525.Az

Könüllərdə yaşayan insan


 

Könüllərdə yaşayan insan <b style="color:red"></b>

Vətənini, elini-obasını çox sevirdi Qəmərşah müəllim. Həm də təkcə sevirdi demək azdı, çox azdı. Ana yurdun torpağının-daşının, yaşıl çəmənlərinin, gülünün-çiçəyinin dəlicəsinə vurğunu idi.

Doğma Azərbaycanımızın dağını-aranını nə qədər gəzsə də, dünyaya göz açdığı, uşaqlığını keçirdiyi, toylu-düyünlü, bəzəksiz-düzəksiz, müasirlik baxımından heç nəyi ilə fərqlənməyən Aydınkəndi həmişə arayıb axtarırdı. Azərbaycanın xəritəsinə çox da yüksəklikdə yerləşməyən bu kənddən baxırdı. Onun gözündə Aydınkənddən bütün el-oba görünürdü. Uca dağlar, gen dərələr, yaşıl meşələr, kəhrəba zəmilər, pambıq çölləri... insanın qəlbini riqqətə gətirən gözəl mənzərə yaradırdı.

Bəlkə gənc Qəmərşahın tədqiqatçılığa meyli elə bu yurd sevgisindən başlamışdı.

Qəmərşah Cavadov 1956-cı ildə Qonaqkənd orta məktəbini bitirib, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, 1961-ci ildə bu fakültəni bitirmişdi. Ali təhsili başa vurduğu ilk illərdə orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuş, lakin tədqiqatçılıq həvəsi onu tərk etməmişdi.

Qəmərşah müəllim hələ 90-cı illərin əvvəllərində deyirdi ki, milli-mənəvi dəyərlərə söykənən bənzərsiz el adətlərimiz vaxtında mütəxəssislər tərəfindən öyrənilmədiyindən, xalqın ümumi mənəvi sərvətinə çevrilə bilməyib. Odur ki, zəngin adətlərimizin dirçəlməsinə, əbədi yaşarlığına, bir sözlə, yenidən xalqımıza qaytarılmasına böyük ehtiyac olduğunu önə çəkirdi. Hər hansı bir ağsaqqalın, ağbirçəyin yaddaşında saxlanılan bu və ya digər adətimiz, yaxud mənəvi dünyamızdan xəbər verən bir nümunə indi bizlər tərəfindən qeydə alınmazsa, ulularımızın həyatdan köçməsi ilə adı çəkilən el adətləri birdəfəlik unudulacaqdır. Bu o deməkdir ki, mənəvi dünyamızın bir parçası da əlimizdən çıxacaq, məişətimizdən silinib gedəcəkdir. Məhz bu fikirləri, vətəndaş missiyası Qəmərşah müəllimi xalqımızın zəngin adət-ənənələrini, maddi və mənəvi mədəniyyətini öyrənib tədqiq edən etnoqrafların, folklorşünasların sırasına gətirib çıxarmışdı. O, 1964-66-cı illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun aspirantı olmuş, 1967-ci ildə sevimli müəllimi, akademik Əlisöhbət Sumbatzadənin rəhbərliyi ilə "XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik adətləri" mövzusunda namizədlik, 1990-cı ilin iyununda isə "Azərbaycanın xalq əkinçilik texnikası" adlı doktorluq dissertasiyası müdafiə etmişdir.

Qəmərşah müəllim Azərbaycan tarixi və etnoqrafiyasının mühüm problemləri ilə bağlı 250-dən artıq elmi əsərə imza atıb, 8 monoqrafiya ərsəyə gətirib. "Azərbaycanda əkinçilik təqvimi və xalq meteorologiyası", "Əkinçilik mədəniyyətimizin sorağı ilə", "Xalq təbabəti məişətimizdə", "Əkinçilik mədəniyyəti; ənənə və müasirlik" və digər kitabları geniş ictimai rəy doğurmuş, mütəxəssislərin bu əsərlər haqqında müsbət rəyləri elmi nəşrlərdə dərc olunmuşdur.

