525.Az

Türkiyə tarixi seçim astanasında


 

Türkiyə tarixi seçim astanasında <b style="color:red"></b>

Türkiyə dövləti çox əlamətadar ictimai-siyasi hadisə astanasındadır. 2018-ci il iyunun 24-də keçiriləcək erkən seçimlə ölkənin həyatında tamamilə yeni dövrün başlanmasının əsası qoyulacaq.

95 illik Cümhuriyyət tarixində ilk dəfə olaraq ən qaynar və geniş siyasi mübarizə eyni gündə gerçəkləşdiriləcək. Ölkədə eyni gündə həm Prezident, həm də parlament seçkiləri keçiriləcək.

Türkiyədə parlament və prezident seçkilərinin keçirilməsi 2019-cu il noyarbrın 3-də nəzərdə tutulurdu. Lakin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) liderləri Rəcəb Tayyib Ərdoğan və Dövlət Baxçalının aprelin 18-də baş tutan görüşündən sonra seçkilərin planlaşdırılmış vaxtdan qabaq keçirilməsi təklifi irəli sürüldü. Təklif Türkiyə Böyük Millət Məclisinin Konstitusiya Komissiyasında müsbət qarşılandı və Məclisin plenar iclasına səsverməyə çıxarılması barədə razılığa gəlindi. Türkiyə Böyük Millət Məclisi aprelin 21-də keçirilən iclasında prezident və parlament seçkilərinin iyunun 24-də keçirilməsi ilə bağlı qərar qəbul etdi.

İstər Türkiyənin, istərsə də regionun bir çox siyasətçilərinin, ictimai təşkilatların nümayəndələrinin və sosioloqların geniş müzakirəsinə səbəb olan 18 iyun seçkiləri barədə mülahizə və təhlilər hələ də bitməyib.  

Erkən seçimə səbəb nədir?

Türkiyədə seçkilərin 1 il 5 ay irəliyə çəkilməsi zərurəti nədən yarandı? Mövzu ilə bağlı fərqli fikir və şərhlər geniş yer alsa da, 18 iyun seçkilərinin keçirilməsi tələbini doğuran ictimai-siyasi, sosial faktorların həqiqətən də aktual və Türkiyənin indiki gündəmi üçün vacibliyini hiss etmək olar. Hazırda Türkiyə çox mühüm regional siyasi proseslərin iştirakçısı kimi fəal rol oynayır, dövrün geosiyasi reallıqları, qlobalq siyasi proseslərin aktivləşməsi, təhlükəsizlik məsələləri və digər amillər seçkilərin daha tez keçirilməsini və yeni Konstitusiyanın maddələrinin icrasının tezləşdirilməsini labüd edir. Prezident RəcəbTayyib Ərdoğanın vurğuladığı kimi, bölgədə baş verən hadisələr, Suriyada aparılan antiterror əməliyyatları və xarici güclərin Suriya böhranının həlində aktivləşməsi mövcud siyasi mənzərəni açıq şəkildə sərgiləyir. Türkiyənin qarşısındakı daxili və xarici gündəmin sıxlığı göz önündədir. Makroiqtisadi tarazlıqlardan başlamış böyük investisiyalara qədər hər məsələdə çox mühüm qərarların verilməsi vacibdir. Bu amillər hazırkı dövrdə seçkilərin vaxtından əvvəl keçirilməsini gündəmə gətirib. Türkiyə hazırda yeni itisadi islahatların astanasındadır və bunu həyata keçirmək üçün mərkəzləşdirilmiş prezidentlik institunun fəaliyyətinə ehtiyac var. Xarici qüvvələrin ölkə iqtisadiyyatının inkişafını əngələmək üçün bəzi iri maliyyə maqnatlarının spekulyativ oyunlarını idarə etməsi Türkiyə üçün yenilik deyil. İqtisadi quruculuğa beynəlxalq maliyyə dairələrinin "içəridəki" kontorlarının əli ilə həyata keçirdiyi maliyyə təzyiqi vəziyyətində seçkilərin tezləşdirilməsi aktuallaşır. Digər tərəfdən, Türkiyədə 2017-ci il aprelin 16-da keçirilən referenduma əsasən yeni Konstitusiya qəbul edilib və ölkə üçün çox mühüm siyasi, ictimai, sosial hədəflər müəyyənləşdirilib. Konstitusiya dəyişikliyinin qəbulundan sonra bəzi qanunlar qüvvəyə minib, digərlərinin isə 2019-cu ildə nəzərdə tutulan seçkilərdən sonra qüvvəyə minməsi nəzərdə tutulurdu. Yeni Türkiyə quruculuğunda siyasi islahatların həyata keçirilməsi əsas şərtlərdən biri olduğundan, Prezident hökumət sisteminin tətbiqinin nə qədər tez olması Türkiyə üçün daha faydalıdır. Sabitlik və etibarlı təhlükəsizlik, güclü iqtisadi yüksəlişin zəmanəti Preziden hökumət sisteminin bütün institutlarının fəaliyyətinin tez bir zamanda təmin olunmasıdır.

