525.Az

Ötən il Qazaxıstandan Azərbaycana gələn turistlərin sayı 45% artıb


 

Ötən il Qazaxıstandan Azərbaycana gələn turistlərin sayı 45% artıb<b style="color:red"></b>

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə ölkəmizin turizm potensialına həsr olunmuş  “Azərbaycanı özün üçün kəşf et” mövzusunda tədbir keçirilib. 

Konsulluqdan 525.az-a verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycanın turizm bölgələrini özündə əks etdirən xəritələr, jurnallar, broşürlər və digər təbliğat materialları sərgisi təşkil olunub. 

Tədbirdə Manqistau vilayətin Turizm idarəsinin rəhbərliyi, vilayətdə fəaliyyət göstərən 30-dan artıq turizm şirkətinin nümayəndələri, jurnalistlər, həmçinin Azərbaycandan gəlmiş turizm şirkətlərinin nümayəndələri iştirak edib. Tədbirin əvvəlində Azərbaycanın turizm potensialına dair video çarx nümayış etdirilib. 

Daha sonra tədbiri Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov açaraq ölkəmizin iqtisadi inkişafından, son illərdə əldə etdiyi nailiyyətlərdə, xüsusi ilə turizm sektorunda qazandığı uğurlardan danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin turizm sahəsinə verdiyi diqqət və qayğı nəticəsində ölkəmizin turizm sahəsində böyük inkişafa nail olduğu, Azərbaycana gələn xarici turistlərin sayının ildən ilə artdığını bildirərək ölkəmizdə turistlər üçün yüksək səviyyəli xidmətin yaradıldığını bildirib. E.Zeynalov Qazaxıstan ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlıq imkanlarının geniş olduğunu qeyd edib. Onun sözlərinə görə, 2016-cı illə müqayisədə 2017-ci ildə Qazaxıstandan Azərbaycana gələn turistlərin sayında 45% artım müşahidə olunub. E.Zeynalov əlavə edib ki, Azərbaycana gələn Qazaxıstanlı turistlər əsasən sağlamlıq, şopinq və istirahət turlarını seçir: "Baş konsulluq tərəfindən təşkil olunmuş tədbirin əsas məqsədi dost, qardaş Qazaxıstan ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, bu işdə hər iki ölkənin turizm şirkətləri arasında əlaqələrin yaradılması və genişləndirilməsi məqsədini daşıyır". 

Daha sonra, Manqistau vilayət hakimiyyətinin Turizm şöbəsinin rəisi Jariyeva Qulsim Omarovna bildirib ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün əlverişli şərait var. O, Manqistau vilayət fəaliyyət göstərən turizm şirkətləri ilə Azərbaycanın turizm şirkətləri arasında əlaqələrin qurulmasının və genişləndirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Manqistau vilayətində turizm imkanları haqqında da məlumat verib. 

Azərbaycanın turizm şirkətinin nümayəndələri Cavid Cavadov və Fazil Atayev çıxış edərək, ölkəmizin turizm imkanları və məkanları, gənclər üçün turlar, aktiv istirahət turları, müalicəvi turlar və s. haqqında təqdimatlar keçirib.

 





28.04.2018    çap et  çap et