525.Az

Hərbi sirr (hekayə)


 

Hərbi sirr <b style="color:red">(hekayə)</b>

Vahid MƏHƏRRƏMOV 

Payız fəslinin gözəl çağları idi. Yayın qızmar günləri çoxdan arxada qalmışdı. Artıq quşların nəğməsi də, cəh-cəhi də yaydakı kimi gur deyildi. Havalar soyuduqca ağacların yarpaqlarına “dən” düşürdü. Yazın ilk günlərindən budaqların üstünə cərgə ilə düzülmüş yarpaqlar yavaş-yavaş saralır, bağ-bağat qızılı rəngə bürünürdü. Saralmış yarpaqlar zəif küləyin qarşısında belə çox duruş gətirə bilməyib, ona təslim olurdular. Yerə səpələnmiş yarpaqları isə külək bağ-bağatın içində ora-bura qovurdu.

Neçə gündən bəri havanın da qaşqabağı tutulmuşdu. Göy üzünü ağlı-qaralı buludlar almış, yağışlar yağmağa başlamışdı. Yolda-izdə palçıq əlindən tərpənmək mümkün deyildi. Hava proqnozuna görə yağışlar hələ bir neçə gün davam edəcəkdi...

Yağan aramsız yağışlar ön xəttə gedən ağır döyüşlərdə müəyyən çətinliklər yaratmışdı. Səngərlər, mövqelər palçıq içindəydi. Əvvəlki günlər kimi hücuma keçmək, döyüş tapşırıqlarını cəld yerinə yetirmək, demək olar ki, mümkün deyildi. Amma silahlar susmamışdı. Top-tüfəng gurultusu aləmi lərzəyə gətirir, qulaqları batırırdı. Soyuq havanı odlayıb keçən qaynar mərmilər göydə sürətlə süzüb hədəfə dəyir və uğultu qoparırdı. Güclü atəş səsləri dağ-daşı yerindən oynadırdı. Havadan barıt, səngərdən qan qoxusu gəlirdi. Getdikcə zəifləyən azğınlaşmış ermənilər addım-addım geri çəkilirdilər. Bu üstünlükdən, uğurdan sevinib ruhlanan əsgərlər daha inamla vuruşur, daim irəli can atırdılar. Yağılar ara-sıra müqavimət göstərir, strateji cəhətdən əlverişli yüksəklikləri qoruyub saxlamağa, əldən verməməyə çalışırdılar.

Düşmən arxasına xüsusi tapşırıqla gedən kəşfiyyatçılar mühüm məlumatlarla qayıtmışdılar. Öyrənmişdilər ki, diqqəti döyüşdən yayındırmaq məqsədi ilə ermənilərin müxtəlif təxribatlar törətmək planları var. Ona görə də hərbi hissə komandiri polkovnik Şahbazov səhər düzülüşündə şəxsi heyət qarşısında bu barədə xeyli danışdı. Qəsbkarların məkrli niyyətindən, cəbhədəki gərgin vəziyyətdən, işğalçıların təxribat törədəcəyindən söz açdı. Əsgərlərə hər addımda ehtiyatlı olmağı, hərbi sirri qorumağı, aparılan döyüş əməliyyatları barədə yad adamlarla söhbət etməməyi məsləhət gördü. Xüsusi olaraq sürücülərə tapşırdı ki, yollarda tanımadıqları adamları maşına mindirməsinlər. Çünki düşmənin təxribatçı qrupu hərbi hissəyə silah-sursat, texnika və başqa vacib yüklər daşıyan maşınları partlada bilər.

