525.Az

Kontrabasın “ayaqları altından” ucalmaq...


 

Kontrabasın “ayaqları altından” ucalmaq...<b style="color:red"></b>

Haqqında tez-tez, uzun-uzun düşündüyüm mövzulardan biridir insanın ömrünün bəzi məqamlarında, ya da elə həmişə olduğu yerə, daşıdığı kimliyə aid hiss etməməsi.

Bir anlıq düşünün ki, varsınız, amma əslində yoxsunuz. Yəni olduğunuz yerdə, daşıdığınız kimlikdə Siz yox, bir başqası olmalı imiş. Siz isə həqiqətdə olmalı olduğunuz yerdə deyilsiniz. Ordan, Allah bilir,  nə qədər uzaqsınız: bəzən kilometrlər, bəzən illər, bəzənsə əsrlərlə... Siz siz deyilsiniz...

İnsan yaradılışı etibarilə özünü tanıma potensialına malikdir. Onun doğuluşundan ölümünə qədərki bütün həyatı özünüdərk prosesidir. Bəziləri ömrünün müəyyən bir dövründə bunun fərqinə varır və özünü tapmaq, tanımaq üçün çalışır, həyatını bu axtarışda keçirir, yaradılışın ən ali səviyyəsinə - kamilliyə qədər ucalırlar. Bəziləri isə bundan imtina edərək özünü yaradılışın ən aşağı səviyyəsinə qədər endirirlər.

Cümlələrimin qəliz və dolaşıq olduğunun fərqindəyəm. Amma yəqin ki, məni situasiyanın qəlizliyinə bağışlayarsınız...

Qəribədir, kimdən soruşsan ki, “sən kimsən?” qısaca adını, ya da ən yaxşı ehtimalla soyadını, ata adını və hazırda cəmiyyətdə tutduğu mövqeni deyəcək. Amma və lakin səni bunların heç biri maraqlandırmır. Səni həqiqətən də o insanın kim olmağı maraqlandırır. Çoxlarımız isə bu kiçik və incə nüansın fərqinə varmadan ömrümüzü davam etdirir, sonda isə kim olduğumuzu bilmədən (heç zaman da düşünmədən!) bu dünyadan çıxıb gedirik.

Təxminən bu mövzuya bu yaxınlarda Yuğ teatrındakı bir tamaşada rast gəldim. Orxan Fikrətoğlunun “İtki” və bir neçə hekayəsi əsasında hazırlanan “Fəna” tamaşasının da qayəsində insan(lar)ın özü olmaması və özünü tapmaq yolunda axtarışları dayanır. Rejissor Mir Sahib Ağazadənin quruluşu əsasında hazırlanan səhnə əsərində rəsmlərin quruluşu Əməkdar rəssam Rəşid Şərifə məxsusdur. Rolları aktyorlar Qasım Nağı, Natəvan Qeybani, Oqtay Mehdiyev və Novruz Novruzlu canlandırırlar.

“Özü”nü itirmiş bir kişi birdən-birə bunun fərqinə varır. Özü də bunun indi yox, ta illərdən, bəlkə də ən başından bəri belə olduğunu öyrənir. Həyat yoldaşı və dostu ilə bunun necə baş verdiyini araşdırmağa çalışır. Sonradan məlum olur ki, sən demə, onlar da “özlərini” itiriblərmiş. Çox çək-çevirdən sonra hər üçü öz fitrətini insan surətində görüb “özləri”nə qayıdırlar.

Janrı “bir nəfəslik mərifət oyunu” kimi təqdim olunan tamaşada Mərcan Dədənin musiqilərindən istifadə olunub.

Təəssüf ki, bu tamaşada qoyulan məsələ kifayət qədər həllini tapmayıb. Yəni insanın “özü”nü itirməsi, axtarış prosesi, sonda “özü”nü tapdığı an və keçirdiyi hisslər qaranlıq qalır, dialoqlar isə bəzi yerlərdə sayıqlamaları xatırladır.

