525.Az

"Çində Heydər Əliyevlə bağlı forum dərin təsir bağışladı"


 

"Çində Heydər Əliyevlə bağlı forum dərin təsir bağışladı"<b style="color:red"></b>

Bu ilin aprel ayında Azərbaycan Dillər Universiteti Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası" mövzusunda birinci beynəlxalq elmi konfrans işə başlayıb.

Öz formatına görə fərqlənən bu Konfransın bölmə iclaslarının bir ay ərzində ADU-nun tərəfdaş olduğu bir sıra xarici ölkə universitetlərində keçirilməsi nəzərdə tutulub. Keçən müddət ərzində konfransın bölmə tədbirləri artıq Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstan universitetlərində ADU-nun və yerli alimlərin iştirakı ilə öz işini başa çatdırıb. Həmin silsilədən bir tədbir də Çinin Huzhou (Huçjou) Universitetində "Bir qurşaq-bir yol: multikulturalizmin öyrənilməsi" mövzusunda keçirilib. İclasda ADU-nun nümayəndə heyəti, Huzhou Universitetinin müəllim və tələbələri, Mədəniyyətlərarası Dialoq Araşdırmaları Mərkəzinin əməkdaşları və Azərbaycanın Çindəki səfirliyinin nümayəndəsi iştirak ediblər. Tədbirdə əsas məruzə ilə ADU-nun "Azərbaycanşünaslıq" elmi laboratoriyasının əməkdaşı, Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi çıxış edib. S.Tohidi bu beynəlxalq elmi konfransın Çindəki bölmə iclası və universitetlərarası elmi əlaqələrin perspektivkləri barədə danışıb.

- Solmaz xanım, Çində keçirilən elmi tədbirin digər ölkələrdəki elmi konfranslardan fərqi var idimi?

- Bəli, var idi. Aprelin 6-da Bakıda işə başlayan Beynəlxalq elmi Konfransın genəl - əsas Proqramı Azərbaycan Dillər Universiteti tərəfindən hazırlanmışdı və əvvəlcədən onun ayrı-ayrı ölkələrdəki bölmə iclaslarının müxtəlif mövzulara həsr edilməsi nəzərdə tutulmuşdu. Bu mövzuların seçilməsi isə həmin ölkələrin Azərbaycanla tarixi, ictimai-siyasi və elmi-mədəni əlaqələrinin xüsusiyyətlərindən irəli gəlirdi. Bu baxımdan Çində keçirilən və mənim də iştirak etdiyim elmi tədbirin "Bir qurşaq - bir yol: multikulturalizmin öyrənilməsi" mövzusuna həsr edilməsi heç də təsadüfi deyildi. Bu mövzu Çin Universitetindəki həmkarlarımızla razılaşdırılmışdı və Xuçjou Universiteti tərəfindən onun işinə yalnız Çin alimləri deyil, həm də bu universitetdə elmi təcrübə keçən Rusiya, Ukrayna və Belarus tədqiqatçıları da cəlb olunmuşdu. "Bir qurşaq, bir yol" deyərkən hələ qədim dövrlərdən başlayaraq Çini Avropa ölkələri ilə birləşdirən Böyük İpək ticarət yolu nəzərdə tutulur. Bu yolun bərpa edilməsi və ən geniş miqyasda işə salınması müasir dövrdə Çinin dövlət səviyyəsində böyük əhəmiyyət verdiyi bir sahədir.

