525.Az

"Otellər fasiləsiz turizm prinsipi ilə fəaliyyət göstərməlidir"


 

"Otellər fasiləsiz turizm prinsipi ilə fəaliyyət göstərməlidir" <b style="color:red"></b>

Statistik göstəricilərə görə, son bir neçə ildə Azərbaycana gələn turistlərin sayında artım müşahidə olunur.

Son illər bu sahəyə xüsusi diqqət göstərilməsi, müxtəlif dövlət proqramlarının həyata keçirilməsi, müştərilərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən addımların atılması təbii olaraq real nəticələr verməyə başlayıb. Həm də bu addımlar təkcə paytaxt Bakıda deyil, respublikanın ayrı-ayrı bölgələrində də turizmin xeyli dirçəlməsinə təkan verib. Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana 139 ölkədən 352,5 min nəfər turist gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz artım deməkdir.

Qarşıdan yay fəsli - qaynar turizm mövsümü gəlir. Ölkəmizə turizm axının daha da artması üçün hansı addımların atılması zəruridir? Mövcud turizm və rekresiya zonalarının əcnəbilər üçün cəlbedici olması üçün hansı işlərin görülməsinə ehtiyac var? Bu sahədə mövcud problemləri aradan qaldırmaq məqsədi ilə ilk növbədə nədən başlamaq lazımdır?

İqtisadçı ekspert Nazim Bəydəmirlinin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, turist axını əsasən qiymətlərin daha əlverişli, infrastrukturun və xidmət səviyyəsinin daha yüksək olduğu yerlərdə müşahidə edilir:  "Turist hər hansı bir ölkəyə getmək istəyəndə, əvvəlcə həmin ölkə haqqında araşdırma aparır, internet vasitəsi ilə məlumatlar alır. Bunun üçün də bizdə ucuz və böyük turist axınına hesablanmış layihələrin hazırlanmasına böyük ehtiyac var. Beşulduzlu, dördulduzlu otellərlə müqayisədə, sadə turistlərə hesablanmış otel şəbəkələri daha çox olmalıdır. Təəssüf ki, Azərbaycanda daha çox beşulduzlu, qiyməti baha otellər fəaliyyət göstərir. Əlbəttə, prestij baxımından bahalı və müasir standartlara cavab verən otellər də lazımdır. Amma statistikaya görə, turistlər daha çox qiymətlərin ucuz, infrastrukturun əlverişli, xidmətin yüksək səviyyədə olduğu yerlərə üstünlük verirlər. Elə özümüzdən götürək, niyə bizim vətəndaşlar istirahət üçün daha çox başqa ölkələrə üstünlük verirlər? Monitorinqlər göstərir ki, təxminən bir milyon yarım Azərbaycan vətəndaşı istirahət məqsədi ilə Gürcüstanı, yaxud da başqa ölkələri seçiblər. Bunun səbəbləri də məhz sadaladığımız amillərlə bağlıdır".

N.Bəydəmirli qiymətlərdə yerli və xarici turistlər üçün müəyyən fərqlərin olması məsələsinə də toxundu. Onun sözlərinə görə, xidmətlərdə qiymət fərqinin olması doğru deyil və bu, müştərilərdə diskomfort yaradır: "Fərqli qiymətlərin olmasını heç bir halda doğru hesab eləmirəm. Fərqli qiymətlər həmişə problemlər və keyfiyyətin aşağı salınmasına şərait yaradır".

İqtisadçı ekspert Vüqar Bayramov isə hesab edir ki, Azərbaycanda fasiləsiz turizm prinsipi inkişaf etdirilməli, turizm şirkətləri və otellər fasiləsiz turizm prinsipi ilə fəaliyyət göstərməlidir. Əcnəbi və yerli müştərilərə fərqli qiymətlərin tətbiqinə gəlincə, V.Bayramov bu məslənin əleyhinə olduğunu bildirərək qiymətlərin fərqli olması məsələsinə də münasibət bildirdi: "Hesab edirəm ki, qiymətlər fərqli olmamalıdır. Ən yaxşı hal qiymətlərin aşağı salınmasıdır. Qiymətlər endirilməlidir ki, həm yerli, həm xarici turistlər üçün cəlbedici olsun. Nəzərə alsaq ki, Avropa ölkələrində bütövlükdə turizm gəlirlərinin təxminən 80 faizini daxili turizm təşkil edir. Avropa ölkələri xaricdən gələn turistlərdən daha çox yerli turistlərdən gəlir götürürlər. Azərbaycanda da yerli və daxili turizmin dəstəklənməsinə ehtiyac var. Daxili turizmin dəstəklənməsi yolu ilə xüsusən qış turizminə daha çox turistlərin cəlb edilməsinə nail olmaq mümkündür. Təhlillər göstərir ki, qış turizminin hələ də inkişaf etməməsinin səbəbi iş adamlarının qış turizm mərkəzlərini yaratmaqda maraqlı olmamasıdır. Turizm şirkətləri ancaq iki-üç ay işləyir. Sahibkarlar ilboyu büdcə xərclərinin hamısını bir fəslin - yayın üzərinə salırlar. Elə qiymətlərin yüksək olmasının bir səbəbi də bundan qaynaqlanır. Qiymətlərin tənzimlənməsinə təşəbbüs göstərilməlidir. Qiymətləri həm yerli, həm də xarici turistlər üçün uyğunlaşdırılmalıdır. Qiymətlər turistin, vətəndaşın alıcılıq və ödəmə qabliyyətinə uyğun olmalıdır".

V. Bayramov onu da bildirdi ki, turist qəbul edən şirkətlər turistlərin təhlükəsizliyinin təminatına cavabehdlik daşımalıdır: "Xüsusən də dağ turizmində ciddi təhlükəsizlik qaydaları tətbiq olunmalıdır. Şirkətlər tərəfindən həm xidmətlərin, həm qiymətlərin, həm də təhlükəsizlik qaydalarının gözlənilməsi ilə bağlı təlimlərin keçirilməsi vacibdir. Apardığımız monitorinqlər göstərir ki, bu sahədə ciddi problemlər var. Ona görə də, şirkətlər bu standartların tətbiqinə diqqət ayırmalı, keyfiyyət standartlarına daha çox əməl etməlidirlər ki, yerli turistləri cəlb etmək mümkün olsun. Turizmin dövlət tərəfindən də dəstəklənməsi vacibdir. Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, turizmin inkişafını yalnız şirkətlər səviyyəsində təmin etmək mümkün deyil. Turizmin inkişafı ilə bağlı sənəddə qeyd edilir ki, vergi güzəştlərinin tətbiqi, subsidiyaların verilməsi, aşağı faizli kreditlər daha məqsədəuyğundur. Qeyd etdiyimiz kimi, həm şirkətlər effektli çalışsalar, həm də dövlət dəstək versə, Azərbaycanda turizmi, xüsusən də qış turizmini xeyli inkişaf etdirmək olar".

Ruzbeh MƏMMƏD

 





02.05.2018    çap et  çap et