Əsgər Samir Cəfərovdan başqa hamı komandirə diqqət kəsilmişdi. Bu dəqiqələrdə onun fikri-zikri sevdiyi qızın – Dilarənin yanındaydı. O, şirin xəyallar içindəydi, sevgilisiylə görüşdüyü, danışdığı günləri xatırlayırdı. Samir xidmətə gəlməmişdən əvvəl ucaboylu, qəddi-qamətli Dilarə ilə təsadüfən rastlaşıb tanış olmuşdu və elə ilk baxışdan ona vurulmuşdu. Görüşlərinin birində isə utana-utana Dilarəyə ürəyini açmış, ona aşiq olduğunu demişdi. İstəklisi isə cavab verməyə tələsməmiş, əvvəlcə “fikirləşərəm”, – demişdi.

Növbəti görüşə qədər Samir çox həyəcan keçirmişdi. O, ürəyində Dilarənin onun sevgisinə nə cavab verəcəyini götür-qoy edir, gecə-gündüz bu barədə fikirləşirdi. Düşünürdü ki, görəsən, Dilarə ona “hə” deyəcək, yoxsa onu rədd edəcəkdi. Amma deyəsən, Samir də Dilarənin ürəyinə yatmış, onun xoşuna gəlmişdi. Çünki bir neçə gündən sonra Samir Dilarə ilə görüşəndə onun gözlərinin güldüyünü görmüşdü. Axır ki, Samir istəyinə çatmış, Dilarədən “hə” cavabını almışdı.

İstədiyi qızdan onu sevdiyini eşidəndə elə bil dünyanı Samirə vermişdilər. Sevinci yerə-göyə sığmırdı. Çünki sevgilisi məhəbbətini, istəyini rədd etməmiş, arzusunu gözündə qoymayaraq ona müsbət cavab vermişdi. Görüşdən-görüşə Samir Dilarəyə daha da möhkəm və qırılmaz tellərlə bağlanır, ürəyindəki sevgisi coşub-daşırdı.

Ata-anası el adəti ilə Dilarəgilə elçi getmiş, nişan taxmışdılar. Əsgərlikdən qayıdan kimi Samir toy edib onu evlərinə gəlin gətirmək, ailə qurmaq istəyirdi.

Xidmətdə olanda Samir Dilarədən tez-tez məhəbbət və sevgi dolu məktublar alırdı. Hər dəfə Dilarə məktubunda onun yolunu intizarla gözlədiyini yazırdı. Yaxın vaxtlarda sevgilisinin qardaşı Yaşarın toyu olacaqdı. Dilarəgilin evlərində bu işə ciddi hazırlıq işləri gedirdi. Sevgilisi məktubda toya hansı rəngdə paltar geyinəcəyinə qədər ona yazmışdı. Samir sevgilisinin məktublarını üst-üstə yığıb saxlayırdı. Onlardan Dilarənin qoxusunu alırdı. Boş vaxtı olanda isə məktubları təzədən vərəqləyib oxuyurdu. Axı, Dilarəni çox sevirdi. Toyları olacağı, ona qovuşacağı günü intizarla gözləyirdi.

Hələlik xidmətinin yalnız dörd ayı arxada qalmışdı. Bir tərəfdən də müharibənin uzanması, döyüşlərin qızışması onun qanını lap qaraldır, gələcək planlarını pozurdu. Ölənləri, yaralananları görəndə ürəyi ağrıyır, dəhşətə gəlirdi. Göz yaşlarını saxlaya bilmir, oturub hönkür-hönkür ağlayırdı. Sürücülüyü buraxıb silah götürüb vuruşmaq, ermənidən əsgər yoldaşlarının qisasını almaq istəyirdi. Amma komandirləri buna razı olmurdular. Çünki Samir sürücü kimi öz işinin öhdəsindən çox yaxşı gəlirdi.

Samir şəhid olanları görəndə fikirləşirdi ki, axı bu oğullar da dünyaya yaşamaq və sevmək üçün gəlmişdilər. Onların da ürəklərində arzuları, yollarını gözləyən valideynləri, qardaş-bacıları və sevgililəri var idi. Amma düşmənin atdığı odlu güllələr bu igid oğulların ömürlərinə son qoyurdu.

