"ə bildirib ki, dövlət başçısının bu səfəri iki ölkə arasında əməkdaşlıqda yeni bir mərhələ açacaq: "Bu, prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir".

T.Süleymanov qeyd edib ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası çərçivəsində bir sıra sahələr üzrə imzalanan sənədlər iki qardaş ölkə arasında əməkdaşlığın daha da dərinləşməsinə və hər iki ölkənin inkişafına xidmət edəcək.

Deputat vurğulayıb ki, Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir: "İki qardaş ölkə arasında əlaqələrin böyük tarixi var. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, biz bir millət, iki dövlətik. Rəcəb Tayyib Ərdoğan da iclasda bunu qeyd edib və həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Türkiyənin daim Azərbaycanın yanında olmasını bir daha bəyan edib. Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə qədər Azərbaycana dəstək verən ölkə olmayıb. Bu, bizi çox sevindirir və inanırıq ki, iki ölkə arasında münasibətlər bundan sonra daha da möhkəmlənəcək".

Ceyhun ABASOV

 





26.04.2018    çap et  çap et