“Fəna” tamaşasından cəmi bir neçə gün sonra yolumu Gənc Tamaşaçılar Teatrından saldım. Burada haqqında çox eşidib, izləməyə fürsət tapmadığım “Kontrabas” tamaşası oynanılırdı. Sevdiyim aktyorlardan olan Əməkdar artist, “Qızıl Dərviş” Mükafatı laureatı Şövqi Hüseynov bütün rollarında məni hər zaman yaxşı mənada heyrətləndirməyi bacarıb. Baş rolunu (həm də elə tək) canlandırdığı bu tamaşada isə birdən-birə qarşımıza tamamilə başqa insan çıxdı.

Monotamaşaları izləməyi hər zaman sevmişəm. Amma həmişə izləmədən öncə içimdə müəyyən tərəddüdlər də yaşamışam. Müəyyən müddət ərzində bir insanın monoloquna qulaq asmaq ürküdüb məni. Birdən gözlədiyim olmaz deyə...

Bu tamaşada isə gözlədiyimdən qat-qat üstün performansla qarşılaşdım. İzlədikdən sonra bütün dünyanın Gənc Tamaşaçılar Teatrının “Kontrabas” tamaşasına qarşı bu marağının və rəğbətinin səbəbini daha yaxşı anladım.

Patrik Züskindin eyniadlı pyesi əsasında rejissor İrina Perlova tərəfindən hazırlanan və  1998-ci ildən səhnəyə qoyulan “Kontrabas” monotamaşası hələ o zamandan bəri illər boyu müxtəlif beynəlxalq müsabiqə və festivallarda uğurla ölkəmizi təmsil edib, bir çoxunun qalibi olub. Azərbaycan və rus dilində oynanılan tamaşa köhnə sovet ölkələrində, Türkiyədə, İranda səhnəyə qoyulub və bir çox mükafatlara layiq görülüb, həmin ölkələrin mətbuatında haqqında söz etdirib. 

Məsələn, vaxtilə Ukraynanın Kiyev şəhərində keçirilən “Mariya” Beynəlxalq mono-tamaşalar festivalında iştirak edərkən yazıçı, teatr tənqidçisi Dmitri Drozdovski festivalda təqdim olunan ən yaxşı tamaşalar haqqında Ukraynanın “Gün” qəzetində dərc etdirdiyi “Sənət mədəniyyətin müxtəlifliyində” adlı məqaləsində ilk olaraq “Kontrabas” tamaşasından söz açmışdı.

O yazırdı ki, Şövqi Hüseynov fəlsəfi, insani hisslərlə dolu bir əsərdə qəhrəmanın dramını ustalıqla təqdim edir. Aktyor “balaca adam”ın sərhədlər tanımayan, bitib-tükənməz intellektini tamaşaçıya səmimi şəkildə ötürür. Müəllif vurğulayır ki, tamaşanın maraqlı səhnə həlli qəhrəmanın həm daxili, həm də xarici duyğularını dəqiqliklə, inandırıcı ştrixlərlə çatdıra bilib.

Xatırlayıram ki, uşaq vaxtı bizə verilən çoxsaylı öyüdlərdən biri, bəlkə də birincisi bu idi: sənətini və həyat yoldaşını düzgün seç, çünki ömrünü bu ikisiylə paylaşacaqsan. Neçəmiz zamanı gələndə bu öyüdə əməl etdik, bilmirəm. Hələ bu məsləhəti verənlərin özlərinin belə buna əməl edə bilib-bilməməyindən əmin deyiləm. Amma bir saatlıq tamaşa boyunca qulaqlarımda bu öyüd səslənirdi...