Samir əlinə silah alıb vuruşub döyüşmürdü, barıt və qan qoxuyan səngərlərdə dayanmırdı. Başqa əsgərlərə baxanda onun sağ qalmaq, müharibədən evlərinə dönmək, sevgilisinə qovuşmaq şansı daha çox idi. İş-gücü, xidməti vəzifəsi elə də ağır, qorxulu və təhlükəli olmasa da, məsuliyyətli idi. Şəhərdən göndərilən silah-sursatı, həmçinin başqa zəruri yükləri, elə də uzaqda olmayan dəmiryol stansiyasından hərbi hissənin anbarına daşıyırdi. Gecə-gündüz yol gedib yol gəlirdi. Həmişə sükan arxasında idi. Gün ərzində yüz kilometrlərlə məsafə qət edirdi. Samir kənd-kəsəyin içindən keçəndə ona əl edən adamları da maşına götürərdi. Heç kəsi yolda-izdə qoymazdı. O, ürəyiyumşaq və mərhəmətli bir insan idi. İdarə etdiyi maşın da ki, saat kimi işləyirdi. Texnikanın dilini yaxşı bilməyi də, hər addımda əlindən tutur, karına gəlirdi.

Onun atası Novruz kişi də uzun illər sürücü işləmişdi. Saç-saqqalını da sükan arxasında ağartmışdı. Samir gözlərini açıb bu işıqlı dünyaya baxanda həyətlərində maşın görmüşdü. Balaca olanda atasının dizləri üstündə oturub sükandan möhkəm-möhkəm yapışardı. Elə ki bir az böyüdü, ayağı yer tutdu, boyu uzandı özü sükan arxasına keçdi. Atası təmir işləri aparanda yanından uzağa getməzdi. Həm lazım olan açar-uçarı ona verir, həm də gücü çatan işlərə əl atırdı.

Novruz kişi dünyagörmüş adam idi. O, Samirin hərəkətlərindən texnikaya olan marağını, həvəsini hiss etmişdi. Yaşı çatan kimi Novruz kişi oğlunu sürücülük məktəbinə qoymaq fikri var idi. Buna görə də, kiçik yaşlarından ona maşın sürməyi öyrədirdi. Samirin sükanı tutub təkərləri ora-bura döndərməkdən, qaz verməkdən, siqnalı basmaqdan çox xoşu gəlirdi. O, doqquzuncu sinifdə oxuyanda artıq maşını sərbəst sürə bilirdi. Buna görə tay-tuşları, qonum-qonşuları ona bəxtəvərlik verirdilər.

Atası maşın sürməyi öyrətməklə bərabər, həmişə ona ağıllı məsləhətlər də verirdi. Deyirdi ki, bala, mərhəmətli ol, heç kəsi yolda qoyma. Heç olmasa, getdiyin yerə qədər adamları maşına götür. Belində getmir ha, dəmirdi də, nə olacaq ki? Bu, Allaha da xoş gedər, bəndəyə də. Yolda qalmaq yaman pis şeydi.

Atası neçə illər əvvəl başına gəlmiş bir hadisəni də tez-tez xatırlayıb oğluna danışardı. Bir dəfə Novruz kişi uzaq bir rayona gedərkən yağışlı və soyuq havada maşını xarab olmuşdu. Novruz kişi nə qədər ona-buna əl etsə də, heç kəs ona məhəl qoymayıb maşın saxlamamışdı. O, yolda qalıb yaman əziyyət çəkmişdi. Handan-hana insaflı bir adam gəlib çıxmışdı. Allah köməyi olmuş həmin sürücü maşını saxlayıb ona kömək etmişdi. Bu hadisədən sonra Novruz kişi yolda qalan adamın nələr çəkdiyini anlamışdı. Ona görə də, oğluna dönə-dönə tapşırırdı ki, bala, həmişə mərhəmətli ol, tanıyıb-tanımadığın heç kəsi yolda-izdə qoyma. Nə fərqi var ki, hamımız Allahın bəndələriyik. Bir dünyada, bir göyün altında yaşayırıq.

