525.Az

Elşad Ərşadoğlunun şeirləri


 

Elşad Ərşadoğlunun <b style="color:red">şeirləri</b>

Ruhuma birtəhər dəyirsən nəsə

 

Niyə belə qayğılısan, ay Allah,

Sənin də işlərin düyün düşübdü?

Gah göy guruldayır, gah şimşək çaxır –

Hər tərəfə səsin-küyün düşübdü. 

 

Ruhuma birtəhər dəyirsən nəsə,

Sirr də verməzsən ki, əsla, heç kəsə...

İnsan ki deyilsən, bir gözəl qıza

Gözün düşməyibsə, nəyin düşübdü? 

 

Dərdini-sərini ver getsin yelə,

Mənə bir xoşbəxtlik  borcun var hələ.

Boylanma ümidsiz-ümidsiz belə,

Yerin göyə qalxıb, göyün düşübdü? 

 

Sən həssas, duyğusal, mən həlim, kövrək,

Belə olmayaydıq əvvəldən gərək...

Eh...sənin də yaşamaqdan mənimtək,

Taqətin tükənib, heyin düşübdü...

Yekə dərdim

 

Məndən əvvəl kimlər çəkib,

Salıb bu kökə dərdimi?

Day qoymaram bundan sonra,

Hər yetən çəkə dərdimi.

 

Həə...deyirəm, nəfləndirim,

İçizdirib kefləndirim.

Sevincimlə evləndirim,

Çoxaldım bəlkə, dərdimi.

 

Sevindirim işıq kimi.

Xoşbəxt edim aşiq kimi.

Bütün günü uşaq kimi,

Ağlayan yekə dərdimi.

 

Dərd olmasın day heç kimə.

Sevinc çiləsin içimə.

Və beləcə sevincimə,

Eləyim nökər dərdimi...

 

Piyada keçidi

 

Keçir ürəyimdən, keçir adamlar...

Əvvəl ürəyimə gəlirlər

tənhalıqdan qorunmağa,

könüllərin ovutmağa,

göz yaşların qurutmağa,

daha nələrə, nələrə...

 

Elə ki,

işlərin sahmanladılar,

təhlükəni addatdılar,

məqsədlərinə çatdılar,

köçür ürəyimdən, köçür adamlar...

 

Beləcə,

piyada keçidindən keçən sayaq,

ürəyimdən

gəlib keçir adamlar,

təhlükədən qorunmaqçün...

Məndən piyada keçidi kimi

istifadə edirlər...

 

 

O qız sevməyəydi kaş

 

O qız dünyanın hər işini sevdi,

Ağacını sevdi, daşını sevdi,

Adamını sevdi, quşunu sevdi,

Gör sevgi nə günə qoydu o qızı.

 

Gərək ürəyinə bağlayaydı daş,

O qız sevməyəydi, sevməyəydi kaş!!!

Nə ağac, nə torpaq, nə adam, nə quş

Anladı o qızı, duydu o qızı.

 

O qız öz içində özün gizlədi,

Güldü, gülüşündə üzün gizlədi.

Sevinc üstün örtdü, çölün bəzədi,

Kədərsə içindən oydu o qızı...

 

...Allahlı, bəndəli məhv elədilər,

Ömrünü yedilər, kef elədilər.

Öldürüb içində dəfn elədilər,

Dedilər: qisməti buydu o qızın...

 

Hamı gedir

 

Hərə bir az gəzir məni,

Hərə bir az çözür məni,

Hərə bir az sevmir məni,

Hərə bir az atır gedir.

 

Zalım, qorxulu adamlar,

Həsrət qoxulu adamlar,

Ax, bu yuxulu adamlar,

Gəlib məndə yatır gedir.

Nəyi deyir ver, verirəm,

Ürək açıb sirr verirəm.

Ürəyimdə yer verirəm,

Gedən vaxtı satır gedir.

 

Gedənlər baxmır sözümə,

Gedənlər baxmır üzümə.

Gələnlər dəymir gözümə,

Elə hamı gedir, gedir...

 

Adamlar getdikcə bir-bir,

İçimdə itir səs-səmir.

Bir kimsə doymaq istəmir,

Hərə bir az dadır gedir...

 

Uzaqdan gələsi adam

 

Uzaqdan gələsi adam,

səndən başqa gəldi hamı.

Gəldi bütün gözləmədiklərim.

Harda qaldın, gəl çıx daha,

bu qədər gözlətməzlər adamı.

 

Nə vaxt gələcəksən?

Ürəyimdə qəm,

saçlarımda dən olmağamı gələcəksən?

Əzraillə bir vaxtda

canımı almağamı gələcəksən?

 

Sonra gec olacaq,

çox gec olacaq.

Bəs necə göndərim,

kimdən göndərim

mən xəbər sənə?

Tələs!!

Ağ saçlarla

ay canım-gözüm,

bəxş edə bilmərəm

ağ günlər sənə...

 

 





08.07.2013    çap et  çap et