Siyasi ekspertlərin fikrincə, erkən seçki Türkiyənin regional qlobal mövqeyini möhkəmləndirəcək, iqtisadiyyatda yaranmış bəzi problemləri həll edəcək, xüsusilə də, maliyyə sektorunun nizamını tənzimləyəcək, daxili bazarlardakı ixrac və istehsal qruplarına böyük bir inam verəcək.  

Seçki mübarizəsinə kimlər gedir… 

Seçkilərdə AKP-MHP ittifaqının əsas rəqibi CHP, “İYİ” Partiyası, HDP və Səadət Partiyasından ibarət koalisiya olacaq. Müxalifət digər siyasi qurumları da Ərdoğana qarşı birləşməyə çağırsa da, həmin qüvvələrin Türkiyənin siyasi həyatında və seçkili orqanlarda təmsilçiliyinin demək olar ki, yox səviyyəsində olması AKP-yə qarşı koalisiyanın gücünün yetərsizliyindən xəbər verir. Maraqlıdır ki, özünü ana müxalifət partiyası hesab edən Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıcdaroğlu siyasi mübarizədə uduzacağından ehtiyatlanaraq öz namizədlini irəli sürməyə cəsarət etmir. Partiya öz namizədinin müəyyənləşdirilməsini də yuvadır, digər siyasi təşkilatların və şəxslərin namizədliyi ətrafında mübahisələr yaşanmaqdadır. Artıq vəziyyət o həddə çatıb ki, CHP-nin millət vəkilləri arasında Ərdoğana səsə verəcəklərini söyləyənlər də az deyil. Partiyanın nüfuzlu funksionerlərindən biri olan Məhərrəm İncə partiyanın öz namizədini düzgün seçmədiyi halda Tayyib Ərdoğana səs verəcəyini bildirib.

CHP AKP-yə qarşı Türkiyənin siyasi tarixində ləkə hesab olunan addımlara da əl atmaqdan çəkinmir. 15 deputatını "İYİ" Partiyasının sıralarına keçməsini təmin edərək Maral Akşenerin seçkilərə qatılmasına şərait yaradan CHP bununla bir daha gücsüzlüyünü nümayiş etdirdi.  

AKP daha iddialı, inamlı və nikbindir...  

İndi siyasi mübarizəyə qoşulan partiya liderlərini çətin və gərgin bir proses gözləyir. İndiki seçkilər daha hazırlıqlı olmağı tələb edir. Çünki bu seçkilərdə qalib gələn siyasi qüvvə həm parlamenti və hökuməti formalaşdıracaq, həm də Xalq tərəfindən seçilən Prezident həmin siyasi təşkilatın namizədi olacaq. Bu iki mühüm siyasi prosesdən qalib çıxmaq əvvəlkindən daha ağır və məsuliyyətlidir, eyni zamanda şərəfli və qürurverici haldır. Seçkilərə hazırlıq və xalqın etimadını qazanmaq üçün atılan hər bir addımın, ən kiçik bir nüansın da rolu nəzərə alınmalı, xalqın hər bir sosial qrupu ilə daha dərindən və geniş əhatəli təmasların qurulması olduqca vacibdir.

Seçkilərin favoriti AKP və MHP-nin müttəfiqliyi ilə qurulan “Xalq koalisiyası”nı hesab etmək olar. MHP-nin koalisiyada müəyyən seçki elektoratının olmasını istisna etmək olmaz, ancaq əsas güc təbii ki, AKP-dir.

Seçkilərə daha inamla, təmkinlə və qələbə iddiası ilə qoşulan AKP-nin namizədi 2017-ci il mayın 21-də Ədalət və İnkişaf Partiyasının (AKP) Sədri postuna geri qayıdan Prezident Rəcəb Tayyib Ərdoğandır. Çünki AKP deyiləndə Ərdoğan, Ərdoğan deyiləndə AKP yada düşür.