Orta məktəb illəri arxada qaldı. Attestatını alandan sonra Samir sürücülük məktəbinə üz tutdu. Kursu bitirib imtahan verdi, sürücülük vəsiqəsi aldı. Bir müddətdən sonra isə ordu sıralarına çağırıldı. Xidmətə gələndə bölük komandiri kapitan İbrahimov elə ilk gündən hərəkətlərindən, danışığından hiss elədi ki, Samir Cəfərov həm təcrübəli sürücü, həm də diribaş əsgərdir. Buna görə də təzə maşınlardan birini Samirə vermişdi. Kapitan İbrahimov ən vacib işləri əsgər Cəfərova tapşırırdı. Samir də işlərin öhdəsindən bacarıqla gəlir, xidmətinə məsuliyyətlə yanaşır, tapşırığı tez və qüsursuz yerinə yetirirdi. Amma sevgilisi Dilarə yadına düşən kimi az qalırdı ki, xidmətini də, vəzifəsini də yaddan çıxartsın. Xəyalı qanadlanıb sevgilisinin yanına uçurdu. Belə anlarda ona nə deyirdilər eşitmirdi, nə göstərirdilər görmürdü.

Tez-tez barmaqlarını qatlayıb günlərini sayırdı, təxris olunacağı ayı, günü bilmək istəyirdi. Dəqiq hesablamağa çalışırdı ki, səhvə yol verməsin. Yenidən Dilarə ilə görüşəcəyi günün həsrətiylə yaşayırdı. Vaxta isə hələ çox var idi.

Hərbi hissə komandiri düşmən təxribatından, ehtiyatlı olmaqdan, hərbi sirri qorumaqdan danışanda əsgər Samir Cəfərovun yadına yenə sevgilisi gözəl-göyçək Dilarə düşmüşdü. O, sevgilisindən dünən aldığı məktubun təsiri altından çıxa bilmirdi. Komandiri nə danışırdı, nə deyirdi Samir onların heç birini eşitmirdi. Gözləri önündə, ancaq Dilarəni görür, yalnız nişanlısını fikirləşirdi. Onunla tanış olduğu, görüşdüyü günləri yaddaşında canlandırır, xəyalən o anlara qayıdırdı.

Əsgər yoldaşları qəflətən böyrünü dürtməliyəndə Samir şirin anlarını yaşadığı xəyaldan ayıldı. Özünə gələndə gördü ki, artıq səhər düzülüşü başa çatıb. Əsgərlər sıra ilə bölüyə qayıtmağa hazırlaşırdılar. Çox keçmədi ki, kapitan İbrahimov yenə də Samirə tapşırıq verdi. O, əsgər Cəfərova yollarda tanımadığı adamları maşına götürməməyi, hərbi sirri qorumağı dönə-dönə tapşırdı.

Yanacaq götürdükdən sonra əsgər Samir Cəfərov vacib yükü gətirmək üçün hərbi hissədən çıxdı. Son günlər yollara asfalt döşəndiyindən Samir tapşırıqların arxasınca rahat gedib-gəlir, çox da vaxt itirmirdi...

