525.Az

Qadın şəhər


 

Qadın şəhər<b style="color:red"></b>

Kimisinin xoşbəxtliyi, kimisinin hüznü, bəzisinin məcburiyyəti, bir çoxunun isə həyatıdır bu şəhər. Bakını deyirəm, pis sevgili kimidir; yanında olanda rahatlıq tapmırsan, uzaqlaşanda it kimi darıxırsan.

Rənglidir, qürurludur, əzəmətlidir!

Ağıllı və güclü qadınların bütün xüsusiyyətləri sanki bu şəhərdə cəmlənib. Nə hikkəsini yerə qoyur, nə də adamın yaxasından əl çəkir. Özünü dəlicəsinə sevdirir, sitayiş etdirir, birdən elə oyun açır ki, adamın çarxı dönür!

Bakı Qadın şəhərdir; gah dəli, gah nazlı, gah soyuq, gah da od kimidir! Nazını çəkənə qədər usanırsan, dəliliyinə alışana qədər öz ağlını itirirsən, soyuqluğundan donursan, istisindən yanırsan. Çoxları tərəfindən sevilən, amma həmişə tək qalan şəhər də Bakıdır. Bəzən adama elə gəlir ki, bu şəhər gözəl qadınlarla eyni həyatı yaşayır. Hərdən hirsindən yaxın durmaq olmur, hərdən də həlimliyindən məst olursan. Hər qadının bir silahı var, Bakının da silahı küləyidir. İstədiyi vaxt tozu dumana qatır, yeri yerindən oynadır, uğultusundan qulaq tutulur, əsəbindən qaçıb gizlənəcək yer axtarırsan. Qəzəbi bəzən günlərlə davam edir, qucaqlanmaq istəyirmişcəsinə... Əks halda sakitləşmək bilmir. Qırır, dağıdır!

Bakı fərqli qadındır. Ondan ayrılanda arxanı çevirib gedə bilmirsən! Nə qədər küssən də, üz döndərmirsən!

Heç getməyə də qıymırsan, çünki insandan fərqli olaraq şəhər xatirələrə daha sədaqətli, sənə daha vəfalı olur!

İtən dəyərləri gün işığına çıxaran, faciə dolu həyatların hər üzünü görən, ağrıları ana şəfqəti ilə içində saxlayan, tənhalığını bağrına basacaq qədər böyükdür Bakı!

İnsanın içində elə duyğular var ki, nə qədər güclü olsa da, bir gün mütləq keçir. Amma bəziləri vaxt ötdükcə şiddətli ehtirasa çevrilərək insanın iliyinə işləyir. Həqiqi sevgi də belədir, varlığın təməl nöqtəsində yerləşir, ən zəif damarınızdan yapışır! Ondan öncə normal həyatınız olur, amma ondan sonra qarşınızda başqa bir üfiq açılır. Sanki hər şey -  insanlar, günəş, yağış, bulud, çiçəklər yön dəyişdirir, yeni bir dünya başlayır və sən gedişata heyran qalırsan. Bax, Bakı da belədir! Əsir, coşur, qəmə qərq olur, sonra özünü toplayır! Şərab kimidir bu şəhər - gün keçdikcə keyfiyyəti artır. Gözəlləşdikcə mənəm-mənəmliyi, özünə güvəni çoxalır!

Dərin sevgilərin yaşandığı şəhərlər insanın dərisinə həkk edilən döymə kimidir. Ömürlük həyatının bir parçasına çevrilir. Nə silmək, nə də əvvələ qayıdıb, hər şeyi yenidən başlamaq və dəyişdirmək mümkün olur.

Min illər keçməsinə baxmayaraq, dəyişməyən İçərişəhər kimi...

Kəbəyə bənzəyən qapısından içəri addımını atanda sanki müqəddəs torpağa ayaq basırsan! Bu qədim şəhərin aurası səni ağuşuna necə alırsa, az qalırsan əyilib tək-tək daşından, səkisindən öpəsən. İzdihamı səngiməyən bu yerdə hər kəs harasa tələsir - bəlkə, biri sevgilisi ilə görüşə, biri ayrılıq üçün son sözünü deməyə, başqa biri ilk dəfə öpüşü dadmağa gedir. Yoxsa nədir bu həyəcan, nəyə görədir bu təlaş?

Qoşa Qala qapısından eyniadlı küçəyə doğru irəlilədikcə yeni yoğrulmuş xəmirin sacın istisinə qarışması, növbənöv qutabların qoxusu insanı bihuş edir. Küçəboyu gözə dəyən böyük samovarlardan qalxan tüstünün kəklikotu ilə birləşib yaratdığı əsrarəngiz qoxu yaxınlıqdan keçənləri məst edir!  Küçəboyu sıralanan restoranlarda boş yer tapmaq müşkülə çevrilir. Adama elə gəlir ki, hamı yenilənən, parıldayan, bəzəkli-düzəkli yerlərdən keçmişin səmimiyyətinə sığınmağı daha üstün tutur. Sanki insanlar saxta münasibətlərdən qaçıb tarixin küncündə təsəlli tapırlar!

Bəzən burada turistlər yerlilərdən daha çox gözə dəyir. Ən gözəl mənzərələri, ən yaxşı yerləri kameraların yaddaşına həkk edirlər. Heyranlıqla tarixə toxunurlar.

Son vaxtlar Qız Qalasının da başı möhkəm qarışıb. Gələni-gedəni heç əskik olmur. Dünyadakı bütün Qız qalalarının hekayəsi az-çox bir-birinə bənzəyir. Amma yenə də hər kəs fərqli nəsə eşidəcək deyə təkrar-təkrar qulaq asmaq istəyir.

Elə bu fikirlərlə gəzişirsən, birdən yadına düşür ki, çoxdandır sevgilinin üzünə həsrət qalmısan axı! Onda barmağını dişləyib yadına salırsan ki, sən də ovunmaq, sığınmaq üçün özünü tarixin qollarına atmısan! Birdən yenə boğulduğunu hiss edirsən! Ən yaxın oturacaqda əyləşərək, başını göyə qaldırıb dərindən nəfəs alırsan, görürsən ki, hava da odur, göy üzü də, ayağını basdığın torpaq da, ətini vücuda çevirərək səni ayaq üstə tutan sümüklərin də odur! Xısın-xısın ağlayaraq qısılırsan şəhərin bir küncünə. Bəlkə də, onsuzluğa görə deyil, öz tarixinin tozlu səhifələri üçündür axıtdığın gözyaşı! Ayağa qalxaraq dənizin sahilinə keçib, fikirləşə-fikirləşə gedirsən! Birdə onda ayılırsan ki, artıq Fəvvarələr meydanındasan. İnsan əlindən tərpənməyin çətin olduğu bu yerdə izdihama qarışırsan! Fontanların ətrafında sıralanan qoca yaşıl çinarlar, al-əlvan güllər səni hüzündən alıb rəngli dünyaya atır. Anlayırsan ki, bu şəhər ümiddir, təsəllidir,  ürəyini açacaq qədər sevgidir, qucağını dolduracaq qədər Qadındır!

 





12.05.2018    çap et  çap et