AKP-nin siyasi komandanı, yolgöstərəni, Siyasi Lideri, düşünən beyni, döyünən qəlbi olan Ərdoğanın seçkidə qələbə qazanmasında peşəkarcasına təbliğat-təşviqat kampaniyası aparması da mühüm rol oynayır. Bu baxımdan AKP seçkilərə MHP ilə birlikdə getsə də, seçki marafonunun zirvəsində Rəcəb Tayib Ərdoğan dayanacaq. Siyasi lider artıq seçki təşviqatına hazırlıqla bağlı “qollarını çırmayıb”. Türkiyə xalqı Onun ölkənin Qərbindən Şərqinə 4 min kilometrlik məsafədə saatlarla seçicilərlə görüşü üçün darıxıb.

İndi Türkiyə və regionnun digər maraqlı qütblərində ən çox sual doğuran nüans bundan ibarətdir ki, AKP seçkilərdə qələbə qazanacaqmı? Praqmatik düşüncə sahiblərinin ümumi qənaəti belədir ki, indiki Prezident, AKP lideri Rəcəb Tayyib Ərdoğan seçkilərin ilk turunda qələbə əldə edəcək. AKP-nin seçkilərdə qalib gəlməsini şərtləndirən bir neçə mühüm fundamental əsaslar mövcuddur.  

Ərdoğan AKP-nin və Türkiyənin simasıdır... 

Ərdoğan Türkiyədə vətənpərvərliyin, dövlətə sevginin, milli iradənin hədsiz dərəcədə yüksəlişində əvəzolunmaz xidmətlərə malikdir. Son 3 ildə regionda “əzələ nümayiş etdirən” qlobal güclərin qarşısına çıxaraq Türkiyənin özünün güc olduğunu təsdiq etmək, prosesləri idarə etmək məharətini göstərmək, ölkə sərhədlərinin kənarındakı separatizmi məhv etmək üçün cəsarətli və məqsədyönlü antiterror hərəkatını genişləndirmək və istənilən nəticəyə nail olmaq AKP iqtidarının nüfuzunu daha da yüksəltdi. Suriya ərazisindəki terrorçulara qarşı aparılan “Firan qalxanı” və Afrində keçirilən “Zeytun budağı” əməliyyatların uğurla tamamlanması vətənsevər türk xalqının hökumətə olan məhəbbətini gücləndirib, insanlarda milli əhval-ruhiyyənin yüksəlişinə səbəb olub. AKP hökumətinin milli vətənpərvərlik ruhunun güclənməsində və terrorla mübarizədə möhtəşəm qalibiyyəti seçkiöncəsi siyasi dividentlərin faiz nisbətinin yüksəlməsində və qələbənin təmin olunmasında  də təkanverici rol oynayır.

Türkiyənin son illər ərzində əldə etdiyi iqtisadi uğurlar da AKP hökumətinə etimadın möhkəmliyindən xəbər verir. Türkiyənin təkcə 2018-ci ilin birinci rübü ərzində əldə etdiyi yüksək iqtisadi nailiyyətlər, siyasi, ictimai, hərbi, sosial uğurlar iqtidarın reytinqinin artımı üçün güclü faktorlardır. 3 ay ərzində Türkiyə iqtisadiyyatı Avropada ən inkişaf etmiş iqtisadiyyatlardan biri olub. İqtisadi artım 7 faizdən çox olub, ixracın həcmi artıb, yeni iri regional enerji layihələrinin gerçəkləşməsi üçün əhəmiyyətli sazişlər imzalanıb. Bu və digər amillər AKP-nin seçkilərə alnıaçıq qatılmasına, uğurlu təşviqat kampaniyasını yüksək səviyyədə təşkil etməyə, milyonlarla insanın qatıldığı möhtəşəm təbliğat marafonu keçirməyə və ən nəhaytə seçkiləri qalibiyyətlə bitirməyə möhkəm əsaslar yaradır.

Türkiyənin məşhur ictimai rəy sorğusu keçiriən qurumların hazırkı proqnozları da AKP-nin daha şanslı, qələbəyə yaxın olduğunu göstərir. Ölkədəki ən nüfuzlu reytinq agenti olan “A&G”nin son sorğusuna görə, vətəndaşların 57 faizi seçkilərdə AKP-ni dəstəkləyəcək. “Politics”, “Tüsiar”,  “Konsensus” kimi reytinq təşkilatlarının sorğularında iştirak edənlərin də 50 faizdən çoxu hazırkı iqtidarı dəstəkləyəcəklərini bildirirlər. 

