525.Az

Təranənin ad günü - Xalq yazıçısı Anar yazır


 

Təranənin ad günü - <b style="color:red">Xalq yazıçısı Anar yazır </b>

Mayın doqquzu kiçik bacım Təranənin ad günüdür.

9 may faşist Almaniyası üzərində qələbə bayramıdır. Hər il bu axşam atəşfəşanlıq olur. Təranə uşaq olanda onu inandırmışdıq ki, bu "salyut" onun ad günü şərəfinədir.

Təranə ailəmizin sonbeşiyidir, ona həmişə atamla anam  da, böyük bacım Fidan da, mən də xüsusi nəvazişlə yanaşmışıq. Rəsul Rzanın uşaqlarçün yazdığı poeması "Təranənin oyuncaqları" adlanır. Nigar Rəfibəyli ən kövrək şeirlərindən birini Təranəyə həsr edib.

Ömrümün xəzan çağındayam
Təranə
Payız bağındayam...
Xatirəli günlər
Qızıl-qızıl yarpaqlar kimi tökülür
Ömrümün çılpaq budaqlarında
Şəfəqli bir ümid gülür
O sənsən, Təranəm,
O sənsən
Rüzgarda yaşıl bir budaq kimi əsən
O sənsən, Təranəm
O sənsən.             

2013-cü ildə Nigar Rəfibəylinin yüz illiyiylə bağlı onun haqqında "Şanlı nəsillərin yadigarıyam" adlı xatirələr, məqalələr  toplusu nəşr olundu. Kitaba ailə üzvlərinin xatirələri də daxil edilmişdi. Ən qısa və  təsirli mətn Təranəninki idi:   

"22 ildir sənsizəm. Bilsəydin bu illər başıma nələr gəldi, başımıza nələr gəldi. Sevinc dolu günlərim də oldu, ancaq sənsiz ürək dolusu sevinə də bilmədim. Gördüyün nəvələrin böyüyüb, görmədiyin nəticələrin yavaş-yavaş böyüyür. Hərdən yuxuda səsini eşidirəm. Sonra oyanıram, nə sən varsan, nə səsin. Bu ədalətsiz dünyadan çox-çox uzaqlarda görüşmək ümidi ilə qızın Təranə

2003

Köhnə məktubların və sənədlərin içində anamın 1955-ci ildə mənə yazdığı bir şeirini gördüm və mənə elə gəldi ki, məktubumun cavabını aldım: 

Təriş, Təriş, gül Təriş
Saçları sümbül Təriş
Anan çıxıb gedəndə
Sən ağlama, gül, Təriş. 

Qurban olum adına,
Anan çatsın dadına
Büzmə dodaq, ağlama
Mən düşəndə yadına.  

Təranə "başıma nələr gəldi, başımıza nələr gəldi" yazır. Əziz bacımın  ad günündə, başımıza gələnləri bir də yada salıb kədərlənmək və kədərləndirmək istəməzdim. Amma yaddaşla da bacarmaq olmur. 1981-ci ildə yüz gün içində atamızı-anamızı itirdik.  Ən yaxın qohumlarımız, dostlarımız dünyadan getdilər və bu şəxsi bəlalarımız ümumxalq dərdimizlə qovuşdu  - qövr edən Qarabağ yarasıyla.

Moskva mətbuatının, Mərkəzi televiziya kanallarının xalqımızın ünvanına min böhtan yağdırdığı günlərdə Borovikin "Pozisiya" ("Mövqe") verilişində Azərbaycanın haqq səsini çatdıran bir teleqram da səsləndi, Borovik teleqramı oxuyub imzasını da dedi: Təranə Rzayeva. Təranə bu teleqramı ailədə heç kəslə məsləhətləşmədən, heç kəsə demədən vətəndaş vicdanının tələbiylə vurmuşdu. Bu, onun təbiətinə uyğun idi, heç bir vaxt duyduqlarını, ağrılarını heç kəsə yükləmədən öz içində çəkərdi və haqsızlığa etirazını da beləcə heç kəsə bildirmədən eləmişdi. Axı heç ağlına gəlməzdi ki, teleqramını Borovik TV kanalıyla bütün ölkəyə çatdıracaq.

Təranəyçün də, bütün ailəmizçün də Abbasın 49 yaşında qəfil ölümü çox ağır itki oldu. Həyat yoldaşı Abbas Zeynalov Təranəylə bir məktəbdə oxumuşdular. İlk gənclik sevdası xoşbəxt nikahla nəticələnmişdi. Mənimlə Zemfira da bir məktəbdə bir sinifdə oxuduğumuzçün anam zarafatla: "mənim  balalarım həyat yoldaşlarını elə orta məktəbdən tapırlar" - deyirdi.

Abbas həkim idi, adicə zökəmdən tutmuş ağır naxoşluqlara  qədər ailə üzvlərimiz xəstələnəndə ilk növbədə ona üz tuturduq. Son dərəcə xeyirxah, xoşxasiyyət, qeyrətli insan idi Abbas. Gözlənilməz ölüm xəbəri bizi sarsıtdı. Dərhal evlərinə yetişib  bacımı qucaqlayanda Təranə yalnız: - Abbas yoxdur - deyib ağladı, az sonra özünü ələ aldı. Mən bir daha bacımın nə qədər böyük iradə sahibi olduğunu gördüm. Biri 24, biri 21 yaşında atadan yetim qalmış iki qızlarını - Nigarı və Bayazı  - Təranə böyütdü, təhsillərini başa çatdırdı. Ailə qurdular. İndi özləri də anadırlar, hərəsinin iki qızı var. Onların qayğısını da analarıyla birlikdə bacım çəkir. Uzun illər ali məktəbdə ingilis dili müəlliməsi kimi uğurla çalışan Təranə işdən çıxıb indi də nəvələrini böyüdür. Nənə Təranə də, övlad Təranə, həyat yoldaşı, ev xanımı Təranə, bacı Təranə kimi qayğıkeş və fədakardır.

Atamla anamın vəfatlarından sonra Təranəgil onların mənzilində  yaşayırlar və bu ailə ocağını qoruyub saxlayanlar da onlar oldu. Təranə bütün qohumlarımızın ad günlərini, xoş və kədərli günlərini bilir, hamısıyla əlaqə saxlayır. Bir sözlə, ailəmizin yaşca kiçik ağbirçəyidir. Mənim gözlərimdə isə o, kiçik bacıdan çox qızım kimidir. Ona görə hərdən  qeyri-ixtiyarı  çaşıb ona  Günel, Günelə Təranə deyirəm.

Mən orta məktəbin son sinfində oxuyanda Təranə birinci sinfə daxil olmuşdu. Çox vaxt onu məktəbə mən aparırdım. Bəzən mənim yeyin addımlarımla ayaqlaşa bilməyib geri qalırdı. Olurdu ki, hövsələsizlik edərək onu qucağıma alıb aparırdım.

9 may Təranənin yubileyidir. Adətən qadınların yaşını demirlər. Mənimçün onsuz da Təranə həm əlindən tutub məktəbə apardığım balaca bacım, həm də Fidanla birlikdə  anamın qoxusunu duyduğum doğmamdır.

Ad günün mübarək Təranə!

 





09.05.2018    çap et  çap et