Silah-sursatın vaqonlardan maşına yüklənməyi həmişəki kimi bir saata yaxın çəkdi. Hər şey hazır olan kimi o, vaxt itirmədən yola çıxdı. Yüklü olduğundan Samir maşını elə də sürətlə sürmürdü. Həm də hava bir az dumanlı və çiskinli olduğundan ehtiyatla tərpənirdi. Kəndlərin birindən keçəndə orta yaşlı, əlində kiçik çantası olan bir nəfər ona əl elədi. Hiss olunurdu ki, burada çoxdan dayanıb. Çünki onun pal-paltarı su içində idi. Yolda dayanıb ona əl edən adamı bu vəziyyətdə görəndə Samirin ona rəhmi gəldi. Bu anda kapitan İbrahimovun dedikləri onun qulaqlarında cingildədi. İstədi ki, maşını saxlamasın. Amma atasının “Bala, həmişə mərhəmətli ol, tanıyıb-tanımadığın heç kimi yolda qoyma” sözləri yadına düşəndə fikrini dəyişdi. Ötürücünü astaca ayırdı, əyləci basdı. Yüklü avtomobili yavaş-yavaş yolun kənarına verdi. Burada dayanan adam da toruna tərlan duşmuş ovçular kimi sevinə-sevinə tələsik maşının kabinəsinə mindi. Sonra Samir vaxt itirmədən avtomobili yerindən tərpətdi.

Maşına minən yad adam sürücü əsgərlə isti-isti salamlaşdı, oturub yerini bir az rahatlayandan sonra müharibəni başladıqlarına görə erməniləri söyüb lənətləməyə başladı. Bir az özünü əsgər Cəfərova doğma adam kimi göstərdi. Sonra döyüşdəki son vəziyyətlə bağlı ona bir neçə sual verdi. İlk dəfə gördüyü bu adamın şirin dili elə bil Samirin ağlını başından çıxarmışdı. Sanki hərbi sirri qorumalı olduğunu unutmuş, onu özünün ən yaxın, ən doğma adamı bilmişdi. Necə deyərlər, açmışdı sandığı, tökmüşdü pambığı. Hərbi hissədə nə qədər zabit, əsgər olduğunu, döyüşdəki son uğurları, hətta hər gün nə qədər silah-sursat daşıdığını da ona dedi. Hələ bunlar azmış kimi, üstəlik Dilarə adlı bir gözəl qızı sevdiyini, dünən ondan məktub aldığını, əsgərlikdən sonra nişanlısı ilə evlənəcəyini də danışdı.

Maşına minən düşmən casusu idi. O, hərbi sirri ona açıb danışan əsgərə diqqətlə qulaq asırdı. Onun bəxti gətirmişdi. Urcahına çox sadəlövh və mərhəmətli bir əsgər çıxmışdı. Bundan istifadə edib lazım olan bütün məlumatları yavaş-yavaş ondan öyrənirdi. Əsgəri bir az da ruhlandırmaq üçün arada yenə də erməniləri möhkəm-möhkəm söyür, yaxın günlərdə döyüşlərə yollanacağını deyirdi. Özünü elə göstərirdi ki, guya cəbhədəki uğurlara çox sevinir. Samir də onun belə saxta yanımcıllığına aldanıb özü də bilmədən bütün hərbi sirlərin üstünü açırdı.

Casus artıq ona lazım olan bütün məlumatları öyrənmiş, öz işini ustalıqla görmüşdü. İndi sakitcə düşüb getmək istəyirdi. Həm də hərbi hissəyə çatmağa az qalırdı. Qorxurdu ki, birdən ələ keçər.

Ona görə də, qarşıdakı aşırımı keçəndən sonra əsgərə burada düşmək istədiyini dedi. Samir də tələsmədən maşını yolun kənarına verib saxladı. Kabinəyə minmiş adam onunla sağollaşıb astaca aşağı tullandı. Düşərkən çantasını götürməyi “unutdu”.

Heç nədən xəbərsiz olan əsgər isə maşını ustalıqla idarə edir, dayanmadan irəliləyirdi. Birdən maşının arxa tərəfindən qulağına səs gəldi. Hiss etdi ki, təkərlərdən hansısa biri boşalıb. Ehtiyatla avtomobili yolun sağ tərəfinə döndərib saxladı. Yavaş-yavaş kabinədən düşdü. Həm sağ, həm də sol tərəfdəki təkərləri diqqətlə yoxladı. Sağ tərəfdəki təkərlərdən birinin havası azalmışdı.

