525.Az

Azərbaycan jurnalisti Türkiyədə keçirilən beynəlxalq simpoziumda


 

Azərbaycan jurnalisti Türkiyədə keçirilən beynəlxalq simpoziumda<b style="color:red"></b>

Ötən həftə Türkiyənin Antalya şəhərində beynəlxalq statuslu “Avrasiya Sosial və İqtisadi Araşdırmalar” dərgisinin (ASEAD) təşkilatçılığı ilə keçirilmiş III Beynəlxalq Akademik Araşdırmalar Simpoziumunda Əməkdar jurnalist Namiq Əhmədov da iştirak edib.

Müxtəlif ölkələri təmsil edən 400-dək elm və siyasət adamının, jurnalistin iştirak etdiyi üçgünlük elmi məclisdə səslənən çıxışlarda və aparılan müzakirələrdə azərbaycanlı yazarın məruzələri diqqətlə qarşılanmış və diskussiyalar doğurub. Həmyerlimizin simpoziumun bölmələrində səsləndirdiyi iki məruzədə dövlət müstəqilliyi illərində hər iki ölkə mətbuatının Azərbaycan-Türkiyə strateji münasibətlərinin inkişafında yüksələn dinamikanı daim diqqət mərkəzində saxlaması, xalqlarımızın və dövlətlərimizin ümumi maraqlarına xidmət etməsi vurğulanıb.

“Azərbaycan-Türkiyə strateji əlaqələri “Xalq qəzeti”ndə” məruzəsində ölkələrimizin dünyada analoqu olmayan müttəfiqlər olması, münasibətlərin qarşılıqlı maraqlara, xalqlarımızın tale ortaqlığına söykənməsi, hər iki dövlətin regionda və dünyada apardığı siyasətin tam üst-üstə düşməsi elmi cəhətdən araşdırılmış və ümumiləşdirilib.

“Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi Türkiyə mətbuatında” məruzəsində isə qardaş ölkənin çap mediasında BTQ-nin iqtisadi və siyası əhəmiyyəti, onun təhlükəsizliyi və etibarlılığı, qlobal müstəvidə önəmi ilə bağlı yayılmış materiallar təhlil olunub.

Simpoziumun təşkilat komitəsi Türkiyə ilə Azərbaycan arasında tarixin sınağından çıxmaş dostluq və qardaşlıq əlaqələrinin çağdaş durumunun media müstəvisində əksinin tədqiqinə həsr olunmuş hər iki mövzunun aktuallığını vurğulayıb. Koç Universitetinin professoru Dilək Barlas, Bağçaşəhər Universitetinin professoru Nuri Yazıçı, Bursa Universitetinin professoru Orxan Atəş və başqaları çıxışlarında soydaşımızın araşdırmalarını Türkiyə ilə Azərbaycan arasındakı strateji münasibətlərin inkişafına medianın göstərdiyi həssaslıq, regionda gerçəkləşdirilən qlobal layihələrə beynəlxalq informasiya dəstəyi baxımından faydalı sayıblar.

 





15.05.2018    çap et  çap et