Seçkilərdən sonra siyasi idarəetmədə hansı dəyişikliklər olacaq?  

Dəyişikliklərə əsasən, məhkəmə sisteminin neytrallığı və tərəfsizliyin təmin olunacaq, parlamentdə deputatların sayı 550-dən 600 nəfər qaldırılacaq, parlament seçkilərində iştirak etmək üçün yaş həddi 25-dən 18-ə endiriləcək. Parlamentin səlahiyyət müddəti 4 ildən 5 ilə qaldırılıb. Parlament və prezident seçkiləri hər 5 ildən bir, eyni gündə keçiriləcək. Silahlı Qüvvələrə aidiyyatı olan şəxslərin seçkilərdə namizəd olmalarına tətbiq edilən qadağa ləğv olunub. Parlamentin nazirləri sorğu-sual etmək, hökumətin cavabdehliyi ilə bağlı xüsusi araşdırmalar aparmaq səlahiyyətləri olmayacaq. Nazirlərin parlamentin suallarına şifahi cavab verməsi qaydası ləğv ediləcək. Prezidentliyə namizəd olmaq üçün hər bir şəxs azı 5 faiz səs toplamış partiyanın dəstəyini qazanmalıdır. Prezidentin siyasi partiyada üzvlüyünün dayandırılmasına qoyulmuş qadağa da aradan qalxacaq.

Parlament sisteminin prezidentlik üsul-idarəsi ilə dəyişdirilməsi Türkiyə Böyük Millət Məclisinin iştirakı olmadan güclü bir mərkəzi idarəçilik institunun yaranmasına səbəb olacaq. Prezident dövlətin başçısı kimi nazirləri və vitse-prezidentləri təyin etmək, yaxud vəzifədən azad etmək səlahiyyətlərinə malik olacaq. Həmçinin, prezidentə referendum və fövqəladə vəziyyət elan etmək hüquqları da verilir. Prezidentin səlahiyyətlərinin artırılması o demək deyil ki, onun fəaliyyətini təftiş etmək mümkün olmayacaq. Dövlətin birinci şəxsi kimi prezident yürütdüyü daxili və xarici siyasətə məsuliyyət daşıyacaq, ölkənin milli maraqlarına zidd siyasət həyata keçirildiyi və hüququn aliliyinə qarşı addımlar atdığı halda Türkiyə Böyük Millət Məclisinin üzvlərinin beşdə üçünün səs çoxluğu ilə məsuliyyətə cəlb olunacaq.

Parlament prezidentin əməlləri ilə bağlı cinayət işinin başlanmasına qərar verəcək. Hərbi məhkəmələr ləğv ediləcək, mülki məhkəmələrdə islahatlar aparılacaq. Hakim və prokurorluq institutu Ədliyyə Nazirliyi ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.  

2023-cü il hədəflərinə doğru... 

AKP-nin qələbə qazanması sayəsində Türkiyə 2023-cu ilədək Siyasi Lider Rəcəb Tayyib Ərdoğanla demokratik, hüquqi və iqtisadi islahatların davam etdirilməsi yolunda yeni mərhələyə daxil olacaq. 2023-cü il hədəflərinə çatmaq üçün əsas prioritetlər demokratik iqtisadi islahatlara söykənən siyasətin dərinləşdirilməsi və şaxələndirilməsi, təbii maddi qaynaqların dünya bazarlarına geniş tranziti, yaxşı hazırlanmış peşəkar insan resursları sayəsində kreativ idarəetmənin gücləndirilməsidir. Məqsəd innovasiyalara əsaslanan iqtisadiyyatın qurulması sayəsində dünya ölkələri ilə rəqabətdə Türkiyənin rolunun artırılmasına nail olmaqdır. Türkiyə yüksək texnologiyaların inkişafına investisiyaların həcmini artırmaqla, texnologiyalar istehlak edən ölkədən, texnologiyalar istehsal edən ölkəyə çevrilmək, adambaşına düşən milli gəlir baxımından yüksək gəlirli dövlətlər qrupuna yüksəlmək üçün 2023-cü il hədəflərində israrlı, iddialı və nikbindir.

 





01.05.2018    çap et  çap et