Məlumdur ki, İpək yolunun bir marşrutu tarixən Azərbaycan ərazisindən keçib və bu gün də Azərbaycanın Çinlə iqtisadi-mədəni əlaqələrinin ilk növbədə bu tarixi ənənələr əsasında qurulmasına hər iki ölkə tərəfindən ciddi önəm verilir. Bu məsələləri bizim elmi tədbirdə iştirak edən Azərbaycanın Çindəki səfirliyinin müşaviri Samir Məmmədov öz çıxışında xüsusi olaraq vurğuladı. Bizim nümayəndə heyətinin digər üzvü Çinin bütün xarici ölkələrdə yaratdığı "Konfusiy" İnstitutlarından biri kimi, bu qurumun Azərbaycan Respublikasındakı nümayəndəliyinin direktoru Rafik Abbasov öz çıxışında Çinlə Azərbaycan arasında son illərdə yaradılan elmi-mədəni əməkdaşlıq haqqında məlumat verdi, konfransın həsr olunduğu mövzunun ikinci hissəsi - "multikulturalizmin öyrənilməsi" məsələlərinə toxundu və bu gün Azərbaycanda onun dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çəkdi. Mən bu elmi tədbirdə əsas məruzəçi qismində iştirak edirdim və məqsədim "Azərbaycanda multikulturalizmin əsas xüsusiyyətləri. Tarix və müasirlik: Ənənələr və yeniliklər" adlı məruzəmdə konfrans mövzusunu təşkil edən bu iki anlayış - "İpək yolu" və "multikulturalizm" - arasında olan bağlılığı açıb göstərmək idi. Odur ki, mən, ilk olaraq tarixən "Odlar yurdu" adlanan Azərbaycanın hələ qədim zamanlardan İpək yolu üstündə yerləşməsi, onun əsas şəhərlərinin məhz bu yol ətrafında salınması, bu əlverişli coğrafi və iqtisadi şəraitin həmin ərazilərdə yaşayan müxtəlif etnosların həyat tərzinə, onların əvvəlcə bir cəmiyyət, daha sonra xalq kimi formalaşmasına təsiri kimi məsələlərini açıqladım. Daha sonra müxtəlif tarixi dövrlərdə Azərbaycana əvvəlcə İran, daha sonra Rusiya hakim dairələri tərəfindən köçürülən xalqlar və etnoslar, onların Azərbaycan ictimai mühitinə inteqrasiyası haqda məlumat verərək bu mühitdə titul xalq olan azərbaycanlıların köçürülən xalqlara münasibəti və birgə yaşayış ənənələrinin formalaşmasının, gələcəkdə "multikulturalizm" adlanacaq münasibətlərin əsasını qoyduğunu göstərdim. Bu zaman ayrı-ayrı mədəniyyətlərin daşıyıcısı olan həmin xalqların bir-birinə qoyduğu təsirdən də söhbət açdım. Məruzəmin gedişində Azərbaycanda bu dinc və tolerant yaşayış mühitinin tarix boyu yalnız ermənilər tərəfindən pozulduğu faktına da diqqət çəkdim. Eləcə də, bu günlərdə 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə olaraq Azərbaycanda yaşayan xalqların dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq eyni hüquqlara malik olması kimi mühüm hüquqi məqamların 1918-ci il 28 may tarixli İstiqlal bəyannaməsində əks olunduğunu, və beləliklə, dövlət siyasətinin əsasını təşkil etdiyini diqqətə çatdırdım. SSRİ dövründə bu siyasətin "beynəlmiləlçilik", yaxud "xalqlar dostluğu" adları altında cəmiyyətə yeridilməsi, lakin bu siyasətin Sovet dövləti dağılan kimi ölkədə milli zəmində münaqişələrin baş qaldırmasına gətirib çıxartdığı kimi həqiqətlər konfrans iştirakçılarının xüsusi diqqətinə səbəb oldu, dinləyirdilər. Azərbaycanda 1990-cı illərdə baş qaldıran separatizm hərəkatlarının, ilk növbədə Qarabağ münaqişəsinin yaratdığı xaos, azərbaycanlıların kütləvi surətdə Ermənistandan qovulması, ermənilərin Azərbaycanı tərk etməsi, ölkədə Sovet rəhbərliyinə qarşı milli-azadlıq hərəkatının güclənməsi şəraitində Azərbaycanın rəhbərliyinə qayıdan Heydər Əliyevin məhz "Azərbaycançılıq" siyasi ideologiyasını irəli sürməsi sayəsində ölkə əhalisi arasında milli razılıq əldə edildiyi, daha sonra bu siyasətin İlham Əliyev tərəfindən davam etdirilərək "multikulturalizm" adı altında bu gün dövlət siyasəti statusu aldığı kimi məqamların tarixi-siyasi köklərini əsaslandırdım. Qeyd edim ki, məruzəni daha maraqlı və cəlbedici etmək üçün mən tarixi şəkillər, xəritələr, cədvəllərdən və s. ibarət xüsusi təqdimat hazırlamışdım. Təqdimatdakı bəzi şəkillər, məs, İpək yolu üzərində salınmış Azərbaycan şəhərlərinin bu günə gəlib çıxmış arxeoloji nümunələri, qədim karvansaralar, Azərbaycan xalqını təşkil edən ayrı-ayrı etnoslar və s. kimi görüntülər konfrans iştirakçılarının xüsusi marağına səbəb olurdu. Konfransda bizdən sonra çıxış edən digər məruzəçilərin də Azərbaycan nümunəsinə müraciət etməsi, paralellər aparması, yaranan diskussiyalar, fikir mübadilələri onun çox yüksək və ciddi elmi səviyyədə keçdiyinin və bu zaman Azərbaycan xəttinin əsas olduğunun göstəricisi idi.

- Bizim nümayəndələrdən başqa Azərbaycanla bağlı çıxış edənlər var idimi?