Silah-sursat dolu maşını burada saxlayıb təkəri dəyişmək olmazdı. Bu həm təhlükəli idi, həm də xeyli vaxt aparardı. Mənzil başına çatmağa da çox qalmamışdı. Yavaş-yavaş sürsəydi beş-on dəqiqəyə çatardı. O, yaxınlaşıb boşalmış təkəri təpiklə vurub yoxladı. Təkərin havası tamam çıxmamışdı. Hərbi hissəyə qədər getmək olardı. Samir maşının o tərəf bu tərəfinə bir də diqqətlə baxdı. Ağlına gəldi ki, açarı götürüb həmin təkəri yoxlasın. Birdən çox boşaldığından laxlayar, açılıb düşər, onu yolda qoyar. Yükü vaxtında hərbi hissəyə çatdıra bilməz. Maşın aşar, silah-sursat partlayar. Bir hadisə baş versə, onun üçün yaxşı olmaz. İndi müharibədir, ağır döyüşlər gedir. Necə olursa-olsun, silah-sursatı hərbi hissəyə vaxtında çatdırmalıydı. Bu günə qədər heç vaxt yolda qalmamışdı. İndi də qalmaq fikri yox idi. Qorxurdu ki, səhlənkarlığına görə onu həbs edərlər. Evlərinə dönüb, yolunu gözləyən Dilarəsinə qovuşa bilməz.

Əsgər Cəfərov maşının kabinəsinə sükanın yanından deyil, o biri tərəfdən yaxınlaşdı. Həmişə burada olan iri təkər açarını götürmək üçün əlini oturacağın altına uzatdı. Birdən gördü ki, burada çanta var. Görən kimi tanıdı. Bu, onun maşınına minən yad adamın idi. Fikirləşdi ki, yəqin yadından çıxıb burada qalıb. Əlinə götürəndə çanta ona ağır gəldi. Ağzını açıb baxanda gözlərinə inanmadı. Gördü ki, içində partlayıcı qurğu var. Onu görəndə Samiri soyuq tər basdı. Amma əsgər Cəfərov sayıqlığını itirmədi. Qorxub geri çəkilmədi, tələsib onu yerə atmadı, kişi kimi ürəkli tərpəndi. Tez çantanı götürüb qaça-qaça silah-sursat dolu maşından xeyli uzaqlaşdı. Bir az aralanandan sonra onu var qüvvəsi ilə qabaqdakı dərin çalaya tulladı. Qurğu burada açılsaydı, avtomobilə heç nə olmazdı.

Çantanı xeyli uzağa atandan sonra özü də tez geri qaçmağa başladı ki, partlayış olsa, ona xətər dəyməsin. Samir on-on beş addım geri atmışdı ki, partlayış səsi ətrafı silkələdi. Güclü təkan onu yerə yıxdı. Samir zərblə torpağa dəyib huşunu itirdi. Gurultu səsi hər tərəfi silkələdi. Amma silah-sursat dolu yük maşınına heç nə olmadı. Partlayış dalğası maşına çatana qədər tamam zəiflədi. Düşmən casusu elə ölçü götürmüşdü ki, maşın hərbi hissənin ərazisində partlamalı, itki çox olmalıydı. Amma avtomobilin təkərinin boşalması və Samirin dayanıb onu yoxlaması, yolda ləngiməsi, sayıqlığını itirməyərək həyatını təhlükə qarşısında qoyub partlayıcı qurğu qoyulmuş çantanı xeyli uzağa atması, baş verəcək dəhşətli hadisənin qarşısını almışdı. Əgər əsgər Cəfərov cəld tərpənməsəydi, qorxub özünü itirsəydi, həm özü öləcək, həm də silah-sursat dolu maşın partlayacaqdı. Amma xoşbəxtlikdən hər şey yaxşı qurtardı...