MDB məkanında çıxan nüfuzlu elmi jurnallarda tanınmış etnoqraf alimlər Q.Cavadovun əsərləri barədə resenziyalar yazmış, onun tədqiqatlarını yüksək dəyərləndirmiş, yurdumuzun alim oğlunun təkcə müstəqil respublikamızda deyil, ümumən Qafqazda əkinçilik mədəniyyətinin öyrənilməsində və təbliğində böyük xidmətlərini vurğulamışlar. K.Kalinovskaya, Q.Markov (Moskva), M.Osmanov (Mahaçqala), X.Ziyayev (Daşkənd), V.Qarlenko (Kiyev) və başqalarının rəyləri bu qəbildən diqqət çəkir. Qəmərşah müəllim azərbaycançılıq ideallarına sədaqətli, yurd sevgisi ilə silsilə məqalələr yazır, yurdumuzun lap qədim zamanlardan əkinçilik diyarı, soydaşlarımızın (azərbaycanlıların - red.) isə oturaq mədəniyyətə malik xalq kimi mövcudluğunu tutarlı elmi faktlar, dəlillərlə sübut edərək bir daha təsdiqləyirdi. Alimin "Sovetskaya etnoqrafiya" jurnalında və digər elmi toplularda dərc etdirdiyi məqalələr ermənilərin azərbaycanlıları gəlmə xalq, etnos kimi qiymətləndirmək cəhdlərinə güclü zərbə endirən cavab idi.

Q.Cavadov əsl vətəndaş alim, təəssübkeş ziyalı idi. O, milli münasibətlər probleminin görkəmli tədqiqatçılarından biri kimi elmi ictimaiyyətin yaddaşında qalacaqdır. Onun "Udilər", "Azərbaycanlıların azsaylı xalqları və milli azlıqları" tarixi etnoqrafik tədqiqat əsərləri müsbət rezonans doğurmuşdu.

Yaxşı yadımdadır, ustad jurnalist Nəsir İmanquliyevin yaratdığı və rəhbəri olduğu "Bakı" və "Baku" şəhər qəzetlərində işlədiyim illərdə ən fəal müəlliflərimizdən olan Qəmərşah müəllim oxunaqlı yazıları, məqalələri ilə oxucularımızın görüşünə gəlirdi. Qədim el bayramı Novruzun qeyd edildiyi ərəfədə tədqiqatçı alimin "Bakı"nın səhifələrində silsilə yazıları dərc olunurdu. Həmin materiallarda Novruz çərşənbələrinin mahiyyəti, əziz el bayramının nəcib, humanist dəyərləri mütəxəssis şərhləri kimi oxuculara çatdırılırdı. Qəmərşah müəllim Azərbaycan televiziyasının unudulmayan verilişlərindən olan, tamaşaçı ilə canlı ünsiyyət qurmağı bacaran "Səhər" musiqili-informasiya proqramının da daim arzu edilən qonağı idi və səhərsevərlərlə tez-tez görüşə gəlirdi.

"Hər bir dahi şəxsiyyətin arxasında müdrik, uzaqgörən, kamallı bir qadın dayanır" deyimində dərin həqiqət var. Doğrudan da, zəhmətsevərliyi, parlaq istedadı ilə tanınan alimin gərgin axtarışlar, tədqiqatlar aparması, elmin zirvəsini fəth etməsi üçün onun ailəsində də münbit şəraitin, ab-havanın yaradılması mühüm şərtdir. Bu cəhətdən Qəmərşah müəllimin ailəsi örnək göstərilə bilər. Alimin ömür-gün yoldaşı, tarix elmləri namizədi Esmira xanım, sözün əsl mənasında, ona arxa-dayaq, məsləkdaş, çiyindaş olub. Həyat yoldaşını bir kəlmə sözündən anlayıb. Qəmərşah müəllim doğma yurdunu el-el, oba-oba gəzib elmi tədqiqatlar aparanda da Esmira xanım ev-ailə qayğısı çəkib, balalarının təhsili və digər problemləri ilə məşğul olub.

Cavadovlar ailəsi həm də alimlər ailəsi kimi tanınır. Ailənin böyük oğlu Cavid, elmi axtarışlar aparmaq vərdişini atası Qəmərşah müəllimdən əxz eyləyib. O, "Azərbaycanda  xeyriyyəçilik  hərəkatının  tarixi"   mövzusunda dissertasiya müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru adını almışdır.

Q.Cavadov vaxtsız ölümü ilə dost-tanışlarını, doğmalarını çox məyus etdi. Ailə üzvlərinin, sədaqətli ömür-gün yoldaşı Esmira xanımın, övladları Cavid, Rəşad və Fəridin, gəlinləri Gülbəniz və Nurlanənin, nəvələri Şahin, Şahanə və Bikənin ürəyinə dağ çəkdi, hamının gözünü yolda qoydu. Qəmərşah müəllimin cismani yoxluğuna hələ də inanmayan, gözləri yaz buludu tək dolub boşalan Esmira xanımın bircə təsəllisi var: ömür-gün yoldaşı Qəmərşah müəllim Azərbaycan elminə ərməğan etdiyi əsərlərində və el sevgisində yaşayır.

 





27.04.2018    çap et  çap et