525.Az

Zərif duyğular şairi- tərcümə şeirlər


 

Zərif  duyğular şairi- <b style="color:red">tərcümə şeirlər</b>

Moris Potsxişvili  gürcü poeziyasının görkəmli nümayəndələrindən biridir. Ötən əsrdə yaşayıb-yaradan və 63 il ömür sürən bu söz-sənət adamının adı həm öz Vətənində, həm də onun sərhədlərindən kənarda həmişə hörmətlə çəkilmiş, yaradıcılığı, zəngin poeziyası diqqət mərkəzində olmuşdur.

Onun uşaqlıq, gənclik illərinə və ümumən həyat və yaradıcılığına yaxından bələd olan şair dostlarından biri qeyd edir ki, Moris insan qəlbinin gizli duyğularına olduqca yaxından bələd olan şairdir. O, tamaşaçı, dinləyici və oxucu alqışlarından kənarda qalmadı. Amma bir çox sənət adamları kimi, o, bu alqışların sədaları altında nə xumarlanaraq məst oldu, nə də sadiq qaldığı yoldan sapındı. Əksinə, bu alqışların məsuliyyətini duyaraq, özünün şair adını, Vətəninin və xalqının böyük ədibləri sırasına həkk elədi.

Hələ sağlığında oxucular onun şeir kitablarını səbrsizliklə gözləyirdilər. O, öz ölkəsində Qalaktion Tabidze adına Dövlət Mükafatına layiq görülmüş ilk şair idi. Moris Potsxişvili rus oxucularına da yaxşı tanışdır. Poeziyada, ədəbiyyatda olduğu kimi, tərcümə sahəsində də bəxti gətirmişdi. O, digər xalqların poeziyasından gürcü dilinə tərcümələr etmiş, öz şeirləri isə müxtəlif dillərə tərcümə olunmuşdu. SSRİ Dövlət Mükafatı laureatı, rus poeziyasının klassiklərindən sayılan Vladimir Sokolov Moris Potsxişvilini gürcü poeziyasının qəlbi adlandırırdı. Onun poeziyasını Rusiyanın çox görkəmli, sayılıb-seçilən şairləri rus dilinə tərcümə etmişdilər.

Azərbaycan oxucusu M.Potsxişvili poeziyası ilə çoxdan tanışdır. Ötən əsrin 90-cı illərində – hələ şairin sağlığında qələm dostumuz İmir Məmmədli onun şeirlərinin bir qismini dilimizə tərcümə edərək, kitab halında Azərbaycan oxucularına ərmağan etmişdi. Şairin bir neçə şeirini ana dilimizə çevirib, onları Azərbaycan oxucuları ilə bölüşüb, ruhuna Tanrıdan dualar diləyirəm.


Taleh HƏMİD

 

 

Yalvarış

 

Ana, yenə...

... yenə yuxuma gəl,

Ana,

Məndən istə nə istəyirsən.

Dolama pillələrlə qalx yanıma,

Bir ağrı kimi...

Ucal, fikirlərimin külündən

Sönməyən köz kimi.

Qaranquştək qanadlan,

Çəkdiyim rəsmlərin göylərindən,

Yan keçmə suyu sıxılmış

Şeirlərimdən.

O qəmli gözlərindən

Yenə, yenə üstümə

İşıq saçıb, nur ələ...

  

Alqı-satqı

  

Əgər həyat –

Ancaq alqı-satqıdırsa,

Hər şey çox sadədi.

Əzab çəkməyə dəyməz –

Sən satırsan, səni satırlar...

  

Yer üzünün bu köhnə bazarı

Nə vaxt bağlı qalacaq,

Haçan bu satqılara

Bir son tapılacaq.

Elə bu həyat – əzəldən-axıra

Ancaq alqı-satqı olacaq...

  

Vəzir qambiti

  

Tez hücuma keçmək məqsədilə

piyadanın qurban verilməsi

  

Bütün günü şahmat

Lövhəsini seyr eləsən də –

Sonda piyadaya yazığın gələcək.

Zavallı piyada!

O, məhkumdur.

Qisməti budur,

Ya duanın, ya istehzanın

Buyruğudur.

  

Amma bizim cəsur şah

Hökm ilə buyurduğutək,

Dəyişsə  tacını, dəbilqəyə dəyişəcək.

Ah, şleyfə azacıq toxunub,

Kraliçanın şərəfinə

Necə idi ölmək?

  

Oyunçular yoruldu,

Hər şey bitdi.

Ura!

Açıldı qutu,

Piyada da, şah da

Atıldı ora.

  

Bunun üçün heyf ki,

Ağıla ehtiyac azdır.

Papağı da, tacı da

Bir yerə yığmaq

Nə qədər mənasızdır!

  

Şərəf və müharibə naminə

Biz düşmənə sinə gəririk,

Sonda isə hamımız

Hiss edirik bərabərik.

Kənardan baxan

Yorulmayan hakimdir.

Biz oynarkən bizimlə,

Görən, oynayan kimdir?

  

Nədən lövhə

Dama-dama bölünüb?

Taxta döyüşçü

Sonda hansı nəticəyə gəldi?

Adsız bir fiqurun dəli ahı

Sonsuz kədər olub,

Göyə yüksəldi...

  

Çörək tikəsi

  

Asfaltın üstünə atılı qalıb

Bir tikə çörək!

Müharibə illərinin –

Üç günlük payı.

Hamı ondan yan keçir,

Kimsə gəzişir, kimsə tələsir,

Heç kəs diqqət eləmir,

Başqası üzünü çevirib keçir.

Biri diz çökərək,

Ehtiyatla yerdən qaldırır onu.

Çiçək kimi,

Sonra ehmalca

Surahının üstünə qoyur.

  

Kim onun gözlərindəki

Şeir kitablarında

Misralara çökmüş kimi

Əzab və ağrıları oxuyacaq?

  

Təsadüfən keçən yolçu

İnsanların axınında

Birdən qeybə çəkilir,

Çoxsaylı nöqtələrtəki

Taxta ayağının

Səsləri gəlir –

Tıq... tıq... tıq...

 

Coşğun axır bizdə çay

  

Hədsiz sərin və dərindi bizdə çay,

Nabələd adam.

Coşğun, iti axır o,

Biləsən, müdam.

  

Əgər dost və qardaş kimi

Gəlməyəcəksənsə,

Nabələd adam,

Yoxdur üstündə

Körpülər bizim çayın.

Geriyə dön,

Biz tərəfə baxmayın.

  

Tənha qadın haqqında ballada

  

İndi  o, getməyir daha heç yana,

Vaxtın ağrısından doyubdur cana.

Dostlar qapısını döyürlər hərdən,

Unutmaq öyrətsin kədəri ona.

  

Çiçəklər, gülüşlər – unudulan pay,

Neçə xatirə var – dost bilibdi o,

Büllur nəlbəkidə buza dönür çay,

Bir zaman sevibdi, sevilibdi o.

  

Hər yanda həsrətin gizli izləri,

Şkafda kitablar mürgülü, oyaq,

Acı balladadır şirin illəri,

Sakit gümbüldənir qarılarsayaq...

 

 





08.07.2013    çap et  çap et