Partlayış səsini eşidən kimi zabit və əsgərlər özlərini hadisə yerinə çatdırdılar. Silah-sursat dolu maşının yolun kənarında dayandığını gördülər. Yaxınlıqdakı kəndin camaatı da səsə gəlmişdi. Hamı sürücünün öldüyünü zənn edirdi. Amma bir az irəli gələndə gördülər ki, o maşından aralıda üzü üstdə yerdə döşəli qalıb. Tez yanına qaçdılar. Əsgər Cəfərov elə də böyük zədə almamışdı. Yerə yıxılanda dizləri daşa sürtülmüş, üzü cızılmışdı. Üz-gözünə su vurub nəm dəsmalla sildikdən sonra o, gözlərini açdı, huşu özünə gəldi.

Hərbçilər burada çox ləngimədilər. Başqa sürücü əsgərlərdən biri maşını asta-asta sürüb hərbi hissəyə gətirdi.

Samir özünü bir az yaxşı hiss edəndən və hər şeyi xatırlayandan sonra kapitan İbrahimovla birlikdə polkovnik Şahbazovun yanına gəldilər. Əsgər Samir Cəfərov başına gələnlərin hamısını olduğu kimi komandirə danışdı. Tanımadığı bir adamı yolda maşına götürdüyünü, ondan nələri soruşduğunu da dedi. Bütün bunları eşidəndən sonra hərbi hissə komandiri bildi ki, avtomobilə minən düşmən casusu olub. Buraxdığı səhvə görə Samiri xeyli danladı. Bir daha ona xəbərdarlıq etdi ki, yolda-izdə tanımadığı adamları maşına götürməsin.

Əsgər Cəfərov başını aşağı salıb heç nə danışmırdı. Sakitcə dayanıb komandirə diqqətlə qulaq asırdı. Bilirdi ki, hərbi sirri qorumadığına görə çox böyük səhvə yol verib. Gərək tanımadığı o adamı maşına götürməyəydi. Əgər onu avtomobil saxlamasaydı, indi heç başına bu hadisə də gəlməzdi.

Samir bir müddət hərbi hissənin tibb məntəqəsində müalicə olundu. Sağalandan sonra yenə də bölüyə qayıtdı. Təcrübəli sürücü olduğuna, texnikanı yaxşı bildiyinə görə bölük komandiri yenə də mühüm işləri ona tapşırırdı.

...Əsgər Cəfərov yenə gecə-gündüz yollardaydı. Lazım olan silah-sursatı, ərzağı və başqa zəruri yükləri vaxtlı-vaxtında hərbi hissəyə çatdırırdı. Daha əvvəlki kimi deyildi. İndi hərbi sirri möhkəm qoruyurdu. Yolda-izdə heç kəsə maşın saxlamırdı. Tanımadığı adamların da yanında heç nə danışmırdı. Hətta, Dilarəni sevdiyini də hərbi sirr kimi qoruyub saxlayır, bu barədə kimsəyə bir söz demirdi.

Yenə də hərdən sevgilisi, gözəl-göyçək Dilarəni xatırlayırdı. Ona qovuşacağı günü intizarla gözləyirdi. Bir neçə gün əvvəl sevgilisindən məktub almışdı. Dilarə onu sevdiyini və yolunu gözlədiyini yazmışdı. Samir evə qayıtmağa tələsirdi. Buna görə də, tez-tez xidmətinin nə vaxt başa çatacağını dəqiqləşdirmək üçün barmaqları ilə hesablamalar aparırdı.

Qanlı döyüşlər isə davam edirdi. Torpaqların xeyli hissəsi düşməndən azad edilmişdi. Hamının üzü gülürdü. Elə əsgər Samir Cəfərovun da. Çünki bir neçə aydan sonra valideynlərinin yanına qayıdıb sevgilisinə qovuşacaqdı...

 





05.07.2013    çap et  çap et