Tamaşa teatrın kiçik zalında nümayiş olunurdu. Burada ilk dəfə olurdum. İşdən çıxıb birbaşa teatra gəldiyimdən gecikmək qorxusu ilə qaranəfəs çatdırmışdım özümü. Düz vaxtında. Zal ağzına qədər adamla dolu idi, oturmağa yer qalmamışdı. Amma şərt harda oturmaq deyil, tamaşanı izləməkdir deyib özümə yer etdikdən dərhal sonra zal qaranlığa büründü. O təlaşla səhnəyə baxmağa fürsətim olmamışdı. Qaranlığın içərisindən bir nur kimi doğulan səhnə sonradan diqqətimi çəkdi. Səhnənin düz ortasında  daş heykəli xatırladan böyük bir kontrabas qoyulmuşdu. İlk dəfə bu boyda kontrabas görürdüm. Təbii ki, o real ölçülərindən ən az iki dəfə böyük idi. Elə bu böyüklüyün vahiməsi ilk baxışdan insanın ürəyinə işləyirdi.

Səhnə işıqlananda kontrabasın “ayaqları altında” yatan aktyorun sayaqlamalarını eşidirik. O, “Sara” deyə bir qızı çağırır. Hələ tanımadığımız, kölgəsində yatdığı kontrabasın sayəsində kontrabasçı olduğunu təxmin etdiyimiz qəhrəmanın bizə tanış olmayan əzabları bu bir sözə “Sara”ya çöküb sanki...

Qəhrəman birdən-birə yuxudan oyanıb, yerindən dik atılır. Və sanki hesabat verirmiş kimi başlayır danışmağa...

Bu əsnada diqqətimi Şövqi Hüseynovla kontrabasın arasındakı boy fərqi cəlb edir. Qəhrəman bayaq kölgəsində yatdığı kontrabasın yanında cılız, balaca və çarəsiz görünür. Olduqca böyük istedada sahib aktyorun oyunu ilə monotamaşa sanki bir nəfərlilikdən çıxır, kontrabas da canlı insan kimi oyuna daxil olur və biz iki iştirakçısı olan tamaşa izləyirik.

Təxminimizdə yanılmamışıq. Qəhrəmanımız həyatda çox sadə mövqeyə sahib bir musiqiçidir. Daha dəqiq desək, kontrabasçı. Artıq iyirmi ildən çoxdur ki, bu işlə məşğuldur. Yuxuda sayaqladığı ad isə aşiq olduğu opera “ulduzu”dur. Onunla bir orkestrda çalışır. Amma nə yazıq ki, bu gözəl xanım onun fərqində belə deyil. Çünki kontrabas orkestrdə elə də diqqətçəkən deyil. Axı, o, təkbaşına heç bir musiqini ifa edə bilməz.

Qəhrəman bunu acı şəkildə etiraf edərkən mənim yadıma Azərbaycan kinosunun incilərindən olan “Bəxtiyar” filmindən bir replika düşür: “Mən? Tək? Kontrabasda?” Elə onda fərqinə varıram ki, mən kontrabasla ilk dəfə məhz o kino vasitəsilə tanış olmuşam. Ətrafıma baxıb, tamaşaya tək gəldiyimi xatırlayanda isə bu replikanın səhnədəkindən daha çox, mənə aid olduğunu görüb təbəssüm etməkdən özümü saxlaya bilmirəm.

Şövqi Hüseynov isə monoloqunda mövzuları bir-birinin ardınca sıralayır. Məsələn, indi xanıma olan sevgisindən danışır. Ona etiraf etmək istəyir ki, tənhalığının ən kəskin anlarında, qaranlıq və səssiz otaqlarda belə onun məlahətli səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir.

Birdən qəhrəman özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində həmin məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı.

Bütün bu məqamlarda onu tək dinləyən və yeganə ünsiyyət vasitəsi isə otağındakı kontrabasdır. Onun sevdiyi xanımla dialoqunu birdən-birə kontrabasla dialoq əvəzləyir. Hiss olunur ki, artıq qəhrəman onunla söhbətə alışıb. Hər mövzuda mütləq ona müraciətlə danışır. Getdikcə bunun nə böyük faciə olduğunun fərqinə varırıq.