- Bəli. Əvvəla, mən artıq qeyd etdim ki, konfransda Rusiya, Ukrayna, Belarus respublikalarından gələn alimlər mənim məruzəmlə bağlı ortaq tarixə, xüsusilə SSRİ dövrünə dair müəyyən mövzularda, eləcə də multikulturalizm məsələləri ilə bağlı, Azərbaycanla paralellər aparırdılar. Lakin zənnimcə, konfransın ən maraqlı çıxışlarından biri Xuçjou Universitetinin professoru Jun Dunun Azərbaycan və Çin mədəni əlaqələri kontekstində etdiyi məruzə oldu. Jun Du Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasının 1950-ci illərdə Pekində səhnəyə qoyulması və böyük uğur qazanması, daha sonra onun musiqisinin Çində nə qədər geniş tanınması və sevilməsi kimi məsələlərdən geniş söhbət açdı, o, tamaşaların afişalarını, Üzeyir musiqisini səsləndirən artistlərin şəkillərini nümayiş etdirdi. Onun məruzəsində müəyyən qeyri-dəqiqliklər də var idi ki, diskussiyalar zamanı bu məqamları onun nəzərinə çatdırdıq və Jun Du xanım bizə təşəkkür edərək onları mütləq nəzərə alacağını söylədi. Qeyd edim ki, yaxın günlərdə Jun Dunun da daxil olduğu Çin nümayəndə heyəti bizim konfransın mayın 4-də keçiriləcək bağlanış mərasiminə gələcəklər və biz artıq onların Üzeyir Hacıbəyovun ev-muzeyinə getməsi, bu mövzuda Çində daha geniş tədqiqatların aparılması üçün hazırlıq işləri görürük. Ümumiyyətlə isə həmin universitetlə daha yaxından əməkdaşlıq etmək, tələbə və müəllim mübadiləsi, həmçinin, birgə elmi tədqiqatlar aparmaq sahəsində konkret layihələr hazırlanır.

- Beləliklə, sizin səfər artıq öz praktiki nəticələrini verib. Solmaz xanım, bu səfərlə bağlı daha hansı təəssüratlarınız var?

- Bu təəssüratlar ilk növbədə elə qonağı olduğumuz Xuçjou Universiteti ilə bağlıdır. Məsələ ondadır ki, bizim konfransın bölmə iclasını çinli həmkarlarımız özləri üçün çox əlamətdar olan bir zamana salmışdılar. Həmin günlər Xucjou universitetinin bir təhsil müəssisəsi kimi fəaliyyətə başlamasının 102 illiyi, Universitet statusu almasının isə 60 illiyi böyük təntənə ilə qeyd edilirdi. Bu təntənələrə ABŞ, İngiltərə, Almaniya, Ukrayna, Belarus Universitetlərindən nümayəndələr gəlmişdilər və təbii ki, biz də həmin mərasimlərdə Azərbaycan nümayəndə heyəti kimi iştirak edirdik. Qeyd edim ki, Xucjou Universiteti Çinin Şanxay şəhəri yaxınlığında yerləşən, eyni adlı vilayətdə aparıcı təhsil müəssisələrindən biridir, 46 ölkədən gəlmiş 20 mindən artıq tələbəsi var, həmçinin, müxtəlif problemlərlə məşğul olan çoxsaylı elmi-tədqiqat mərkəzləri vardır. Dünyanın bir çox elmi müəssisələri ilə birbaşa əlaqələr saxlayır. Universitetin yubiley tədbirlərinə, həmçinin, Çinin digər şəhər və vilayətlərindən, eləcə də Honkonq və Tayvan Universitetlərindən də onlarla nümayəndə, eləcə də vilayətin partiya, dövlət, həmkarlar ittifaqları orqanlarının rəhbərləri gəlmişdi. Universitetin rəsmi təntənəli iclası, tələbə və müəllimlərin təşkil etdiyi çox rəngarəng musiqili-ədəbi tamaşadan sonra, adları çəkilən universitet rektorlarının və qonaqların müasir təhsil problemlərinə həsr edilmiş Forumu işə başladı. Düzü, bu Forumda müzakirə olunan məsələlərin geniş mövzu dairəsi, qaldırılan məsələlərin ciddiliyi, müxtəlif yanaşma üsulları mənə son dərəcə dərin təsir bağışladı. Maraqlı cəhət həm də onunla bağlı idi ki, təmsil olunan universitetlərin demək olar ki, hamısı, hətta Amerika, Almaniya, İngiltərə universitetləri də dövlət tərəfindən maliyyələşən təhsil müəssisələri idi və bu zaman əsas diskussiya ayrı-ayrı ölkələrdə dövlətin təhsil prosesinə nə dərəcədə müdaxilə etməsi və onların maliyyələşdirmə məsələləri ətrafında gedirdi. Sonda, bütün qonaq nümayəndə heyətləri Xuçjou Universiteti rəhbərliyinə özlərinin təbrik nitqlərini və hədiyyələrini təqdim etdilər. Tam əminliklə deyə bilərəm ki, bizim hədiyyəmiz - böyük Azərbaycan şairi Nizami Gəncəvinin portreti olan əl Xalçası tədbir iştirakçılarında daha böyük canlanma və əks-səda doğurdu. Belə ki, hədiyyəni təqdim edərkən mən Nizaminin "Yeddi gözəl" poemasından söz açdım və həmin 7 gözəllərdən birinin Çin gözəli olduğunu bildirdim və beləliklə, Nizaminin hələ XII əsrdə Çin mövzusu ilə nə qədər yaxından tanış olduğunu vurğuladım.

S.QARAYEVA

 





04.05.2018    çap et  çap et