Ensiklopedik biliyə malik musiqiçi gözümüzün qarşısındaca ikiləşir. Biri kontrabası sevir, bütün həyatını onunla bağlayıb, tək dostu, sevgilisi, həmdəmi bu musiqi aləti olub. Digəri isə zamanla bu yeknəsəqlikdən bezərək kontrabasa nifrət etməyə başlayıb. Bütün yaşadıqlarının (əslində isə yaşaya bilmədiklərinin!), tənhalığının, sevgisizliyinin səbəbini bu bədheybət kontrabasda görür.

Bu giley-güzarın, tənənin, nifrətin içərisində hiss olunur ki, qəhrəman həm də onu sevir. Artıq kontrabas onun varlığının cövhərinə, həyatdakı tək amalına çevrilib. Elə buna görə də onların qarşılıqlı münasibəti artıq lazım olan həddi çoxdan aşıb. Başqa sözlə, kontrabas öz sahibini “udub”. Daha o, aləti deyil, alət onu idarə edir, cansız əşya həyatındakı bütün anlarına bu və ya digər şəkildə daxil olur, müdaxilə edir. Odur ki, musiqiçinin sevgisi müəyyən zaman sonra nifrətə çevrilir. O, həyatdakı bütün uğursuzluqlarının təməlində bu azman əşyanı görür. Artıq qəhrəmanın içərisində böyük bir konflikt yaranıb. O, özü də bilmir ki, bu aləti sevir, ya ona bütün varlığıyla nifrət edir. Bu qədər şikayətə baxmayaraq, o, ondan qurtulmağı bir dəfə də ağlına gətirmir. Sanki musiqiçi evdə kontrabasın simasında iki şəxslə yaşayır: sevgilisi və düşməni...

Pyes qəhrəmanın monoloqu vasitəsilə onun psixoloji ovqatını, məişətini, sosial durumunu aydın şəkildə sərgiləyir. Zamanında doğru seçim etməyən qəhrəman bu qədər zəngin biliyə, ensiklopedik yaddaşa, romantik və kövrək duyğulara sahibkən yalnızlıq girdabında çabalamağa məcburdur. Artıq onun varlığına bir peşmanlıq da hakim kəsilib. Olmalı olduğu yerdə olmamaq peşmanlığı, ola bilməmək əzabı...

Bu qədər ağır mövzu və ovqata sahib tamaşa sarkazm və yumoristik məqamlarla da zəngindir. Aktyorun peşəkar və mahir ifası ilə bu məqamlar bir az da qabardılaraq, tamaşaçının yorulmamağına, pyesdən daha da böyük zövq almağına yol açır.

Pyesdən çıxan nəticələrdən biri də budur ki, insan birinci özü-özünə dürüst və sədaqətli olmalıdır. Əgər o, özünə, hisslərinə, arzularına sadiqdirsə, ətrafındakılara da sadiq olacaqdır.

Pyesin daha bir uğuru isə Şövqi Hüseynovun bütün sənət adamlarına, yaradıcı şəxslərə (şair, yazıçı, aktyor, musiqiçi, müğənni, rəssam və s.) tanış olan real musiqiçi obrazı idi. Hiss olunurdu ki, aktyor canlandırdığı obrazın daxili aləmini, yaşantılarını, sənət adına gözləntilərini çox yaxşı anlayır, duyur və bunu bütün səmimiyyətilə tamaşaçısına çatdıra bilir. Tamaşa həm də kölgədə qalmağa məhkum olan bir sənət fədaisinin böyük auditoriya qarşısında həzin etirafıdır.

Tamaşanı izlədiyim gündən bəri bir sual məni rahat buraxmır: “Görəsən, neçəmiz bu kontrabasçı kimi olduğumuz yeri və kimliyimizi inkar edəcək qədər cəsarətliyik? Yoxsa hər şey sadəcə bir tamaşadır?”

 





14.05.2018    çap et  çap et